Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4255/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(003)-1981/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8265 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh ilə 2018-ci il tarixdə ona məxsus bağ evində mebellərin yığılması işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdehə ona məxsus Mərdəkan qəsəbəsində yerləşən evini göstərərək, ondan həmin bağ evi üçün mebellərin onun sifarişi əsasında yığılmasını xahiş etmişdir. Onların arasında olan şifahi razılaşma əsasında işlərin smeta dəyəri 51365 manat təşkil etmişdir. Cavabdehin razılığı əsasında tərəfindən işlərə başlanılmış və cavabdeh tərəfindən mütəmadi şəkildə hissələrə bölünməklə ödənişlər həyata keçirilmişdir. Cavabdeh tərəfindən 43100 manat ödəniş ödənilmiş qalıq olan 8265 manat pul vəsaiti isə cavabdeh tərəfindən bu günədək ödəməmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(003)-1981/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 8265 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(003) 1981/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı yaranmış borcla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, 2016-cı ilin mart ayında iddiaçı ilə şifahi müqavilə bağlanmış, 50000 manat dəyərində mebel sifarişi verilmişdir. Həmin müqavilənin şərtlərindən biri, iddiaçı tərəfindən 3 ay müddətində, yəni 2016-cı ilin iyun ayında bütün mebelin təhvil verilməsi olmuşdur. Lakin iddiaçı müqavilənin şərtlərini pozaraq sifariş verilən məbləğin axırıncı hissəsini 5 may 2017-ci ildə təhvil vermişdir. Cavabdeh öz ailə üzvləri ilə 01 iyul 2016-cı il tarixində daimi yaşamaq üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2175 saylı bağ evinə köçmüşdür. Öz hərəkətləri (hərəkətsizliyi ilə) iddiaçı tərəfindən cavabdehə maddi və mənəvi zərər vurulmuşdur. Bunun nəticəsində cavabdeh məcburi olaraq ailə üzvlərinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün öz evinə 50000 manat dəyərində mebel alıb qoymuşdur. Bu barədə cavabdeh vurulmuş maddi ziyanın 50 %nin (2500 manat) iddiaçıdan tutulmasını onun özünə bildirmişdir. Bu vaxta qədər cavabdeh tərəfindən 43100 (qırx üç min yüz) manat məbləğ iddiaçıya ödənmişdir. Bu hesabla iddiaçıya orta hesabla 1900 (bir min doqquz yüz) manat məbləğdə ödənməmiş pul qalmışdır. Fakt odur ki, iddiaçı 3 ay əvəzinə 14 ay ərzində onun işini görmüş və iddia ərizəsində göstərilən kimi, axırıncı ödənişi 5000 manatı bütün mebeli aldıqdan sonra 2017-ci ilin 05 mayda iddiaçıya ödəmişdir. Bu faktı o da 05.05.2017-ci il tarixdə mebeli evinə gətirməyini və tərəfindən 5000 manatı iddiaçıya ödədiyini, iddiaçı tərəfindən şahid qismində məhkəməyə dəvət olunmuş Zaur Ağayev öz izahatı ilə sübut etmişdir. Bu halda 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi, izahtında əlavə olaraq qeyd etdi ki, tərəflər arasında 50000 manat civarında smeta razılaşması olmuş, cavabdeh 43100 manat məbləğində pul qaytarmışdır. Qalsa 1900 manat borcu qalmışdır. Bəlkə də, borcu tam olaraq yoxdur. 43100 manatdan başqa borc qaytarması barədə sübut təqdim edə bilmir. Xahiş etdi ki, 3 illik iddia müddəti tətbiq edilsin. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini qəbul etmədi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(003)-1981/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(003)-1981/2020 saylı qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o mebel sexində usta işləyir. 2016-cı ildə Fərdin evində işləmişdir. Tərəfindən görülən işlər 2017-ci ildə yekunlaşmışdır. Sonuncu tumba noyabr ayında cavabdehin evinə qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. MM-nin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-nin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar və tərəflərin izahatı ilə müəyyən olunur ki, tərəflər arasında şifahi razılıq əsasında Cavabdeh məxsus evdə onun tərəfindən sifariş olunmuş, İddiaçı tərəfindən mebellərin hazırlaması barədə razılıq əldə edilmişdir. Şifahi razılaşmanın əsasında iddiaçı tərəfindən sifariş üzrə işlər 2017-ci ilin sonlarına yaxın tam və qüsursuz görülmüşdür. Cavabdeh sifariş üzrə işlərin icra vaxtında təhvil verilməməsini bildirir. Həmin görülmüş işlərin müqabili olaraq cavabdeh tərəfindən razılaşdırılmış ödənişdən 43100 manat ödəniş ödənilmişdir. Hazırda İddiaçı görülmüş işlərin müqabili olaraq cavabdeh tərəfindən 8265 manat pulun ödənilməli olduğunu iddia edir. Cavabdeh isə borcunun olmadığını, əgər borcu olmuş olsa belə tələb etmək üçün iddia müddətinin ötürülmüş olduğunu iddia edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi smetanın 51365 manat olması, qalıq olaraq 8265 manat pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Göründüyü kimi, iddiaçı podrat müqaviləsi üzrə razılaşdırılmış smetanın 51365 manat olmasını, cavabdeh isə 50000 manat civarında olmasını bildirir. Belə olan halda, smetanın 51365 manat olmasını sübut etmə yükü iddiaçının üzərinə düşür ki, iddiaçı qeyd olunan halı sübut edə bilməmişdir. Buna görə də, kollegiya cavabdehin etiraf etdiyi qaydada smetanın 50000 manat civarında tərəflərin arasında razılaşma olmasını mötəbər olaraq qəbul edir. Digər tərəfdən hər iki tərəf etiraf edir ki, görülmüş işdən 43100 manat qaytarılmışdır. Cavabdeh tərəf ümumiyyətlə borcunun qalmadığını qeyd etsə də, 43100 manatdan başqa digər ödənişlər etməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Buna görə də, iddia tələbi qismən təmin edilməli, 6900 manat (50000-43100=6900) pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-nin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-nin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsində ərizə təqdim etməmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında qey olunmuşdur ki, ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Göründüyü kimi, iddia müddətinin tətbiqi barədə ərizə birinci instansiya məhkəməsinə təqdim olunmalıdır. Hansı ki, həmin ərizə cavabdeh tərəfindən təqdim olunmamışdır. Buna görə də, kollegiya hesab edir ki, apellyatorun iddia müddətinin tətbiqi ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan 25 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(003)- 1981/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6900 (altı min doqquz yüz) manat pul və 25 (iyirmi beş) manat dövlət rüsumu, cəmi 6925 (altı min doqquz yüz iyirmi beş) manat tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4255/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4255/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver