Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4253/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrinin ləğv edilməsi və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmə barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı (bundan sonra – iddiaçı və ya işçi) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya QSC) qarşı “17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrin ləğv edilməsi və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmə barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 17 sentyabr 2021-ci il tarixli 291- K saylı əmrinin ləğv edilməsi və İddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdən cəmiyyətdə satış meneceri vəzifəsində çalışmağa başlamışdır. 2021-ci ilin iyul ayında səhhətində olan problemlərlə bağlı işə çıxa bilməmiş, bu barədə işəgötürənə məlumat vermiş və sonradan xəstəlik vərəqəsinin surətini ona təqdim etmişdir. Əmək qabiliyyəti olmayan dövrdə cəmiyyət israrla ondan tələb etmişdir ki, işə gəlsin. Şirkət tərəfindən İddiaçı istifadəsinə “VAZ 2107” minik markalı avtomobil də verilmişdir. Onu məcbur etmişlər ki, xəstəlik dövründə həmin avtomobili mütləq qaydada şirkətə təhvil versin. Bundan sonra iddiaçı vəkillə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamış və xx.xx.2021-ci il tarixdə həmin avtomobili şirkətə təhvil vermişdir. Daha sonra o, xx.xx.2021-ci il tarixdə ərizə ilə işəgötürən Cavabdeh QSC-ə müraciət edərək, yeni bir müəssisədə işə çalışmağa başlamaq üçün razılığa gəldiyini, həmin razılığa əsasən xx.xx.2021-ci il tarixdə həmin müəssisə ilə əmək müqaviləsi bağlayıb işə çıxmalı olduğunu bildirmiş və təklif məktubunun surətini əlavə edərək, xx.xx.2021-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Lakin Cavabdeh QSC Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozaraq, tələm-tələsik guya audit yoxlaması təyin etmiş, hədəqorxu gələrək iddiaçının şirkətə 184.000 ABŞ dolları məbləğində borcunun olduğunu və pulu geri qaytarmasını tələb etmişdir. Hətta rəsmi məktubla ona müraciət edərək, Əmək Məcəlləsinin tələblərinə zidd olaraq pul ödənilmədiyi halda işdən azad edilməyəcəyini bildirmişdir. Bundan başqa, "xxxx" MMC-yə məktub ünvanlayaraq, İddiaçı işdən azad edilməsinin mümkün olmadığını bildirmişdir. Dəfələrlə tərəflərindən çoxsaylı məktublarla cəmiyyətə müraciət edilərək, onların mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilmək hüquqları olduğu izah edilmiş, işdən azad edilməsi tələb olunmuşdur. Lakin cəmiyyət bundan imtina etmişdir. Bundan sonra tərəflərindən xx.xx.2021-ci il tarixdə məktubla müraciət edilərək İddiaçı tutduğun vəzifədən azad edilib-edilməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Cəmiyyət tərəfindən xx.xx.2021- ci il tarixli 314 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Həmin əmr iddiaçının nümayəndəsinə xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun və Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla tərəflər xx.xx.2021-ci il tarixdə mediasiya sessiyasında iştirak etmiş, lakin barışıq əldə edilə bilməmişdir. Bu barədə arayış tərtib olunmuş, arayış iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Belə ki, Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixli 291-K nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam vermişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir. Əmək müqaviləsinin xitam verilməsi barədə 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmr qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassız olaraq qəbul edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz ərizəsində Əmək Məcəlləsin 69.3-cü bəndinə və 68.2-ci maddənin “a” bəndinə istinad etməklə xx.xx.2021ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşəgötürən isə əsassız olaraq ondan pul tələb etmiş, bu səbəbdən mütləq qaydada işə çıxmalı olduğunu bildirmişdir. Yəni, cavabdeh iddiaçıya təzyiq göstərməklə onu işə çıxmağa məcbur etmişdir. Bu hallar cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış məktublarla öz təsdiqini tapır. Belə ki, iddiaçı işdən azad edilməsi barədə ərizəsinə "xxxx" MMC tərəfindən verilmiş məktubu əlavə etmişdir. Cavabdeh şirkətsə "xxxx" MMC-yə məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı şirkətə 184.000 ABŞ dolları məbləğində borcu vardır. Həmin borcu tam ödədikdən sonra əmək müqaviləsinə xitam veriləcəkdir. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə keçirilən mediasiyada iştirak zamanı cavabdeh cəmiyyətin nümayəndəsi şifahi olaraq bildirmişdir ki, iddiaçı üzrlü səbəb olmadan işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad eedilmişdir. Lakin əvvəl yazılan məktublardan görünür ki, cəmiyyətin məqsədi zorla, hədə qorxu gəlinərək iddiaçıya 184.000 ABŞ dolları məbləğində əsassız olaraq pul vəsaiti ödətdirmək olmuşdur. Eyni zamanda həmin Məccəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin göstərilən maddənin tələblərinə uyğun işəgötürənin hüquqlarına və maraqlarına hər hansı formada ziyan dəyməmişdir və buna görə də əsassızdır. Digər tərəfdən, iş materiallarından aydın olur ki, işdən azad edilmə barədə ərizə xx.xx.2021-ci il tarixdə işəgötürənə təqdim edilmiş, işəgötürən isə əmək qanunvericiliyinin tələblərini pozaraq xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Yəni, işçini 1 ayın tamamından sonra işdən azad etməmişdir. Əmək müqavilələrinə qanunsuz və əsassız xitam verilmə ilə yanaşı, həmçinin əmrin sənədləşirilməsi zamanı da ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli 291-K nömrəli əmrdə, əmrin verilməsi əsasları demək olar ki, qeyd edilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, QSC tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Göründüyü kimi, işəgötürən tərəfindən işçinin mütləq qaydada işə çıxmalı olmasının zərurəti əsaslandırılmamışdır. Belə olan halda, işəgötürənə hər hansı bir ziyan vurulmasından söhbət gedə bilməz və əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-374/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrinin ləğv edilməsi, İddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməsi, ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin tərəflərə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh QSC-yə olan borcunun araşdırılması ilə bağlı yaradılan komissiyanın onun fəaliyyətini ciddi şəkildə araşdırdığını gördükdən sonra məsuliyyətdən yayınmaq məqsədi ilə tez-tələsik işdən azad olunma haqqında ərizə ilə müraciət etmək qərarına gəlmişdir. İddiaçı dəfələrlə ona yazılı xəbərdarlıqlar göndərilməsinə baxmayaraq 21 avqust 2021-ci il tarixdən işə çıxmalı olduğu halda işə gəlməmiş, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinə qanunsuz işdən çıxarılma ilə bağlı müraciət etmiş, müraciət araşdırıldıqdan sonra iddiaçıya işdən çıxarılma ilə bağlı qanunvericilyin tələblərinin pozulmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrdən də aydın görünür ki, əmrdə qanunvericiliyin tələbinə uyğun olaraq bütün məlumatlar öz əksini tapıb və iddiaçının işdən çıxarılması Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla əmək müqaviləsinə xitam verildiyi qeyd edilib. Yəni, əmrin mətnindən də aydın görünür ki, işçi əmək müqaviləsi üzrə özünün əmək funksiyalarını yerinə yetirməyib əmək qanunvericiliyində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad edilib. Bundan başqa, hakimin ziddiyyət kimi qələmə verdiyi təqdimat və rəydə hər hansı bir ziddiyyətdən söhbət gedə bilməz. Təqdimatdan da aydın görünür ki, “Məişət və Keramika əşyaları satışı” şöbəsinin satış meneceri vəzifəsində çalışan İddiaçı 21 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixindək heç bir üzürlü səbəb olmadan işə gəlməməsi və əmək müqaviləsi üzrə öhdəliklərinin yerilnə yetirilməməsi nəticəsində şirkətə vurduğu maddi ziyana görə qanunvericiliyin tələbinə uyğun olaraq tədbir görülməsi barədə göstəriş verilməsi xahiş edilir. Yəni, təqdimatda əsas olaraq üzürsüz işə gəlməmə və əmək funksiyalarının icra edilməməmsi nəticəsində şirkətə külli miqdarda maddi ziyanın vurulması qeyd edilib. Təqdimatda işə gəlməmə əsas kimi qeyd edildiyindən rəydə də, buna uyğun olaraq, yəni işə gəlməməyə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə uyğun olaraq işdən azad etmə, vurduğu maddi ziyan isə orta aylıq əmək haqqı məbləğindən artıq olduğuna görə məhkəməyə müraciət edilməsi tövsiyə edilib. Göründüyü kimi, təqdimat və rəy arasında heç bir ziddiyyət yoxdur və hakimin gəldiyi nəticə tamamilə yanlış və əsassızdır. Ədalət mühakiməsini həyata keçirməli olan hakim şəxsin konstitusion hüquqları ilə əmək müqaviləsi üzrə öhdəliklərin və əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş işəgötürəni xəbərdar etməsi anlayışlarını düzgün tətbiq edə bilmir ki, nəticədə iddiaçının iş materiallarında olan əmək müqaviləsi üzrə öhdəkilərinin nə olduğunu görməzdən gəlir. Məhkəmə iclasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan işəgötürən Cavabdeh QSC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı cavabdeh QSC-də 3 ay müddətinə satış meneceri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli 05/21 saylı məktubdan görünür ki, iddiaçı müəssisə tərəfindən keçirilən iş müsahibəsindən uğurla keçərək "xxxx" vəzifəsində işə qəbul olmuşdur. Müəssisə bu vəzifə üzrə işçi ilə əmək müqaviləsi bağlamaq niyyətindədir. Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Bununla əlaqədar olaraq, işçinin xx.xx.2021-ci il tarixdən işə başlamalı olduğunu nəzərə alaraq müvafiq sənədləşdirmə işlərini həyata keçirilməyi cavabdehdən xahiş edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı başqa işə götürənlə əmək müqaviləsi bağlanmasını əsas gətirərək xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə və 69.3-cü maddəsinə əsasən tutduğu vəzifədən azad edilməsini və son haqq hesabın ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli 263 saylı məktubdan görünür ki, "xxxx" MMC-nin "xxxx" kimi əmək müqaviləsi bağlamaq istədiyi şəxsin QSC-yə 184000 ABŞ dolları dəyərində əmlak borcu var. Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanuna zidd hərəkətləri ilə işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İddiaçı cəmiyyətə olan borcu tam şəkildə ödədikdən sonra, onunla əmək müqaviləsinə xitam verilə bilər. İş materiallarındakı cavabdeh QSC tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2021-ci il tarixli 267 saylı məktubdan görünür ki, iddiaçının QSC-yə 184.000 ABŞ dolları dəyərində əmlak borcu var. Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Bu səbəbdən QSC-nin əməkdaşı iddiaçının və onun nümayəndəsi və vəkili Vəkil 23 avqust 2021-ci il tarixində cəmiyyətin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 87 ünvanında yerləşən baş ofisinə gəlmələri və iddiaçının cəmiyyətə olan borcunun araşdırılması ilə bağlı izahatının verilməsində iştirak etməyə dəvət edilmişdir. İş materiallarında olan cavabdeh QSC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021ci il tarixli 305 saylı məktubdan görünür ki, iddiaçı 01 iyul 2016-cı il tarixli əmək müqaviləsi əsasında QSC-də “məişət və keramika əşyaları satışı” şöbəsinin satış meneceri vəzifəsində satış məqsədi ilə müxtəlif vaxtlarda ümumi dəyəri 184.000 ABŞ dolları olan məişət avadanlıqları götürmüşdür. Razılığa əsasən avadanlıqların dəyəri avadanlıqlar satıldıqdan sonra 3 (üç) təqvim günü ərzində nağd olaraq QSC-nin hesabına ödənməli idi. Lakin dəflələrlə yazılı xəbərdarlıqlar edilsə də, iddiaçı ödəməli olduğu 184.000 ABŞ dolları (312 800 manat) məbləğində borcu ödəməmişdir. İddiaçıdan borcunu 10 gün müdddətində könüllü olaraq ödəməsi, əks təqdirdə cəmiyyətin qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə borcun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan cavabdeh QSC-nin xx.xx.2021-ci il tarixli 291-K saylı “əmək müqaviləsinə xitam veriməsi” barədə əmrindən görünür ki, xx.xx.2021-ci il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Əmrin əsası kimi cavabdeh QSC-nin icraçı direktorunun satış müavini, satış departamentinin müdiri F.İ.Səmədovun və satış şöbəsinin müdiri A.H.Həsənovun təqdimatı, müqavilələr və hüquq şöbəsinin rəyi, habelə İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi göstərilmişdir. İş materiallarında olan cavabdeh QSC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021ci il tarixli 314 saylı bildirişdən görünür ki, həmin bildirişlə cavabdeh iddiaçıya xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verildiyini bildirmiş və əmrin surətinin və əmək kitabçasının QSC-nin kadrlar şöbəsindən götürülməsi xahiş edilmişdir. İş materiallarında olan “Borcların ödənişi qarfiki” adlı sənəddən görünür ki, həmin sənədlə cəmi 196.597 ABŞ dolları borcun olması göstərilmiş, həmin sənəd iddiaçı və QSC-nin icraçı Direktorunun satış üzrə müavini Fəzail Səmədov tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" X13, satıcı QSC-nin nümayəndəsi qismində iddiaçı tərəfindən imzalanmış və QSC-nin üzvlərindən ibarət Komissiya tərəfindən doğruluğu təsdiq edilmiş xx.xx.2021-ci il tarixli "xxxx"dan görünür ki, alıcının həmin tarixə satıcıya olan borcu 18.133 manat təşkil edir. İş materiallarında olan QSC-nin icraçı direktoru M.Ağabalayev tərəfindən təsdiq edilmiş, icraçı direktorun satış üzrə müavini, satış departamentinin müdiri X1, icraçı direktorun təchizat və tender məsələləri üzrə müavini X2, Müqavilələr və Hüquq Şöbəsinin müdiri X4, Baş Məsləhətçi Nümayəndə, Kadrlar şöbəsinin müdir müavini X3 tərəfindən imzalanmış eyni məzmunlu xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, müvafiq olaraq xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə iddiaçı izahat verilməsi üçün QSC-nin ofisinə dəvət edilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. İş materiallarında olan QSC-nin Müqavilələr və Hüquq şöbəsinin müdiri Yusifov R.F, həmin şöbənin müdir müavini Bayramov R.Z və baş məsləhətçi NümayəndəS tərəfindən QSC-nin icraçı direktoru Məzahir Ağabalayeva təqdim edilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, QSC-də 01 iyul 2016-cı il tarixdən “Məişət və keramika əşyaları satışı” şöbəsində satış meneceri vəzifəsində işləyən iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək 20.08 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Lakin o, özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə onunla QSC arasında bağlanmış Əmək Müqaviləsinin və X14 haqqında Müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı 21 avqust 2021-ci İl tarixdən işə çıxmalı olduğu halda heç bir üzrlü səbəb olmədən işə çıxamamışdır. Halbuki, işçi xəbərdarlıq müddətində əvvəlki tərzdə işləməlidir, yeni əmək müqaviləsi üzrə öhdəliklərini lazımınca və işəgötürənin sərəncamlarına uyğun olaraq yerinə yetirməlidir. Əks təqdirdə işəgötürən işçi ilə əmək müqaviləsini işçinin ərizəsi əsasında deyil, heç bir üzlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməsinə görə onunla X11 Məcəlləsinin 70-ci maddəsınin "xxxx" bəndinə əsasən ləğv edə bilər. Bu pozuntu barədə İcraçı direktorun satış üzrə müavini və Satış şöbəsinin müdiri müvafiq təqdimatla şirkət rəhbərliyinə müraciət etmişdir. Eyni zamanda iddiaçı ona etibar edilmiş məişət avadanlıqlarını satmaq məqsədilə QSC-dən götürərək ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş, lakin həmin avadanlıqların dəyərinin 01 iyul 2021-ci il tarixli son üzləşmə aktında qeyd edilən 312.000 manat məbləğində olan hissəsini şirkətin xəzinəsinə təhvil verməməkdə təqsirli hərəkətləri nəticəsində QSC-yə maddi ziyan vurmuşdur. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının üzləşdirmə aktında qeyd etdiyinin əksinə olaraq, X5 məişət avadanlıqlarının satışı ilə bağlı borcu mövcud deyildir. Bununla bağlı X7 xx.xx.2021-ci il tarixdə QSC-yə ərizə ilə müraciət ünvanlamışdır. İddiaçıya dəfələrlə şifahi, həmçinin 12 avqust 2021-ci il tarixli 261 saylı, 16 avqust 2021-cı İl tarixli 262 saylı, 02 sentyabr 2021-ci il tarixli 287 saylı və 07 sentyabr 2021-ci il tarixli 296 saylı sifarişli və xəbərnaməli poçt vasitəsi ilə göndərilmiş yazılı xəbərdarlıqlara baxmayaraq, o, müəssisəyə gəlməkdən, vurulmuş ziyanla bağlı izahat verməkdən və QSC-yə olan borcunu ödəməkdən boyun qaçırmışdır. Yuxarıda qəyd edilən məsələlər Hüquq şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq bildirilir ki, QSC ilə iddiaçı arasında bağlanmış 01 iyul 2016-cı il tarixli Əmək müqaviləsinin İşəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaranmışdır. Belə ki, iddiaçının 21 avqust 2021-ci il tarixdə (ondan sonrakı dövrdə də) işə çıxmalı olduğu halda heç bir üzrlü səbəb olmadan işə çıxmamasına və ona dəfərlərlə edilən şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamasına görə işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi, həmçinin QSC-yə vurduğu maddi ziyana görə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan QSC-nin icraçı direktorun satış üzrə müavini, satış departamentinin müdiri X1 və Satış Şöbəsinin müdiri Aydın Həsənov tərəfindən QSC-nin icraçı direktoru Məzahir Ağabalayevə ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, “Məişət və Keramika əşyaları satışı” şöbəsinin satış meneceri vəzifəsində çalışan iddiaçının 21 avqust 2021-ci il tarixdən 10 sentyabr 2021-ci il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməməsi və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə və şirkətə olan əmlak borcunun ödənilməsinə görə qanunvericiliyin tələbinə uyğun olaraq tədbir görülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 028/11 saylı məktubundan görünür ki, cəmiyyət tərəfindən ünvanlanmış 267 nömrəli xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının cəmiyyətə 184.000 ABŞ dolları məbləğində əmlak borcu vardır. Lakin həmin borcun nəyin əsasında yaranması və buna əsas olan sənədlərin surəti məktuba əlavə edilməmişdir. Hüquqlarını təmsil etdiyi şəxsin bildirməsinə görə onun cəmiyyət qarşısında heç bir maddi məsuliyyəti yoxdur. Cəmiyyət tərəflərindən xx.xx.2021-ci il tarixə təyin edilmiş audit yoxlaması barədə bildirmək istəyir ki, bu barədə müvafiq əmrin surəti onlara təqdim edilməmişdir. Eyni zamanda iddiaçının həmin audit yoxlamasında iştirak etməməsi audit yoxlamasının keçirilməsinə mane olmur. Tərəflərindən audit yoxlamasının nəticəsinə uyğun olaraq izahatları yazılı olaraq cəmiyyətə təqdim ediləcəkdir. Əlavə olaraq qeyd edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək məzuniyyətində olduğundan həmin tarixdə cəmiyyətin yerləşdiyi ofisə gəlməyi mümkün deyildir. Eyni zamanda cəmiyyətə bildirmək istəyir ki, 169/111 iddiaçı arasında bağlanmış əmək müqaviləsinin və ona əlavələrin, o cümlədən şifahi olaraq qeyd etdikləri üzrə onun maddi məsul şəxs təyin edilməsi barədə əmrin surətinin, həmin əmrlə onun tanış edilməsi barədə müvafiq sənədlərin surətinin ona təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 038/11 saylı məktubdan görünür ki, cəmiyyət tərəfindən ünvanlanmış 267 nömrəli xx.xx.2021-ci il tarixli və digər məktublarda qeyd edilmişdir ki, iddiaçının cəmiyyətə 184.000 ABŞ dolları məbləğində əmlak borcu vardır. Lakin həmin borcun nəyin əsasında yaranması və buna əsas olan sənədlərin surəti məktuba əlavə edilməmişdir. Bundan başqa artıq bir aya yaxın müddətdir ki, aparılan yazışmalarda tərəfinizdən əmək qanunvericiliyinin müddəaları kobud surətdə pozulur. Belə ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə cəmiyyətə müraciət edilərək onun xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi xahiş edilmişdir. Cəmiyyət tələm-tələsik, heç bir hüquqi əsas olmadan guya audit yoxlamasının təyin edilməsi barədə məktublarla ona müraciət edərək, iddiaçının məcburi qaydada işə çıxarılmasına çalışmışdır. Dəfələrlə məktublarla tərəflərindən cəmiyyətə müraciət edilərək, audit yoxlamasının təyin edilməsi barədə əmrin və buna əsas olmuş sənədlərin surətinin təqdim edilməsi tələb olunsa da, israrla həmin sənədlərin təqdim edilməsindən yayınmışdır. Həmin sənədlərin təqdim edilməsinə imtinanın əsası kimi onun səlahiyyətsiz şəxs olmağı bildirilmişdir. Buna zidd olaraq, növbəti məktublarını isə ona ünvanlayaraq iddiaçının yoxlamada işitrak etməsi tələb edilmişdir. Məktubda qeyd edildiyi kimi, səlahiyyəti olmayan şəxsə həmin bildirişlərin göndərilməsi ağlabatan deyildir. Daha sonra müxtəlif tarixli məktublarla müraciət edərək audit yoxlamasının növbəti tarixə təyin edildiyi bildirilmişdir. Hətta "xxxx" MMC-yə müraciət edərək iddiaçının işdən azad edilməsinin qeyri-mümkünlüyünü bildirilmişdir. Həmin qeyrimümkünlüyü onunla əsaslandırmağa çalışmışdır ki, guya iddiaçının şirkətə borcu mövcuddur, həmin borc ödənildikdən sonra iddiaçı işdən azad edilə bilər. Halbuki, bu tələb Əmək Məcəlləsinin tələblərinə tamamilə ziddir. Belə ki, işçi tərəfindən şirkətə hər hansı maddi ziyan yetirilmişdirsə, bu barədə mülki qaydada dəymiş ziyanın ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İddiaçı tərəfindən tutduğu vəzifədən azad edilməsi barədə ərizənin şirkətə təqdim edilməsindən artıq bir aydan çox vaxt keçmişdir. Lakin bu günədək onun son haqq hesabı ödənilməmiş, işdən azad edilməsi barədə müvafiq əmr və əmək kitabçası ona təqdim edilməmişdir. Guya işçinin şirkətə pul vəsaiti borclu olması onun işdən azad edilməməsi üçün əsas deyildir. Bu səbəbdən hazırkı məktubla cəmiyyətə müraciət edərək, iddiaçının QSC-də tutduğu vəzifədən azad edilibedilməməsi barədə məlumatın, azad edildiyi təqdirdə işdən azad edilmə barədə əmrin və əmək kitabçasının təqdim edilməsini, cəmiyyət tərəfindən keçirilmiş audit yoxlamalarının nəticələri barədə məlumatın və sənədlərin təqdim edilməsini xahiş edilmişdir. İş materiallarında olan iddiaçı, QSC-nin icraçısı İ.Tanrıverili, icraçı direktorun satış üzrə müavini F.Səmədov tərədindən imzalanmış xx.xx.2021-ci il tarixli "xxxx"ndan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixə QSC-yə olan borcu 187.566 ABŞ dolları təşkil edir. İşin araşdırılmış halları ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilir ki, iddiaçı cavabdeh QSC-də xx.xx.2016-cı il tarixdən satış meneceri vəzifəsində çalışmağa başlamışdır. Cavabdehin 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmri ilə iddiaçı ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hesab edir ki, həmin əmr qanunsuzdur və tələbini iddia ərizəsində göstərilənlərlə əsaslandırır. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddia əsassız olmaqla, əmr verilərkən qanunvericliyin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası işin hallarını və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq onları əsaslı hesab edir və onlarla razılaşır. İşin mübahisə edilməyən hallarına görə iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək başqa işəgötürənlə ("xxxx" MMC) əmək müqaviləsi bağlamasını əsas gətirmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi və 69-cu maddəsinin 3-cü bəndinin tələblərinə əsasən xx.xx.2021-ci il tarixdən etibarən xitam verilməsini xahiş etmişdir. Cavabdeh QSC isə iddiaçıya, eyni zamanda iddiaçının yeni əmək müqaviləsi bağlamaq niyyətində olduğu "xxxx" MMC-yə cavab məktubunda iddiaçının QSC-yə borcu olduğunu göstərmiş, həmin borcun araşdırılmasından sonra Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilə biləcəyini qeyd etmiş və iddiaçının ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verməkdən imtina etmiş, xx.xx.2021-ci ildə isə işçinin fəaliyyətində yol verdiyi pozuntulara, habelə üzrlü səbəb olmadan işə gəlməməsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam vermişdir. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsində Əmək Məcəlləsinin ləğv edilməsinin müxtəlif əsasları təsbit edilmişdir. Həmin əsaslardan biri də, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir (68.2-ci maddənin “a” bəndi). Əmək Məcəlləsinin 69-cü maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası müəyyən edilmişdir. Həmin maddənin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Qeyd edilən maddənin yuxarıda sadalanan dispozisiya şərtlərindən aydın olur ki, əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işçi bir təqvim ayı əvvəldən bu barədə işə götürənə yazılı ərizə verməklə onu xəbərdar etməlidir. Lakin həmin maddədə bu ümumi qaydadan istisnalar müəyyən edilmişdir ki, onlardan biri də işçinin başqa işə götürənlə əmək müqaviləsi bağlamasıdır. Maddədə sadalanan və əmək müqaviləsinin daha qısa müddət ərzində ləğv edilməsinə əsas verən istisna halların məzmunu (işçinin təhsil müəssisəsinə daxil olması, yeni yaşayış yerinə köçməsi, başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, seksual qısnamaya məruz qalması və s.) onu deməyə əsas verir ki, həmin maddənin 3-cü bəndində qeyd olunmuş “əmək müqaviləsi ləğv edilə bilər” ifadəsi işə götürənə verilən səlahiyyəti deyil, işçiyə müqavilənin ləğv edilməsi tarixini müəyyən etməklə bağlı verilən hüququ ehtiva edir. Başqa sözlə, işçi başqa işə götürənlə əmək müqaviləsi bağlayırsa və bu əsasla əmək müqaviləsinin ləğv edilməsi tarixini işə götürənə təqdim etdiyi yazılı ərizəsində göstərirsə, həmin tarixdən əmək müqaviləsinə xitam vermək işə götürənin vəzifəsidir. İşin müəyyən edilən hallarından və əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərindən bu nəticəyə gəlmək olur ki, hazırkı iş üzrə İddiaçı xx.xx.2021-ci ildə cavabdehə təqdim etdiyi yazılı ərizəsində onun ərizə verildikdən bir ay sonra deyil, məhz başqa işə götürənlə əmək müqaviləsi bağlaması səbəbi ilə xx.xx.2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etdiyindən, cavabdeh həmin ərizədə göstərilən tarixdə əmək müqaviləsinə xitam verməkdən imtina etməkdə, habelə xx.xx.2021-ci ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verməkdə haqlı olmamışdır. Eyni zamanda kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq onun ərizədə göstərdiyi tarixdə xitam verilməli olduğundan, lakin cavabdeh müqaviləni həmin tarixdə ləğv etməklə bağlı vəzifəsini icra etmədiyindən, iddiaçının həmin tarixdən sonrakı müddətdə işə gəlməməsi onun tərəfindən əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilməz. Kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun başqa işə götürənlə əmək müqaviləsi bağlaması səbəbindən onun yazılı ərizəsində qeyd etdiyi tarixdə xitam verilməli olduğundan, həmin tarixdən sonrakı müddətdə onunla bağlanmış əmək müqaviləsinə hər hansı əsasla xitam verilməsinin və bunun hüquqi və faktiki əsaslarının araşdırılmasına ehtiyac yoxdur. Kollegiyanın qənaətinə görə, iddiaçının iradəsinə zidd olaraq xx.xx.2021-ci tarixdən sonra əmək münasibətlərinin davam etdirilməsinə məcbur edilməsi və bu halın iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquq və azadlıqlarını pozması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, Konstitusiyanın 35-ci maddəsinin İİİ hissəsinə görə heç kəs zorla işlədilə bilməz. Həmin maddənin İV hissəsinə görə, əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, cavabdehin əmrin ləğv edilməsi əsası kimi istinad etdiyi xx.xx.2021-ci il tarixli təqdimatda iddiaçının xx.xx.2021-ci il tarixə qədər xəstəliyi səbəbindən işə çıxmaması göstərilmiş, lakin həmin tarixdən sonra işə heç bir üzrlü səbəb olmadan işə gəlməməsi göstərilmişdir. Lakin iddiaçı artıq həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi və 69.3-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Belə olan halda, iddiaçı artıq qeyd edilən normaların tələblərinə əsasən işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malik olmuşdur. Cavabdeh tərəfindən digər bir əsas kimi istinad edilən iddiaçının QSC-yə borcunun olması ilə bağlı qeyd edilməlidir ki, iddiaçının cavabdehə maddi ziyan vurması və sonuncunun isə bu barədə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Tələbin ikinci hissəsi - iddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı qeyd edilməlidir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməli olması müəyyən edilmişdir. Odur ki, iddiaçının bu hissədə də tələbi əsaslı olaraq təmin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-374/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4253/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4253/2022
09.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver