Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4257/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X15 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1387/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra. iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 123 «a» saylı evə dair istifadə hüququna xitam verilməsi, həmin evdə etdiyi dəyişikliklərin öz hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X3 hüquqi varisidir. X7 Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 123 «a» saylı evin faktiki sahibi və mülkiyyətçisi olmuş, xx.xx.2008-ci il tarixli notarial qaydada təsdiq olunmuş vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-259/06 saylı qətnaməsi ilə cavabdehin Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 123 «a» saylı evin 25 m2 sahəsi olan otağına köçürülməsi qərara alınmış, qətnamə qanuni qüvvəyə minmiş, cavabdeh həmin ünvanda daimi qeydiyyata alınmışdır. Həmin vaxtdan bu günə qədər cavabdeh bir gün olsun həmin mənzildə yaşamamış, oradan istifadə etməmiş, yalnız formal olaraq qeydiyyatı qalmaqda davam etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, e-2(006)- 1387/2023 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia təmin olunmamış, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. İddiaçı, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin cavabdehin mübahisəli yaşayış sahəsinə ehtiyacının olmamasını, uzun illərdir orada yaşamaması, özünün ayrıca yaşayış evinin olmasını, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməməsini, maddi hüquq normalarının səhv tətbiq olunmasını və s. göstərmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh icra məmurları tərəfindən 2023-cü ilin yanvar ayında yenidən mübahisəli evə köçürülmüş, hazırda orada təmir işləri aparır. Lakin hesab edir ki, cavabdeh uzun müddət yaşamadığından istifadə hüququnu itirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasını barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun istifadə hüququna xitam verilməsi tələb olunan C.Məmmədquluzadə küçəsi 123 «a» saylı evdən uzun müddət istifadə etməməsinin səbəbi kimi ona yaradılan maneələr, yaşayış sahəsinin təmirsiz vəziyyətdə olması, oranın təmirinə imkan verilməməsi və s. ondan asılı olmayan səbəblər olmuşdur. Ona görə də keçən müddət ərzində məcburiyyət qarşısında qalaraq qohumun evində məskunlaşmışdır. İcra məmurları 2023-cü ilin 25 yanvar tarixinidə onu yenidən mübahisəli evə köçürmüşlər və bu barədə müvafiq akt tərtib olunmuşdur. Hazırda orada təmir işləri aparır ki, yaşamağa şərait olsun. Eyni zamanda, mübahisəli evdə onun adına kommunal xidmətlərə dair ayrıca müqavilələr də bağlanmışdır. Hesab edir ki, iddia əsassız olmuş, birinci instansiya məhkəməsi qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işin mübahisə olunmayan hallarına əsasən - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2001-ci il tarixli, 2-1969/2001 saylı qanuni qüvvədə olan qətnaməsi ilə azyaşlı Ülvi Mahir oğlunun qanuni nümayəndəsi X1 X14 qarşı «yaşayış yerinə köçürülmə» tələbinə dair iddiası təmin edilmiş, xx xxxx 1992-ci il tarixdə doğulmuş Cavabdeh ünvan 1 evə atası X11 yaşadığı mənzilə köçürülməsi qət olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2006-cı il tarixli, 2-259/2006 saylı qanuni qüvvədə olan digər qətnaməsi ilə X1 X6 qarşı «yetkinlik yaşına çatmayan uşağın mənafeyinin müdafiəsi qaydasında mənzilin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilmiş, mərhum valideynlərinin istifadəsində olmuş ünvan 1 ünvandakı 25,1 m2 olan otaq Cavabdeh istifadəsinə verilmiş və X1 Cavabdeh qəyyumu kimi həmin otağa sərbəst daxil olması üçün bütün maneələrin aradan qaldırılması qət edilmişdir. Göründüyü kimi, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadəsi ondan asılı olmayan səbəblərdən, iddiaçının törətdiyi maneələrdən baş tutmamış, bu hal məhkəmə qərarı ilə müəyyən olunmuşdur. Eyni zamanda, işin hallarından da göründüyü kimi, cavabdehin yaşamalı olduğu müvafiq otaq təmirsiz vəziyyətdə olmuş, bu səbəbdən də cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmurları tərəfindən 25 yanvar 2023-cü il tarixdə yaşayış sahəsinə köçürüldükdən sonra, orada təmir işlərinə başlamışdır. Belə ki, işdə olan Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin 11 noyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2006-cı il tarixli 2-259/2006 saylı icra sənədi icra məmurunun icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlanmış, icra sənədi üzrə borclu tərəfə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi üçün vaxt verilmişdir. İşdə olan 25 yanvar 2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X9, böyük icra məmuru X10, iş üzrə tələbkar Cavabdeh, mərhum X4 qızı İddiaçı iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2006-cı il tarixli 2-259/2006 saylı icra sənədi yenidən icra edilmişdir. İşdə olan 59 saylı MKİS-in 27 fevral 2023-cü il tarixli 27 saylı arayışından görünür ki, Cavabdeh iddiaçı və digər şəxslərlə birlikdə C.Məmmədquluzadə küçəsi 123 «a» saylı ünvanda qeydiyyatdadır, həmçinin Cavabdeh mərhum valideynlərinin istifadəsində olmuş 25,1 m2 sahədə əsaslı təmir işləri aparılır. İşdə olan 27 fevral 2023-cü il tarixli aktdan görünür ki, 59 saylı MKİS-in mühəndisi, sahə nəzarətçiləri tərəfindən C.Məmmədquluzadə küçəsi 123 «a» saylı ünvana yerində baxış keçirilmiş, Cavabdeh mərhum valideynlərinin istifadəsində olmuş 25,1 m2 sahədə əsaslı təmir işləri apardığı müəyyən olunmuşdur. İddiaçı apellyasiya şikayətində cavabdehin istifadəsində Xırdalan şəhərində başqa yaşayış sahəsinin olmasını və s. göstərsə də, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 Saylı Abşeron Ərazi İdarəsinnin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-9493/2023 nömrəli məktubundan görünür ki, cavabdehin faktiki yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi, 14 saylı ev X2 adına daşınmaz əmlakın dövlət reyestrində **********29 reyestr nömrəsi ilə qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, müvafiq yaşayış sahəsi cavabdehin mülkiyyətində olmamaqla, başqa şəxsə məxsusdur. Cavabdehin müəyyən müddət ərzində orada yaşaması halı isə sonuncunun mübahisəli evə ehtiyacının olmaması, hüququndan könüllü olaraq istifadə etməməsi, həmin yaşayış sahəsindən istifadəyə zərurətin aradan qalxması, bununla da istifadə hüququnu itirməsi anlamına gələ bilməz. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Göründüyü kimi, iddiaçı istər iddia tələbinin, istərsə də apellyasiya şikayətinin əsas dəlili kimi cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun aradan qalxmasını (cavabdehin məhkəmə qərarı ilə köçürülməsi qət olunduğu ünvanda yaşamadığı, həmin evə ehtiyacının olmadığı, ayrıca evinin olduğu və sair) bildirilsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, formal mülahizələrdən çıxış etmişdir. Bununla yanaşı, cavabdehin təqdim etdiyi arayışlardan görünür ki, onunla köçürüldüyü mübahisəli evə dair kommunal xidmətlərə dair (işıq, su) ayrıca müqavilələr də bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə, hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Beləliklə, işin müəyyən olunmuş hallarından və tədqiq olunmuş sübutlardan göründüyü kimi, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı iddiaçının irəli sürdüyü dəlillər əsassız olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə olan halda iddia qalan hissədə də (həmin evdə etdiyi dəyişikliklərin öz hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması) təmin oluna bilməz. Eyni zamanda iddiaçı cavabdehin mübahisəli evdə qanunsuz dəyişikliklər aparması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, işin digər hallarından, eləcə də Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-29724/2023 nömrəli məktubundan görünür ki, mübahisəli ev (Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küç., 123 A) daşınmaz əmlakın dövlət reyestrində hər hansı əşya hüququ (mülkiyyət və s.) üzrə qeydə alınmmışdır. İddiaçının özü də mübahisəli ev üzərində hər hansı əmlak hüquqlarının mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, C.Məmmədquluzadə küçəsi, 123 A saylı ünvanda yerləşən tikili üzərində iddiaçının mülkiyyət hüququnu müəyyən olunmamış, tikili özbaşına tikili olduğundan iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüququ da yoxdur. Həmçinin, cavabdehin qeyd olunan tikilidən istifadə hüququ hazırda qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tanınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007- ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, tərəf yalnız qanunla nəzərdə tutulmuş qaydada sübutlar təqdim etməklə, tələbini əsaslandırmalıdır. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və digər tərəfin etirazlarını araşdırmağa zərurət yoxdur. Həmçinin, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1387/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1387/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4257/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4257/2023
07.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver