Məhkəmə qərarları › İş №2(103)-4293/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4293/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4293/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(004)- 3554/2019 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzr iddiiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 29.10.2019-cu il tarixli, 2(004)-3554/2019 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, övladları X8 və X4 əşyaları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzildən (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) çıxarılmaları və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.V.Tanrıverdiyev, T.S.Səmədov, İ.S.Şirinov) 21.08.2020-ci il tarixli, 2(103)-1454/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3554/2019 saylı, 29.10.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ə.Əhmədov, İ.Dəmirov) 11.02.2021-ci il tarixli, 2(102)-1267/2021 nömrəli qərarı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1454/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmuş və bunun nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzilin iddiaçının mülkiyyətinə keçməsi və həmin mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş alqı-satqı müqaviləsinin bağlanması məhz Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Əsgərovun 25.02.2019-cu il tarixli qərarı əsasında olmuşdur. Həmin qərardan görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 11.07.2017-ci il tarixli, 2(004)-4436/17 saylı və 17.10.2018-ci il tarixli, 2(004)4960/17 saylı icra sənədləri üzrə borclu eyni şəxs olduğundan icra sənədləri icra məmurunun 17.10.2018-ci il tarixli qərarı ilə ümumi icraatda birləşdirilmişdir. Qeyd olunan qərarla həmin icra sənədləri üzrə borcun əvəzi olaraq borclu Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin tələbkar İddiaçı adına rəsmiləşdirilməsinin "xxxx" fərdi firmasına həvalə edilməsi qərara alınmışdır. Məhkəmələrə məlum olmuşdur ki, icra məmurunun istinad olunan qərarından mülki prosessual qanunvericiliyin tələbinə əsasən şikayət verilmiş və həmin qərarla bağlı qəbul olunmuş məhkəmə aktı qanuni qüvvəyə minmiş hesab olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə apellyasiya icraatı qaydasında baxarkən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, baxış zamanı mübahisə ilə əlaqədar icra məmurunun qərarı ilə bağlı (hansı ki, iddiaçının mülkiyyət hüquq məhz həmin qərar əsasında bağlanmış alqı-satqı müqaviləsi əsasında yaranmışdır) qəbul olunmuş məhkəmə aktının mövcudluğunu bilərək onların qanuni qüvvəsini almasını gözləmək üçün öz təşəbbüsü belə Azərbaycan Respublikasının MPMnin 254-cü maddəsinin tələblərinə uyğun işin icraatının dayandırılmasının zəruriliyini müzakirə etməmiş və faktiki olaraq qeyri-müəyyənlik yaratmışdır. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 və digərlərinin ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzildən çıxarılmasını xahiş etmişdir. İddiaçı “TAMAM" fərdi firmasının direktoru X9 ilə arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 və digərlərinin mənzildən çıxarılmasını tələb edir. “TAMAM fərdi firmasının direktoru X9 15 aprel 2019-cu il tarixli, 06 saylı cavab məktubu ilə Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinə tərəflərindən daxil olmuş 17/72-138498/4-5184 saylı, 26.02.2019-cu il tarixli Qərarla tanış olduqlarını bildirmişdir. X14 Rayon Məhkəməsinin müvafiq icra sənədlərinin icrası ilə bağlı ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilin borcu qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" Fərdi Firmasına həvalə edilmişdir. Qərarın icrası ilə bağlı ünvan 4 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzili iş üzrə İddiaçı adına rəsmiləşdirilməklə onunla alqı-satqı müqaviləsi bağlaya biləcəklərini bildirmişlər. Bununla bağlı qeyd edir ki, "xxxx" fərdi firmasının direktoru X11 ilə Cavabdeh1 ilə bağlanan 16- 01/2012 saylı, “Yeni Tikili yaşayış binasında mənzillərin alqı-satqısına dair müqaviləsi ləğv olunmamışdır. Bununla bağlı borcu qalmadığı qeyd olunmuşdur. Göründüyü kimi əmlakın satıcısının həmin əmlakın mülkiyyətçisi olması əsas şərtdir. Lakin "xxxx" fərdi firması belə mülkiyyətçi deyildir. Həmin alğı-satqı müqaviləsinə görə bir tərəf digər tərəfə pul ödəməmiş və ödəyə bilməzdi. Bundan əlavə həmin mənzilin faktiki mülkiyyətçisi iddiaçıdır və onun əmlak hüququları qüvvədədir. Beləliklə, 12.04.2019-cu il tarixli müqavilənin hüquqi qüvvəsi yoxdur və etibarsız hesab edilməlidir. Göründüyü kimi Cavabdeh1 əmlakın ( ünvan 5 ünvanında yerləşən 18 mərtəbəli yeni tikilinin J blokunda yerləşən 60 saylı mənzilin mülkiyyətçisi olduğu halda onun hüquqları kobud şəkildə pozulmuş və “TAMAM" fərdi firması tərəfindən həmin mənzil İddiaçı adına rəsmiləşdirmişdir. Bu səbəbdən İddiaçı Cavabdeh1 və qeyrilərinin mənzildən çıxarılmasına dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. (Cavabdeh1 mənzilin faktiki mülkiyyətçisidir). Lakin, birinci instansiya məhkəməsi bunun əksinə olaraq ilkin iddia tələbini tam təmin etmişdir. Bu hal bir daha təsdiq edir ki, qətnamə maddi hüquq normalarının və iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə çıxarılmışdır. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, 29.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, 29.10.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2(102)-1267/2021 saylı qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.07.2017-ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı ünvan 6 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin pay haqqını təşkil edən 144000 ABŞ dollarından cavabdehin borclu qaldığı 85000 ABŞ dollarının tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilərək, cavabdehdən 85000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 21.11.2017-ci il tarixli, 2(103)10236/2017 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.07.2017-ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(102)-3402/2018 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 21.11.2017-ci il tarixli, 2(103)-10236/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilənin ləğvi, maddi və mənəvi ziyan tələbinə dair”iddia ərizəsi qismən təmin edilərək, 06.02.2017-ci il tarixli Razılıq sazişinin ləğv edilməsi, Cavabdeh1 iddiaçının xeyrinə 06.02.2017-ci il tarixdə bağlanmış Razılıq sazişinə əsasən əvəzləşdirilmiş olan 107000 ABŞ dolları və sazişin 1.2 və 1.3-cü bəndlərinə uyğun olaraq ödənilmiş 4500 ABŞ dolları məbləğində pul vəsaitinin, 1000 manat mənəvi ziyanın, 84 manat hüquqi yardıma görə ödənilmiş məbləğin və 13 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(103)3272/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.09.2018-ci il tarixli, 2(102)-6396/2018 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(103)-3272/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Əsgərovun 25.02.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 11.07.2017-ci il tarixli, 2(004)-4436/17 saylı və 17.10.2018-ci il tarixli, 2(004)4960/17 saylı icra sənədləri üzrə borclu eyni şəxs olduğundan icra sənədləri icra məmurunun 17.10.2018-ci il tarixli qərarı ilə ümumi icraatda birləşdirilmişdir. Qeyd olunan qərarla həmin icra sənədləri üzrə borcun əvəzi olaraq borclu Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin tələbkar İddiaçı adına rəsmiləşdirilməsinin "xxxx" fərdi firmasına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" fərdi firması ilə İddiaçı arasında bağlanmış yeni tikilən yaşayış binasında mənzillərin alqı-satqısına dair 12.04.2019-cu il tarixli, 107/2019 saylı müqavilə müqavilənin surətindən görünür ki, icra sənədləri üzrə borcun əvəzi olaraq borclu Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzili tələbkar İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan "xxxx" fərdi firmasının direktoru X9 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra və Propasiya şöbəsinə ünvanlanmış 15.04.2019-cu il tarixli, 06 saylı məktubun surətindən görünür ki, həmin məkubda İddiaçı oglunun adına rəsmiləşdirilmiş mənzil hal-hazırda iş üzrə borclu Hüseynov Ağasi Hüseynağä oğlunun sərəncamında (faktiki sahibliyində) olduğundan həmin mənzilin İddiaçı verilməsinin səlahiyyəti xaricində olduğu bildirilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzil (Yeni qaydalarla: AZ 1122,Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 3132 nömrəli reyestr kitabının 292589 nömrəli vərəqində 24.08.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı Apellyasiya Məhkməsinin Mülki Kollegiyasının 8(103)- 338/2021 saylı, 08.07.2021-ci il tarixli qərardadından görünür ki, borclu X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun 19.03.2021-ci il tarixli qərarının ləğv edilməsini və ünvan 8 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzili üzərindən həbsin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun 19.03.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəmsəinin 2(004)-4436/17 saylı, 27.06.2018-ci il tarixli və 2(004)-4960/17 saylı, 17.10.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X2 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 8 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" Fərdi Firmasına həvalə edilmişdir. Belə ki, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet elektron məlumatına əsasən kommersiya qurumu olan "xxxx" Fərdi Firması (vöen **********) təşkilati-hüquqi forması kooperativ deyil, digər kommersiyatəşkilatıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqhğmı bir şəxs yarada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Reyestr məlumatlarından da göründüyü kimi "xxxx" Fərdi Firması kooperativ deyil kommersiya təşkilatıdır. Belə ki, kooperativ Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada dövlət qeydiyyatından keçirilir və həmin vaxtdan hüquqi şəxs statusu alır, kooperativin yaradılması və fəaliyyəti Mülki Məcəllə və digər normativ hüquqi aktlarla tənzimlənir. Belə olan halda hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasov 19.03.2021-ci il tarixli qərarı əsassız olaraq ünvan 3 (hazırda Şəfayət Mehdiyev küçəsi 1054) ünvanında yerləşən "xxxx" fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin X1 üzvü olaraq pay haqqı ilə əldə etməsi nəticəsinə gəlmişdir. Həmçinin xüsusi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, ünvan 3 (hazırda Şəfayət Mehdiyev küçəsi 1054) ünvanında yerləşən "xxxx" fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzildə borclu X5 ailə üzvləri ilə birlikdə yaşamaqla yeganə yaşayış yeri hesab edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə borclu X2 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun 19.03.2021-ci il tarixli qərarının ləğv edilməsi və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair verdiyi şikayət ərizəsi əsassız olduğu üçün təmin edilməmişdir. Qərardaddan borclunun nümayəndəsi, eyni zamanda vəkili şikayət verərək qərardadın ləğv edilməsi və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun 19.03.2021-ci il tarixli qərarının ləğv edilməsi xahiş etmişdir. Bakı Apellyasiya Məhkməsinin Mülki Kollegiyasının 8(103)-338/2021 saylı, 08.07.2021-ci il tarixli qərardadı ilə borclu X2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98-ci maddəsinə əsasən, yaşayış sahəsini özbaşına tutmuş şəxslər Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar. Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində qeyd olunduğu kimi, yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə qeyd edir ki, ilk iddia üzrə cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını, həmçinin mübahisəli mənzilin ilk iddia ərizəsi üzrə İddiaçı mülkiyyətində olmasını nəzərə alaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ilk iddia ərizəsi təmin edilməli, ilk iddia ərizəsi üzrə iddiaçının mülkiyyətində olan mənzil üzərində pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi üçün cavabdehlər əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzildən (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) çıxarılmalıdırlar. Həmçinin, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilk iddia tələbi təmin olunduğuna, həmçinin qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında qarşılıqlı iddia tələbini əsaslandıra və bunu təsdiq edən sübutlar təqdim edə bilmədiyinə görə qarşılıqlı iddia ərizəsi rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(004)- 3554/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar