Məhkəmə qərarları › İş №2(103)-4282/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4282/2022

29.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4282/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “yaşayış evinin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4570/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzar rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5-ci keçid, 11 saylı evin naturada bölünməsi, otaqla ümumi dəhliz arasında olan qapının bağlanması və həmin otağın pəncərə hissəsindən həyətə ayrıca qapının açılması, hamamın bölünməsinə və hasarın sökülərək küçəyə çıxışın ayrılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4570/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən 07 iyun 2022-ci il tarixdə daxil olmuş məktubda, iş üzrə qəbul edilmiş 28 aprel 2022-ci il tarixli qərardaddan cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi eyni zamanda vəkili X2 tərəfindən şikayət verildiyi bildirilmiş və şikayətə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etdiyini bildirmişdir. Apellyasiya baxışı zamanı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən şikayətə münasibət bildirilməsi Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4570/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2022-ci il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi eyni zamanda vəkili X2 tərəfindən verilmiş şikayətə Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən münasibət bildirilməsi məqsədilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar