Məhkəmə qərarları › İş №2(103)-4272/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4272/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4272/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.04.2022-ci il tarixli, 2(004)-2682/2022 saylı qərardadından iddiaçının vəkili X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh QSC BOKT-a qarşı “evin ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(004)- 2682/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının vəkili məhkəməyə şikayət ünvanlayaraq qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh-Cavabdeh QSC BOKT-un Salyan filialı ilə onun həyat yoldaşı X3 arasında 03.06.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı üzüm bağının salınması məqsədilə 60 ay müddətinə illik 7 faiz ödəmək şərtilə 55000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh QSC BOKT-la onun arasında bağlanılmış 03.06.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ona məxsus ünvan 1 ünvanında istifadədə olan 0,01087 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh QSC BOKT-la aralarında tərtib olunmuş 24 aprel 2014-cü il tarixli qiymətləndirmə aktına əsasən ipoteka əmlakının razılaşdırılmış dəyəri 150000 manat müəyyən edilmişdir. Həyat yoldaşı R.Rəhimov kredit müqaviləsi üzrə olan borcunu tərtib edilmiş qrafik üzrə vaxtı-vaxtında ödəməyə başlamışdır. 2019-cu ilin əvvəllərində kreditin təyinatı üzrə görülən işlərdə ləngimələr əmələ gəldiyindən kredit borcunun ödənilməsində gecikmələr baş vermişdir. Bu səbəbdən də Cavabdeh QSC BOKT həyat yoldaşı İddiaçı və ona qarşı 03.06.2014-cü il tarixli, KT-01-2014 nömrəli kredit nüqaviləsi üzrə yaranmış 36355,88 manat əsas, 2521,34 manat faiz borcu olmaqla, cəmi 38857,22 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh QSC BOKT-un hesabına köçürülməsi, ödəmənin Cavabdeh QSC BOKT ilə ərizəçi arasında bağlanmış 03.06.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ona məxsus ünvan 1 ünvanında istifadədə olan 0,01087 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin qeyd edilən pul tələblərinin təmin edilməsi məbləğində Cavabdeh QSC BOKT-a ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdehə verilməsi barədə Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(009)- 3119/2019 saylı qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. Həmin qətnamədən həyat yoldaşı R.Rəhimov tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(103)-281/2021 saylı qətnaməsi ilə qismən təmin edilərək, Səbail Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(009)-3119/ 2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə çıxarılmış yeni qətnamədə qeyd edilmişdir ki, R.Rəhimovla iddiaçı Cavabdeh QSC BOKT arasında bağlanmış 03.06.2014-cü il tarixli, KT-01-2014 nömrəli kredit müqaviləsi üzrə yaranmış 34871,02 manat əsas, 556 manat faiz borcu olmaqla, cəmi 35427,02 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh QSC BOKT-un hesabına köçürülsün. Həmin qətnamədə daha sonra qeyd edilmişdir ki, ödəmə Cavabdeh QSC BOKT ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanmış 03.06.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 1 ünvanında istifadədə olan 0,01087 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin evin ilkin satış qiyməti 117000 manat müəyyən edilsin, həmin fərdi yaşayış evi satılması üçün açıq hərraca çıxarılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində Cavabdeh QSC BOKT-a ödənilsin, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdehə verilsin. Bakı Apellyasiya Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(103)-281/2021 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.01.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra onunla Cavabdeh QSC BOKT arasında bağlanılmış 03 iyun 2014-cü il tarixli, KT-01- 2014 saylı ipoteka müqaviləsinin ləğv edilməklə mülkiyyətində olan ünvan 1 ünvanında istifadədə olan 0,01087 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin girovluqdan azad edilməsi barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Lakin, Səbail Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(009)- 1015/2022 saylı qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsində baxılmalı olmaması əsası ilə geri qaytarılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əsasını mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması təşkil etdiyindən və iş üzrə mübahisə predmeti olan daşınmaz əmlak Səbail rayonu ərazisində olduğundan Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırkı iddia tələbi ilə bağlı ərazi üzrə Səbail Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı iddia üzrə müstəsna aidiyyətlə bağlı prosessual qaydalar tətbiq edilməməlidir, çünki mübahisənin mahiyyəti əmlakın ipoteka müqaviləsi üzrə ipoteka yüklülüyündən azad edilməsindən ibarətdir. Mülki mübahisəyə cavabdehin ünvanının olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.06.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(004)- 2682/2022 nömrəli qərardadı ləğv edilsin və mülki iş baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar