Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4267/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 mart 2021-ci il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ailə üzvləri və digər şəxslərlə birlikdə Bakı şəhəri, Nizami Rayonu, Qara Qarayev küçəsi, bina 86-da yerləşən 81 saylı mənzildən çıxarılaraq, mənzilin onun istifadəsinə verilməsi və dövlət rüsumu olaraq ödədiyi 30 manat dövlət rüsumunun, məhkəmədə hüquqi yardım göstərilməsi üçün Vəkil Bürosuna ödədiyi 150 manat pulun, ona vurulmuş maddi-mənəvi zərərə görə 3.000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılan zaman cavabdeh ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehin rəsmi qeydə olduğu ünvan Suraxanı rayonuna aiddir. Ərizəyə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 04.03.2021-ci il tarixli qərardad ilə ərizəni təmin edilməməsini qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və aidiyyəti üzrə baxılması üçün işin Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 18.03.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. MPM-nin 39.1-ci maddəsinin tələbinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddianın məzmunundan görünür ki, iddiaçı, cavabdehin ailə üzvləri ilə birlikdə ona məxsus mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi, tələb, aidiyyət qaydaları baxımından MPM-nin 35.1-ci maddəsinin deyil, MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür. Belə olan halda, prosessual qanun iddianın cavabdehin (cavabdehlərin) yaşayış yeri üzrə verilməsini istisna edir. İşdə olan sənədlərdən görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmaqla Bakı Şəhəri, Nizami rayonun ərazisində yerləşir. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, ərizənin və şikayətin təmin edilməsi üçün əsas yoxdur, Rayon Məhkəməsi ərizələri və şikayəti təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 mart 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4267/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4267/2021
16.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver