Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4276/2025 26.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə, habelə 04 aprel 2025-ci il tarixli qətnamədən və 25 aprel 2025-ci il tarixli əlavə qətnamədən Cavabdeh Mənzil Tikinti Kooperativinin verdiyi apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı və Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə Akif oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. Cavabdeh MTK-nın direktoru X1 qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqaviləyə əsasən onda 8,8 kv.m artıq sahəyə görə alınmış 8.360 manat əsas borcun və illik 12 faiz bank faizi ilə 9 il 6 ay müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 9.628 manat faiz borcunun və 1.137 manat pul məbləğində artıq ödənişin olduğu pulun, ümumilikdə 19.125,8 manat əsas borc və 148 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsi əsasında əsl olmayan cavabdeh X2 Rayon Məhkəməsi tərəfindən əsl cavabdeh "xxxx" MTK ilə əvəz olunmuşdur.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh MTK ilə bağladığı xx.xx.2014-ci il tarixli, 09 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən 40 saylı mənzili alıb. 3 otaqdan ibarət mənzilin ümumi sahəsi müqavilədə 163,6 kv.m göstərilib. Müqavilənin 1.2-ci bəndində qeyd edilib ki, mənzil iddiaçıya təhvil verilən zaman bir daha dəqiqləşdiriləcəkdir. Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri sahəsinin hər kv.m-nə görə 950 manat olmaqla, ümumilikdə 155.420 manat razılaşdırılıb. İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilib. Ötən müddət ərzində bina istismara qəbul edilib və istifadəyə verilib. Mənzil iddiaçıya təhvil verilib. Lakin müqavilənin 1.2-ci bəndində mənzilin iddiaçıya təhvil verilən zaman bir daha dəqiqləşdiriləcəyi göstərilsə də, mənzil iddiaçıya təhvil verilən zaman dəqiqləşdirilməyib. İddiaçı, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2023-cü il tarixdə “Çıxarış” alarkən ona məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 154,8 kv.m-dir. Mənzilin çıxarışda göstərilən sahəsi müqavilədə göstəriləndən sahəsindən 8,8 kv.m azdır. Bu səbəbdən 8,8 kv.m sahənin dəyəri kimi cavabdehə ödənilmiş 8.360 manat pul iddiaçıya qaytarılmalıdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, pulun qaytarılmasından imtina edilib. Bundan başqa, cavabdeh MTK 8.360 manatın qaytarılmasını gecikdirdiyinə və həmin vəsaitdən öz xeyrinə istifadə etdiyinə görə, pulu faizi ilə birlikdə qaytarmalıdır. Mənzil sahəsinin tam ödənişi xx.xx.2014-cü il tarixdə başa çatdırılmışdır. Qanunvericiliyə uyğun olaraq bank faizi illik 12 faiz təşkil edir. Hər gecikdirilən il üçün faiz məbləği 1.003 manat, 9 il 6 ay gecikməyə görə faiz məbləği 9.628 manat təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı iş üzrə tərəflər arasında olmuş mübahisəyə dair mülki iş üzrə verdiyi xx.xx.2022-ci il tarixli, 9/6508 nömrəli rəydə göstərmişdir ki, müqavilə üzrə 1.137 manat məbləğində artıq ödəniş edilmişdir. Artıq ödənilmiş həmin vəsait də cavabdeh MTK-dan tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, cavabdeh MTK tərəfindən iddiaçıya ümumilikdə 19.125,8 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 148 manat məbləğində pul qaytarılmalıdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat
4. Cavabdeh MTK-nın iddiaya etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (hazırda təşkilati forması MTK) Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 336 saylı sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev və S.Vəzirov küçələrinin kəsişməsində yerləşən 1171-ci məhəllədə çoxmərtəbəli yaşayış binasını inşa edərək 2019-cu ilin 3-cü rübündə sakinlərin istifadəsinə vermişdir. Binanın tam təhvil verilməsi 2016-cı ilin 4-cü rübünədək nəzərdə tutulmuşdur. Gecikməyə səbəb Respublika ərazisində keçirilən bir sıra dövlət tədbirləri (Avropa oyunları, İslam oyunları və s.), habelə devolvasiyalar və ən əsası da bir çox investorların (mənzil sahiblərinin), o cümlədən iddiaçının ödənişləri müqavilədə razılaşdırılmış müddətdə həyata keçirməmələri olmuşdur. İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 09 saylı müqaviləyə əsasən ödənişləri hər ay 19.236,66 manat olmaqla 6 ay müddətinə, yəni xx.xx.2014-cü il tarixinədək ödəməli idi. Lakin iddiaçı müqavilənin şərtlərini mütəmadi olaraq pozmuş, ödənişləri müqavilə şərtlərinə uyğun həyata keçirməmiş, sonuncu ödənişi xx.xx.2015-ci il tarixdə həyata keçirmiş, bugünədək qalıq borcu olan 8.843 manatı ödəməkdən müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Ödənişləri gecikdirdiyi üçün ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilərək müqavilənin 3.6-cı bəndi (müqavilənin şərtləri “Alıcı” tərəfindən mütəmadi pozulduğu halda, ödənişlər 3 aydan artıq gecikdirilərsə İcraçı tərəfindən müqavilə qeyri-şərtsiz ləğv edilir, ödənilmiş məbləğ “Alıcıya” yalnız mənzil sahəsi başqa bir şəxsə satıldıqdan sonra qaytarılır) diqqətinə çatdırılmışdır. Bütün mənzillər və mənzillərin açarları “İnvestorlara” təhvil verilmişdir, mübahisəli məsələlər hər iki tərəfin iştirakı ilə araşdırılaraq həll edilmişdir. Cavabdeh MMC (indiki MTK) tərəfindən Dövlət Vergi Xidmətinə 3-cü zona əmsalı (45 manat x 2,2) nəzərə alınmaqla binanın xarici divarları, balkonlar daxil olmaqla ümumi sahəsinə ƏDV ödənilmişdir. Mənzillərin sahələri “İnvestorlara”, o cümlədən iddiaçıya divarların və arakəsmələrin sahələri çıxılaraq, balkonlar daxil olmaqla müqavilədə razılaşdırılmış qiymətə ümumi məbləğ 165.420 manat olmaqla, hər kv.m-nin dəyəri ƏDV ilə birlikdə 1.011,12 manata satılmışdır. 2014-cü ildə Cavabdeh MMC (indiki MTK) mənzilləri 1.250 manat satdığı bir dövrdə iddiaçıya 1.011,12 manata satılması zamanı o, müqavilə imzalanarkən müqavilədə göstərilən bütün şərtlərlə razılaşmış, təmirə başlamaq istədiyi müraciətlərə cavab olaraq ona yalnız borcların ödənilməsi təqdirdə icazə veriləcəyi bildirilmişdir. Mənzillərə çıxarış verilərkən balkonların sahəsinin 30%-i əsas sahəyə daxil edilir. İddiaçıya mənzil çıxarışdakı sahəyə deyil, müqavilədəki sahəyə uyğun satılmışdır.
5. Cavabdeh MTK həmçinin “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə verərək, icranın qüsuru barədə tələb işin qəbul edildiyi gündən 5 il sonra irəli sürüldüyü üçün iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 475 manat məbləğində dəymiş ziyanın əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsini, ekspertiza tədqiqatının dəyəri olan 327 manatın MTK-dan alınaraq dövlət büdcəsinə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli əlavə qətnamə ilə cavabdeh MTK-dan 1.137 manat məbləğində pul vəsaiti və 31,37 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mənzili müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Mənzilin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərər ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Hazırkı iş üzrə təyin edilmiş məhkəmə ekspertizası ilə müəyyən edilir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində inşa edilmiş 41, 43 saylı evin, 40 saylı (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 41, M10, m5) mənzilin ümumi sahəsinin 154,7 kv.m, həmin mənzilin faktiki (naturada) ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 163,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya müqavilədə razılaşdırılmış sahədən (163,6-163,1=) 0,5 kv.m az mənzil verilmişdir. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi müqavilə etibarlı hesab edildiyindən mənzilin 1 kvadratmetrinin 950 manat hesab edilməklə, iddiaçıya əksik verilmiş sahənin qiyməti (0,5 x 950=) 475 manat müəyyən edilməlidir. Rayon Məhkəməsi iddianın “iddiaçıdan alınmış 8,8 kv.m artıq sahəyə görə 8.360 manat əsas borcun və illik 12 faiz bank faizi ilə 9 il 6 ay müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 9.628 manat faiz borcunun cavabdehdən tutulması” hissəsində hesab etmişdir ki, iddia əsassızdır. Belə ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlir, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilməmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı müqavilə üzrə borcu tam ödəmiş və 1.137 manat məbləğində artıq ödəniş etmişdir. Artıq ödənilmiş məbləğ iddiaçıya geri qaytarılmalıdır. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, hazırkı tələbə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, iddiaçı mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair çıxarış aldıqdan sonra xəbərdar olmuşdur. İddiaçının mənzil üzərində hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Odur ki, iddiaçı hazırkı iddianın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 5 illik iddia müddətini ötürməmişdir. d) apellyasiya şikayətləri barədə məlumat
9. İddiaçı Rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
10. İddiaçının iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi mübahisəli mənzilin sahəsini azaltma əmsalları tətbiq etmədən hesablamaqla səhvə yol vermişdir. Mənzilin sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa uyğun müəyyən edilməlidir. Belə hesablama aparılacağı təqdirdə iddiaçıya 0,5 kv.m deyil, 8,8 kv.m daha az mənzil sahəsinin verildiyi müəyyən edilmiş olar. Bundan əlavə Rayon Məhkəməsi qətnamədə iddiaçının mülkiyyət hüququnun pozulmasına qiymət verilməmişdir.
11. Cavabdeh MTK da öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən və əlavə qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin və əlavə qətnamənin ləğv edilməsini, iddianın tam rədd edilməsini, ekspert rəyinə əsasən 1.581 manatın iddiaçıdan tutularaq cavabdeh MTK-nın hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən cavabdeh MTK-nın apellyasiya şikayətlərində əlavə olaraq göstərilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətçi olmasına dair məhkəməyə təqdim etdiyi 09 saylı, xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi cavabdeh tərəfindən şübhə altına alınmış və alğı-satqı müqaviləsinin saxtalaşdırılmasını sübut etmək məqsədi ilə cavabdehin və iddiaçının təqdim etdiyi fərqli alğı-satqı müqavilələri üzrə xəttşünaslıq ekspertizası keçirilmişdir. Ekspertin verdiyi ikinci rəy birtərəfli olduğundan əlavə ekspertiza keçirilməsinə dair cavabdehin vəsatəti əsassız olaraq təmin edilməmişdir. İddiaçının istifadəsində olan mübahisəli mənzilin sahəsini müəyyən edən ekspert öz rəyində mənzilin sahəsinin 163,1 kv.m olduğunu vurğulamışdır. Bununla da iddiaçının istinad etdiyi 154,8 kv.m yalnız çıxarış üzərində, azaltma əmsalları nəzərə alınmaqla göstərilən rəqəmdir. İddiaçıya onun iştirakı ilə mənzil ölçülərək təhvil verilmiş və bununla bağlı onun heç bir etirazı olmamışdır. İddiaçı ödənişləri müqavilə şərtlərinə uyğun həyata keçirməmiş, sonuncu ödənişi xx.xx.2015-ci il tarixdə həyata keçirmiş və bugünədək onun MTK-ya qalıq borcu olan 8.843 AZN-i ödəməkdən müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Bundan başqa, Rayon Məhkəməsi işə əlavə edilən xx.xx.2022-ci il tarixli, 9/6508 nömrəli rəyin nəticə hissəsini nəzərə alaraq iddiaçının müqavilədə göstərilən ödəmə cədvəli üzrə gecikmələrə görə 1.581 AZN cəriməni MTK-ya ödəməli olduğunu nəzərdən qaçıraraq səhv nəticəyə gəlmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
13. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı özünün apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin, habelə özünün apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
14. Cavabdeh MTK-nın nümayəndəsi apellyasiya baxışında iştirak edərək, iddiaçının apellyasiya şikayətinə etiraz etdi, MTK-nın apellyasiya şikayətlərini müdafiə edərək, bu şikayətlərinin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş, onunla cavabdeh MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilənin 1.1-ci maddəsindən görünür ki, yuxarıda qeyd edilən ünvanında MTK tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış binasının “İ” blokunda, “X” mərtəbədə 40 saylı mənzili müqavilənin şərtlərinə və inşaat norma və qaydalarına uyğun olaraq MTK tərəfindən iddiaçıya təqdim edilir. Həmin müqavilənin 1.2-ci maddəsində qeyd edilmişdir, mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 163.6 kv.m-dir. Mənzil iddiaçıya təhvil verilən zaman mənzilin ölçüsü bir daha dəqiqləşdiriləcəkdir. Müqavilənin 3.2-ci maddəsində qeyd olunub ki, mənzilin hər 1 kv.m-nin qiyməti (ƏDV ilə birlikdə) 950 manat, mənzilin ümumi qiyməti 155.420 manat təşkil edir.
16. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı, yuxarıda qeyd edilən və ümumi sahəsi 163,6 kv.m olan mənzilin dəyərini MTK-ya tam ödəmişdir, borcu yoxdur.
17. Cavabdeh MTK tərəfindən təqdim edilmiş, MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilənin 1.1-ci maddəsindən görünür ki, MTK, yuxarıda qeyd edilən binada yerləşən 40 saylı mənzili müqavilənin şərtlərinə, inşaat norma və qaydalarına uyğun olaraq iddiaçıya təqdim edir. Müqavilənin 1.2-ci maddəsində qeyd edilmişdir ki, mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 163,6 kv.m-dir. Mənzil iddiaçıya təhvil verilən zaman mənzilin ölçüsü bir daha dəqiqləşdiriləcəkdir. Müqavilənin 3.2-ci maddəsində qeyd edilib ki, mənzilin hər 1kv.m-nin qiyməti (ƏDV ilə birlikdə) 1.011,12 manat, mənzilin ümumi qiyməti 165.420 manat təşkil edir.
18. İş üzrə tərəflərin təqdim etdikləri eyni tarixli müqavilələrin nüsxələrində qiymətlə bağlı şərtlərin müxtəlif mətndə olmasını nəzərə almış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-xətşünaşlıq və sənədlərin texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəylərini almışdır.
19. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/537-5-545 nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilənin reproqrafik surətinin (iş v. 56-58-ci və 3.4 bəndində “qalan məbləğ 105420” rəqəmləri ilə göstərilmiş) 3-cü vərəqin ön və arxa hissələrində olan ştamp əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdurlar. İddiaçının təqdim etdiyi həmin müqavilənin reproqrafik surətinin 3-cü vərəqindəki “direktor” qrafasında imza əvvəl icra edilmiş, sonra isə ştamp əksi vurulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş həmin müqavilənin reproqrafik surətinin 3-cü vərəqindəki “Cədvəl 1 Ödənilmişdi” bəndində olan ştamp əksləri ilə imzaların kəsişdiyi hissələrdə rəngləyici maddələrin intensivliyi “RGB” intervalında eyni olduğu üçün onların kəsişmə ardıcılılığını müəyyən etmək mümkün olmadı. İddiaçı tərəfindən təqdim edilmiş həmin müqavilə reproqrafik surət olduğu üçün çap mətni həmin müqavilənin 3-cü vərəqindəki “direktor” qrafasında, “Cədvəl 1 Ödənilmişdi” bəndində olan imzalarla, əl yazılarla və ştamp əksləri ilə icra ardıcıllığı (kəsişmə) üzrə tədqiqat aparılması mümkün olmadı. İddiaçı tərəfindən təqdim edilmiş həmin müqavilənin reproqrafik surətinin 3-cü vərəqindəki “Cədvəl 1 Ödənilmişdi” bəndində olan ştamp əkslərinə aid xüsusi və ümumi əlamətləri müəyyən etmək mümkün olmadığından həmin ştamp əksləri üzrə müqayisəli tədqiqat aparılmadı. İş materiallarında (iş v. 43-45) olan xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilənin çap mətni, üzərində olan imzalar, əl yazıları, 3-cü vərəqin ön və arxa hissələrindəki ştamp əksləri şırnaqlı printerdə çap edilmişdirlər. Təqdim edilmiş həmin müqavilə printer vasitəsi ilə çap edildiyi üçün həmin sənədin üzərində olan ştamp əklərinin öz aralarında və iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin üzərindəki ştamp əksləri ilə eynilik təşkil edib-etməmələri, həmin müqavilədəki imzaların, çap mətnin, əl yazıların, ştamp əklərinin icra ardıcıllıqlarının müəyyən edilməsi üzrə tədqiqatlar aparılmadı. Rəyin tədqiqi hissəsinin (8-ci bəndində) göstərilən səbəblərə göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş sənədlərdə olan möhürlərin və imzaların icra olunmasının müddətini müəyyən etmək mümkün olmadı.
20. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/687 nömrəli rəydə qeyd edilmişdir ki, ekspertizaya cavabdeh MTK tərəfindən təqdim edilmiş, MTK ilə iddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilədə "xxxx" qrafasındakı imza, iddiaçı tərəfindən təqdim edilmiş eyni tarixli və nömrəli müqavilədə "xxxx" qrafasındakı imza (MTK-nın direktoru) X2 tərəfindən icra edilmişdir. Cavabdeh MTK tərəfindən təqdim edilmiş həmin müqavilədə “İnvestor” qrafasındakı imzanın iddiaçı və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.
21. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2702/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
22. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2025-ci il tarixli, 10/8314 nömrəli rəydə qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına” mübahisəli 40 saylı mənzilin ümumi sahəsinin 154,7 kv.metr, həmin mənzilin faktiki (naturada) ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 163,1 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
23. İşdə olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 149 manat məbləğində dövlət rüsumunu ödənilmişdir.
24. “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş “Çıxarışdan” görünür ki, yuxarıda qeyd edilən mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi reyestrdə iddiaçının adına qeydiyyata alınmışdır və mənzilin ümumi sahəsi 154,80 kv.metrdir.
25. Mənzilin planından görünür ki, dəhlizin sahəsi 33,7 kv.m, yaşayış otağının sahəsi 36,8 kv.m, mətbəxin sahəsi 24,8 kv.m, yaşayış otağının sahəsi 24,7 kv.m, sanitar qovşağın sahəsi 4,5 kv.m, sanitar qovşağın sahəsi 4,1 kv.m, yaşayış otağının sahəsi 22,6 kv.m, balkonun sahəsi isə (12,0 x 0,3 =) 3,6 kv.m olmaqla mənzilin ümumi sahəsi 154,8 kv.m-dir.
26. İşdə olan məhkəmə aktlarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və Cavabdeh MMC-yə qarşı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və onun MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın ona verilməsi barədə iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(011)-212/2022 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3446/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 212/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1537/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6508 №-li rəyində digər məsələlər ilə yanaşı qeyd edilmişdir ki, iddiaçı tərəfindən 1.137 manat artıq ödəniş olmuşdur.
27. Göstərilənləri nəzərə alan Məhkəmə ilkin olaraq həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim edilmiş bir birindən fərqli olan xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilələrə münasibət bildirməyi lazım bilir. Hər iki müqavilənin şərtlərinə diqqət yetirildikdə aydın olur ki, iddiaçı və cavabdeh tərəfindən təqdm edilmiş müqavilələr 3-cü maddə, yəni müqavilənin məbləği və ödəniş şərtlərinə görə bir-birindən fərqlənir.
28. İddiaçı tərəfindən təqdim edilmiş və mülki işin 56-58-ci səhifələrinə tikilmiş xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilənin 3.2-ci maddəsindən görünür ki, mənzilin hər kv.m-nin dəyəri (ƏDV ilə birlikdə) 950 manat, ümumi məbləğ 155.420 manat təşkil edir. Həmin müqavilənin 3.3-cü maddəsindən görünür ki, ilk ödəniş 50.000 manat olmaqla, iddiaçı tərəfindən müqavilə imzalandığı anda həyata keçirilir. Müqavilənin 3.4-cü maddəsindən görünür ki, mənzil sahəsinin qalan məbləği 105.420 manat təşkil edir. Bu məbləğ xx.xx.2014-cü il tarixədək 6 ay müddətinə hər ay 17.570 manat olmaqla 1 saylı cədvəl üzrə ödənilir.
29. Cavabdeh MTK tərəfindən təqdim edilmiş və mülki işin 66-69-cu səhifələrinə tikilmiş (ekspertiza tədqiqatından sonra müqavilənin əsli cavabdehin nümayəndəsinə verilmişdir) müqavilənin xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilənin 3.2-ci maddəsindən görünür ki, mənzilin hər kv.m-nin dəyəri (ƏDV ilə birlikdə) 1.011,12 manat, ümumi məbləğ 165.420 manat təşkil edir. Həmin müqavilənin 3.3-cü maddəsindən görünür ki, ilk ödəniş 50.000 manat olmaqla, iddiaçı tərəfindən müqavilə imzalandığı andan həyata keçirilir. Müqavilənin 3.4-cü maddəsindən görünür ki, mənzil sahəsinin qalan məbləği 115.420 manat təşkil edir. Bu məbləğ xx.xx.2014-cü il tarixədək 6 ay müddətinə hər ay 19.236,66 manat olmaqla 1 saylı cədvəl üzrə ödənilir.
30. Göründüyü müqavilə üzrə fərq mənzil sahəsinin hər kv.metrinin və mənzilin ümumi qiyməti, habelə hər ay ödənilməli olan pul məbləğləri ilə bağlıdır.
31. Həmin müqavilələr üzrə məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizasının nəticəsi olaraq belə nəticəyə gəlinmişdir ki, hər iki müqavilə üzrə "xxxx" qrafasındakı imza MTK-nın direktoru X2 tərəfindən imzalanmışdır. Lakin cavabdeh tərəfindən təqdim edilmiş müqavilədə “investor” qrafasındakı imzanın iddiaçı və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.
32. Bundan başqa xx.xx.2024-cü il tarixli, 5/537-5/545 nömrəli ekspert rəyinin tədqiqi hissəsinin 8-ci bəndindən görünür ki, tədqiqata təqdim edilmiş sənədlərdəki möhürlərin və imzaların icra olunmasının müddətini müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanmış ekspert metodikası olmadığından “Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilədə əks olunan möhür əkslərinin həmin müqaviləyə xx.xx.2014-cü il tarixində yoxsa xx.xx.2014-cü il tarixindən sonrakı tarixdə vurulmuşdurmu” sualı, “İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilədə əks olunan möhür əkslərinin həmin müqaviləyə xx.xx.2014-cü il tarixində yoxsa xx.xx.2014-cü il tarixindən sonrakı tarixdə vurulmuşdurmu” sualı, “İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilədə əks olunan imzaların xx.xx.2014-cü il tarixində yoxsa xx.xx.2014-cü il tarixindən sonrakı tarixdə icra edilmişdirmi” sualı, “Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilədə əks olunan imzaların xx.xx.2014-cü il tarixində yoxsa xx.xx.2014-cü il tarixindən sonrakı tarixdə icra edilmişdirmi” sualı üzrə tədqiqat aparılmamışdır.
35. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (maddə 423.1.).
36. Birinci və apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh MTKnın nümayəndəsi bildirmişdir ki, iddiaçı ilə bağlanmış əvvəlki müqavilə ləğv edilmiş, yeni müqavilə tərtib edilib, yeni müqavilə iddiaçı tərəfindən imzalanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər edilmişdir.
37. Məhkəmə qeyd edir ki, əgər həqiqətən tərəflər ilk öncə mənzilin kv.metrinin qiymətinin 950 manat, sonradan isə 1.011,12 manat olması barədə razılığa gəlmişlərsə, onda müqavilənin ləğv edilməsi qanunvericilikdə göstərildiyi kimi müqavilə ilə eyni formada, yəni yazılı formada həyata keçirilməli idi. Lakin iş materiallarından görünür ki, əvvəlki müqavilənin ləğvi barədə hər hansı mötəbər sənəd təqdim edilməmişdir.
38. Buna görə də Məhkəmə cavabdeh MTK tərəfindən təqdim edilmiş müqaviləyə şübhə ilə yanaşır.
39. Məhkəmə bu müqaviləyə həmçinin ona görə şübhə ilə yanaşır ki, iddiaçı eyni zamanda hər iki müqavilə üzrə ödəniş etməsi məntiqi cəhətdən mümkün deyildir. Belə ki, iddiaçı tərəfindən hər ay ödəniş edilərkən, müqaviləyə "xxxx"-ə uyğun olaraq MTK tərəfindən ödənişlərin həyata keçirilməsini təsdiq edən əl yazısı və möhür vurulmuşdur. Bu da onu deməyə əsas verir ki, hər ay iddiaçının müqaviləsinə möhür vurulan zaman cavabdeh iddiaçının “köhnə” müqavilə üzrə ödəniş etdiyindən məlumatlı olmuşdur.
40. Həmçinin hər iki müqaviləni qarşılıqlı şəkildə təhlil edərkən görünür ki, iddiaçı tərəfindən verilmiş müqavilədə ödənişlər aylar üzrə ardıcıl olaraq yəni, xx.xx.2015 xx.xx.2015-xx.xx.2015 olaraq ödənilmişdir.
41. Cavabdeh MTK tərəfindən təqdim edilmiş müqavilədən belə nəticə çıxır ki, ödənişlər xx.xx.2015-xx.xx.2015-xx.xx.2015 olaraq ödənilmişdir.
42. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş müqavilədən görünür ki, həmin müqavilə iddiaçı tərəfindən imzalanmamışdır. Lakin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə adıçəkilən müqavilə üzrə iddiaçının öhdəliklərini yerinə yetirdiyi müəyyən edilmişdir.
43. Bu baxımdan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi göstərilənləri nəzərə alaraq iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqaviləni daha mötəbər və əsaslı saymaqda haqlı olmuşdur.
44. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin bildirdiyi dəlil, yəni iddiaçının təqdim etdiyi müqavilənin “saxta” hesab edilməsi barədə dəlili əsassızdır. İddiaçı tərəfindən təqdim edilmiş müqavilənin etibarsızlığı üçün hər hansı əsas apellyasiya baxışı zamanı müəyyən edilmədir.
45. İddiaçının təqdim etdiyi xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilənin 1.2-ci maddəsindən görünür ki, mənzilin ümumi sahəsi 163,6 kv.metrdir.
46. İddia tələbindən göründüyü kimi iddiaçı cavabdehin podrat müqaviləsi üzrə öhdəliyini tam icra etməməsinə görə dəyən ziyanın ödənilməsini tələb edir. Çünki işin hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış, iddiaçı maliyyə arayışına əsasən mənzilin dəyərini ödəmiş, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də az verilən sahənin ölçüsünün qiymətinə uyğun zərərin qarşılanmasını tələb edir.
47. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (maddə 399.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (maddə 443.2.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (maddə 762.1.). Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (maddə 762.2.). Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (maddə 776.1.).
48. MPM-in tələblərinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.).
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
50. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin hazırkı mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi qanunidir. Çünki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
51. Məhkəmə hesab edir ki, cavabdeh MTK mənzili müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Belə ki, cavabdeh MTK Mülki Məcəllənin 385 və 442-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh öhdəliyini pozmaqla mənzilləri iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur.
52. Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
53. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində isə qeyd edilir ki zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
54. Belə olan halda görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir ki, podratçı mənzilin faktiki ümumi sahəsi 163.6 kv.m olan mənzili iddiaçıya verməli idi. İddiaçı 163.6 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzilin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur.
55. Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə Rayon Məhkəməsi hesab etmişdir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzilin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir.
56. İddiaçı Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq mənzilin sahəsinə azalma əmsalları tətbiq edilməməsini düzgün hesab etmir və mənzilin sahəsinin azalma əmsalları tətbiq edilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa uyğun müəyyən edilməli olduğunu bildirir.
57. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir (maddə 1.). Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 59.1.). Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır (maddə 59.2.). Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir (maddə 59.3.).
58. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının” tələblərinə görə, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir (bənd 3.2.). Mənzillərin ümumi sahəsi- yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri- 0,3; şüşəbənd və lociyalar- 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır (bənd 3.8.).
59. Göründüyü kimi, mənzilin sahəsinin hesablanması qaydaları qanunvericilikdə aydın göstərilmişdir. Hazırkı iş üzrə təyin edilmiş məhkəmə ekspertizası ilə müəyyən edilir ki, iddiaçıya məxsus olan və yuxarıda qeyd edilən mənzilin ümumi sahəsinin 154,7 kv.m, həmin mənzilin faktiki (naturada) ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 163,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya müqavilədə razılaşdırılmış sahədən (163,6-163,1=) 0,5 kv.m az mənzil verilmişdir.
60. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi müqavilə etibarlı hesab edildiyindən mənzilin 1 kvadratmetrinin qiyməti 950 manat hesab edilməklə, iddiaçıya əksik verilmiş sahənin qiymətinin (0,5 x 950=) 475 manat olduğu müəyyən edilir.
61. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi eyni əsasla bu kimi nəticəyə gəlməkdə haqlı olmuşdur.
62. Məhkəmə iddiaçının faiz tələbi ilə bağlı bildirir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ– əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “qanunsuz istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
64. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlir, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddianı göstərilən hissədə rədd etməkdə Rayon Məhkəməsi haqlı olmuşdur.
65. İddianın “1.137 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş və yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, 2(102)-1537/2023 saylı qərarının 10-cu abzasından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6508 nömrəli rəyinə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2014-cü il tarixindən son ödəniş tarixinə, yəni xx.xx.2015-ci il tarixinədək 50.000 manat məbləğində ilkin ödəniş daxil olmaqla ümumilikdə 156.557 manat məbləğində ödəniş edilmişdir. Tədqiqatla mülki işin 39-41-ci səhifəsində olan xx.xx.2014-cü il tarixli, 09 saylı müqavilə şərtlərinə əsasən (müqavilənin 3.5-ci bəndi nəzərə alınmaqla) İddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla müqavilə üzrə borcun tam ödənildiyi və 1.137 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilir. Eyni zamanda qeyd edilir ki, müqavilənin 3.5-ci bəndinə əsasən “İnvestor” tərəfindən növbəti ödənişlərin gecikdirilməsinə görə cərimənin məbləği 1.581 manat məbləğində müəyyən edilir.
66. Bunu nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 82-ci maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
67. Göründüyü kimi bundan əvvəl məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən Cavabdeh MMC-yə mənzilin dəyəri ilə bağlı etdiyi ödənişlər araşdırma predmenti olmuş və müəyyən edilmişdir ki, iddiaçı 1.137 manat məbləğində artıq ödənişi cavabdehə ödəmişdir. Bundan əvvəlki məhkəmə araşdırması da iddiaçının təqdim etdiyi müqavilə əsasında aparılmışdır. Belə ki, mənzilin kvadrat metrinin dəyəri 950 manat qəbul edilməklə, ekspert bu nəticəyə gəlmişdir.
68. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh MTKdan iddiaçının artıq ödədiyi 1.137 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə nəticəyə gəlməkdə Rayon Məhkəməsi haqlı olmuşdur (əlavə qətnamə).
69. Məhkəmə "xxxx" cavabdeh MTK-nın Rayon Məhkəməsinə verdiyi ərizənin əsaslılığına qiymət verərək, bildirir ki, Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
70. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.
71. Hazırkı işin hallarında görünür ki, iddiaçı, mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair çıxarış aldıqdan sonra xəbərdar olmuşdur. Mənzil iddiaçı tərəfindən təmir edilməmişdir. Bəllidir ki, mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. İddiaçı mənzili təmir etmədiyindən onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmamışdır.
72. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi "xxxx" cavabdeh MTK-nın ərizəsini əsassız hesab etməkdə haqlı olmuşdur.
73. Məhkəmə cavabdeh MTK-nın apellyasiya şikayətində tələb etdiyi 1.581 manat cərimənin tutulması məsələsinə qiymət verilməsini mümkün hesab etmir. Belə ki, cavabdeh MTK-nın hazırkı iş üzrə irəli sürülmüş qarşılıqlı iddia tələbi olmamışdır. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
74. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin və əlavə qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
75. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
76. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Apellyasiya şikayətləri təmin edilmədiyindən onların verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorların özlərinə aid edilməlidir.
78. Məhkəmə həmçinin bildirir ki, hazırki iş üzrə iddianın qiyməti ümumilikdə beş min manatdan çox olsa da, iddianın təmin edilməsi və cavabdeh tərəfindən mübahisə edilə bilən hissəsində iddia qiyməti beş min manatdan az olduğu üçün hazırki qətnamədən cavabdeh MTK tərəfindən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
79. İddiaçınn apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iddiaçı MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
80. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393. 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2025-ci il tarixli qətnamə və 25 aprel 2025-ci il tarixli əlavə qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Mənzil Tikinti Kooperativi hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.