Məhkəmə qərarları › İş №2(103)-4286/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4286/2024

09.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4286/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 2 və m5) mənzillərə dair mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq cavabdehin qanunsuz hərəkətlərinin dayandrılması və qeyd olunan mənzillərin onun istifadəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra cavabdehin nümayəndəsi icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-5407/2022 saylı qərardadı ilə vəsatət təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X1 Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1191/2022 saylı cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənə qədər mülki iş üzrə icraat dayandırılmışdır.

3. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili şikayət vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-5407/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-8080/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-5407/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. 12.11.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(001)-89/2024 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.

5. 12.03.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili təkrar icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-89/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, mülki iş üzrə icraat təzələnmişdir.

6. 03.06.2024-cü il tarixdə isə cavabdehin nümayəndəsi və vəkili icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 1(102)-1413/2024 saylı cinayət işi həll edilənə qədər mülki iş üzrə icraat dayandırılmışdır.

7. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət Məhkəmənin 13 iyun 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

10. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

11. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırarkən Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən hakim Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraatı dayandırmalıdır.

12. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi Mülki Prosessual Məcəllənin qeyd olunan normasını tətbiq edərkən hazırkı işin halları baxımından səhvə yol vermişdir.

13. Azərbaycan Respublikası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsi”nə dair 25 mart 2004-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın.

14. Hazırkı iş üzrə icraat ilk dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X1 Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)- 1191/2022 saylı cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5407/2022 saylı qərardadı ilə dayandırılmışdır.

15. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli, 1(103)-58/2024 saylı qərarına istinad etməklə rayon məhkəməsi icraatı təzələmişdir.

16. Belə ki, həmin qərardaddan müəyyən olunur ki, apellyasiya şikayəti təmin edilməyərək Bakı Ağır Cinayətlər Məhkəməsinin X2 Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə məhkum edilməsinə dair xx.xx.2023-cü il tarixli 1(101)-139/2023 saylı hökmü ilə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 407.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.

18. MPM-in 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır.

19. MPM-in 256.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır.

20. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.

21. Göründüyü kimi adıçəkilən cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-58/2024 saylı qərarı CPM-in 407.2-ci maddəsinə əsasən, elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə mindiyindən, MPM-in 256.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin ... hökmü.. qüvvəyə minənə qədər iş üzrə icraat dayandırılmalı olduğundan, rayon məhkəməsi həmin cinayət işinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmasını əsas gətirməklə (yəni hökmdən verilmiş kassasiya şikayətinə baxılması ilə əlaqədar) icraatı yenidən dayandırmaqda haqlı olmamışdır.

22. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-58/2024 saylı qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə mindiyindən hazırkı mülki iş üzrə icraatın dayandırılmasına zərurət olmamışdır.

23. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

25. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 1 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

26. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

27. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar