Məhkəmə qərarları › İş №2(103)-4289/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4289/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4289/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 18 noyabr 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçı Birliyin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin buna səlahiyyəti olan təmsilçisi cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək cavabdehin iddiaçı ASC-nin 01.02.2011-ci il tarixdən ona göstərdiyi xidmətlərin əvəzinin ödənilməsi məqsədi ilə 1.561,70 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə ASC tərəfindən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 2011-ci ilin fevral ayının 1-dən 2016-cı ilin may ayının 13-dək hər ay üçün 9,00 manat, 2016-cı ilin may ayının 16-dan hər ay üçün 12,00 manat məbləği ödəməli olduğu halda bunu etməmiş və nəticədə cavabdehin 1.561,70 manat məbləğində borcu yaranmışdır. ASC tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə 20.08.2019-cu ildə yazılı xəbərdarlıq göndərilmiş, lakin cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. Bu səbəbdən də, ASC, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 18.11.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh iddiaçı ASC tərəfindən ona göstərilmiş xidmətlərdən istifadə etmiş və ödənişləri vaxtlı-vaxtında etmişdir. Cavabdehin ASC-yə ödənilməmiş borcu yoxdur. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə iddiaçı ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin adına olan “Abonent kartına” əsasən 01.05.2008-ci il tarixli 13802691 nömrəli müqavilə üzrə 520763 nömrəli müştərinin ünvan 1 ünvanı üzrə su borcu üzrə 560,75 manat, çirkab borcu üzrə 200,55 manat, dövr borcu 800,40 manat olmaqla, cəmi 1.561,70 manat borcu vardır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh borcunu ödəməmişdir. “Abonent kartından” həmçinin görünür ki, 02.12.2011-ci il tarixədək cavabdehin cəmi 1.504.47 manat məbləğində borcu olmuş, həmin məbləğdən 1.251.03 manat Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi” haqqında Fərmanına əsasən silinmiş və həmin il üzrə cəmi 253.44 manat borcu qalmışdır. Lakin cavabdeh qalıq borcu ödəməmiş, həmçinin ondan sonrakı illər üzrə də ödənişləri tam həyata keçirməmiş, 2012ci il üzrə cəmi 3 manat, 2013-cü il üzrə cəmi 13 manat, 2014-cü il üzrə cəmi 5 manat, 2015-ci il üzrə cəmi 10 manat, 2016-cı il üzrə 110 manat, 2017-ci il üzrə 60 manat,2018-ci il üzrə cəmi 70 manat, 2019-cu il üzrə 90 manat ödəniş etmişdir. 27.09.2016-cı il tarixədək həmin ünvan üzrə qeydiyyatda olan şəxslərin sayı 12 nəfər olmuş, həmin tarixdən sonra cavabdehin qeydiyyatda olan şəxslərə dair təqdim etdiyi arayışa əsasən, 5 nəfərə endirilmiş və həmin tarixdən 5 nəfərin sayına uyğun sərfiyyat hesablanmağa başlanmışdır. İddiaçı ASC bildirir ki, cavabdeh, öhdəliklərini lazımi qaydada icra etməmiş, sudan istifadəyə görə yaranmış borcu tam ödəməmişdir. İddia tələbinə etiraz edən cavabdeh bildirir ki, o, sudan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında etmiş və onun iddiaçı ASC-yə borcu yoxdur. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda, ASC-yə borcunun olmadığı bildirən cavabdeh bu halı təsdiq edə biləcək sübutları (məsələn: müvafiq ödəniş qəbzini (qəbzlərini)) təqdim etməlidir. Lakin cavabdeh tərəfindən məhkəmələrə sübutlar təqdim edilməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdehin dəlili əsassızıdır. ASC-nin cavabdehə qarşı irəli sürdüyü iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61ci maddəsinin 1-ci bəndinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə görə, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə görə, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 7.4-cü bəndinə görə, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə 06.01.2007-ci il tarixli 04 nömrəli qərarın 4-cü bəndinə görə sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 kub.metr müəyyən edilmişdir. Həmin qərara əlavə və dəyişikliklər edilməsi barədə 31.01.2011-ci il tarixli 01 nömrəli qərara görə, əhali üçün (Bakı şəhəri) su təchizatına görə xidmətin tarifi (qiyməti) 0,30 manat və tullantı sularının axıdılmasına görə xidmətin tarifi (qiyməti) 0,06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13.05.2016-cı il tarixli 06 nömrəli qərarına görə, əhali üçün (Bakı şəhəri) su təchizatına görə xidmətin tarifi (qiyməti) 0,35 manat və tullantı sularının axıdılmasına görə xidmətin tarifi (qiyməti) 0,15 manat müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi fərdi istehlakçı olan cavabdeh iddiaçı ASC tərəfindən verilən sudan istifadənin əvəzini ödəmək vəzifəsini daşıyır. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, ASC-nin iddiası əsaslıdır. Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki apellyasiya baxışının predmetini təşkil edən iddianın qiyməti isə 2.000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 18 noyabr 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar