Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4280/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və başqalarına qarşı “yaşayış sahəsindən çıxarılma və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 aprel 2022-ci il tarixli qərardaddan Cavabdeh1 verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı “yaşayış sahəsindən çıxarılma və sair tələbi barədə” iddia ərizəsi əsasında icraatı başlanmış mülki işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iş üzrə cavabdehlərdən biri – Cavabdeh1 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh1 və digər cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbinə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.04.2022-ci il tarixli qərardad ilə ərizəni təmin etməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsində ifadə edilmiş tələbə məhz mülki icraat qaydasında baxılmalıdır. Cavabdeh1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “baxılması üçün işin inzibati məhkəməyə göndərilməsi barədə” ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.05.2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, şikayət üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, mülki mühakimə icraatı çərçivəsində başlanmış işin inzibati mühakimə icraatı qaydasında baxılması üçün ümumi məhkəmədən inzibati məhkəməyə göndərilməsi, habelə “baxılması üçün işin inzibati məhkəməyə göndərilməsi barədə” ərizəsinin rədd edilməsi qərardadından şikayətin verilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində (MPM) nəzərdə tutulmamışdır. Məhkəmə bildirir ki, məhkəmələr qanunla nəzərdə tutulmamış hərəkətin edilməsini həyata keçirmək səlahiyyətində deyillər. Cavabdeh1 “baxılması üçün işin inzibati məhkəməyə göndərilməsi barədə” ərizəsi əsaslı olmuş olsa idi, Rayon Məhkəməsi mülki işə inzibati mühakimə icraatı qaydasında baxılması üçün işi heç bir halda inzibati məhkəməyə göndərə bilməz, mülki işin icraatına xitam verərək, iddiaçı Elvira Mamedovaya izah etməli idi ki, o, müvafiq iddia ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Barəsində şikayət verilmiş qərardaddan isə artıq yuxarıda qeyd edildiyi kimi görünür ki, Rayon Məhkəməsi hesab etmişdir ki, hazırki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsində ifadə edilmiş tələbə məhz mülki icraat qaydasında baxılmalıdır. Göründüyü kimi işin baxılmasına və sonrakı hərəkətinə mane yaranmamışdır. MPM-nin 395-ci maddəsinin mənasına görə isə, MPM-də qərardaddan şikayətin verilməsi nəzərdə tutulmadığı halda və qərardad işin sonrakı hərəkətinə mane olmadıqda qərardaddan şikayət verilmir. Həmin qərardaddan narazı qalmış işdə iştirak şəxs qərardada münasibətdə olan etirazlarını qətnamədən verə biləcəyi apellyasiya şikayətinə daxil edə bilər. Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilən 20.04.2022-ci il tarixli qərardad barəsində ayrıca şikayət verilə bilməyən kateqoriyaya aid olan qərardaddır. Lakin Cavabdeh1 həmin qərardaddan şikayət vermiş, Rayon Məhkəməsi isə həmin şikayətə baxmış, şikayətə qiymət vermiş və baxılması üçün şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Buna görə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və başqalarına qarşı “yaşayış sahəsindən çıxarılma və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 aprel 2022-ci il tarixli qərardaddan Cavabdeh1 verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4280/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4280/2022
23.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver