Məhkəmə qərarları › İş №2(103)-4252/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4252/2024

17.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4252/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə (Açar sözlər:mənzildən çıxarılma, mənzildən istifadə hüquqlarının tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2022-ci il tarixdə Nigar adlı qızları doğulmuşdur. ünvan 1 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzil ilk iddia üzrə iddiaçının mərhum atasına iş yerindən təqdim olunmuş xidməti mənzil olmuşdur. İddiaçının atası oğluna cavabdehlə birlikdə həmin mənzildə yaşamağa etiraz etməmişdir. Cavabdeh iddiaçının atasının ailə üzvü hesab olunmadığından mənzildən istifadə hüququna malik olan şəxslərin sırasında olmamışdır. Cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Cavabdehin həmin mənzildən istifadə hüququnun olmasına dair müvafiq şəkildə qeydiyyat aparılmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5v, 58 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq ona daimi yaşayış üçün verilməsi və kirayə müqaviləsinin onun adına bağlanmasına dair sərəncam verilməsini xahiş etmişdir. Göstərilən xidməti mənzil vətəndaş İddiaçı mərhum atası X2 Yeni Bakı Broyler quşçuluq fabriki rəhbərliyinin və həmkarlar komitəsinin birgə qərarına əsasən Qaradağ rayon XDS İK-nın xx.xx.1987-ci il tarixli orderinə müvafiq olaraq işlədiyi müddət ərzində verilmişdir. Ailənin digər üzvləri mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq vətəndaş İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına notarial qaydada təsdiq olunmuş razılıqlarını bildirmişlər. Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə mübahisəli mənzil xidməti mənzilər siyahısından çıxarılmış və daimi yaşamaq üçün iddiaçıya verilmiş, iddiaçı ilə kirayə müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçı mənzili özəlləşdirmiş və xx.xx.2024-cü il tarixdə onun mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı 2 nəfər ailə tərkibi ilə Müşfiqabad qəsəbəsi ev 5v, sahəsi 37.04 m2 olan 58 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və onun himayəsində olan X3 ünvan 3 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2022-ci il təvəllüdlü azyaşlı qızı X5 ilə birlikdə ünvan 3 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə nikah münasibətlərinə xitam verilməsinə baxmayaraq, cavabdeh onun mülkiyyətində olan mənzildə yaşayır və mənzili tərk etmir. Dəfələrlə ondan mənzili boşaltmağı tələb etsə də, o, müxtəlif bəhanələrlə bundan imtina edir. Bu isə onun mülkiyyət hüququnu pozur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mənzil order əsasında mərhum qayınatasının adına olmuşdur. Mənzil 2024-cü ildə rəsmi qeydiyyatdan keçmişdir. O, 2021-ci ildə həmin mənzilə gəlin gəlmişdir və ona məxsus əmlak da həmin mənzildə yerləşdirilmişdir. Mənzildə olan bütün əmlaklar ona məxsusdur, o, mənzilə köçərkən mənzil boş olmuşdur. O, azyaşlı qızı ilə həmin evdə ailə üzvü kimi yaşasalar da, onları qeydiyyata saldırmamışlar. Mənzili İddiaçı öz adına rəsmiləşdirərək xx.xx.2024-cü il tarixdə çıxarış almışdır. Onun bundan xəbəri olmamış, yalnız məhkəmədən bildiriş gəldikdən sonra bu barədə xəbəri olmuşdur. Hazırda iddiaçı onu və uşağını həmin mənzildən çıxartmaq istəyir. Onun və azyaşlı uşağının başqa yaşamağa yerləri yoxdur, həmin mənzil onun və uşağının yeganə yaşayış yeridir. O, ailə qurub mənzilə köçdüyü vaxt mənzil orderlə olmuş, o da ailə üzvü kimi həmin mənzildə yaşamışdır. Onun həmin mənzildə istifadə hüququ vardır.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(002)-1225/24) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçının atasının ailə üzvü hesab olunmadığından mənzildən istifadə hüququna malik olan şəxslərin sırasında olmamışdır. Cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Cavabdehin həmin mənzildən istifadə hüququnun olmasına dair müvafiq şəkildə qeydiyyat aparılmamışdır. Hazırda vətəndaş İddiaçı 2 nəfər ailə tərkibi ilə Müşfiqabad qəsəbəsi ev 5v, sahəsi 37.04 m2 olan 58 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzil üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil birgə nikah dövründə əldə edilmiş mənzil deyil. İddiaçı cavabdehlə nikahları pozulduğundan, sonuncudan mənzili tərk etməsini tələb etmiş, lakin cavabdeh mənzildən çıxmamışdır. Bu səbəbdən, ilk iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Qarşılıqlı iddiaya münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qeyd olunan mənzilə köçərkən həmin mənzil qayınatasına verilmiş xidməti mənzil olmuşdur və qarşılıqlı iddia üzrə iddiaçı qayınatasının ailə üzvü statusuna malik olan şəxs deyil. Mənzilə dair qarşılıqlı iddia üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilən dövrdə isə qarşılıqlı iddia üzrə iddiaçı ilə həmin iddia üzrə cavabdeh arasında nikah münasibətləri mövcud olmamış, tərəflərin nikahı bunadək məhkəmə qaydasında pozulmuşdur. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 228.5, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələri, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.

11. Cavabdeh şikayətini qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası Maddə 33, hissə 2. Qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

18. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarı

Mülki Məcəllənin 228.5-ci maddəsində mülkiyyətçinin razılığı müddəasını məhz digər ailə üzvlərinə münasibətdə şərh edərərək göstərmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçinin digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Bu müddəa Mülki Məcəllənin 228.2-ci maddasində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənmiş razılaşmanı nəzərdə tutur.

19. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Macəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarı

1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Macəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razilaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi va ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqavilasi va ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.

20. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarı

Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1- ci maddasində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ilkin və qarşılıqlı iddiaya aid hissədə mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin tələbi mənzilə istifadə hüquqlarının tanınması barədədir.

25. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini gəlin gələrkən mənzilin order əsasında qaynatasına verildiyini, ərinin yəni ilkin iddia üzrə İddiaçı adına mülkiyyət hüququnun nikahdan sonra qeydə alındığı ilə əsaslandırmışdır.

26. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı cavabdeh mənzilə köçərkən həmin mənzilin qayınatasına verilmiş xidməti mənzil olması, cavabdehin qayınatasının ailə üzvü statusuna malik olan şəxs olmaması, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilən dövrdə isə tərəflər arasında nikah münasibətlərinin mövcud olmadığı, tərəflərin nikahının bunadək məhkəmə qaydasında pozulması qənaətinə gələrək qarşılıqlı iddianı rədd etmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.

28. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında Mülki Məcəllənin 228.5-ci maddəsində mülkiyyətçinin razılığı müddəasını məhz digər ailə üzvlərinə münasibətdə şərh edərərək göstərmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçinin digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Bu müddəa Mülki Məcəllənin 228.2-ci maddasində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənmiş razılaşmanı nəzərdə tutur.

29. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Macəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Macəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razilaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi va ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqavilasi va ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.

30. İddiaçı cavabdehlə ailə münasibətlərinə xitam verildiyindən onun mübahisəli mənzildən çıxarılmasını tələb edir.

31. İşdən göründüyü kimi, mübahisəli mənzil xx.xx.1987-ci il tarixli xidməti order əsasında iddiaçının mərhum atasına verilmiş,cavabdeh iddiaçı ilə xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli mənzildə yaşamağa başlamışdır. Tərəflər arasındakı nikah xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə mübahisəli mənzil xidməti mənzilər siyahısından çıxarılmış və daimi yaşamaq üçün iddiaçıya verilmiş, iddiaçı ilə kirayə müqaviləsi bağlanmışdır. Yalnız bundan sonra iddiaçı mənzili özəlləşdirmiş və xx.xx.2024-cü il tarixdə onun mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

32. Göründüyü kimi, tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş, onlar arasında artıq yeni münasibətlər yaranmışdır və mübahisəyə də məhz bu münasibətlər baxımından qiymət verilməlidir. Baxılan iş üzrə cavabdehin (qarşılıqlı iddiaçının) ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ yoxdur. Ona görə də birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməkdə haqlı olmuşdur.

33. Kollegiyanın qənaətinə görə iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehin mənzildə yaşaması səbəbindən oradan sərbəst istifadə edə bilmir. Cavabdehin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin yuxarıda sadalanan 152.1, 157.2, 157.4-cü maddələrinin mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

35. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan onun həmin evə dair əmlak hüquqları mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur.

36. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 07 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar