Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4281/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkidə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Xətai Rayon Məhkəməsinin 2(011)-1605/2022 saylı, 05.04.2022-ci il qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurmuş olduğu maddi ziyana görə 12347 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-1605/2022 saylı, 05.04.2022-ci il qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası şikayəti mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək belə hesab edir ki, iddiaçı tərəfindən verilən şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 108.1.7-ci maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (maddə 361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.2). Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə apelyasiya instansiyası iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu ödənilməmiş, bununla belə, iddiaçı tərəf ərizə verərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə istinadən dövlət rüsumu ödəməkdən azad olduğunu qeyd etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu 9.1- ci maddəsində dövlət rüsumu ödəməkdən azad olunan şəxslərin dairəsi müəyyən olunmuşdur. Həmin normadan bəlli olur ki, dövlət rüsumundan azad olunanların dairəsinə həm fiziki, həm də hüquqi şəxslər aid edilmışdir. Qeyd olunan normanın sistematik təhlilindən isə aşkar bəlli olur ki, norma əsasən fiziki şəxslərə yönəlib və sosial baxımdan aztəminatlı, sosial yardıma ehtiyacı olan, həssas əhali qrupuna aid olan şəxslərə (məsələn, şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlərə və s.) güzəştli şərait yaratmaq və məhkəmə xərclərindən azad etmək məqsədi daşıyır. Hüquqi şəxslərdən isə sadəcə sosial təminat orqanları, büdcə təşkilatları və bələdiyyələrə şamil edilir. Bununla da aydın olur ki, həmin norma qeyd olunanlardan başqa digər şəxsləri, o cümlədən də hüquqi şəxsləri nəzərdə tutmur. Yuxarıda qeyd etdiyimiz kimi İddiaçı MMC həmin normanın 9.1.1-ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunduğu təsbit olunmuşdur. Həqiqətən də, həmin normada ümumi olaraq iddiaçıların rüsumdan azad olduğu göstərilsə də, normanın yuxarıda verilən təhlilindən də bəlli olur ki, o yalnız əmək münasibətlərində olan işçiləri nəzərdə tutur və yalnız onlara şamil oluna bilər. Hər hansı əks yanaşma və həmin normanın başqa cür təfsiri, yəni onun həm də işəgötürənə (xüsusən də, kommersiya hüquqi şəxsinə) şamil edilməsi həmin normanın güddüyü məqsədlər baxımından yolverilməzdir. İddiaçının kommersiya hüquqi şəxs olduğunu və normanın tətbiqinin əsas məqsədini nəzərə aldıqda bəlli olur ki, hazırkı iş üzrə iddiaçının dövlət rüsumundan azad edilməsi nəzərdə tutulmamışdır. Mülki iş materiallarından da görünür ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmiş, birinci instansiya məhkəməsi isə şikayəti geri qaytarmaq əvəzinə, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Yaranmış bu hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qanunverciliyin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Xətai Rayon Məhkəməsinin 2(011)-1605/2022 saylı, 05.04.2022-ci il qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4281/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4281/2022
23.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver