Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4260/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı “əmrin ləğv olunması, işə bərpa və işburaxmaya görə əmək haqqın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv olunması, işə bərpa və işburaxmaya görə əmək haqqın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh prezidentinin xx.xx.2023-cü il tarixli nömrəsiz əmrinin ləğv edilməsi, onun işə bərpa edilməyi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında Cavabdeh 3 il müddətinə maliyyə meneceri vəzifəsinə qəbul olunmuşdur. Cavabdeh Prezidenti Aktoty Raimkulovanın xx.xx.2023-cü il tarixli əmri ilə əmək müqaviləsi ləğv edilmişdir. Onun işdən azad olunmasına bilavasitə əsas kimi sınaq müddətini müvəffəqiyyətlə bitirməməyi, əmək müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməməyi və X17 üzrə Qaydalarına əsasən düzgün olmayan işə qəbul olunmağı göstərilmişdir. Lakin əmrin Əmək Məcəlləsinin hansı maddəsinə əsasən ləğv edildiyi göstərilməmişdir. Halbuki Cavabdeh ilə bağlanmış əmək müqaviləsində də aralarındakı münasibətlərin məhz Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimləndiyi qeyd olunmuşdur. Qeyd etmək istəyir ki, onun himayəsində xx.xx.2023-cü il təvəllüdlü X9 adlı bir övladı var. Yəni Əmək Məcəlləsinə əsasən ona sınaq müddəti tətbiq edilmir. Bundan cavabdeh təşkilat xəbərdardır və onun övladını 20000 manat məbləğində sığorta da etdirmişdir. Əmrin digər əsası onun əmək funksiyalarını lazımı qaydada yerinə yetirməməyidir. Qeyd etməlidir ki, o, əmək funksiyalarını lazımı qaydada yerinə yetirmiş və işlədiyi müddətə onun barəsində 1 dəfə belə olsun intizam tənbeh tədbiri tətbiq olunmamış, hətta xəbərdarlıq belə edilməmişdir. Beləliklə əmrin bu arqumenti də əsassızdır. Əmrin digər əsası düzgün olmayan işə qəbul prosedurudur. Qeyd etməlidir ki, bu halın ona ümumiyyətlə aidiyyəti yoxdur. Fond öz qaydalarına riayət etməyə və işçilərin əmək hüquqlarına hörmət etməyə borcludur. Aydın olur ki, əmrin bu arqumenti də əsassızıdr. Əgər fond onu ixtisara salmaq istəyirdisə, bildirişi ona 25 dekabr 2023-cü il tarixdə deyil, azı 14 gün əvvəlcədən xəbərdar etməli idi. 25 dekabr 2023-cü il tarixdə xəbərdarlıq edib, 26 dekabr 2023-cü il tarixdə əmək müqaviləsinə xitam vermək Azərbaycan Respublikasının Əmək Məcəlləsinə ziddir. Həmin əmr tam əsassız olmaqla ona münasibətdə rəhbərlik tərəfindən qərəzli olaraq təşkil olunmuşdur. Belə ki, işçilərin peşəkarlıq səviyyəsi belə yoxlanılmamışdır. Hesab edir ki, qeyri-müəyyən əsasla onun işdən çıxarılması əmək hüquqlarının kobud şəkildə pozulmasıdır və işəgötürən tərəfindən hec bir obyektiv araşdırma aparılmadan qərəzli şəkildə əmək müqavilənə xitam verilmişdir. Hesab edir ki, onun işdən çıxarılmağı tam qanunsuz və əsasızdır. Qeyd etmək istəyərdi ki, bu günə kimi daxili intizam qaydalarını hec vaxt pozmamış və hec bir intizam tənbeh tədbiri almamışdır. Vurğulamaq istərdi ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qeyd olunan qeyri müəyyənliyə istinad edildiyi üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb. Aşağıda qeyd edilən hüquq normalarına əsasən hesab edir ki, xx.xx.2023-cü il tarixli əmr ləğv edilməli, onun işə bərpa olunmağı və məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İlk növbədə qeyd etməlidir ki, xx.xx.2023-cü il tarixli əmrin forma məzmunu qanunvericiliyin tələblərinə uyğun deyildir. Əmrin nömrəsi də yoxdur. Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə sınaq müddəti müəyyən edilmir. Bu baxımdan hesab edirəm ki, mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassızdır. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. xx.xx.2023-cü il tarixli əmrdə konkret heç bir əsaslandırma təsbit edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda hansı məlumatların göstərilməsi təsbit olunmuşdur. Lakin işdən çıxarılma əmrində işə götürənin hüquqi ünvanı və əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməmişdir. Buna görə də, xx.xx.2023-cü il tarixli əmr etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84 cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70- ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bütövlükdə xx.xx.2023-cü il tarixli nömrəsiz əmr həqiqəti əks etdirmir, yalnız konkret olmayan ümumi xarakterli formal mülahizələr əsasında mənimlə olan əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin konkret olaraq hansı əsasla ləğv edilməsi haqqında əmrdə heç bir əsaslandırma təsbit edilməmişdir.
3. Səbail Rayon Məhkəməsinin 2(009)-723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddianın təmin edilməsi, Cavabdeh 26 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh maliyyə meneceri vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh qətnamədən apellyasiya verərək qeyd etmişdir ki, Fondun özünün daxili qaydaları, o cümlədən X10 XİNŞ tərəfindən xx.xx.2015-ci ildə Astana şəhərində təsdiq edilmişdir və məhz bu sənəd əsasında Fond ilə onun heyət üzvləri arasında bütün əmək münasibətlərini tənzimlənir və həmin Əsasnamə ilə nəzərdə tutulmuş qaydalar Azərbaycan Respublikasının Əmək Qanunvericiliyindən fərqlənir və ona tabe deyildir. Azərbaycan Respublikasının 01 fevral 2019-cu il tarixli, № 1458-VQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Fond arasında yerləşmə ölkəsi haqqında Sazişə əsasən Fondun yerləşmə yeri Azərbaycan Respublikasıdır və Sazişə əsasən Fondun Məhkəmə icraatından immuniteti mövcuddur. Buna baxmayaraq birinci istansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirməmiş və düzgün nəticəyə gəlməmişdir. Baxmayaraq ki, sazişdə bir başa olaraq Fondun öz əməkdaşları ilə öz qayda və prosedurlarının çərçivəsində əmək münasibətlərinə daxil olması və onları tənzimləməsi göstərilib, Məhkəmə öz yanlış mövqeyini Azərbaycan Respublikasının Əmək Məcələsi ilə əsaslandırmağa çalışmışdır. Bundan başqa birinci instansiya Məhkəməsi öz Qətnaməsində şahid kimi çıxış edən, Fondun digər keçmiş bir əməkdaşının ifadəsinə istinad edərək Fond ilə yerli vətəndaşlar arasında olan əmək münasibətlərinə AR Əmək qanunvericiliyinin tələblərinin tətbiq edildiyini qeyd edir. Halbuki, həmin əməkdaş Fonddan öz xahişi və ərizəsi ilə müraciət edərək işdən ayrılmasına baxmayaraq, ona AR Əmək qanunvericiliyində mövcud olmayan, lakin Fondun daxili qaydası olan X2 nəzərdə tutulmuş bir əmək haqqı məbləğində işdən ayrılma müavinəti ödənilmişdir. Nəzərə alınsa ki, AR Əmək qanunvericiliyində öz xahişi ilə işdən ayrılan şəxsə belə bir ödənişin edilməsi nəzərdə tutulmayıb, həmin şahidin ifadəsinə istinadən qərar qəbul etmək əsassızdır. Əlavə olaraq Fondun daxili qaydası olan X2 “Atalıq Məzuniyyəti” (övladı dünyaya gələn kişi əməkdaşlar üçün məzuniyyət) nəzərdə tutulub, bu və bunun kimi digər hallar AR Əmək qanunvericiliyində yoxdur. Bunu nəzərə alaraq hesab edilir ki, birinci instansiya Məhkəməsi təqdim edilən yazılı və şifahi izahat və sübutları düzgün qiymətləndirməmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, bildirdi ki, onların məhkəmə immuniteti mövcuddur, məhkəmə bu hala düzgün qiymət verməmiş, səhvən Azərbaycan Respublikasının Əmək Məcəlləsininin tətbiq tətbiq etməklə hazırkı mübahisəni həll etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, birincisi, təşkilatın məhkəmə immuniteti olması barədə dəlilləri əsassızdır, çünki həmin təminat Fondun öz funksiyasının icrası ilə bağlı olub, iddiaçı ilə bağlanmış əmək müqaviləısinə şamil olunmur. Bundan başqa, tərəflərin bağladıqları əmək müqaviləsinin iddiaçıya təqdim edilən əmək müqaviləsinin azərbaycan dilində olan nüsxəsində sınaq müddəti ilə bağlı şərt nəzərdə tulmamışdır. Həmçinin də, hətta elə bir şərt olsa belə, bu şərt əhəmiyyətsizdir, çünki iddiaçıya münasibətdə sınaq müddəti Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, tətbiq edilə bilməz, çünki onun üç yaşınadək olan uşağı var. Sübutların tədqiqi:
7. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı maliyyə meneceri vəzifəsinə işə qəbul edilmişdir. Bu əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək 3 il müddətinə bağlanmışdır. Həmin əmək müqaviləsinin 4.31-ci bəndinə əsasən, təhsil almaqla əlaqədar ödənişli məzuniyyət Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir. Əmək müqaviləsinin 9.1-ci maddəsinə əsasən, əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl edilməklə tərəflərin birinin təşəbüsü ilə ləğv edilə bilər. Əmək müqaviləsinin 10.1-ci maddəsinə əsasən, tərəflər əmək mübahisələrinin həlli barədə razılığa gələ bilmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər (i/v 11-19).
8. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamədən məlum olur ki, X9 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur, atası X4, anası İddiaçıdır (i/v 9).
9. Cavabdeh Prezidentinin İşçinin işə qəbul olunması haqqında E/04 nömrəli, 16 oktyabr 2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanılmış 16 oktyabr 2023-cü il tarixli və xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişinə əsaslanaraq 9 oktyabr 2023cü il tarixli əmrə əsasən ştatın yarı bölünməsi ilə əlaqədar sistem üzrə yeni ştatın yaradılması, İddiaçı 16 oktyabr 2023-cü il tarixdən Cavabdeh maliyyə meneceri vəzifəsinə təyin edilməsi, sınaq müddətinin 3 ay olaraq təyin edilməsi əmr edilmişdir.
10. Cavabdeh Prezidentinin İddiaçı ünvanlanmış 256 saylı, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh İşçi Heyəti üzrə Qaydaların 5-ci maddəsi, Vİ Qaydası və 16 oktyabr 2023-cü il tarixli Əmək Müqaviləsinin 3-cü və 6-cı maddələri, Aparat Rəhbərinin ərizəsi və Hüquq Məsləhətçisinin izahlı qeydi və Fondun Prezidentinin 26 dekabr 2023-cü il tarixli Əmrinə əsasən Fond, sınaq müddətinin müvəffəqiyyətlə bitməməsi, əmək müqaviləsi altında öz öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi və X17 üzrə Qaydalarına əsasən düzgün olmayan işə qəbula görə onunla əmək münasibətlərinə xitam verir.
11. Cavabdeh X12 vəzifəsi üzrə işin Ləğvi və X13 haqqında 26 dekabr 2023-cü il tarixli əmrindən görünür ki, Aparat Rəhbərinin ərizəsi və “X17 üzrə Qaydalar”a əsasən rəsmi iş saatları zamanı işçinin olmamasını nəzərə alaraq, Maliyyə Meneceri xanım Turanə X5 sınaq müddətinin müvffəqiyyətlə bitməməsi, əmək müqaviləsi altında öz öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi və X17 üzrə Qaydalarına əsasən düzgün olmayan işə qəbula görə 26 dekabr 2023-cü il tarixində ləğv edilir. Yeni maliyyə işçinin qəbulu və müvafiq vəzifə bölgüsü haqqında Fondun Əmri, Cavabdeh quruluşu haqqında X17 üzrə Qaydalar A Cədvəlinin müddəalarının pozulmasına görə etibarsız hesab olunur. X11 X15 X6 tam vəzifəsini alır.
12. Cavabdeh hüquqşünası Rəşid Məmmədov tərəfindən Fondun Prezidentinə ünvanlanmış xx.xx.2023-cü il tarixli İzahedici Qeyddən görünür ki, X7 vəzifəsi Fondun keçmiş prezidenti tərəfindən iki mütəxəssis arasında bölünüb. Ayrıca əmr əsasında, iş yükü həcmini nəzərə alaraq və əmək haqqı büdcəsini aşmamaq şərti ilə maaş da iki nəfər arasında bölünüb. Belə bölgü aparmazdan əvvəl eks-prezident onun fikrini soruşanda o bildirmişdir ki, bu, Fondun X10nə ziddir. Əsasnamədə göstərildiyi kimi, ştatda yalnız 1 Maliyyə Meneceri ola bilər. Bununla belə, eks-prezident bildirib ki, Fondun iş yükünün çox olması və birinci maliyyə menecerinin analıq məzuniyyətindən sonra qısaldılmış iş rejimində işlədiyini nəzərə alaraq, öz üzərinə məsuliyyət riskini götürərək, vəzifə bölgüsü və yeni maliyyə işçisinin işə qəbulu ilə bağlı belə bir əmr imzalayıb.
13. Cavabdeh Aparat rəhbəri Mehman Əliyev tərəfindən Fondun Prezidentinə ünvanlanmış xx.xx.2023-cü il tarixli Məruzədən görünür ki, Cavabdeh maliyyə şöbəsininəməkdaşı İddiaçı 16 oktyabr 2023-cü il tarixindən (müqavilə bağlanandan) bugünədək keçən müddət ərzində saat 14:00-dan sonra heç vaxt iş yerində olmamışdır.
14. Azərbaycan Respublikasının 01 fevral 2019-cu il tarixli, № 1458-VQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Fond arasında yerləşmə ölkəsi haqqında Sazişin 5.1-ci bəndinə əsasən, fond aşağıda göstərilmiş hallar istisna olmaqla, öz funksiyalarına aid hər hansı formada məhkəmə icraatından immunitetə malikdir: a) Dəymiş ziyan sığorta ilə ödənilə bilmədiyi halda Fonda məxsus və ya onun adından idarə olunan nəqliyyat vasitəsinin törətdiyi qəzadan irəli gələn mülki iddia. b) Fondun və ya onun heyət üzvlərinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş ölüm vəya fərdixəsarətdən irəli gələn mülki iddia. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
15. Maddə 5.1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
16. Maddə 6. Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.
17. Maddə 52. Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti: yaşı 18-dən az olan şəxslərlə; müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla; hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə; təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə; ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə; iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə; tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.
18. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
19. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmişəmək məzuniyyətinə görə pul əvəzi, işçiyəödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
20. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
21. 186.2-ci maddəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etmək kimi intizam tənbeh tədbiri verə bilər.
22. 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
23. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
34. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Hazırkı halda cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı maliyyə meneceri vəzifəsinə işə qəbul edilmiş, bu əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək 3 il müddətinə bağlanmışdır.
40. Cavabdeh Prezidentinin 26 dekabr 2023-cü il tarixli əmrinə əsasən rəsmi iş saatları zamanı işçinin olmamasını nəzərə alaraq, X8 X5 sınaq müddətinin müvffəqiyyətlə bitməməsi, əmək müqaviləsi altında öz öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi və X17 üzrə Qaydalarına əsasən düzgün olmayan işə qəbula görə İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
41. İddianı təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, qeyd olunan əmrdə işçinin bir neçə əsasla işdən çıxarılması göstərilmiş, eləcə də, Əmək Məcəlləsinin hər hansı maddəsinə istinad olunmamışdır. Həmçinin rayon məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında Əmək qanunvericiliyinin tələblərinə uyğun qaydada bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsində iddiaçının sınaq müddəti olmadan işə qəbul edildiyi göstərilsə də, iddiaçının xx.xx.2023-cü il tarixdə anadan olmuş (3 yaşınadək) uşağı olduğu halda, Əmək Məcəlləsinin 52-ci maddəsinin tələblərinə zidd olaraq onunla bağlanmış əmək müqaviləsinə həm də sınaq müddətinin müvəffəqiyyətlə bitməməsi əsası ilə xitam verilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, hesab etmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmiş, əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır.
42. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin əsas dəlili kimi Azərbaycan Respublikasının 01 fevral 2019-cu il tarixli, № 1458-VQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Fond arasında yerləşmə ölkəsi haqqında Sazişə əsasən Fondun yerləşmə yeri Azərbaycan Respublikasıdır və Sazişə əsasən Fondun Məhkəmə icraatından immunitetinin mövcud olması barədə 5-ci bəndinə istinad edərək qeyd etmişdir ki, rayon məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Əmək Məcəlləsini tətbiq etməkdə haqlı olmamışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.31-ci bəndinə əsasən, təhsil almaqla əlaqədar ödənişli məzuniyyət Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir. Əmək müqaviləsinin 9.1-ci maddəsinə əsasən, əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl edilməklə tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Əmək müqaviləsinin 10.1-ci maddəsinə əsasən, tərəflər əmək mübahisələrinin həlli barədə razılığa gələ bilmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər (i/v 11- 19).
44. Göründüyü kimi, tərəflər arasında sərbəst şəkildə bağlanmış əmək müqaviləsində AR Əmək Məcəlləsinin müddəalarına istinad olunmuş, həmçinin tərəflər əmək mübahisələrinin həlli barədə razılığa gələ bilmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edilməsi barədə razılığa gəlmişlər.
45. Azərbaycan Respublikasının 01 fevral 2019-cu il tarixli, № 1458-VQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Fond arasında yerləşmə ölkəsi haqqında Sazişin 5.1-ci bəndinə əsasən, fond aşağıda göstərilmiş hallar istisna olmaqla, öz funksiyalarına aid hər hansı formada məhkəmə icraatından immunitetə malikdir: a) Dəymiş ziyan sığorta ilə ödənilə bilmədiyi halda Fonda məxsus və ya onun adından idarə olunan nəqliyyat vasitəsinin törətdiyi qəzadan irəli gələn mülki iddia. b) Fondun və ya onun heyət üzvlərinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş ölüm və ya fərdi xəsarətdən irəli gələn mülki iddia.
46. Göründüyü kimi, cavabdehin istinad etdiyi Sazişin 5-ci bəndində Fondun yalnız öz funksiyalarını həyata keçirməsi ilə bağlı məhkəmə icraatından immunitetə malik olması qeyd edilib. Bu isə öz növbəsində işçi ilə işəgötürən kimi Fond arasında qarşılıqlı razılaşmaya əsasən bağlanmış əmək müqaviləsinin şərtlərindən irəli gələn mübahisələrin həllinə Fondun hər hansı immunitetini nəzərdə tutmur.
47. Avropa İnsan Hüquqları Məhkəməsi də “Waite və Kennedi Almaniyaya” və “Beer və Reqan Almaniyaya qarşı” 1999-cu il tarixli qərarlarında, eləcə də sonrakı qərarlarında iştirakçı dövlətlərin üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində öz hüquqi müdafiə ilə bağlı öhdəliklərini təmin etməklə bağlı məhkəmə təcrübəsini inkişaf etdirmişdir. Beynəlxalq təşkilatlara üzvlüklə bağlı müqavilə hüquq münasibətləri zamanı dövlətlərin istifadə etdikləri azadlıq onları həmin orqanların hərəkətlərinə qarşı AİHK-ın 6-cı maddəsinin tələbinə əsasən üzərinə götürdükləri hüquqi müdafiənin qarantiyası ilə bağlı öhdəliklərdən azad etmir.
48. Beləliklə, müəyyən olunur ki, apellyasiya şikayətinin cavabdehin hazırkı əmək mübahisəsi ilə bağlı məhkəmə icraatından immuniteti olması barədə dəlili əsassızdır.
49. Bundan başqa, cavabdeh hazırkı mübahisəyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tətbiq edilməli olmamasını belə əsaslandırır ki, onlar Fondun daxili qaydası olan X2 işçilərlə əmək müqaviləsinə onların ərizəsinə əsasən xitam verərkən onlara bir aylıq əmək haqqı miqdarında işdən ayrılma müavinəti ödəmə, həmçinin uşağı olan kişi əməkdaşlar üçün “atalıq məzuniyyəti” nəzərdə tutublar, lakin Əmək Məcəlləsində belə hallar nəzərdə tutulmayıb. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, şikayətin bu dəlili öz-özlüyündə anlaşılan deyildir.
50. Kollegiya bununla bağlı bildirir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsinə əsasən, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. Başqa sözlə desək, qüvvədə olan əmək qanunvericiliyi işəgötürən tərəfindən işçilər üçün qanunla müəyyən olunmuşlardan daha üstün təminat verilməsini mümkün sayır və onu təşviq edir. Eyni zamanda Əmək Məcəlləsinin 130-cu maddəsinin “b” bəndində arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək xahişi ilə bir iş ilində ödənişsiz məzuniyyət verilməsi də nəzərdə tutulmuşdur.
51. Göründüyü kimi, apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır.
52. Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz (maddə 76.2).
53. X12 vəzifəsi üzrə işin Ləğvi və X13 haqqında 26 dekabr 2023-cü il tarixli əmrindən görünür ki, Aparat Rəhbərinin ərizəsi və “X17 üzrə Qaydalar”a əsasən: a) rəsmi iş saatları zamanı işçinin olmamasını nəzərə alaraq, b) Maliyyə Meneceri xanım Turanə X5 sınaq müddətinin müvffəqiyyətlə bitməməsi, c) əmək müqaviləsi altında öz öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi və ç) X17 üzrə Qaydalarına əsasən düzgün olmayan işə qəbula görə 26 dekabr 2023-cü il tarixində ləğv edilir.
54. Göründüyü kimi, Əmək Məcəlləsinin istinad olunan normasının tələbinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilməsi imperativ olaraq nəzərdə tutulsa da, cavabdeh iddiaçının işdən azad edilməsinə dair əmrində dörd fərqli əsasa istinad etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş, bununla da qanunun imperativ tələblərini pozmuşdur.
55. Həmçinin də müəyyən olunmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində (azərbaycan dili nüsxəsində) sınaq müddəti olmadığı halda, cavabdeh ingilis dilində olan nüsxədə sınaq müddətinin nəzərdə tutulmasına istinad etmiş, əmək müqaviləsinin xitamı əsaslarından biri də sınaq müddətinin müvffəqiyyətlə bitməməsi göstərilmişdir.
56. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı yalnız azərbaycan dilində tərtib olunmuş müqavilənin mövcudluğunu bildirir və ona istinad edir. Həmin müqavilədə isə sınaq müddəti nəzərdə tutulmamışdır. Bununla yanaşı, müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqqaviləsi bağlanarkən onun 3 yaşınadək uşağı olmuşdur. Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanılarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə sınaq müddəti müəyyən edilmir. Belə olan halda, müəyyən edilir ki, iddiaçı ilə bağlanmış müqavilədə sınaq müddəti barədə şərt olmuş olsaydı belə, həmin şərt qanuna zidd olduğundan, ilk başdan etibarsız olacaqdır. Cavabdeh tərəf öz mövqeyini əsaslandırarkən iddiaçı ilə aralarında ingilis dilində tərtib olunmuş müqavilənin surətini rayon məhkəməsinə təqdim etmişdir, lakin yuxarıda qeyd edilənlər nəzərə alınmaqla həmin müqavilənin hazırkı mübahisənin həlli üçün hər hansı əhəmiyyətinin olmadığı nəzərə alınmalıdır.
57. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticə:
58. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
60. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.