Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4257/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı X5 vəkili X6, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri Etibar Əliyev adına 162 saylı Tam Orta Məktəbə qarşı “əmrin ləğv edilməsi və müəllim kimi dərs deməyə buraxılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 15.04.2019-cu il tarixli, K-386 nömrəli əmrinin ləğv edilməsi və onun rus dili-ədəbiyyat müəllimi kimi dərs demək üçün məktəbə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəməyə 1 aydan gec şikayət etməsi üzrlü səbəblə bağlıdır. Belə ki, həmin dövürdə bütün işdən ayrılan müəllim heyəti barəsində cinayət təqibi aparılıb və yalnız istintaqın sonunda müəyyən olunub ki, İddiaçı barəsində cinayət təqibinə xitam verilmişdir. O, uzun müddətdir pedoqoji fəaliyyətlə məşğuldur və işi ilə əlaqədar hər hansı səhlənkarlığa, məsuliyyətsizliyə yol verməmişdir. 20.09.1993-cü ildən 162 saylı məktəbdə rus dili-ədəbiyyat fənni üzrə konkursda qalib gələrək, əmək müqaviləsi əsasında dərs deyir. Hazırda işsizdir, hər hansı bir inzibati vəzifə tutmadan müəllim kimi fəaliyyət göstərmək istəyir, lakin əmək müaviləsinə xitam verilməsi onun müəllim kimi fəaliyyət göstərməsinə mane olur. Əmək kitabçasından isə görünür ki, K-386 saylı əmrlə yalnız direktor müavini kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilsə də, müəllim kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Buna baxmayaraq, məktəbdə dərs deməyə buraxılmır. Bu isə müavfiq əsas olmadan əmək funksiyasının icrasına ciddi maneədir və onun əmək hüququnu pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı 20.09.1993-cü ildən 01.04.1997-ci ilədək Bakı şəhəri 162 saylı Tam Orta Məktəbdə rus dili-ədəbiyyatı müəllimi, 01.04.1997-ci ildən 15.04.2019-cu il tarixə qədər isə məktəbdən və sinifdənxaric işlər üzrə təşkilatçı müəllim (tərbiyəvi işlər üzrə direktor müavini) vəzifəsində işləmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin K-386 saylı 15.04.2019-cu il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 15.04.2019-cu il tarixdən xitam verilmiş və əmrdə qeyd olunmuşdur ki, 04.04.2019cu ildə ünvan 1 ünvanında yerləşən Bakı şəhəri, Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə şagird ölümü ilə nəticələnən faciəvi hadisə baş vermişdir. Həmin məktəbin rus bölməsində təhsil alan 04.06.2004-cü il təvəllüdlü X8 gözlənilmədən məktəb binasının 3-cü mərtəbəsinin dəhlizinin pəncərəsindən özünü yerə atmışdır. Məktəbə gəlmiş Təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Kliniki şəhər xəstəxanasına aparılmış Elina Hacıyeva 06.04.2019-cu il tarixdə xəstəxanada vəfat etmişdir. Baş vermiş hadisə ilə əlaqədar vəziyyət dərhal nəzarətə götürülərək zəruri tədbirlər görülmüş, şagirdin intihara cəhd etməsi faktı ilə əlaqədar hadisəyə səbəb olmuş halların müəyyənləşdirilməsi, habelə qeyd olunan hadisə ilə bağlı KİV məlumatlarının araşdırılması, bununla bağlı məktəb rəhbərliyinin, müvafiq edaqoji işçilərin və məktəb psixoloqunun fəaliyyətinin yoxlanılması, habelə məktəbdə pedaqoji-psixoloji mühitin vəziyyətinin aydınlaşdırılması məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 04.04.2019-cu il tarixli F-158 nömrəli əmrinə əsasən X15 sektoru, Ümumi təhsil sektoru, İnsan resursları sektoru və Təlimə dəstək Mərəzinin əməkdaşlarından ibarət tərkibdə təşkil edilmiş Komissiya tərəfindən xidməti araşdırma aparılmışdır. X13 özünə qəsd etməsi ilə bağlı aparılmış araşdırma nəticəsindən görünür ki, 162 nömrəli Tam Orta Məktəbin direktoru X9, təbiyə işləri üzrə direktor müavini Məhərrəmova İddiaçı, sinif rəhbəri X4 və məktəbin psixoloqu X10 əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərdə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etməmişlər. Belə ki, məktəbin rəhbərliyi və digər əlaqədar vəzifəli şəxslər Elina Hacıyevanın psixoloji travmalı, sosial təhlükəli vəziyyətdə olan şagird olması barədə məlumatlı olduğu halda, ilkin zəruri tədbirlər görsə də, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanunu ilə təhsil müəssisələrinin vəzifələri sırasına aid edilmiş bir sıra tədbirlər lazımi qaydada yerinə yetirilməmiş, “Sinif rəhbəri haqqında Əsasnamə”nin tələbləri pozularaq şagirdin sosial əhəmiyyətli fəaliyyəti təşkil edilməmiş, onunla şagirdlər arasında şəxsi münasibətlər tənzimlənməmiş, uşaqların tərbiyə edilməsində çətinliklə üzləşən valideynlərə psixoloji və pedaqoji məsləhətlər təşkil edilməmiş, habelə E.Hacıyevanın özünə qəsd etmə ehtimalı hallarının qarşısının alınması, həmçinin analoji vəziyyətin digər şagirdlərdə olub-olmamasının müəyyən edilməsi istiqamətində iş aparılmamış, tədris prosesində E.Hacıyevanın davranışları xüsusi nəzarətdə saxlanılmamışdır. Məktəb rəhbərliyinin məsuliyyətsizliyi nəticəsində hadisə baş verən gün növbətçi müəllimin yerində olmaması səbəbindən şagirdin intihara cəhdinin qarşısını almaq mümkün olmamışdır. Baş vermiş məlum hadisə ilə bağlı aparılmış xidməti araşdırmanın nəticələri ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Təhsil nazirinin 12.04.2019-cu il tarixli K-405 nömrəli əmri ilə əmək funksiyalarının yerinə yetirilməməsinə, xüsusilə də təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühitin yaradılmamasına, şagirdlər arasında sosial risk təhlükəsi ehtimalı müşahidə olunan hallara qarşı laqeyd münasibət göstərilməsinə görə Bakı şəhəri 162 nömrəli Tam Orta Məktəbin direktoru X9 ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, məktəbin tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə həmin əsasla xitam verilməsi Bakı şəhəri üzrə Təhsil İdarəsinə tapşırılmışdır. Bununla əlaqədar qanunvericilikdə müəyyən edilmiş qaydada razılığın alınması məqsədi ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə müvafiq qaydada təqdimat göndərilmiş və adıçəkilən Komitəsinin 15.04.2019-cu il tarixli iclasında təqdimat müzakirə olunaraq məktəbin tərbiyə işləri üzrə direktoru müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Qeyd olunanlar iddia ərizəsi, İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surəti, Azərbaycan Respublikasının K-405 saylı, 12.04.2019-cu il tarixli əmrinin surəti, Bakı şəhəri üzrə Təhsil İdarəsinin K-386 saylı 15.04.2019-cu il tarixli əmrinin surəti, Bakı şəhəri 162 nömrəli Tam Orta Məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünə qəsd etməsi ilə bağlı aparılmış araşdırmanın nəticələrinə dair arayış, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinini 15.04.2019-cu il tarixli, 30 nömrəli protokolundan çıxarışın surəti, əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlər və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 15.04.2019-cu il tarixli əmrin ləğv edilməsini və rus dili-ədəbiyyat müəllimi kimi dərs demk üçün məktəbə buraxılmasını tələb edir. Cavabdeh isə, iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də iddianı məhz iddia müddətinin ötürülməsi səbəbindən təmin etməmişdir. Kollegiya, mübahisənin həlli ilə bağlı bildirir ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda, bir sıra məqsəd və funksiyalara xidmət edir. Mülki Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə görə, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Əmək Məcəlləsinin 296.2-ci və 296.3-cü maddələrinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi fərdi əmək mübahisəsinin həll ilə bağlı olduğu üçün qeyd edilən tələbə ƏM-nin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Bununla yanaşı, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsi ilə yanaşı, Mülki Məcəllənin müddəaları da nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İşdən görünür ki, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə 15.04.2019-cu il tarixli əmrlə xitam verilməsindən həmin gün xəbərdar olması işin mübahisəsiz halıdır. Buna baxmayaraq, o, iddia ərizəsini 12.11.2019-cu ildə məhkəməyə verməklə qanunla müəyyənləşdirilmiş bir aylıq iddia müddətini ötürmüş və bunun səbəbi kimi baş vemiş hadisə ilə bağlı barəsində cinayət təqibinin aparılmasına istina etmişdir. Kollegiya iddiaçının bu dəlilini əsaslı hesab etmir, əvvəla ona görə ki, iddiaçı məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 16.04.2019-cu il və 19.08.2019-cu il tarixlərdə ixtisası üzrə işlə təmin olunması üçün cavabdehə müraciət etməsini bildirməklə, əmək müqaviləsini xitam verilməsi barədə əmrlə faktiki olaraq razılaşdığını və onu mübahisələndirmədiyini ifadə etmişdir. Kollegiya, həmçinin, vurğulayır ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab olunsa belə, iddiası aşağıdakılara əsasən təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri kimi də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi halı nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qeyd edilən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin qəsdən və ya səhlənkarlıqla əmək funksiyasının yerinə yetirməməsi, habelə qeyd edilən halın müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. Baxılan işin hallarından görünür ki, İddiaçı Bakı şəhəri 162 nömrəli Tam Orta Məktəbdə tərbiyə işləri üzrə direktoru müavini vəzifəsində işlədiyi müddətdə əmək funksiyalarını kobud şəkildə pozmuş, bunun nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gəlmiş, buna görə 1504.2019-cu il tarixdə işdən azad edilmişdir. Bu hallar iş materiallarında olan yuxarıda sadalanan sənədlərlə öz təsdiqini tapır. Kollegiya, iddiaçının rus dili-ədəbiyyat müəllimi kimi dərs deməyə buraxılması barədə mövqeyi ilə də razılaşmır, ona görə ki, iş materiallarından görünür ki, rus diliədəbiyyatı müəllimi kimi işə qəbul edilməsi barədə 20.09.1993-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə 01.04.1997-ci il tarixdə dəyişiklik edilmiş və o, həmin tarixli əmrlə tərbiyəvi işlər üzrə direktor müavini vəzifəsinə keçirilmiş və bu barədə əmək müqaviləsi bildirişi elektron sistemdə qeydə alınmışdır. Bu hal isə, ona dəlalət edir ki, 15.04.2019-cu il tarixli əmrlə əmək müqaviləsinə xitam verilərkən iddiaçı yalnız tərbiyəvi işlər üzrə direktor müavini vəzifəsində işləmiş və müəllim kimi fəaliyyət göstərməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20.12.2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X1” isə göstərilir ki, ümumtəhsil məktəbində işləyən tərbiyə işləri üzrə direktor müavini - məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. Gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda ərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işinin təşkilini və ona rəhbərliyi təmin edir. Odur ki, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2324/2020 saylı iş üzrə 17 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4257/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4257/2021
19.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver