Məhkəmə qərarları › İş №2(103)-4291/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4291/2024

16.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4291/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv edilməsi və s.”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X4 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2009/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin sədri X5 xx.xx.2023-cü il tarixli 13-1/3-10 22735/2023 saylı əmrini, yəni iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “işçilərin sayı və ştatları ixtisar edildikdə” əsası ilə işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli 13-1/3-10- 22735/2023 saylı əmrinin ləğv edilməsi, 26 noyabr 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanması nəzərə alınmaqla, iddiaçının yenidən "xxxx" QSCnin Sərnişin daşımaları departamentinin istismar Xidmətinin Qatar Briqadalarına qatar rəisi və ya ona bərabər eyni vəzifə və eyni əmək haqqı saxlanılmaqla digər vəzifəyə işə bərpa edilməsi, 26 iyul 2023-cü il tarixdən işə bərpa olunanadək aylıq əmək haqqı hesablanmaqla iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" QSC-nin Bakı Anbar Bölməsinin sədri X9 arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar Xidmətinin Qatar Briqadalarına qatar rəisi vəzifəsinə işə qəbul edilmişdir. İşə başlama tarixi 26 noyabr 2021-ci il olmaqla, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Əmək müqaviləsinin müddətsiz bağlanmasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet portalında əmək müqaviləsi üzrə bildiriş qeydiyyata alınmış və həmin bildirişdə əmək müqaviləsinin müddətsiz olaraq bağlanması öz əksini tapmışdır. Əmək müqaviləsi bağlandığı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək fasiləsiz olaraq işləsə də, xx.xx.2023-cü il tarixdə ("xxxx" QSC-nin sədri X5 xx.xx.2023cü il tarixli 13-1/3-10-22735/2023 saylı əmri ilə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə uyğun olaraq “işçilərin sayı və ştatları ixtisar edildikdə” əsası ilə iddiaçının işdən azad edilməsi barədə əmr qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinin xitamı barədə əmrin surətini istədikdə əmrin surəti ona xx.xx.2023cü il tarixdən bir neçə ay sonra, hətta ilkin mediasiya sessiyası keçirildikdən sonra xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Bu barədə iddiaçı dəfələrlə "xxxx" QSC-yə müraciət etsə də, müraciətinə ümumiyyətlə baxan olmamış, əmək kitabçasını təqdim etməklə onun artıq işdən azad olunduğunu bildirmişlər. İddiaçı hesab edir ki, "xxxx" QSC-nin sədri X5 xx.xx.2023-cü il tarixli 13-1/3-10-22735/2023 saylı əmri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad edilməsi barədə əmr qəbul edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, "xxxx" QSC-nin sədri X9 ştatların ixtisarı əsası ilə işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə iddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında əmrdə "xxxx" QSC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2009/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya verərək qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi işə baxarkən yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlarla kifayətlənmişdir. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən ona xəbərdarlıq məktubu təqdim edilməsi və bu xəbərdarlıq məktubunu təhvil almaqdan imtina etməsi barədə akt tərtib olunsa da, aktı cavabdeh sonradan geri tarixlə tərtib etmişdir. Həmin məktubda 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə ləğv ediləcəyi, bu müddət ərzində hər iş həftəsində bir iş günü əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılması, hətta məşğulluğun təmin edilməsi istiqamətində sosial dəstəyin göstərilməsi məsələsinə baxılacağı və s. barədə məlumat verilmişdir. Lakin, xəbərdarlıq məktubu təqdim edildikdən sonra 9 təqvim həftəsi tamam olmasına baxmayaraq, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etməmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən daha əvvəl də müraciət etdikləri barədə izahat versə də, məhkəməyə bunu təsdiq edən sənəd təqdim edilməmişdir. Cavabdehin qeyd olunan hərəkətləri tərəflərin iradə ifadəsinin zədələnməsinə yol açmışdır. Belə ki, 9 təqvim həftəsindən uzun müddət keçməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməməsi işəgötürənin istədiyi vaxt, yəni 9 təqvim həftəsindən 6 ay, 9 ay, 1 il və ya daha çox müddət keçdikdən sonra belə müqaviləni həmin xəbərdarlıq məktubuna əsaslanmaqla ləğv etməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmiş müddətlərin mahiyyəti işçinin həmin ştatın ixtisar olunacağı barədə məlumatının olması və həmin müddət ərzində özünə yeni iş yeri tapmaq məqsədi daşıyır. Qanunla müəyyən edilən müddət keçdikdən sonra işəgötürənin istədiyi vaxt əmək müqaviləsini ləğv etməsi əsassızdır. Əgər qanunvericilikdə müəyyən edilən müddət keçirsə və işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmirsə, işçidə artıq əmək müqaviləsinə xitam verilməyəcəyi fikrinin yaranması kifayət qədər ağlabatandır. Çünki, işəgötürən hərəkətsizlik nümayiş etdirərək işçi ilə bağlanmış əmək müqaviləsini qanunla müəyyən edilmiş müddət ərzində ləğv etməmişdir. Hətta, işəgötürən işçini xəbərdarlıqla tanış etməzdən əvvəl deyil, xəbərdarlıqla tanış etdikdən və kifayət qədər müddət keçdikdən sonra hərəkətsiz qaldıqdan sonra Azərbaycan Dəmiryolçularının Müstəqil X11 Heyətinin razılığını almışdır. Halbuki, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv edərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır. Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə xəbardar edilməsindən sonra deyil, işçi bu barədə xəbərdar edilməzdən əvvəl baş tutmalıdır. Əksi olduğu təqdirdə, yəni işçinin xəbərdar edilməsi və sonra Həmkarlar ittifaqı təşkilatından razılığın alınması üçün müraciət edilməsi təşkilatın razılıq verməmək hüququnun olmasından dolayı hüquqlardan sui-istifadəyə gətirib çıxarır. Məhkəmə qətnaməsində müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edərkən əmək qanunvericiliyinin normalarını düzgün tətbiq etməmişdir. Lakin iş üzrə iddia müddəti tətbiq edilərək iddia təmin edilməməsi hissəsində məhkəmənin mövqeyi ilə razı deyil. Əmrin surəti xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, cavabdeh müəssisədən dəfələrlə istəməsinə baxmayaraq müraciətlərinə baxan olmamış və əmək kitabçasını təqdim etməklə artıq işdən azad olunduğu bildirilmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi O.Rəhimova apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

7. İddiaçı ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 183 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarına Qatar rəisi vəzifəsinə əməyin ödənilməsi dərəcəsi “4” olmaqla, müddətsiz olaraq işə götürülmüşdür.

8. "xxxx" QSC-nin “Sərnişin daşımaları departamentinin strukturunda bəzi dəyişikliklərin edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi barədə” xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, ölkəmizdə pandemiyanın təsirləri və regionda baş verən geosiyasi dəyişikliklər "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmiryolu nəqliyyatı ilə sərnişin daşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər formalaşdırmışdır. Həmin təsirlər fonunda iş həcminin və əməyin intensivliyinin azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli boşdayanma hallarının baş verməsinə və həmin işçilərə qarşılıqsız əmək haqlarının ödənilməsinin mütəmadi xarakter almasına gətirib çıxarmışdır. Eyni zamanda ölkə üzrə minimum əmək haqqının artırılması, bununla müşayiət olunan infrastrukturun saxlanılması ilə əlaqədar ümumilikdə əməliyyat xərclərinin yüksəlməsi sərnişin daşımaları xidmətinin maya dəyərinin artmasına səbəb olmuşdur. Sərnişin daşımaları departamentinin müvafiq sahələrində risklərin azaldılması, xərclərin qarşılanmasındakı təsirlərin yumşaldılması, bu sahədə rasionallaşdırmanın təmin edilməsi, işçilərin işin həcminə uyğun optimal sayının müəyyənləşdirilməsi və bundan irəli gələn məsələlərin təmin edilməsi məqsədilə İnsan Resursları idarəsinin xx.xx.2022-ci il tarixli 162458 nömrəli xidməti məruzəsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin Nizamnaməsinin 8.1.5-ci və 8.1.12-ci yarımbəndlərini rəhbər tutaraq Sərnişin daşımaları departamentinin aparatının və İstismar xidmətinin ştat cədvəllərinə dəyişikliklərin təsdiq edilməsi, Sərnişin daşımaları departamenti İnsan resursları idarəsi ilə birlikdə bu əmrin 1-ci bəndinə uyğun olaraq sərbəstləşəcək işçilərə münasibətdə Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin həyata keçirilməsi, mümkün məşğulluğun təmin edilməsi istiqamətində işlərin aparılmasını və sosial dəstəyin göstərilməsini təşkil etmələri, ADY və Azərbaycan Dəmiryolçuları Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2018-ci il tarixli birgə əmr-qərarı ilə müəyyən edilən əlavə təminatların tətbiqindən irəli gələn tədbirlərin görülməsi... əmr edilmişdir.

9. "xxxx" QSC-nin “Sərnişin daşımaları departamentinin istismar xidmətinin ştat cədvəlinə dəyişiklik” haqqında "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş Ştat cədvəlindən aşağıdakı ştat vahidlərinin çıxarılması haqqında cədvəldən görünür ki, Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadaları Qatar rəisi vəzifəsi 27 ştat olmaqla ştat cədvəlindən çıxarılmışdır.

10. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, ölkəmizdə pandemiyanın təsirləri "xxxx" QSC-nin digər sahələri ilə yanaşı, Sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər fonunda bu sahədə əməyin intensivliyinin və iş həcminin azalması, boşdayanma hallarının mütəmadiliyi və əvəzi ödənilməyən öhdəliklər nəticəsində formalaşan risklərin minimuma endirilməsi, bununla bağlı rasionallaşdırmanın təmin edilməsi, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna münasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar ADY-nin müvafiq əmri ilə Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının qatar rəisi ştatı ixtisar olunmuşdur. Bu xəbərdarlığın alındığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. Bu xəbərdarlıq müddətində iradəsinə uyğun olaraq qabaqcadan razılaşdırılmış gündə əməkhaqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılmaqla yanaşı məşğulluğunun təmin edilməsi istiqamətində sosial dəstəyin göstərilməsi məsələlərinə baxılacaqdır. Yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2020-2022-ci illər üçün X19”in 4.7.1-ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verən (ixtisarın təsirinə məruz qalan) işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulmuşdur.

11. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" QSC-nin İnsan resursları idarəsinin rəis müavini X10, Əmək münasibətləri şöbəsinin aparıcı mütəxəssisi X16zadə və mütəxəssisi X2 xx.xx.2022-ci il tarixində Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının rəisi vəzifəsində çalışan X8, X12, İddiaçı ilə bağlanmış əmək müqavilələrinin ləğv edilməsi barədə xəbərdarlıq ilə tanış edilsələr də, S.A.Məmmədova, E.İ.Atayev və İddiaçı xəbərdarlığı imzalamaqdan imtina etmələri barədə aktı imzalamışlar.

12. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Dəmiryolçularının Müstəqil X6 Heyətinin üzvləri, MHİ-in sədri V.Bədəlov, sədr müavini, sosial iqtisadiyyat şöbəsinin müdiri F.Bəyimov və baş texniki əmək müfəttişi H.Cəfərov Sərnişin daşıma departamenti istismar xidməti qatar briqadalarının qatar rəisləri X8, X12, Niyazi Bəşir oğlu X14 Departamenti istismar xidməti qatar briqadalarının qatar rəisi ştatları ləğv edilməsi və onlara başqa vəzifələrin təklif edilməsi ilə bağlı MHİ-də yuxarıda adları çəkilən işçilər ilə iclas keçirilməsi, iclasda həmin şəxslərə yeni vəzifələrin təklif edilməsi, lakin iclasda onların bu vəzifələrdən imtina etmələri barədə akt imzalamışlar.

13. Azərbaycan Dəmiryolçularının Müstəqil X11 Heyətinin xx.xx.2023-cü il tarixli iclas protokolu çıxarışından görünür ki, iddiaçının tutduğu ştatın ixtisar olunması ilə bağlı və ona təklif olunan vəzifələrdən imtina etməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir.

14. "xxxx" QSC tərəfindən verilmiş “Sərnişin daşımaları departamentinin istismar Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi, Maliyyə və iqtisadiyyat idarəsi İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən Əmək Məcəlləsinin 144cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi müddətdə istifadə etmədiyi 28 təqvim günü (xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün 8 təqvim günü, xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 20 təqvim günü) əsas məzuniyyətlərinə görə pul əvəzinin, Əmək Məcəlləsinin 77ci maddəsinin 3-cü hissəsinin tələbinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsinin təmin edilməsi və s. barədə əmr verilmişdir.

15. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə məlumatlandırılmış və əmək kitabçasının təhvil alınması üçün "xxxx" QSC-nin inzibati binasına yaxınlaşması xahiş edilmişdir.

16. "xxxx" QSC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisinə ünvanlanan məktuba cavab olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi, xx.xx.2022-ci il tarixdə iddiaçıya xəbardarlıq təqdim edilməsi, təklif olunan müvafiq vəzifələr ilə iddiaçının razılaşmaması və ADY-yə işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi barədə məlumat verilmişdir.

17. "xxxx" QSC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, Azərbaycan Respublikasının birinci vitse prezidentinə ünvanlanan xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikasının Baş Nazirinin müavininə ünvanlanan xx.xx.2023-cü il tarixli məktublara cavab olaraq iddiaçıya ADYyə işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və müvafiq vakansiyalar üzrə müraciət edə biləcəyi barədə məlumat verilmişdir.

18. Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının sədri tərəfindən "xxxx" QSC-nin sədrinin müavininə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cəmiyyətin xx.xx.2023-cü il tarixli məktubuna baxılmış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir.

19. X3 edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2024-cü il tarixdə Mediasiya sessiyası keçirilmiş və "xxxx" QSC-nin nümayəndəsi iclasda iştirak etməmişdir. Mediasiya xərcinin məbləği (50 manat) İddiaçı tərəfindən ödənilmişdir.

20. 27.07.2023-cü il tarixli İcra haqqında bank qeydindən görünür ki, İddiaçı 1389.68 manat son haqq-hesab ödənişi edilmişdir.

21. Əmək münasibətlərinə xitam verilən işçi- İddiaçı əmək kitabçasını təhvil aldığına dair təsdiq və qeydlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Əmək kitabçasını X1 təhvil almışdır.

22. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixli müraciətlərinə dair xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətlərinə DƏMX-nin Bakı şəhər idarəsində və X7 baxılmışdır. İddiaçının müraciətində əsas tələbin işə bərpa olunmasına köməklik göstərilməsi olmuşdur. Həmçinin, iddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması barədə məlumatlandırılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

23. 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması ... prinsiplərinə əsaslanır.

24. 11-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək (ə) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.

25. 11-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.

26. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

27. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

28. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

29. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

30. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir.---- bir ilədək əmək stajı olduqda– azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda– azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda– azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda– azı doqquz təqvim həftəsi.

31. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

32. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda– orta aylıq əməkhaqqı miqdarında; miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı 1,4 misli beş ildən on ilədək əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

33. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

34. 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

35. 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

36. 84-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən: 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

37. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

38. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

39. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

40. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.

41. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

42. 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

43. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

48. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

49. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

50. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

54. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

55. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

56. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. Belə ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, əmrin surəti xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, cavabdeh müəssisədən dəfələrlə istəməsinə baxmayaraq müraciətlərinə baxan olmamış və əmək kitabçasını təqdim etməklə artıq işdən azad olunduğu bildirilmişdir.

59. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla əmək kitabçasını götürmək üçün cavabdeh cəmiyyətin inzibati binasına yaxınlaşması barədə iddiaçıya məktub göndərilmiş və çatdırılmışdır. İddiaçı isə cavabdeh cəmiyyətə əmək kitabçasının və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ona təhvil verilməsi haqqında məktub göndərdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yəni əmək kitabçasının gec təhvil alınması iddiaçının hərəkətsizliyi nəticəsində baş vermişdir.

60. Bundan başqa, iddiaçı 2023-cü ilin avqust ayından etibarən işə bərpa olunmasına köməklik edilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmişdir. Bu, iddiaçının əmək müqaviləsinə xitam edilməsi barədə, eləcə də hüquqlarının pozulduğunu bilməsi barədə məlumatı olduğunu heç şübhəsiz təsdiq edən faktlardır. Müvafiq dövlət orqanlarından aidiyyəti üzrə cavabdehə göndərilmiş məktublara cavabdeh tərəfindən baxılıb müraciət müəllifinə, yəni iddiaçıya cavab məktubu göndərilmişdir. İddiaçı özü də məhkəmə iclasında təsdiq etmişdir ki, cavabdeh müəssisə tərəfindən ona dəfələrlə məktublar göndərilmişdir.

61. Həmçinin iş materiallarından görünür ki, mediasiya təklifi 08 yanvar 2024-cü il tarixdə göndərilmişdir.

62. İşin faktiki hallarından göründüyü kimi iddiaçı 2023-cü ilin avqust ayından etibarən işə bərpa olunmasına köməklik edilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etməklə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir ki, bununla da müəyyən edilir ki, iddiaçı öz hüquqlarının pozulması məhz həmin tarixdən etibarən bilmişdir.

63. Beləliklə işin yuxarıda sadalanan halları ilə iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.

64. Göründüyü kimi, iddiaçının əmrin surətinin ona xx.xx.2024-cü il tarixdə təqdim edilməsinə istinad etməklə iddia müddətinin ötürməməsi barədə dəlilləri əsassız olmuşdur. Rayon məhkəməsində iddiaçı ötürülmüş iddia müddətinin bərpasına dair ərizə də verməmişdir.

65. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

66. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsi və iddia tələbi rədd edilməsi barədə düzgün nəticə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğunundan təmin edilməməlidir. Nəticə:

67. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

68. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2009/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar