Məhkəmə qərarları › İş №2(103)-428/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-428/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-428/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-349/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 11404 ABŞ dolları 50 sent əsas borc, 2779 ABŞ dolları 71 sent faiz borcu, 3876 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18060 ABŞ dolları 21 sent kredit borcu, iddia ərizəsi verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun və dövlət rüsumunun ödənilməsi, cavabdeh əşyaları ilə birlikdə, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-349/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 11404 ABŞ dolları 50 sent əsas borc, 2203 ABŞ dolları 29 sent faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13707 ABŞ dolları 79 sent kredit borcu, iddia ərizəsi verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin hesabına borcun və dövlət rüsumunun ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlili: Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi müqavilədə ayrılmış kreditin məbləğinin 12000 dollar yazılmasına baxmayaraq bankdan ona 10000 dollar verildiyini, devalvasiya baş verdikdən sonra ödəmələr edə bilmədiyini, həmin vaxta qədər isə ödənişlər etdiyini qeyd etmiş, birinci instansiya məhkəməsində birinci və ikinci məhkəmə iclasında iştirak etdiyini, yanvar ayında həbs olunduğu üçün sonrakı məhkəmə iclaslarından xəbəri olmadığını bildirmişdir. Hazırda 10000 ABŞ dollarına qədər olan kreditlə bağlı güzəşt olması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamının olduğunu eşitmişdir. Bu səbəbdən, götürdüyü məbləğin bir hissəsini ödədiyi üçün həmin sərəncamın ona da şamil olunmasını, eyni zamanda hazırda həbsdə olduğu üçün ödənişlər edə bilmədiyindən o, azadlığa çıxana kimi qalan borc məbləğinin dondurulmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək qeyd etdi ki, onunla bank arasında bağlanmış kredit müqaviləsində kredit məbləği 12000 ABŞ dolları göstərilsə də, əslində ona 10000 ABŞ dolları verilmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi V.Məmmədov apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, əlavə olaraq qeyd etdi ki, artıq hərrac keçirilmiş və hərracın nəticələrinə dair yekun protokol imzalanmışdır. Sübutların tədqiqi: Mülki iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2015/00097-01İP saylı istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC Cavabdeh1 illik 28 % hesablanmaqla 60 ay müddətinə 12.000 (oıı iki min) ABŞ dolları məbləğində kredit vermişdir. Mülki iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2015/00097-01 İP saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış istehlak krediti müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evini ipotekaya qoymuşdur. Mülki iş materiallarında olan xx.xx.2015-ci il tarixli köçürmə sifarişi barədə çıxarışdan görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 hesabına 12 000 (on iki min) ABŞ dolları məbləğində pul köçürülmüşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək İddiaçı BOKT ASC-yə 12000 ABŞ dolları əsas, 10418 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22418 ABŞ məbləğində pul ödəməlidir. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən-xx.xx.2016 - cı il tarixədək İddiaçı BOKT ASC-yə 595 ABŞ dolları 50 sent əsas, 3025 ABŞ dolları 28 sent faiz borcu olmaqla, cəmi 3620 ABŞ dolları 28 sent məbləğində borc ödəmişdir. Mülki işdə olan xx.xx.2017-ci il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh1 «xxxxxx» BOKT ASC-yə xx xxxxxx 2016-cı il tarixinə 11404 (on bir min dörd yüz dörd) ABŞ dolları 50 (əlli) sent əsas borc, 2779 (iki min yedi yüz yetmiş doqquz) ABŞ dolları 71 (yetmiş bir) sent faiz borcu, 3876 (üç min səkkiz yüz yetmiş altı) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18060 (on səkkiz min altmış) ABŞ dolları 21 (iyirmi bir) sent məbləğində kredit borcu vardır. Mülki işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, İddiaçı BOKT ASC cavabdehlərdən borcun ödənilməsini tələb etmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 mənzil 7 ünvanında qeydiyyatdadır. “ASAN 4” tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5, ev 9 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adma xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və bu barədə 220 nömrəli reyestr kitabının 20404 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2018 - ci il tarixli, 8457 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən BOKT- a ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri və xx.xx.2015-ci il tarixli 2015/00097-01 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 xx xxxx 2017 ci il tarixədək BOKT-a olan borcu 11404 ABŞ dolları 50 sent əsas, 2203 ABŞ dolları 29 sent faiz borcu olmaqla, cəmi 13607 ABŞ dolları 79 sent borcu müəyyən edilmişdir. İddiaçı BOKT ASC arasında xx.xx.2015-ci il tarixli 2015/00097-01 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin BOKT tərəindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında BOKT cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmamışdır. “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxx 2017-ci il tarixli, ƏEM/A 55-500/17 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinin xx xxxxx 2017-ci il tarixinə bazar dəyəri 52.000 (əlli iki min) manat təşkil etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, girov saxlayan girov ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (319.1-ci maddə) Rayon məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kollegiya Cavabdeh1 kredit müqaviləsində 12000 ABŞ dolları göstərilsə də, ona 10000 ABŞ dolları verilməsi barədə dəlili ilə bağlı qeyd edir ki, cavabdeh bununla bağlı əsaslı və şübhədənkənar sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-349/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar