Məhkəmə qərarları › İş №2(103)-4294/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4294/2023

08.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4294/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə, istifadə hüququ barədə razılaşmanın tanınması tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “əşyaların mənzildən çıxarılması tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər M katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh, iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İlk iddia üzrə İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun və övladının – xx.xx.2022-ci il təvəllüdlü X1, keçmiş qayınatası olan cavabdeh Maraqlı şəxs məxsus və Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi ev 9-da yerləşən 6 saylı mənzilə istifadə hüquqlarının tanınması, hər ikisinin həmin mənzilə köçürülmələri və onunla cavabdeh arasında bu istifadə hüququ ilə bağlı razılaşmanın xx.xx.2021-ci tarixdən əldə edilmiş (bağlanmış) hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsində üçüncü şəxs kimi iddiaçının keçmiş əri, cavabdehin isə övladı Maraqlı şəxs qeyd edilmişdir.

2. Cavabdeh öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ilə və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, son nəticədə, iddiaçıya məxsus əşyaların – 1 ədəd “Philips” markalı soyuducunun, 1 ədəd “İndesit” markalı paltaryuyanın, 1 ədəd “Panasonic” markalı televizorun, 1 ədəd asperatorun, 1 ədəd “Hotline” markalı qaz plitəsinin, 1 ədəd tozsoranın, 1 ədəd taxtın (yataq otağı mebeli sökülü vəziyyətdə), 1 ədəd dəhliz şkafının, 1 ədəd “Panasonic” markalı musiqi mərkəzinin, 1 ədəd böyük divanın, 1 ədəd kiçik divanın, 2 ədəd kreslonun, 1 ədəd yumru masanın, 6 ədəd stulun, 4 ədəd döşəyin, 3 ədəd yorğanın, 4 ədəd yastığın, 1 ədəd odeyalın, 2 ədəd xalçanın və 1 ədəd termusun çıxarılması barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. b) tələblərin və tələblərə qarşı etirazların əsasları barədə məlumat

3. İddiaçı ilk iddia tələbi və ona qarşı irəli sürülmüş qarşılıqlı iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2021-ci il tarixdə cavabdehin övladı (iş üzrə üçüncü şəxs olan) Maraqlı şəxs ilə nikaha daxil olaraq ailə qurmuş və “Daşınmaz əmlakın dövlət reyestrində” formal olaraq qayınatasının (cavabdehin) adına mülkiyyətdə olan əmlak kimi qeydiyyata alınmış mübahisəli mənzilə gəlin köçmüşdür. Mənzil əslində Maraqlı şəxs məxsus olmuşdur. Belə ki, onlar nikaha daxil olan zaman cavabdeh bildirmişdir ki, mənzil İlham üçün alınmış, lakin İlham hərbçi olduğu üçün mənzil “Daşınmaz əmlakın dövlət reyestrində” mövcud qaydada qeydiyyata alınmışdır. İlham bunları təsdiq etmişdir. İddiaçı ilə İlham nikaha daxil olduqdan sonra birlikdə həmin mənzildə yaşamış, cavabdeh isə özünə məxsus başqa mənzildə onlardan ayrı yaşamışdır. Birgə nikahdan bir uşağın olmasına baxmayaraq iddiaçı ilə İlhamın münasibətləri pozulmuş, onlar ayrılmış, nikah məhkəmə qaydasında xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Münasibətlər pozulan ərəfədə iddiaçı müvəqqəti olaraq mübahisəli mənzili tərk edərək atasıgilə qayıtmışdır. Bundan bir müddət sonra iddiaçı mənzilə qayıtmaq istəsə də, cavabdeh iddiaçını mənzilə bir daha buraxmamışdır, baxmayaraq ki iddiaçıya və uşağa məxsus əşyalar mənzildə qalmışdır. İddiaçı bildirir ki, mənzilə yaşadığı dövrdə qarşı tərəf onu və doğulmuş uşağını yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etməmişdir. Lakin o, hamilə olduğu üçün və doğuşdan sonra uşaqla məşğul olduğu üçün bu məsələnin həyata keçirilməsinə vaxtı olmamışdır. İddiaçı hesab edir ki, o, cavabdehin razılığı ilə xx.xx.2021-ci il tarixdə mənzilə köçdüyündən onun həmin mənzilə dair istifadə hüququnun yaranması ilə bağlı onunla cavabdeh arasında razılaşma xx.xx.2021-ci tarixdən əldən edilmiş (bağlanmış) hesab olunmalı, o və uşaq mənzilə köçməlidirlər. Bu səbəbdən də qarşılıqlı iddia əsassız hesab edilərək rədd edilməlidir.

4. Cavabdeh qarşılıqlı iddia tələbi və ona qarşı irəli sürülmüş ilk iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 1997-ci ildən cavabdehin mülkiyyətindədir və cavabdehin övladına – iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs heç bir aidiyyəti yoxdur. Belə ki, İlham ilə iddiaçı nikaha daxil olan zaman, cavabdeh, onlara icazə vermişdir ki, onlar özlərinə ev alana kimi mənzildə yaşasınlar. Nikahdan bir uşağın doğulmasına baxmayaraq iddiaçı ilə İlhamın münasibətləri pozulmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı, uşağı da götürərək evdən getmiş və İlhama sms göndərərək bildirmişdir ki, boşanmaq istəyir, geri qayıtmayacaq, mənzilin giriş qapısının açarını pilləkən qəfəsində su sayğacının yanına qoymuşdur. Bundan sonra isə məlum olmuşdur ki, iddiaçı, mənzilin otaqlarının qapılarını açarlar bağlamış və açarları üzü ilə aparmışdır. Bu səbəbdən də, cavabdeh, özünə məxsus mənzilin giriş qapısının və otaqların kilidini dəyişmişdir. İddiaçıya məxsus əşyaların bir hissəsi mənzildə qaldığından cavabdeh iddiaçıya və iddiaçının valideynlərinə xəbər göndərmişdir ki, əşyalarını mənzildən çıxarsınlar, lakin onlar rədd cavabı vermişlər. Onunla cavabdeh arasında cavabdehin mənzildə yaşamasının, mənzildən istifadə etmək üçün hüququnun yaranması ilə bağlı notariat qaydada təsdiq olunmuş razılaşma mövcud deyil. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə və Azərbaycan Respublikası Mənzil Məcəllənin 30.1-ci maddəsinə əsasən qəbul edilməlidir ki, iddiaçının və uşağın mübahisəli mənzilə köçürülməsi, iddiaçıya məxsus əşyaların mənzildə qalmasının hüquqi əsası yoxdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, İlham ilə iddiaçının nikahı da məhkəmə qaydasında artıq pozulmuşdur. Buna görə də, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın tələbi təmin edilməsini, ilk iddia üzrə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) məxsus (qarşılıqlı iddiada göstərilən) əşyaların cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) məxsus mübahisəli mənzildən çıxarılmasını qət etmişdir.

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının özünün və övladının cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə dair istifadə hüquqlarının tanıması və onların həmin mənzilə köçürülmələrinin, habelə iddiaçı ilə cavabdeh arasında iddiaçının istifadə hüququ ilə bağlı razılaşmanın xx.xx.2021-ci tarixdən əldən edilmiş (bağlanmış) hesab olunmasının hüquqi əsası yoxdur. Buna görə də, ilk iddia rədd edilməlidir. Lakin qeyd edilən əsaslara görə qarşılıqlı iddia əsaslı hesab edilərək, təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

8. İlk iddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi qeyri-obyektiv və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdehin arasında notarial qaydada bağlanmış müqavilə olmasa da, iddiaçı, mübahisəli mənzilə mənzilin mülkiyyətçisi olan cavabdehin razılığı ilə xx.xx.2021-ci tarixdə yaşamaq üçün köçmüşdür. Cavabdeh özü də bunu etiraf edir. Belə olan halda işə baxmış Rayon Məhkəməsi iddiaçı ilə cavabdeh arasında bu istifadə hüququ ilə bağlı razılaşmanın xx.xx.2021-ci tarixdən əldən edilmiş (bağlanmış) hesab olunması barədə tələbin, bunun nəticəsi olaraq iddiaçının özünün və uşağın mənzilə köçürülməsi barədə tələbin təmin edilməsini, iddiaçıya məxsus əşyaların isə mənzildən çıxarılması barədə qarşılıqlı tələbin isə təmin edilməməsini qət etməli idi. Lakin Rayon Məhkəməsi əks nəticəyə gəlmiş, bununla da, yaşayış sahəsinə istifadə hüququnun yaranması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarının tələblərini pozmuşdur. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı, mübahisəli mənzilin mülkiyyətçisi olmasa da, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mənzil üzərinə əmlak hüquqları olan şəxs olmuşdur. Qeyd edilən maddi hüquq normasının tələbinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. Apellyatorun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin, habelə ilk iddianın məzmununa uyğun izahat verdi.

10. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin və ilk iddia tələbinin dəlillərinə etiraz etdi, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin və qarşılıqlı iddianın əsaslarına uyğun izahat verdi.

11. İş üzrə üçüncü şəxs olan Maraqlı şəxs apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Mübahisəli mənzilə dair cavabdehin adına verilmiş MH seriyalı, 173387 saylı “Qeydiyyat vəsiqəsindən” görünür ki, həmin mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi xx.xx.1998-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır.

14. Mübahisəli mənzilin yerləşdiyi binaya xidmət göstərən 93 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 26 №-li arayışdan görünür ki, iddiaçı qeyd edilən mənzildə qeydiyyatsız yaşayır.

15. Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsi üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 154 №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

16. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs ünvan 2 ünvanında qeydiyyatdadır.

17. Cavabdehin adına verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, cavabdeh, yaşayış yeri üzrə mübahisəli mənzildə qeydiyyatdadır.

18. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin verdikləri məlumatlardan görünür ki, iddiaçı, xx.xx.2021-ci il tarixdə cavabdehin övladı (iş üzrə üçüncü şəxs olan) Maraqlı şəxs ilə nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan xx.xx.2022-ci il tarixdə onların bir övladları doğulmuşdur. Birgə nikahdan bir uşağın olmasına baxmayaraq iddiaçı ilə Maraqlı şəxs münasibətləri pozulmuş, onlar ayrılmış, onların nikahı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi (İş № 2(003)-637/2023) ilə pozulmuşdur. Münasibətlər pozulan ərəfədə iddiaçı mübahisəli mənzili tərk edərək atasıgilə qayıtmışdır. Bundan bir müddət sonra iddiaçı mənzilə qayıtmaq istəsə də, cavabdeh iddiaçını mənzilə buraxmamışdır. İddiaçıya məxsus olan və qarşılıqlı iddiada göstərilən əşyalar mənzildə qalmışdır.

19. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli mənzil xx.xx.1998-ci il tarixdən iş üzrə cavabdehin mülkiyyətindədir. İddiaçı, cavabdehin övladı Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş və yaşamaq üçün mübahisəli mənzilə gəlin köçmüşdür. Bu nikahdan onların bir övladları olsa da, iddiaçı ilə Maraqlı şəxs münasibətləri 2022-ci ilin sonunda, 2023-cü ilin əvvəlində pozulmuşdur. Münasibətlər pozulan ərəfədə iddiaçı mübahisəli mənzili tərk edərək atasıgilə qayıtmış, bundan bir müddət sonra iddiaçı mənzilə qayıtmaq istəsə də, cavabdeh iddiaçını mənzilə buraxmamışdır. İddiaçıya məxsus olan və qarşılıqlı iddiada göstərilən əşyalar mənzildə qalmışdır.

20. İlk iddia üzrə iddiaçı qeyd edilən normaya istinadən hesab edir ki, o, mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdehin razılığı ilə xx.xx.2021-ci il tarixdə mənzilə köçdüyündən onun həmin mənzilə dair istifadə hüququnun yaranması ilə bağlı onunla cavabdeh arasında razılaşma xx.xx.2021-ci tarixdən əldən edilmiş (bağlanmış) hesab olunmalı, o və uşaq mənzilə köçməlidirlər.

21. İşin qeyd edilən halını və iş üzrə tərəflərin irəli sürdükləri iddia tələblərini nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, hər iki tərəf öz iddia tələbini və ona qarşı irəli sürülmüş iddia tələbinə qarşı etirazını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri ilə əsaslandırsalar da, hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisə həmin maddi hüquq normasının tələbləri baxımından həll edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

22. Odur ki, göstərilənləri və iddiaçının mübahisəli mənzilə xx.xx.2021-ci tarixdə köçməsini nəzərə alan Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (maddə 30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (maddə 30.2.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar (maddə 30.3.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (maddə 30.4.).

23. Məhkəmə bildirir ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

24. Odur ki, göstərilənləri və cavabdehin övladı olan iş üzrə üçüncü şəxs Maraqlı şəxs ilə iddiaçı arasında olan nikaha xitam verildiyindən və iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilə dair hər hansı razılaşma olmadığından iddiaçının mübahisəli mənzildən istifadə etməsinin hüququ əsası qalmamışdır.

25. İddiaçı, onunla cavabdeh arasında bu kimi istifadə hüququ ilə bağlı razılaşmanın xx.xx.2021-ci tarixdən əldə edilmiş (bağlanmış) hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu tələb əsaslı hesab edilə bilməz. Çünki bu kimi razılaşma həm notarial qaydada, həm yazılı formada bağlanmalıdır. Lakin hazırki işin hallarından müəyyən edilir ki, mənzilin mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında nəinki notarial qaydada razılaşma olmamışdır, hətta razılaşmanın yazılı formasında tərtib olunmasına belə əməl olunmamışdır. Belə olan halda qəbul edilməlidir ki, iddiaçının cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə dair istifadə hüququnun tanıması və onun həmin mənzilə köçürülməsinin, habelə iddiaçı ilə cavabdeh arasında iddiaçının istifadə hüququ ilə bağlı razılaşmanın xx.xx.2021-ci tarixdən əldən edilmiş (bağlanmış) hesab olunmasının hüquqi əsası yoxdur.

26. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi ilk iddiada ifadə olunmuş həmin tələbləri təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.

27. Rayon Məhkəməsi ilk iddianın azyaşlı uşağa aid hissəsini də rədd etmişdir.

28. Bununla bağlı Məhkəmə qeyd edir ki, uşağın mübahisəli mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün yuxarıda qeyd edilmiş maddi hüquq norması ilə müəyyən edilmiş əsaslar mövcud deyil. Belə ki, iddiaçı ilə iş üzrə üçüncü şəxs Maraqlı şəxs nikahının pozulmasından sonra uşaq anasının (hazırki iş üzrə iddiaçının) yanında saxlanılmışdır. Belə olan halda uşağın yaşayış yeri Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən müəyyən edilməlidir. Çünki qeyd edilən maddənin tələbinə görə, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır.

29. Digər tərəfdən qeyd edilməlidir ki, uşağın həmin mənzildə yaşayan atası – iş üzrə üçüncü şəxs Maraqlı şəxs nikahın pozulmasından sonra onu uşağı kimi mübahisəli mənzilə, öz yanına köçürməyib. Odur ki, uşağın göstərilən mənzilə istifadə hüququ yaranmadığından belə hüquq məhkəmə qaydasında tanına və o, mənzilə köçürülə bilməz.

30. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi ilk iddiada ifadə olunmuş və uşağa aid tələbləri təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.

31. Bundan başqa qeyd edilməlidir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) qətnamədən verdiyi apellyasiya şikayətində Mülki Məcəllənin 158.4-cü maddəsinə istinadən bildirir ki, o, mübahisəli mənzilin mülkiyyətçisi olmasa da, mənzil üzərinə əmlak hüquqları olan şəxs olmuşdur. Qeyd edilən maddi hüquq normasının tələbinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

32. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 158-ci maddəsinin tələblərinə görə, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır (maddə 158.1.): girov hüququ (maddə 158.1.1.); əmlakdan istifadə hüququ (maddə 158.1.2.); servitutlar (maddə 158.1.3.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun (maddə 158.3.). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4.).

33. Göründüyü kimi, apellyasiya şikayətinin bu dəlili də, əsassızdır. Çünki işin hallarından müəyyən edilir ki, hazırki iş üzrə iddiaçının mübahisəli mənzil üzərində yuxarıda qeyd edilən əmlak hüquqları mövcud deyil.

34. Yuxarıda artıq qeyd edildiyi kimi, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə cavabdehin iddiaçıya qarşı irəli sürdüyü “əşyaların mənzildən çıxarılması tələbi barədə” qarşılıqlı iddianın təmin edilməsini, iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) məxsus (qarşılıqlı iddiada göstərilən) əşyaların cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) məxsus mübahisəli mənzildən çıxarılmasını qət etmişdir.

35. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsini də yuxarıda qeyd edilən hallara görə əsassız olduğunu bildirir.

36. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.1.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.).

37. Qeyd edilən maddi hüquq normalarının tələblərinin hazırki mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçının mübahisəli mənzildən istifadə etməsinin qanuni əsası olmadığından, cavabdeh isə mənzilin mülkiyyətçisi olmaqla ilk iddia üzrə iddiaçıya qarşı bu kimi tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olduğundan qəbul edilməlidir ki, Rayon Məhkəməsi qarşılıqlı iddianı əsaslı hesab edərək təmin etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır. g) apellyasiyanın nəticəsi

38. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

42. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Hakimlər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar