Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4290/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5496/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Haqverdiyev küçəsi, məhəllə 568, ev 2 “A”, 20 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzildə qeydiyyatda olmaqla X7, X10 və X8 ilə birlikdə yaşayır. Cavabdeh onun qardaşıdır. Lakin cavabdeh başqa yerdə yaşamasına baxmayaraq, bu günə kimi ona məxsus mənzildən qeydiyyatdan çıxmayıb. Cavabdehin mənzilindəki qeydiyyatı formal xarakter daşıyır və ona əlavə problemlər yaradır. Cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Yasamal RPİnin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Polis İdarəsi, eləcə də, ASAN Xidmət mərkəzində olan hüquqşünas tərəfindən ona bildirilmişdir ki, cavabdehin qeydiyyatdan çıxarılması daxili işlər orqanlarının səlahiyyətinə aid deyildir, bunun üçün məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xüsusilə qeyd etmək istəyir ki, Cavabdeh mənzilə hansı əsaslarla qeydiyyata düşməsi ona məlum deyil. Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(004)-5496/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında 18.07.2004-cü ildə, Cavabdeh ünvan 2 ünvanında yerləşən 20 saylı mənzilə pasport qeydiyyatına alınması üçün, nə həmin vaxt mülkiyyətçi olan onun, nə də ki, köhnə mülkiyyətçi olmuş anası Əliyeva Rəhilənin razılıq verməkləri barədə heç bir sübut yoxdur. ünvan 2 ünvanında yerləşən 20 saylı mənzilin ona bağışlanması müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, yəni 13.07.2004-cü il tarixdən həmin mənzilə onun mülkiyyət hüququ yarandığı üçün, hər hansı şəxsin, o cümlədən, Cavabdeh da həmin mənzilə qeydiyyata alınması üçün onun razılığı alınmalı idi, belə razılığı isə o, cavabdeh qardaşı Cavabdeh verməmişdir. Həmçinin, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu baxımdan, qeydiyyat həmin mənzildən istifadə hüququnun yaranması əsası kimi çıxış edə bilməz. Yuxarıda qeyd edildiyi kimi, 18.07.2004-cü ildə artıq anası X8 ünvan 2 ünvanında yerləşən 20 saylı mənzilin mülkiyyətçisi, sahibi olmamışdır, həmin tarixdə mənzilin mülkiyyətçisi, sahibi o olmuş, buna görə də, həmin tarixdə anası X4 hər hansı şəxsin həmin mənzilə qeydiyyata alınması üçün razılıq vermək səlahiyyəti yox idi. O isə belə bir razılıq verməmişdir. Həm də, iş materiallarında, anası X4 da cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması üçün razılıq ərizəsi verməsi barədə heç bir sübut yoxdur. Digər tərəfdən, Cavabdeh heç vaxt ünvan 2 ünvanında yerləşən 20 saylı mənzildə yaşamamışdır. O, həmişə öz uşaqları və həyat yoldaşı ilə birgə yaşamışdır. Buna görə də, Cavabdeh heç vaxt Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuş “yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvü” statusuna malik olmamışdır. Beləliklə, Cavabdeh istinad etdiyi hallar əsassızdır. Belə ki, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə Cavabdeh mübahisəli mənzilə istifadə hüququ ola bilməz. Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdur ki, “...Apelyasiya instansiyası məhkəməsi mübahisəyə düzgün olaraq Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etsə də, həmin maddənin tələblərinə uyğun olaraq cavabdehin mənzildən istifadə hüququnun yaranıbyaranmamasına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu baxımdan məhkəmələr tərəfindən cavabdehin 2004-cü ildə əvvəlki mülkiyyətçi olan anasının razılıq ərizəsinə əsasən mənzilə qeydiyyata düşdüyü vaxtdan onunla birlikdə mənzildə birgə yaşayıb-yaşamaması, bununla da Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən ailə üzvü kimi istifadə hüququnun yaranıb-yaranmaması, yaranmış istifadə hüququna sonradan xitam verilməsi üçün əsaslar olub-olmadığı (hazırda başqa yaşayış yerinin olub-olmaması, bu evdə yaşayış yerinə ehtiyacı qalıb-qalmaması) araşdırılmadan həmin şəxsin yalnız əvvəlki mülkiyyətçinin ailə üzvü olmaqla istifadə hüququnun olmasına istinad etməsi düzgün deyil. Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olubolmamasından asılı etməmişdir. Cavabdeh iddiaya etirazında da, anası ilə birlikdə həmin mənzildə yaşamasına deyil, anası tərəfindən mənzilə qeydiyyata düşməsin razılıq verilməsinə istinad edərək həmin mənzildə istifadə hüququnun olduğunu və daimi olaraq həmin mənzildə yaşadığını deyil, günün çox hissəsini həmin mənzildə keçirdiyini bildirir. Lakin apellyasiya məhkəməsi hansı sübutlara əsasən cavabdehin əvvəllər həmin yaşayış sahəsində yaşamaqla ailə qanunvericiliyinə əsasən istifadə hüququ əldə etdiyi nəticəsinə gəldiyini qətnamədə əsaslandırmamış, həmin şəxsin hazırda həmin mənzildə yaşayıb-yaşamadığını, yaşayış sahəsinə ehtiyacı olub-olmadığını araşdırmamışdır.”. “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 25.12.2003-cü il tarixli, 218839 saylı müqavilənin surətindən görünür ki, X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili X1. İş materiallarında olan 13.07.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, X8 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili Əliyeva (İsmayılova) Kərimə Rasim qızına bağışlamışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfındən verilmiş ÖM seriyalı, 203875 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil Əliyeva (İsmayılova) Kərimə Rasim qızının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və bu barədə 1297 saylı reyestr kitabında 194827-ci səhifədə 27.08.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin 02.10.2019-cu il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh 18.07.2004-cü il tarixdən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 1 saylı ünvan 3 ünvanlanmış 16.10.2019-cu il tarixli, **********92 saylı məktubdan görünür ki, Cavabdeh adına hazırda Bakı şəhərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarından 12 saylı DNK tərəfindən 7E-23 saylı reyestrdə aparılmış qeydiyyatdan görünür ki, X4 razılıq ərizəsi 29.06.2004-cü ildə qeydə alınmışdır. İş materiallarından X8 tərəfindən yazılmış 29 aprel 2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, o, hal-hazırda yaşadığı Haqverdiyev küçəsi, ev 2 ünvanda yerləşən 20 saylı mənzil əvvəl ona məxsus olmuş, həmin mənzili 25.12.2003-cü il tarixdə alğı-satqı müqaviləsinə əsasən X3 almışdır. 2004-cü ilin iyun ayının 29-da yeni mənzilin mülkiyyətçisi olduğu zaman böyük oğlu Cavabdeh mənzilə qeydiyyatı düşməsi ilə bağlı razılıq vermiş və həmin razılıq ərizəsi 2004-cü ilin iyun ayında Bakı şəhəri Yasamal rayonu 12 saylı notariat kontorunda təsdiqlənərək qeydə alınmışdır. 13.07.2004-cü il tarixdə isə həmin mənzili qızı X9 bağışlamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları şərh edilərək izah olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi keçmiş sovet qanunvericiliyindən fərqli olaraq yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən edilmişdir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Beləliklə, cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə 2000-ci ilin sentyabr ayından sonra köçdüyündən və qeydiyyata düşdüklərindən, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə onların istifadə hüququna malik olub-olmaması məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun həll edilməlidir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və onların rəsmi şərhinə dair hesab edir ki, Cavabdeh mübahisəli mənzilə Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasına görə mənzildən istifadə hüququ əldə etmişdir; belə ki, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili 25.12.2003-cü ildə X2, Rəhilə Əliyeva mülkiyyətçi olmaqla 29.06.2004-cü ildə oğlu, hazırkı iş üzrə Cavabdeh mənzilə qeydiyyata düşməsinə razılıq vermiş, 13.07.2004-ci il tarixli müqavilə ilə X8 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili Əliyeva (İsmayılova) Kərimə Rasim qızına bağışlamış, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil Əliyeva (İsmayılova) Kərimə Rasim qızının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və bu barədə 1297 saylı reyestr kitabında 194827-ci səhifədə 27.08.2004-cü il tarixdə qeydiyyat aparılmış və Cavabdeh 18.07.2004-cü il tarixdən qeyd edilən ünvanda qeydiyyatdadır. Cavabdeh 18.07.2004-cü il tarixdən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilin mülkiyyətçisi olmuş X4 oğlu olmaqla ailə üzvü kimi əvvəllər həmin yaşayış sahəsində yaşamışdır və halhazırda da orada yaşamaqdadır.. Bu isə o deməkdir ki, ona qarşı yönələn tələbin təmin olunması, mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüquqlarının hüquqi mahiyyəti, onun saxlanılıb-saxlanılmaması, əgər bu hüquq saxlanılmışdırsa ona kompensasiya verilmədən xitam olunmasının mümkünlüyünün müəyyən edilməsindən asılıdır. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz” Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh adına hazırda dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir (AR ƏMDK DƏDRX-in məktubu, i.v.37). Həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır (BŞİH BŞMKTD 3 saylı XTMKTB 157 saylı MKİS arayışı). Əksini iddiaçı sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin həmin mənzildə daimi yaşaması özü-özlüyündə onun sözügedən yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığını təkzib edir və buna dəlalət etmir. Eyni zamanda onun müstəqil yaşayış sahəsinə malik olduğu da müəyyən edilməmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, cavabdehin mübahisəsi gedən mənzildən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi ona kompensasiya ödənilmədən mümkün deyildir. Göründüyü kimi iddiaçının iddia tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5496/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4290/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4290/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver