Məhkəmə qərarları › İş №2(103)-4258/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4258/2023

27.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4258/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X6 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və s.” tələbinə dair mülki iş üzrə Açar sözlər: (özbaşına tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı “X6 Kompani S.A” Şirkətinin nümayəndəsi Nümayəndə iştrakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(010)-863/2023 saylı qətnaməsindən iddiaçı “X6 Kompani S.A” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarından görünür ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh Bakı şəhəri Kirov qəsəbəsində 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Cavabdeh uzun müddətdir ki, ailəsi ilə birlikdə həmin torpaq sahəsi üzərində tikdirdiyi evdə yaşayır. 2.İddiaçı “X6 Kompani S.A.” Şirkəti cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı mədən küçəsi, 417784.00 4475601.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı “X6 Kompani S.A.” Şirkəti Cavabdeh Tahir qızına qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı mədən küçəsi, 417784.00 4475601.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, nümayəndəliyin nəzarətçiləri tərəfındən şirkətin qanuni istifadəsində olan hazırki torpaq sahəsinə baxış keçirilərkən fərdi yaşayış evinin tikintisi aşkarlanmış və icazə ilə bağlı vətəndaş tərəfindən heç bir rəsmi sənəd təqdim edilməmişdir. Vətəndaşın təqdim etdiyi sərəncam tikinti işlərinin aparılması üçün əsas deyil. Bakı ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman sözügedən torpaq sahələrinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işinin aparılması faktları təsdiqini tapmış və bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verilmişdir. İcra hakimiyyəti vətəndaşa evin tikintisi ilə əlaqədar icazə verə bilməz, çünki torpaq onların yox, SOCAR-ın balansındadır. Həmçinin, həmin torpaq sahəsinin sərəncam ilə verilmiş torpaq sahəsi ilə eyni olması barədə koordinatlar, plancizgi mövcud deyil. Göstərilən sənədlərin hər biri 2005-ci ildən əvvəl əldə edilmiş sənədlərdir. Prezidentin sərəncamına əsasən 2005-ci ildən bu torpaqlar SOCAR-ın balansına keçirilib. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında CavabdehTair qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 1991-ci ildə ona sərəncam verilib, beləki, sərəncam əsasında 12 sot torpaq sahəsi var, həmin torpaq sahəsində ev tikmiş və 9 nəfər ailəsilə birlikdə yaşayır. Evləri balaca olduğu üçün özü nəhəyət də başqa ev tikməyə başlamışdır. Hazırda İcra hakmiyyəti tikinti işləri aparmaqlarına icazə vermir, buna görə də 4-5 daş tikib dayandırmışdır. İcra Hakimiyyətinin icazə verməməsinə səbəb ondan sərəncamın surətini və torpağa aid aktla, plan-cizgini tələb etməsi olmuşdur. Arxiv sənədlərində isə sərənam var, lakin plan-cizgi və akt yox idi. Buna görə İnzibati Məhkəməyə müraciət etmələrini bildirdilər. O da məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərar əsasında torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) tərtib edilərək iddiaçı Cavabdeh verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Hazırda qərardan şikayət verilib və iş Ali Məhkəmədədir. Həmin torpaq sahəsi 1988-ci ildə, sərəncam isə 1991-ci ildə ona verilib və 35 ildir ki, torpağında yaşayır. Onun bütün sənədləri qaydasındadır, Əmlak Komitəsinə müraciət etmiş və "xxxx" MMC gəlib evinin layihəsini çəkmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. 6.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 may 2023-cü il tarixli, 2(010)-863/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Təranə Mahmudova) iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı “X6 Kompani S.A” Şirkətinin özünə aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 7.“X6 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X6 Kompani S.A” şirkəti fəaliyyət göstərir. 8.“X6 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə 2 nömrəli əlavədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı mədən küçəsi, 417784.00 4475601.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. 9.“X6 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin nəzarətçiləri tərəfındən “X6 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı mədən küçəsi, 417784.00 4475601.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilərkən daş konstruktrizasiyalı fərdi yaşayış evinin tikintisi aşkarlanmışdır. Vətəndaş müvafiq sənədləri nümayəndəliyə təqdim etməmişdir. 10.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “X6 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, özbaşına tikinti işləri aparıldığı qeyd olunan torpaq sahəsinə dair vətəndaşın hüquq müəyyənedici sənədi var. 11.Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarından görünür ki, Cavabdeh Bakı şəhəri Kirov qəsəbəsində 1200 kv.m torpaq sahəsi ayrılmışdır. 12.Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BA-03769-2021 saylı məktubdan görünür ki, Cavabdeh fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Kirov qəsəbəsində 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Əsas: Fond-22, siy. 1, iş- 1732, vər.35. Qeyd: Qərara heç bir sənəd əlavə edilməmişdir. 13."xxxx" MMC tərəfindən 2022-ci il tarixdə verilmiş Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı mədən küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin layihəsinin çəkilməsi üçün sifariş vermişdir. 14.ASAN 5 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 15.Mədaxil qəbzlərindən görünür ki, Cavabdeh ünvan 1 ünvanına dair Azərsu, Azərişıq, Azəriqaz üzrə kommunal xərclər, bələdiyyə vergiləri ödənilmişdir. 16.Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli 2-1(103)-903/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək iddiaçıya verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-7700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, iş üzrə yeni qərar qəbul olunması, iddia təmin edilərək, iddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin 11 oktyabr 1991- ci il tarixli 18 saylı qərarına əsasən ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) tərtib edilərək iddiaçı Cavabdeh verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. 17.Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehin dövlət tərəfindən onlara ayrılan torpaq sahəsində qanunsuz tikili inşa etməsi barədə tələbini onunla əsaslandırır ki, yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh tərəfindən həmin ərazidə qanunsuz tikinti (fərdi yaşayış evinin tikintisi) aparılır. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, qeyd olunan torpaq sahəsi Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarına əsasən vətəndaşa ayrılmışdır. 18.Məhkəmə, həmçinin qeyd etmişdir ki, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdeh istifadəsindəki torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin qərarı ilə əldə etmişdir. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir.

19. Əlavə olaraq, mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Mədaxil qəbzlərindən də göründüyü kimi cavabdeh istifadəsində olan torpaq sahəsinə görə kommunal xərcləri və torpaq vergisini də müntəzəm olaraq ödəyir və borcu yoxdur. İddiaçı tərəf bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına heç bir maneçilik törətməmiş və susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılığını bildirmişdir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.2-ci; “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının 1 saylı protokolun 1-ci maddəsinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əhmədova Azərbaycana Qarşı” iş üzrə xx.xx.2021-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 218.3, 107, 119.1 və 216-220cimaddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21.İddiaçı “X6 Kompani S.A.” Şirkəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv aydınlaşdırmamış, məhkəmənin müəyyən etdiyi hallar sübut edilməmiş və məhkəmə qətnaməsində göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmədiyi halda əsassız və qanunsuz qətnamə çıxarmışdır. “X6 KompaniS.A.” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 25.1-ci maddəsinə əsasən, “...Bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla)”. Qeyd olunan mübahisəli torpaq sahəsi də Kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən (mübahisəli torpaq sahəsinin fəaliyyətdə olan neft quyularının mühafizə zonasında yerləşməsi barədə arayış, 1976-cı iltarixli xəritə və s.) və məhkəmə araşdırmasından tam aydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsasız qətnamə qəbul etmişdir. Eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən həmin ərazidə yaşadığı evdən əlavə tikinti işlərinin aparıldığı da məhkəməyə təqdim edilən foto şəkillər ilə müəyyən edilir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır və məhkəməyə təqdim edilən sənədlərdən mübahisəli torpaq sahəsinin kontrakt ərazisinin hüdudları daxilində yerləşməsi, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması məhkəməyə təqdim edilən sənədlərdən aydın olsa da, birinci instansiya Məhkəməsinin hakimi bütün bunları nəzərə almamış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 25.Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməmiş, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, həmin torpaq sahəsi 1991-ci ildən Suraxanı rayon XDS İK-nin Qərar əsasında ona verilmişdir. O, 30 ildən çoxdur ki, həmin torpaq sahəsində tikdiyi evdə yaşayır. Xahiş etmişdir ki, qətnamə dəyişdirilmədən saxlanılsın. 26.Cavabdeh növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 28.Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 23.Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 29.Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 30.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 31.Maddələr 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı: -1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. -1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarı: -Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. -Dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” qərarında da öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əhmədova Azərbaycana Qarşı” iş üzrə xx.xx.2021-ci il tarixli qərarı: -Məhkəmə hazırkı işdə müşahidə edir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. (müqayisə edin Bagdonavicius and Others, cited above, § 102). Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir. (ziddinə Kaminskas v. Lithuania, no. 44817/18, § 64, 4 August 2020). -Əlavə olaraq, hazırkı iş kimi işlərdə mütənasiblik dövlət orqanlarının torpaq sahəsini nə kimi istifadə edəcəkləri ilə ayrılmaz bağlıdır. Hazırkı işdə nə Azneft məhkəmədə qaldırdığı iddiada, nə də Hökümət arqumentlərində torpaq sahəsinin neft əməliyyatları və başqa inkişaf məqsədləri üçün təcili lazım olduğunu iddia etməmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 39.Kollegiya qeyd edir ki, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdeh istifadəsindəki torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə əldə etmişdir. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir. 40.Məhəkəmə kollegiyası qeyd olunan hüquq normalarını rəhbər tutaraq işin müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edir. 41.Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehə Bakı şəhəri Suraxanı rayonu X2 İcrayyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 18 saylı qərarı ilə fərdi vaşavış evi inşa etmək üçün Bakı şəhəri keçmiş Kirov qəsəbəsində (hazırkı Yeni Suraxanı) 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Qeyd olunan qərar ləğv və ya etibarsız hesab edilməməklə hazırda da qüvvədədir. 42.Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli 2-1(103)-903/2023 saylı qərarına əsasən iddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək iddiaçıya verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-7700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, iş üzrə yeni qərar qəbul olunması, iddia təmin edilərək, iddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarına əsasən ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) tərtib edilərək iddiaçı Cavabdeh verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. 43.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2- 1(102)-1601/2023 saylı qərarı ilə cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli 2-1(103)-903/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 44.Kollegiya həmçinin qeyd edir ki, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək, uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. 45.Belə ki, mədaxil qəbzlərindən də göründüyü kimi cavabdeh istifadəsində olan torpaq sahəsinə görə kommunal xərcləri və torpaq vergisini də müntəzəm olaraq ödəyir və borcu yoxdur. İddiaçı tərəf bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına heç bir maneçilik törətməmiş və susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılığını bildirmişdir. 46.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 47.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 48.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 49.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 50.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı “X6 Kompani S.A” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(010)-863/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdiyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar