Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4269/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın və ya onun dəyərinin verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və cavabdehin MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, imei kodu **********08697 olan "xxxx" 3/64gb markalı mobil telefonun əvəzinə MMC tərəfindən ona verilmiş "xxxx" şərtlərinə əsasən yeni eyni markalı və eyni texniki göstəricisi olan mobil telefonun, bu mümkün olmadıqda isə həmin telefonun dəyəri olan 480 manat pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, yuxarıda qeyd edilən mobil telefon almışdır. Qısa müddət telefonu istifadə etdikdən sonra telefonda nasazlıq yaranmışdır. Bundan sonra, yəni xx.xx.2020-ci il tarixdə iddiaçı mobil telefonu "xxxx" şərtlərinə əsasən cavabdeh MMC-yə aid "xxxx"-in Neftçilər filialına təmir üçün vermişdir. 15 gün sonra filiala yaxınlaşmış və mobil telefonun təmiri bitmədiyi üçün təhvil vermədiklərini bildirmişlər. Həmin gün telefonu təmirə verdiyi gündən 14 gün keçdiyi üçün "xxxx" şərtlərinə görə onu yeni eyni markalı telefonla təmin etməli idilər. Mobil telefonu alarkən cavabdeh MMC ilə aralarında bağlanmış müqavilənin və müqavilənin ayrılmaz hissəsi olan "xxxx" şərtlərinə görə MMC-nin öhdəlikləri yaranmışdır. 20-25 gün sonra "xxxx" tərəfindən iddiaçıya SMS gəlmiş, onun mobil telefonunun təmir olunduğu, yaxınlaşıb götürə biləcəyi bildirilmişdir. MMC üzərinə düşən öhdəlikdən boyun qaçıraraq ona yeni telefon verməkdən boyun qaçırmışdır. "xxxx"-in təqdim etdiyi 101770 saylı talondan görünür ki, sözügedən mobil telefon servis tərəfindən təhvil alınmışdır. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən aldığı mobil telefona görə cavabdehlə aralarında 480 manat pul borcu yaranmışdır. Həmin borca görə cavabdeh MMC Göyçay Rayon Məhkəməsinə borcun ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, 484 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin ondan alınaraq MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia təmin olunmuş və iddianın təmin olunması barədə xx.xx.2023-cü il tarixli qətnamə qanuni qüvvəyə minmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC, onunla iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Nisyə alğı-satqı müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, həmin müqavilənin tərkib hissəsi olan "xxxx" 1-ci bəndinə əsasən, bu zəmanət çərçivəsində yaranma səbəbindən asılı olmayaraq, ekranın sınması, ana plata, səs dinamikləri, USB konnektorda yaranmış korlanmalar, mexaniki zədələrdən, maye keçməsindən yaranmış nasazlıqlar pulsuz aradan qaldırılır, habelə oğurluq hallarında məbləğ kompensasiya edilir. "xxxx" 2-ci bəndinə əsasən, məhsulun təmiri 14 gün ərzində həyata keçirilir. Məhsulun 14 gün ərzində təmiri yekunlaşmadığı halda yenisi ilə əvəz olunur və ya müştəriyə Şirkətin mağazalarında istifadə etməsi üçün telefona ödənilən məbləğin 100 %-i həddində güzəşt imkanı təqdim edilir. İddiaçı aldığı mobil telefonu zəmanət müddəti ərzində təmir olunması üçün servisə təhvil verdiyini sübut edir. Buna görə, cavabdeh MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Cavabdeh MMC-nin "xxxx" ərizəsinə münasibətdə isə Rayon Məhkəməsi qeyd etmişdir ki, Göyçay Rayon Məhkəməsində iddiaçı (hazırki iş üzrə cavabdeh) "xxxx" MMCnin cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə baxılan zaman İddiaçı məhkəmə iclasında iştirak etməmiş və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, qəbul edilməlidir ki, İddiaçı xx.xx.2020-ci il tarixli "xxxx" irəli gələn tələb üzrə iddia müddəti ötürməmişdir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hüququnun pozulduğunu 2020-ci ilin avqust ayında bilmiş, lakin 2024-cü ilin mart ayında iddia ərizəsini vermişdir. Bununla da iddia müddətini ötürmüşdür. Bu vaxta qədər isə cavabdeh MMC özü iddiaçıya qarşı “pul tələbi” barədə iddia ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-894/2023 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin hazırki işə baxmış Rayon Məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq sübuta yetməyən iddianın təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, alıcı olan İddiaçı ilə satıcı olan cavabdeh MMC arasında 5 il müddətinə bağlanmış xx.xx.2020-ci il tarixli, 20340842 saylı "xxxx" görünür ki, iddiaçı cavabdeh MMC-dən iddia ərizəsində qeyd edilən mobil telefonu almışdır. Müqavilənin şərtinə görə, iddiaçı ilkin ödənişsiz, 480 manat məbləğində pulu xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 40 manat olmaqla 12 ay ərzində MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
11. Qeyd edilən müqavilənin ayrılmaz olan xx.xx.2020-ci il tarixli "xxxx" görünür ki, alınmış telefona görə MMC tərəfindən iddiaçıya 2 il zəmanət müddəti müəyyən edilmişdir. Bu talona görə iddiaçı tərəfindən cavabdeh MMC-yə 60 manat ödəniş olunmuşdur.
"xxxx" şərtlərinə görə, bu zəmanət çərçivəsində yaranma səbəbindən asılı olmayaraq, ekranın sınması, ana plata, səs dinamikləri, USB konnektorda yaranmış korlanmalar, mexaniki zədələrdən, maye keçməsindən yaranmış nasazlıqlar pulsuz aradan qaldırılır, habelə oğurluq hallarında məbləğ kompensasiya edilir (bəndə 1. ). Məhsulun təmiri 14 gün ərzində həyata keçirilir. Məhsulun 14 gün ərzində təmiri yekunlaşmadığı halda yenisi ilə əvəz olunur və ya müştəriyə Şirkətin mağazalarında istifadə etməsi üçün telefona ödənilən məbləğin 100 %-i həddində güzəşt imkanı təqdim edilir (bənd 2.).
12. İşdə olan xx.xx.2020-ci il tarixli "xxxx" görünür ki, həmin telefon MMC tərəfindən iddiaçıya təhvil verilmişdir.
13. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-894/2023 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə cavabdeh) MMC-nin cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı “pul tələbi barədə” iddiasının təmin edilməsi, xx.xx.2020-ci il tarixli “Nisyə alğı-satqı müqaviləsi” əsasında yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 440 manat, borcun ödənilməsi öhdəliyin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 44 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun İddiaçı tutularaq MMC-yə ödənilməsi qət edilmişdir.
14. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(007)-1374/2023 nömrəli qətnamədən görünür ki, həmin qətnamə ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. "xxxx" tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı, cavabdeh MMC-dən aldığı mobil telefonu servis mərkəzinin operatoru Validə Şahverdiyevaya təhvil vermişdir.
16. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli "xxxx" əsasən MMC-dən nisyə aldığı mobil telefonu, telefonda yaranmış nasazlığa görə xx.xx.2020-ci il tarixdə "xxxx"-ə təhvil vermişdir. Lakin "xxxx" cavabdeh MMC tərəfindən iddiaçıya verilmiş “Qızıl zəmanət talonu” əsasında telefonu ödənişsiz və 14 gün müddətində təmir etmək məqsədi ilə telefonu iddiaçıdan qəbul etmiş, lakin telefon həmin müddət ərzində təmir olunmamışdır. Telefon hazırda da, MMC-dədir.
17. Hazırda iddiaçı telefonun əvəzinə "xxxx" şərtlərinə əsasən yeni eyni markalı və eyni texniki göstəricisi olan mobil telefonu, bu mümkün olmadıqda isə həmin telefonun dəyəri olan 480 manat pul vəsaitinin MMC-dən tutularaq ona ödənilməsi tələb edir.
18. Cavabdeh MMC iddiaya etirazını və qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırır ki, MMC-nin iddiaçıya qarşı “pul tələbi barədə” iddiası təmin edilmiş, hətta, sonradan apellyasiya şikayəti də verilmiş, lakin, hazırki iddiaçının şikayəti əsassız olduğundan təmin edilməmişdir. İddiaçının hazırkı iddiasında qeyd etdiyi dəlillər apellyasiya şikayətində də eynilə göstərilmiş və həmin hissəyə qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən, iddiaçının hazırki tələbi müqavilədən irəli gələn (qızıl zəmanətdə göstərilən bəndə istinad olunan), daşınar əşya ilə bağlı tələbdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Hazırki tələb üzrə 3 illik iddia müddəti də (2020-ci ilin iyul ayından vaxt hesablanır) ötürülmüşdür. Odur ki, yuxarıda qeyd edilənlərə, yəni iddia müddətinin ötürülməsini, həmçinin, daha öncə başqa məhkəmə mübahisəsi zamanı iddiaçının iddialarına qiymət verildiyini nəzərə alaraq, müddətin tətbiqi ilə iddia rədd edilməlidir.
19. Göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442.). öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər (maddə 589.3.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2.).
20. Qeyd edilənlərə əsasən Məhkəmə bildirir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə qızıl zəmanət talonunun 1-ci bəndinə əsasən, bu zəmanət çərçivəsində yaranma səbəbindən asılı olmayaraq, ekranın sınması, ana plata, səs dinamikləri, USB konnektorda yaranmış korlanmalar, mexaniki zədələrdən, maye keçməsindən yaranmış nasazlıqlar pulsuz aradan qaldırılır, habelə oğurluq hallarında məbləğ kompensasiya edilir.
21. Qızıl zəmanət talonunun 2-ci bəndinə əsasən, məhsulun təmiri 14 gün ərzində həyata keçirilir. Məhsulun 14 gün ərzində təmiri yekunlaşmadığı halda yenisi ilə əvəz olunur və ya müştəriyə Kontakt Home mağazalarında istifadə etməsi üçün telefona ödənilən məbləğin 100 %-i həddində güzəşt imkanı təqdim edilir.
22. İddiaçının aldığı mobil telefonu zəmanət müddəti ərzində təmir olunması üçün servisə təhvil verdiyi iş materialları ilə öz təsdiqini tapır. Buna görə, cavabdeh MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır.
23. Məhkəmə hesab edir ki, cavabdeh MMC nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddia tələbi əsaslıdır və təmin edilməlidir.
24. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" cavabdeh MMC-nin ərizəsi əsassızdır. Belə ki, Göyçay Rayon Məhkəməsində iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxılan zaman hazırki iş üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iştirak etməmiş və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmin iş üzrə MMC-nin pul tələbi üzrə qətnamənin qəbul edilməsi, hazırki iş üzrə təqdim edilmiş əlavə sübutlar əsasında İddiaçı əmlak tələbi üzrə hərtərəfli və tam araşdırma aparılmasını istisna etmir.
25. Bundan əlavə tərəflər arasında müqavilə 5 il müddətinə bağlanmışdır. Müqavilənin bağlanma müddəti hələ bitməmişdir. Tələb müqavilə şərtlərinin icrası ilə bağlıdır. Mülki Məcəlləyə əsasən, daşınar əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir (maddə 373.2.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2.).
26. Müqavilədə məhsulun 14 gün ərzində təmiri yekunlaşmadığı halda yenisi ilə əvəz olunması üçün və ya müştərinin bu tələbi irəli sürməsi üçün müddət müəyyən edilməmişdir. Belə olan halda, müəyyən edilir ki, müqavilə üzrə öhdəliyin icra müddəti bitmədiyindən iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsindən irəli gələn tələb üzrə iddia müddəti ötürülməmişdir.
27. Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. f) apellyasiya baxışının nəticəsi
28. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
32. Məhkəmə həmçinin bildirir ki, hazırki mülki işin icraatının başlanmasına əsas olmuş iddianın qiyməti beş min manatdan az olduğu üçün hazırkı qətnamədən MPM-in 402.1-ci maddəsinin tələbinə əsasən kassasiya şikayəti verilə bilməz.
33. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.