Məhkəmə qərarları › İş №2(103)-429/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-429/2021

09.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-429/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi və mənəvi zərər tələbinə dair 2(011)-732/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin rəhbərinin xx.xx.2019-cu il tarixli HK 333№li əmrinin ləğv olunması, onun Cavabdeh MMC-də öz əvvəlki işinə (vəzifəsinə) bərpa olunması, xx.xx.2019-cu il tarixdən etibarən ödənilməmiş və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti də daxil olmaqla aylıq 1000 manat olan əmək haqqının və ona vurulmuş mənəvi ziyanın məbləği olaraq 2000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin fevral ayından cavabdeh Cəmiyyətdə kompyuter proqramçısı kimi əmək fəaliyyətinə başlamışdır. xx xxxxxx 2017-ci ildən xx xxxxxxx 2018-ci il tarixədək adı çəkilən müəssisədə hər hansı müqavilə olmadan işləmiş, xx xxxxxxx 2018-ci ildən xx xxxx 2019-cu il tarixədək mülki hüquqi müqavilə əsasında işləmişdir. 2019-cu ilin mart ayının birindən etibarən həmin müəssisədə əmək müqaviləsi əsasında çalışıb. Lakin 2019-cu ilin may ayından etibarən müəssisədə ona aylıq məbləği 1000 manat olan əmək haqqının ödənişi həyata keçirilməmişdir. Müəssisədə bunu maliyyə çətinliyi ilə izah ediblər və qısa müddətdə əmək haqlarının ödəniləcəyi bildirilmişdir. Həmin ilin oktyabr ayında müəssisənin direktoru X4 maliyyə çətinliklərinin olduğunu bildirərək müəssisəni bağlamaq istədiyini, yeni müəssisə yaradacağını və onu da həmin yeni müəssisəyə işə qəbul edəcəyini bildirərək bir az da gözləməyi xahiş etmişdir. Həmin dövr üçün artıq 6 ay idi ki, əmək haqqı ödənilmirdi. O, müəssisə rəhbərinin sözlərinə inanaraq nə ödənilməmiş əmək haqlarının dərhal ödənilməsini tələb etdi, nə də əlavə hər hansı bir söz demədi. Ancaq bir müddət keçdikdən sonra əmək haqlarını tələb etdikdə ona məlum oldu ki, müəssisənin rəhbəri X4 qanunsuz şəkildə onu işdən azad etmiş və bunu guya öz xahişi ilə işdən azad olma kimi rəsmiləşdirmişdir. Halbuki, o, işdən azad olma barədə hər hansı ərizə ilə müraciət etməmişdir. Bir neçə gün əvvəl cavabdeh təşkilatdan əmək kitabçasını tələb etdikdə bilmişdir ki, onun əmri 2019-cu ilin oktyabr ayının 23-ü tarixindən verilmiş və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a“ bəndinə əsasən guya öz xahişi ilə xitam verilmişdir. Həmin əmri də məhz müəssisənin direktoru X4 imzalamışdır. Ancaq əmrin surətinin qanunvericiliyə uyğun olaraq ona verilməli olduğunu bildirərək həmin əmrin surətini cavabdeh müəssisədən tələb etsə də, imtina etdilər. Cavabdehin rəhbəri X1 saxtakarlığa yol vermiş, vəzifə səlahiyyətlərini aşaraq onun hüquqlarını pozmaqla aşkar qanunsuzluğa yol vermişdir. Müəssisənin əmək haqqı üzrə ona olan 6 aylıq borcunun ödənilməsi ilə bağlı X3 etdiyi çoxsaylı müraciətləri nəticəsiz qaldığından, qanunçuluğun keşiyində duran və ədalət mühakiməsini həyata keçirən bir orqan olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etmək məcburiyyətində qalıbdır. Onunla əmək müqaviləsinə qanunvericiliyin tələblərinin aşkar pozuntusu ilə xitam verilmişdir. Müqaviləyə xitam verilərkən onun razılığı alınmamış, onun adından işdən çıxma barədə ərizə verilirmiş kimi əmək qanunvericiliyinin tələbləri gözlənilmədən sənədləşmə aparılmışdır. Cavabdehin bu hərəkəti maddi ziyan vurmaqla yanaşı, ona böyük mənəvi sarsıntı da gətirmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, HK 333 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə proqramçı vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən sonra ödənilməmiş əmək haqqı və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqıCavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun cavabdeh tərəfindən ödənilməmiş əmək haqqı ilə bağlı tələblərinə düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, iddia ərizəsində qeyd etdiyi kimi, 2017-ci ilin fevral ayından Cavabdehndə kompüter proqramçısı kimi əmək fəaliyyətinə başlamışdır. xx xxxxxx 2017-ci ildən xx xxxxxxx 2018-ci il tarixədək adı çəkilən müəssisədə hər hansı müqavilə olmadan işləmiş, xx xxxxxxx 2018-ci ildən xx xxxx 2019-cu il tarixədək isə mülki hüquqi müqavilə əsasında Cavabdehndə işləmişdir. 2019-cu ilin mart ayının l-dən etibarən isə həmin müəssisədə onunla rəsmi olaraq əmək müqaviləsi bağlanılmış və artıq əmək müqaviləsi əsasında proqrqamçı vəzifəsində işləməyə başlamışdır. Lakin 2019-cu ilin mart və aprel aylarının əmək haqlarının ödənilməsi cavabdeh tərəfindən gecikdirildiyindən, həmin ayların əmək haqqı məbləğləri yalnız 2019-cu ilin iyun və iyul aylarında bank hesabına, yəni kartına köçürülmüşdür.2019-cu ilin may ayından etibarən isə işdən əsassız olaraq çıxarıldığı oktyabr ayınadək əmək haqqının hər hansı ödənişi həyata keçirilməmişdir. Məhkəməyə təqdim etdiyi “xxxx” ASC-nin Sumqayıt filialından aldığı hesabdan çıxarışdan da görünür ki,2019-cu il ərzində onun əmək haqqı kartına yalnız iyun və iyul aylarında pul vəsaiti köçürülmüşdür ki,bunun özü də iddiaçının bildirdiklərini bir daha sübuta yetirir. Belə ki,iş materillarında olan sənədlərdən də görünür ki, iddiaçı 2019cu ilin mart ayından etibarən bağlanılmış əmək müqaviləsi əsasında əmək fəaliyyəti göstərdiyi halda,bank arayışından da göründüyü kimi, ona iki ayın,yəni mart və aprel aylarının əmək haqqı ödənilmişdir ki,həmin pul vəsaitləri də 2019-cu ilin iyun və iyul aylarında ödənilmişdir.Lakin məhkəmə onun tələblərini yoxlamadan,məhkəməyə təqdim etdiyi 2019-cu il üçün “xxxx” ASC-nin Sumqayıt filialından aldığım hesabdan çıxarışa düzgün qiymət vermədən, əlavə sorğu vermədən və işin obyektiv araşdırılması məqsədi ilə mübahisəli 5və şübhəli görünən hallara aydınlıq gətirmədən mənim guya 1019-cu ilin avqust ayınadək əmək haqqını aldığım barədə əsassız nəticəyə gəlmişdir. Halbuku, məhkəmənin gəldiyi bu nəticəni təsdiq edən hər hansı sübut yoxdur.Məhkəmə cavabdehdən müvafiq sənədləri tələb etsə də,həmin sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.Mənim “xxxx” ASC-nin Sumqayıt filialına müvafiq sorğu verməklə iddia tələblərimi təsdiq edən arayışın alınması barədə məhkəməyə verdiyim şifahi vəsatətlərim də məhkəmə tərəfindən təmin olunmamışdır.Etalbuki, məhkəmənin vəzifəsidir ki,həqiqətin müəyyən olunması və ədalətin bərqərar olması üçün qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırma aparsın.Məhkəmənin müəyyən etdiyi kimi,Cavabdeh rəhbəri X1 saxtakarlığa yol verməklə,vəzifə səlahiyyətlərini aşaraq ərizəm olmadığı halda, mənim guya öz xahişimlə işdən azad olunmağıma dair əmir verməklə və bununla da mənim hüquqlarımı kobud şəkildə və aşkarca pozmaqla ciddi qanunsuzluğa yol vermişdir.Məhkəmənin cavabdehin belə bir saxtakarlığa yol verməsinə,habelə məhkəməyə gəlməməsinə və tələb olunan sübutları məhkəməyə təqdim etməməsinə baxmayaraq,nədənsə mənim bildirdiklərimə və təqdim etdiyim bank sənədinə inanmayaraq üç aylıq əmək haqqımın ödənilməməsinə qərar vermişdir.Məhkəmənin cavabdehin mənə vurduğu mənəvi zərəri ödəməkdən imtina etməsi ilə bağlı gətirdiyi dəlilləri də əsassız sayıram.Məhkəmə cavabdeh tərəfindən mənə vurulmuş mənəvi ziyan tələbimi təmin etməyərkən cavabdehin hərəkətləri nəticəsində mənim şərəf və ləyaqətimin ləkələnməsi,alçaldılması,mənə böhtan atılması,şəxsiyyətimin təhqir edilməsi və bu kimi digər halların baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməyimlə əsaslandırmağa çalışmışdır. Məhkəmənin bu mövqeyini başa düşmık olmur.Əgər cavabdeh mənim adımdan ərizə yazaraq məni guya öz xahişimlə işdən çıxarırsa,6 aylıq əmək haqqımı verməyərək məni normal yaşayış imkanından məhrum edirsə,işdən əsassız olaraq azad edib pulumu verməməklə məni valideynlərimin cüzi qazancıma möhtac olmaq məcburiyyətində qoyursa,dəfələrlə telefon əlaqəsi zamanı və şəxsi görüşlərdə məni aldadaraq pulumu verəcəyinə dair söz verib müəyyən tarixdə əlaqə saxlamağımı bildirib sonradan həmin tarixdə pulumu verməyirsə,bütün bunlar mənim şərəf və ləyaqətimin alçaldılması deyil,bəs nədir?Məhkəmə nəzərə almamışdır ki,mənə vurulan mənəvi zərər hər hansı sənədlə deyil,cavabdehin mənə qarşı etdiyi hərəkətlərin mahiyyəti və insanın ləyaqətinə bu hərəkətlərin təsiri ilə ölçülməlidir.Hesab edirəm ki,cavabdehin yuxarıda sadalanan hərəkətlərinin mənə nə dərəcədə mənəvi iztirab gətirdiyi özünün şərəf və ləyaqətinə hörmətlə yanaşan hər bir normal insana aydındır. Təssəüf ki,məhkəmə iş üzrə sübutlara düzgün qiymət verə bilməmiş,iş üzrə müəyyən olunmuş halları qanuni şəkildə dəyərləndirə bilməmiş və mənim iddia tələblərimin bir qismini heç bir hüquqi əsasa söykənmədən rədd etmişdir.Bura əlavə etmək lazımdır ki,məhkəmə işə baxarkən mülkiprosessual qanunvercilik normalarının ciddi pozuntularına da yol vermişdir.Əwəla,Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 172.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə bərpa barədə işlərə 1 ay müddətində baxılmalı və həll edilməli olduğu halda,hakim işin baxılmasını əsassız olaraq 3 ayadək uzadaraq aşkar surətdə prosessual hüquq normasının pozuntusuna yol vermişdir.Eyni zamanda məhkəmə qətnamənin qət hissəsində pul tələbimi qismən təmin etsə də, ödənilməli olan ümumi pul məbləğini göstərməməklə başqa bir prosessual pozuntuya yol verməklə çıxarılmış məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamənin əmək haqqının hesablanmasına dair hissəninin qanuniliyi və əsaslılığı apelyasiya baxışını predmetidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsinə əsasən, iddiaçı proqramçı vəzifəsinə təyin edilmiş, əmək haqqı məbləği 1105 manat müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına xx.xx.2019cu və xx.xx.2019-cu il tarixlərdə hər dəfə 1000 manat pul köçürülmüşdür. Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, HK 333 saylı əmrə əsasən İddiaçı ilə xx.xx.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək həmin vəzifədən azad edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, ödənilməmiş əmək haqqı və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməsi barədə düzgün qənaətə gəlsə də, Kollegiya hesab edir ki, hesablamanın xx.xx.2019-cu il tarixdən başlanılması qənaət düzgün hesab edilə bilməz. AR Əmək Məcəlləsinin 9-cu maddəsinin d” bəndinə əsaəsn, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 154-cü maddənin 1-ci bəndinə əsasən, Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddənin 4-cü bəndinə əsasən, İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir; 6-cı bəndinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir; Qeydinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 287-ci maddəsinə əsasən, Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinin d” bəndinə əsasən, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. 290-cı maddənin 2-ci bəndinə əsasən, 2. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Belə ki, işin tədqiq edilmiş halları əsasında təsdiqlənmişdir ki, iddiaçının cavabdeh MMC-də fəaliyyət göstərdiyi xx.xx.2019-cu il tarixdən aylıq əmək haqqı iki dəfə, yəni xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə hər dəfə 1000 manat olmaqla bank hesabına köçürülmüşdür. Beləliklə, 2019-cu ilin may ayından hesablanmaqla əmək fəaliyyətinə xitam verildiyi günədək ödənilməyən əmək haqqı xx.xx.2019-cu il tarixdən hesablanmaqla Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Apelyasiya şikayətinin dəlilləri qətnamə qalan hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Kollegiya hesab edir ki, iddiaçının 2000 manat mənəvi zərərin ödənilməsi barədə iddia tələbi əsassızdır. Əmək Məcəlləsinin 202-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin Qeyd hissəsində deyilir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Yuxarıda qeyd edilən müddəaların mənasından da göründüyü kimi, işçi Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilən əsasların hər hansı biri mövcud olduqda işəgötürəndən mənəvi zərər tələb edə bilər. İddiaçı isə göstərilən əsasların cavabdeh tərəfindən törədilməsi barədə sübutları məhkəməyə təqdim edilmədiyindən mənəvi ziyana dair tələbin təmin olunmaması hissəsində qətnamə qanuni və əsaslıdır. Ona görə apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə əmək haqqının hesablanması hissəsində dəyişdirilməli, əmək haqqı xx.xx.2019-cu il tarixdən hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-732/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi “xx.xx.2019-cu il tarixdən sonra ödənilməmiş əmək haqqı və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının tutulması” hissəsində dəyişdirilsin. xx.xx.2019-cu il tarixdən sonra ödənilməmiş əmək haqqı və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh MMC tərəfindən İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar