Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4268/2023 14.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “borcun silinməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1270/2023 saylı işi üzrə 21 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə (abonent kodu **********00001) əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən hesablanmış 369,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1270/2023 saylı işi üzrə 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə (abonent kodu **********00001) əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən hesablanmış 369,80 manat borcun silinməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli № 80 nömrəli qərarının 3.1; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1; «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının yoxlanılması barədə MSK 29/1710-03128-1 nömrəli Aktından müəyyən olunur ki, dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuş iddiaçıya məxsus sayğacda təbii qazdan istifadəyə görə sərfiyyat həm mexaniki, həm də elektron göstərici əsasında - mexaniki göstərici üzrə 20154 m3, elektron göstərici üzrə 17077 m3 sərfiyyat hesablanmışdır. Göstəricilərin fərqinə görə də iddiaçıya borc hesablanmışdır. Göründüyü kimi, iddiaçıya hesablanmış 369,80 manat borc məhz sayğacda yaranmış problemlə əlaqəli olmuş, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh tərəf özü daşıdığından, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla da qaz sayğacının yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, İddiaçı Cavabdehnə qarşı 369,80 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2020-ci ildə ******* saylı akta əsasən İddiaçı məxsus ünvanda quraşdırılmış İtron tipli G-4 markalı 1402AZ**********99 nömrəli sayğac istismar müddəti bitməsi səbəbindən çıxarılaraq əvəzinə mexaniki tipli G-4 markalı **********9 nömrəli sayğac quraşdırılmışdır; - "Azəriqaz” İstehsalat Birliyi qaz sayğacının yoxlanılması barədə MSK 29/1710-03128-1 nömrəli Akta əsasən İtron tipli G-4 markalı 1402AZ**********99 nömrəli sayğaca baxış keçirilmiş, yoxlama nəticəsində sayğacın klapanının işlək olmaması, gəstəricilər arasında fərqin mövcud olması,qayka plombu üçün nəzərdə tutulmtş qulaqcığin qırıq olduğu müəyyən edilmişdir; - "Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 369,80 manat borc hesablanmışdır (Abonentin saldosu) (səh.8, 9, 13. ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1270/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarına; «Qazdan istifadə Qaydaları»nın 5.2, 5.5-ci bəndlərinə; Mülki Prosessual Məcəllənin 77, 88, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin qismən ləğv edilməsinə əsasdır. Qeyd olunan 369,80 manat məbləğində borc sayğac vasitəsilə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəridir. Belə ki, istehlakçının ünvanında quraşdırılmış elektron (əvvəlcədən ödənişli) qaz sayğacına xx.xx.2020-ci il tarixində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan sayğacda texniki nasazlıq baş vermiş və bunun da nəticəsində sayğacın klapanı bağlanmadığı üçün (sayğac mənfiyə işlədiyi üçün) istehlakçı tərəfindən ödəniş aparılmadan təbii qazdan istifadə olunmuşdur.Bu səbəbdən də həmin tarixdə istehlakçının sayğacı yenisi ilə əvəz edilmiş və bununla bağlı ******* saylı “Qaz sayğacının çıxarılması,quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir(iş materiallarına əlavə edilib). Tərtib edilmiş aktda sayğacın mənfiyə işlədiyi, həmin tarixə elektron göstəricisinin 17077.9 m3, mexaniki göstəricisinin 20154 m3 qaz sərfiyyatı olduğu qeyd olunmuş və aktı istehlakçı İddiaçı özü şəxsən imzalamışdır. Daha sonra aktda qeyd olunan məlumatlarla elektron bazada olan məlumatlar qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, əvəzlənən sayğac üzrə istehlakçı tərəfindən cəmi 17190 m3 qaz sərfiyyatının dəyəri ödənilmişdir. Qeyd olunan göstəricilər arasındakı fərq 2964 m3 (20154-17190=2964) təşkil edir ki, həmin sərfiyyatın da dəyəri istehlakçı tərəfindən ödənilməmişdir. Həmin vaxt qüvvədə olan tariflərə əsasən il ərzində 2200 m3 sərfiyyata qədər təbii qazın 1 m3-nun qiyməti 0,10 qəpik, 2200 m3dan artıq sərfiyyatın dəyəri isə 0,20 qəpik təşkil edirdi. Elektron baza məlumatlarına əsasən istehlakçı tərəfindən 2019-cu il ərzində cəmi 2170 m3 qaz sərfiyyatının dəyəri ödənilmiş və həmin il üzrə müəyyən olunmuş limitin tamamlanmasına 30 m3 (2200-2170=30) qalmışdır. Bu səbəbdən də sayğacın mənfiyə işləməsi nəticəsində istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 2964 m3 sərfiyyatın 2230 m3 (30 m3 2019-cu il üçün, 2200 m3 isə 2020-ci il üçün müəyyən olunmuş limit) hissəsi 0,10 qəpiklə (2230x0,10=223 manat), qalan 734 m3 (2964- 2230=734) hissəsi isə 0,20 qəpiklə (734x0,20=146,80 manat) hesablanmış və cəmi dəyəri ödənilməyən sərfiyyata görə 369,80 manat (223+146,80=369,80) borc hesablanmışdır.Göründüyü kimi qeyd olunan məbləğ iddiaçı tərəfindən dəyəri ödənilmədən sayğac vasitəsilə istifadə edilmiş təbii qazın dəyəridir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. Göstərilən qanunvericilik normalarına və şikayətin 5-ci bəndində qeyd etdiklərinə (işin halları) əsasən qeyd olunan məbləğ istehlakçı tərəfindən ödənilməlidir. İddiaçı Məhkəməyə iddia tələbini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmiş, iddianı sırf şəxsi mülahizələrinə əsasən əsaslandırmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsinin sayğacda nasazlıq olduğunu və vətəndaşın sayğaca hər hansı bir müdaxiləsinin olmadığını bildirdiyini qeyd edərək, sayğac dəyişdirildikdən 1 ay sonra 369 manat borcu olduğu barədə ona qəbz verildiyini bildirmiş, əsassız borcun silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarına; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76, 77, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, cavabdehin apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz.
9. Belə ki, iddiaçının pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, təqdim edilən akta uyğun yaranmış borcla rəsmi tanış edilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə hüquqdan (dispozitiv imkandan və diskression səlahitlərdən) sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında qiymət verilməsi mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. Cavabdehin (vəzifəli şəxslərinin) tərtib etdiyi aktın nəticəsiz qalması onların şübhələrdən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, təqdim edilmiş akt üzrə peşəkar struktur təsisata malik olan cavabdeh (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən sübutetmə vəzifələrinə formal yanaşılmışdır. İddiaçının mülki hüquq pozuntusunun mövcudluğu məhz onun və ya digər şəxslərin hüquqa zidd hərəkətlərindən (hərəkətsizliyindən) irəli gəlməsi üçün təqsirsizlik prezumpsiyasının mahiyyəti və cavabdehin iddia etdiyi pozuntuya susması aspektindən anlaşılan deyil. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları müəyyən edilmir.
10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə əsasən: 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
11. Qanununun 6-4-cü maddəsinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.
12. Qanunun 13-cü maddəsinə əsasən: 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 10. Müvafiq icra hakimiyyəti orqanının və qaz paylayıcısının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
13. Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Mülki Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
15. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: İ.Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
16. Təfsir edilən hallar üzrə hüquqi istinadlara əsasən kollegiya diqqətə çatdırır ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməli və izah edilməlidir ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
17. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1270/2023 saylı işi üzrə 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.