Məhkəmə qərarları › İş №2(103)-4289/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4289/2022

06.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4289/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1056/2022 saylı, 23 fevral 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı evin qanunsuz sahiblikdən alınıb təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Albalıq qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən iddiaçıya məxsus və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilən tikilinin boşaldılması və oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiada göstərir ki, cavabdeh mərhum qardaşının qeyri-rəsmi nikahda olduğu yoldaşıdır. Mərhum qardaşı daimi kirayələrdə qaldığı üçün tərəfindən inşa edilən və ona məxsus olan yarımtikili evdə yaşamasına icazə vermişdir. Qardaşı avqust ayında rəhmətə gedəndən sonra evin boşaldılmasını tələb etmiş, lakin cavabdeh imtina etmişdir. Özü mühəndisdir, dostu X1 ilə evi birlikdə layihələndirmiş və inşa etmişlər. Ev inşa olunan zaman oralar boşluq idi, hər hansı bir qonşu həmin ərazidə yaşamırdı. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərib ki, torpaq sahəsinə hər hansı sənəd əldə etmədən o və mərhum həyat yoldaşı X3 həmin tikilini rəsmi icazə almadan özbaşına tikrərək uzun müddət orada yaşamışdır. Həyat yoldaşı 05 avqust 2021-ci ildə vəfat etdikdən sonra onun qardaşı, bu iş üzrə iddiaçı torpaq sahəsini və tikilinin boşaldılması tələbi ilə məhkəməyə müraciət etsə də iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1056/2022 saylı, 23 fevral 2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Albalıq qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən iddiaçıya məxsus və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilən tikili Cavabdeh Əhməd qızı tərəfindən boşaldılması və cavabdehin oradan çıxarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, məhkəmə iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən mübahisəli ev özbaşna tikilidir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi Sabunçu rayon Bilgəh bələdiyyəsinin 22.04.2005-ci il tarixli qərarı ilə iddiaçıya alqısatqı yolu ilə satıldıqdan sonra həmin evi tikilmişdir. Həmçinin məhkəmə belə nəticəyə gəlmişdir ki, guya həmin ev 2011-ci ildən əvvəl inşa edilməklə o və həyat yoldaşı X3 qeyd edilən evə iddiaçının razılığı ilə köçmüşlər. Məhkəmə belə bir nəticəyə gələrkən hər hansı sübuta deyil, fərziyələrə əsaslanmışdır. Çünki, təqdim etdiyi beş nəfər şahid ifadəsi ilə təsdiq edilmişdir ki, həmin torpaq sahəsi üzərində olan evi o və həyat yoldaşı mərhum X3 faktiki yaşadığı müddətdə 2011-ci ildə inşa etmişdir. Həmin şahid ifadələrini məhkəmə heç bir əsas olmadan sübut kimi qəbul etmədən belə bir nəticəyə gəlmişdir ki, guya ev 2011-ci ildə hazır vəziyyətdə olmuş və iddiaçının razılığı ilə həmin evə köçmüşdür. Halbuki iddiaçı iddia ərizəsində evi 2013-cü il tarixdə inşa etdiyini, özü usta olduğu üçün evin layihə qurluşunu özü tərtib etməklə tikdiyini və bunu qonşuluqda yaşayan qonşularında təsdiq edə biləcəyini göstərmişdir. Məhkəmə işə baxarkən həmin qonşuların notariat qaydasında təsdiq edilən ərizələrlə məhkəməyə müraciət etmişlər və evi həyat yoldaşı Həsənov Aydınla 2011-ci ildə tikdiyini təsdiq etmişlər. Göründüyü kimi məhkəmənin belə bir nəticəyə gəlməsi ki, həmin ev 2011-ci ildə hazır vəziyyətdə olmuşdur, bunu nə iddiaçı, nə cavabdeh kimi o, nədə şahidlər təsdiq etmişlər. Bütün bunlar onu göstərir ki, məhkəmə hər hansı sübut olmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 165.1-ci maddələrinə; Mülki Prosessual Məcəllənin isə 77.1, 14.2, 217.4-cü maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə qonşular tərəfindən verilmiş ərizələrdəki evin cavabdeh tərəfindən inşa edilməsi barədə məlumatı inandırıcı hesab etmir. Belə ki, torpaq sahəsi 2005-ci ildə əldə edilmişdir, cavabdeh isə 2011-ci ildən həmin evdə yaşayır, yəni artıq hazır olan evdə yaşamağa başlamışdır. Cavabdehin uzun illərdir həmin evdə yaşama faktını iddiaçı özü də qeyd edir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü deyil və mübahisəli evi boşaldıb iddiaçıya təhvil verməlidir. Tətbiq edilməsi nəzərdə tutula bilən hüquq: "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanunu: 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan yaxud hansısa digər maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, həmçinin cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayıla bilməzdi. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamə çıxarılmışdır. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) iddiaçının hər hansı bir aidiyyətinin yaxud hanısas hüquqlarının olub-olmaması ilə bağlıdır. İkincisi, iddiaçı qeyd olunan mübahisəli özbaşına tikilinin həqiqətən də öz vəsaiti ilə inşa etməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Düzdü, iş üzrə Eldar Məmmədov adlı dostu ifadələrində mübahisəli evi layihələndirib inşaatını həyata keçirdiklərini, iddiaçının mərhum qardaşı kirayədə qalmasın deyə iddiaçının bu evi ona yaşaması üçün verdiyini bildirsə də, bu ifadələr də mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, həmin şahid iddiaçı ilə dost olmaqla faktiki olaraq işdə hüquqi marağı olan şəxsdir. Bununla yanaşı, şahid cavabdehin də qeyd olunan özbaşına tikilinin inşa olunmasında bu və ya digər formada rolu, əməyi, zəhməti olmasını, o cümlədən vəsait xərcləməsini təkzib etməmişdir. Əksinə cavabdehin məhkəməyə təqdim etdiyi 6 nəfərin notarial qaydada təsdiq olunmuş ərizələrində göstərilir ki, mübahisəli torpaq sahəsi uzun illərdir cavabdehin istifadəsində olmuş, mübahisəli evi də mərhum həyat yoldaşı X3 ilə faktiki yaşadıqları müddətdə tikdirmişlər və 2011-ci ildən halhazıradək orada yaşayır, Elvin Həsənov adlı şəxs isə həmçinin 2011-ci ildə evin suvaq və təmir işlərini gördüyünü bildirmişdir. Göründüyü kimi, bu hallar da mübahisəli özbaşına tikilinin hansısa formada iddiaçıya aid olduğunu təkzib edir. Üçüncüsü, iddia tələbinin məzmununun qeyri-dəqiq və mücərrəd olmasına baxmayaraq məhkəmənin bu cür tələbi olduğu kimi təmin etməsi ən azından ziddiyyətli bir vəziyyət yaratmaqla yanaşı ədalət mühakiməsinə nüfuz gətirmir. Çünki, Bakı şəhəri, Sabunçu rayonu, Albalıq qəsəbəsi, Yeni yaşayış massivi ünvanı dedikdə həmin ərazidə yüzlərlə tikili və hissələrə bölünmüş torpaq sahələri mövcud ola bilər. Burada ilk növbədə hansı torpaq sahəsinin və hansı tikilinin iddiaçıya məxsus olduğuna dair iddiaçı məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, istinad etdiyi bu halları sübut etmək yükü iddiaçının üzərinə düşürdü. Lakin iddiaçı ilk növbədə mübahisəli ərazidə həqiqətən ona qanuni əsaslarla torpaq sahəsi ayrılmasına və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyini iddia etdiyi özbaşına tikilinin məhz ona qanuni əsaslarla ayrılmış torpaq sahəsində yerləşməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməli idi, ancaq etməmişdir. Təqdim etdiyi və işə surəti əlavə edilmiş Bakı şəhəri Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli 094 nömrəli qərarı ilə ayrılması göstərilən 400 kv. metr torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmasına dair hər hansı bir sübut, o cümlədən torpaq sahəsinin plan ölçüsü təqdim olunmamışdır. Çünki, analoji işlər üzrə də Bakı şəhəri üzrə Bələdiyyə torpaqlarının xəritə məlumatlarının təsdiq edilməsi məsələləri yekunlaşmadığı üçün sözügedən ərazinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması təsdiq olunmur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 11 aprel 2022-ci il tarixli məlumatında da İddiaçı adına torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilmədiyi göstərilmişdir. Qeyd olunan məlumatla təsdiq olunur ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə Bələdiyyənin mülkiyyətində yaxud sahibliyində və istifadəsində olmamışdır. Olsaydı yəqin ki, iddiaçı da 17 il ərzində “qanuni əsaslarla” ona ayrıldığını iddia etdiyi torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün hansısa formada təşəbbüs və cəhd göstərərdi. Baxmayaraq ki, torpaq sahəsi ilə bağlı mübahisə hazırki iddianın və icraatın birbaşa predmeti deyil bu cür vəziyyətdə Bilgəh Bələdiyyəsinin mübahisəli torpaq sahəsini “iddiaçıya ayırması”nın da hüquqi əsası olmamışdır. Demək, istər iddiaçının, istərsə də cavabdehin mübahisəli torpaq sahəsinə hər hansı bir hüququ yarana bilməzdi. Torpaq sahəsinə hansısa hüquqların yaranmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq da yaranmamışdır. Hazırki iddianın rədd olunması o demək deyil ki, cavabdehin həmin torpaq sahəsinə hansısa hüququ mövcuddur yaxud bu iddianın rədd olunması ona torpaq sahəsinə dair hansısa üstünlük yaxud imtiyaz verə bilər. Əlbətdə ki, cavabdehin də həmin torpaq sahəsi üzərində heç bir hüquqi mövcud deyildir. Ən azından həm də ona görə ki, o, da bu barədə məhkəməyə hansısa hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Başqa sözlə Bələdiyyə tərəfindən istər iddiaçıya, istərsə də cavabdehə qanuni əsaslarla torpaq sahəsi ayrılmış olsaydı mütləq təqdim olunmalı bələdiyyə aktları kimi həmin qərarlar inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə də təqdim edilərdi. Lakin tərəflərin heç bir məhkəməyə bu barədə də sübut təqdim etməmişdir. Məhkəmənin, xüsusən də apellyasiya instansiya məhkəməsinin isə tərəflərin əvəzinə sübut toplamaq və təqdim etmək vəzifəsi yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır(MPM.14.1).Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir(MPM.14.2). Dördüncüsü, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçının cavabdehin ailə üzvü və yaşayış sahəsinə ehtiyacı olmadığı bəllidir. Əgər iddiaçının başqa yaşayış yeri olmasaydı ən azından bunu iddia ərizəsində yaxud izahatlarında göstərə bilərdi. Əksinə, iddiaçı bunu, yəni başqa yaşayış yeri olmasını heç vaxt inkar etməmişdir. Bu cür vəziyyətdə onun heç vaxt yaşamadığı, yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı, eləcədə ailə üzvü olmayan, mərhum qardaşı ilə uzun illər faktiki ər-arvad münasibətlərində olmuş, başqa bir əks cinsdən olan cavabdehin yaşadığı özbaşına tikilidən çıxarılması necə zəruri ola bilərdi ki, məhkəmə də bunu təmin etmişdir. Əlbətdə ki, belə bir zərurət də olmamışdır. Beşincisi, iddaçının adına həmin ünvanda işıq, qaz və su sayğacının olması da qanunsuz tikilinin ona aid olması üçün əsas ola bilməz. Çünki, iddiaçıya həmin ünvanda kommunal xidmətlərin göstərilməsi özbaşına inşa olunmuş tikili üzərində hansısa hüquq vermir. Əksinə apellyasiya baxışı zamanı cavabdeh faktiki ər-arvad münasibətlərində olduğu şəxsin, yəni iddiaçının qardaşının birinci nikahdan olan övladlarının bu tikiliyə hansısa iddialarının olmaması üçün sayğacların iddiaçının adına rəsmiləşdirilməsini təklif etdiyi və o, da bununla razılaşdığı barədə izahatları daha inandırıcı və işin hallarına uyğundur. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, tərəflər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda torpaq sahəsi əldə edilməsinin qanunvericiliyin imperativ tələblərinə uyğun xüsusi prosedur qaydalara uyğun həyata keçirilməli olması, eləcə də özbaşına tikinti və onun nəticələri institutunun yaranmasına da zərurət və əsas olmazdı. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, mübahisəli torpaq sahəsinə və üzərindəki tikiliyə gələcəkdə hansısa şəxs(lər)in daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış hansısa hüquqları yarandığı halda bununla əlaqədar qeyd olunan tikili yaxud torpaq sahəsi ilə bağlı yeni əsasla məhkəmə müdafiəsi hüquqndan istifadə olunması istisna olunmur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1056/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1056/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar