Məhkəmə qərarları › İş №2(103)-4251/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4251/2025

08.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4251/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X4rşı mülki iş (Açar sözlər: «əmrlərin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X5 nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2273/2025 saylı, 05 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X5 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: İddiaçı xx.xx.2018-ci il tarixdə «Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-də kiçik elmi işçi vəzifəsinə qəbul edilib.

2. xx.xx.2023-cü il tarixdə «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-də həkim-travmatoloq-ortopedi vəzifəsinə təyin edilmişdir.

3. «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-nin xx.xx.2025-ci il tarixli 22 №-li əmrinə əsasən, İddiaçı ilə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (özünün təşəbbüsü) xitam verilib.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" X3 direktoru Rüstəm Talışınskiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilib ki, vətəndaş İddiaçı Cavabdehndə əmək hüquqlarının pozulması barədə 142 Çağrı mərkəzinə ünvanladığı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı vətəndaş İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələbləri pozularaq 1 ay xəbərdarlıq müddəti gözlənilmədiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilib.

5. «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-nin 13 mart 2025-ci il tarixli 84 saylı əmri ilə Əl cərrahiyyəsi və yaralar şöbəsinin həkimtravmatoloq-ortopedi İddiaçı ilə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 22 №-li əmrin ləğv edilməsi, onun «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X5 Əl cərrahiyyəsi və yaralar şöbəsinin həkimtravmatoloq-ortopedi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra isə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli 22 №-li əmrin və xx.xx.2025-ci il tarixli 84 №-li əmrin ləğv edilməsi, onun «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X5 Əl cərrahiyyəsi və yaralar şöbəsinin həkim-travmatoloq-ortopedi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiada göstərilib ki, xx.xx.2012-ci il tarixdə «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-də rezidenturaya qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-də kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-də həkimtravmatoloq-ortopedi vəzifəsinə təyin edilmişdir. «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-nin xx.xx.2025-ci il tarixli 22 №-li əmrinə əsasən onunla xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (özünün təşəbbüsü) xitam verilmişdir. O, işdən çıxması ilə bağlı ərizə yazmadığı halda xx.xx.2025ci il tarixli 22 №-li əmrlə qanunsuz və əsassız olaraq işdən azad edilmişdir. xx.xx.2025-ci il tarixli 22 №-li əmr xx.xx.2025-ci il tarixdə İnsan resursları şöbəsinin müdiri Nüşabə Abdullayeva tərəfindən ona təqdim edilmişdir. Nüşabə Abdullayevadan işdən çıxması ilə bağlı ərizə yazmadığını bildirmiş, belə bir ərizə varsa, həmin ərizənin surətini ona təqdim etməsini tələb etmişdir. Nüşabə Abdullayeva isə işdən çıxması ilə bağlı ərizənin olmadığını bildirmişdir. Göründüyü kimi, o, işdən çıxması ilə bağlı ərizə yazmadığı halda, xx.xx.2025ci il tarixli 22 №-li əmrlə qanunsuz və əsassız olaraq işdən azad edilmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2273/2025 saylı, 05 may 2025ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbinin təmin edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh «Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X5 xx.xx.2025-ci il tarixli 22 №-li əmri və xx.xx.2025-ci il tarixli 84 saylı əmrin ləğv edilməsi, İddiaçı «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X5 Əl cərrahiyyəsi və yaralar şöbəsinin həkimtravmatoloq-ortopedi vəzifəsinə işə bərpa edilməsi və İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsinin cavabdeh «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X8 həvalə edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı, yəni hazırki iş üzrə cavabdeh olan işgötürənin işçisi əmək funksiyasının ehtimal edilən pozuntusuna görə (prokurorluğun müvafiq məktubunda istinad edilən hallar) xx.xx.2025-ci il tarixdə işdən çıxma barədə ərizə yazmışdır. İşçinin belə bir ərizə yazması və sonradan həmin ərizəni cıraraq məhv etməsi işin mübahisəsiz halıdır. Qeyd edilən hal tərəflərin izahatları, habelə cavabdehin tərtib edərək məhkəməyə təqdim etdiyi aktla tam təsdiqini tapmışdır. Lakin işəgötürən qeyd edilən faktdan yanlış hüquqi nəticə çıxarmışdır. Məhkəmə araşdırması zamanı işçinin həmin an müəyyən təsir altında belə bir ərizə yazması da aydın olmuşdur. İşçi yazmış olduğu ərizəni əldə edərək onu məhv etməklə işəgötürənə məhz işdən çıxmamağa dair iradəsini göstərmişdir. Belə olan təqdirdə isə işəgötürən işçinin bu iradə ifadəsini əsas götürməli olduğu halda, qiymət verməli olmadığı hala, yəni daha əvvəl yazılmış ərizəyə münasibət bildirməklə, üstəlik də əlavə inzibati xəta pozuntusuna yol verməklə işçinin artıq fiziki olaraq mövcud olmayan ərizəsi üzrə qərar qəbul edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. İşəgötürənin xx.xx.2025-ci il tarixli əmri əsası olmayan bir əmr kimi hüquqi qüvvəyə malik olmadığından ləğv edilməlidir. Məhkəmə işəgötürənin xx.xx.2025-ci il tarixli əmri ilə özünün daha əvvəl qəbul etdiyi xx.xx.2025-ci il tarixli əmrini ləğv etməsi ilə bağlı bildirir ki, işəgötürən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın göstərişi əsasında həmin əmri ləğv etsə də, hazırki iddia tələbinin hazırda mövcud və qüvvədə olan xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi hissəsində təmin edilməsi özlüyündə daha əvvəl qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmrin hüquqi qüvvəsinin bərpası nəticəsi daşıdığından iddia tələbi tam həcmdə, yəni hər iki əmrə münasibətdə təmin edilməlidir. Məhkəmə hesab edib ki, xx.xx.2025-ci il tarixli əmr özlüyündə əsassız olduğundan və xx.xx.2025-ci il tarixli əmrdə bir daha mövcud olmayan ərizəyə istinad edildiyindən işəgötürənin hər iki əmri ləğv edilməli və işçi əvvəlki vəzifəsinə işə bərpa edilməklə, məcburi işburaxma müddəti üçün əmək haqqı məbləği hesablanaraq işəgötürən tərəfindən işçiyə ödənilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X9 (nümayəndəsi Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib şikayətində göstərib ki, iddiaçı X1 heç bir təzyiq olunmadan xx.xx.2025-ci il tarixdə öz şəxsi istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad olunmasını istəmişdir. İddiaçının yazmış olduğu xx.xx.2025-ciil tarixli ərizəsinə İnistitutun direktoru tərəfindən dərkənar qoyulub, ümumi şöbədə qeydiyyata alındıqdan sonra xx.xx.2025-ci il tarixdə 22 saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Tərəflərindən verilmiş əmr tam qanuni əsasla verilmişdir, beləki ərizə yazmaqla iradə ifadəsini göstərmiş, həmin gün işdən çıxarılmasını tələb etmişdir. Eyni zamanda xx.xx.2025-ci il, 22 saylı əmrlə həmin gün imza ataraq tanış olmuş, həmin vaxt onunla bağlı verilmiş əmrə heç bir etirazı olmamışdır. Məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, eyni zamanda iş üzrə ümumi əhəmiyyətli olan halları tam şəkildə araşdırıb, aydınlaşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materillarına əlavə edilmiş ərizədə iddiaçı öz şəxsi iradə ifadəsini göstərməklə tutduğu vəzifədən azad olunmasını istəmişdir, eyni zamanda öz şəxsi imzasını ataraq “əmək müqaviləsinə xitam verilmə haqqında” əmrlə tanış olarkən heç bir etirazını bildirməmişdir. Buradan da aydın olur ki, iddiaçı heç bir təzyiqə məruz qalmadan “Elmi TədqiqatTravmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdən öz şəxsi istəyi ilə ərizə yazmaqla çıxmaq istəmişdir. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər, lakin iddiaçı xx.xx.2025-ci il tarixdə öz şəxsi istəyi ilə ərizə yazıb işdən azad olunmasını tələb etmiş və onun barəsində verilmiş olan xx.xx.2025ciil tarixli, 22 saylı Əmrlə tanış olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq daha öncə yazmış olduğu xx.xx.2025-ci il tarixli ərizəsini geri geri götürmək barədə heç vaxt işəgötürənə ərizə ilə müraciəti olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında nun, «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X5 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2 “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 69:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Madddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia bu hissədə haqlı sayılır.

24. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

25. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmış, eləcə də iddiası əsaslı olmuşdur.

26. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

28. Belə ki, iddia ərizəsindən, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, hazırki mübahisə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və xitamın əsası ilə bağlıdır. Tələbin digər hissələri - məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi isə həmin tələbdən törəmə tələb hesab olunur.

29. Əvvəla, iddiaçı heç bir təzyiq olmadan öz şəxsi istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad olunmasını istəmişdirsə, bu cür “ərizəni” yazdıqdan qısa müddət sonra, yəni həmin gün məhv etməsi bu cür dəlilləri təkzib edir. Çünki iddiaçı öz istəyi ilə işdən çıxmaq istəyirdisə, qısa müddət sonra yazdığı ərizəni məhv etməsi belə bir istəyin və arzunun həqiqi və iradəsinə uyğun olmadığını təsdiq edir. 30.Bundan başqa, iddiaçı ərizə yazdığı gün əmək müqaviləsinin ləğv edilməsini tələb edirdisə, ən azından məhv etdiyi ərizəsində bunu da qeyd edə bilərdi, ancaq etməyib yaxud etmək istəməyib. İddiaçı tərəfindən yazılmış ərizə məhv edilənədək əmək müqaviləsinin ləğv edilməsinə dair hansısa əmr verilməsi də işin halları ilə təkzib olunur. Çünki işin halları ilə müəyyən edilir ki, iddiaçının yazdığı ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi üçün hüquqşünas tərəfindən Baş həkimin otağında iddiaçıya ərizəsində əmək münasibətlərinin dayandırmaq istədiyi günü- tarixi qoyulması təklif edilmiş, məhz həmin vaxt iddiaçı ərizəni qəbul edib cıraraq məhv eməklə əmək müqaviləsini ləğv etmək istəmədiyini nümayiş etdirmişdir. Demək ki, ərizə məhv edilənədək əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilə, iddiaçı da onunla tanış ola bilməzdi.

31. Bir daha qeyd olunur ki, iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Məhz buna görə də eyni maddənin 5-ci hissəsinin imperativ tələbinə görə, yəni işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Demək ki, qeyd olunan ərizə hətta məhv edilməsəydi belə, cavabdeh həmin ərizəyə əsaslanıb iddiaçı ilə əmək müqaviləsini ləğv edə blməzdi. Bir də ki, iddiaçının öz iradəsinə uyğun əmək müqaviləsini ləğv etməsinin motivi olmalıdır. Cavabdeh hansısa motivin olmasını da göstərmir. Bu cür vəziyyətdə iddiaçının öz arzusu ilə işdən çıxmaq istəyi açıq-aşkar təkzib olunur.

32. Göstərilənlərlə yanaşı, iddiaçı tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulduğundan bu qaydalara riayət etməsinə dair cavabdeh işəgötürən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edlməmişdir. Çünki iddiaçı bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallarda isə ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Demək ki, belə bir ərizə(lər)nin mövcudluğunu sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşürdü. Ancaq cavabdeh bu cür sübutları, yəni ərizənin əslini apellyasiya baxışına da təqdim edə bilmədi. Demək ki, məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur.

33. Göstərilənlərdən əlavə, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə iddiaçının sonradan məhv etdiyi ərizəsinin surətindən də bəlli olur ki, öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair məlumatlar mövcud deyil, cavabdeh tərəf bunu təkzib etmir.

34. Bununla yanaşı, bəzən belə mübahisələrin həlli zamanı "əmək müqaviləsinin ləğv edilməsi" anlayışı ilə "əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi" anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir (Əmək Məcəlləsi, maddə 83. hissə 1). İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyata keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Ancaq hazırkı mübahisənin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı öz təşəbbüsü ilə tələb etməyib, ancaq cavabdeh olan işəgötürən isə nəinki belə bir ərizənin əsli olmadan, üstəlik xəbərdarlıq müddəti göstərilməyən ərizənin yazıldığı tarixdə əmək müqaviləsini ləğv etməsinə çalışmış və buna da nail olmuşdur. Lakin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi bunu yəni,... hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyi qadağan edir. Bu halın özü də iddianın təmin edilməsinin müstəqil əsası kimi çıxış edə bilərdi.

35. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2273/2025 saylı, 05 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2273/2025 saylı, 05 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar