Məhkəmə qərarları › İş №2(103)-4297/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4297/2021

08.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4297/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X3, Cavabdeh nümayəndələri X1, X8 və vəkili X5 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-736/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMCnin direktoru vəzifəsini icra edən Firudin Cəbrayılovun 11.09.2019-cu il tarixli **********7 saylı əmrinin ona münasibətdə ləğv edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Cavabdeh MMC-də Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin direktoru vəzifəsini icra edən Firudin Cəbrayılovun 11.09.2019-cu il tarixli, **********7 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72- ci maddəsinin (a) bəndində nəzərdə tutulmuş özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halına) əsasən 11.09.2019-cu il tarixindən xitam verilmişdir. Həmin əmr uzun müddət ona verilməmiş, yalnız onun israrlı tələblərindən sonra əmrin surəti 04.11.2019-cu il tarixdə ona təqdim edilmişdir. Əmək kitabçası hələ də ona təqdim edilməmişdir. Əmrdə əmrin verilməsinin əsası kimi Ucar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən tərtib olunan 04.07.2019-cu il tarixli akt və Cavabdeh MMC tərəfindən göndərilən **********2 nömrəli xəbərdarlıq məktubları göstərilmişdir. O, işə götürüldüyü gündən daim işə gəlmiş və öz əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. Lakin 20.06.2019-cu il tarixdə Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəisi İslaməli İsmayılov onun həyat yoldaşı X2 onun əmək haqqı kartını tələb etmiş, həyat yoldaşı isə həmin kartı ona vermədiyindən o, həm ona, həm də həyat yoldaşına qərəzli münasibət bəsləmiş və 04.07.2019-cu il tarixdə guya onların işə gəlməmələri səbəbindən akt tərtib etmiş və həmin saxta aktı öz təsiri altında olan işçilərə imzalatmışdır. İslaməli İsmayılov sonradan həmin aktı onların işdən çıxarılmaları üçün yetərli əsas hesab oluna bilməyəcəyini düşünərək, eyni tarixdə ikinci saxta akt tərtib etmişdir. Belə ki, birinci aktda onun və həyat yoldaşının guya 1 gün işə gəlməmələri göstərilsə də, ikinci aktda onların 01.07.2019-cu il tarixdən 04.07.2019-cu il tarixədək 3 gün işə üzürsüz gəlməmələri göstərilmişdir. Təkrar akta isə özündən başqa kombinatın baş mühasibi olan əmisi qızı Kəmalə İsmayılzadə və kombinatda kadro müvəkkili (katibə) işləyən bacısı Xatirə Əzizova imza etmişdir. Sonradan isə onun və həyat yoldaşının işdə çıxarılması üçün əsas olmuş həmin aktlar Cavabdeh MMC-yə göndərilmişdir. Əmrin verilməsinə digər bir “əsas” kimi göstərilmiş **********2 nömrəli xəbərdarlıq məktublarına (həm ona, həm də həyat yoldaşına guya ki, ayrı-ayrılıqda göndərilmiş məktubların nömrəsinin niyə eyni olması hələ də ona qaranlıqdır) gəlincə isə, ona belə bir xəbərdarlıq göndərilməmişdir. O, həmin xəbərdarlıq məktubunu işdən çıxarıldıqdan sonra vəkil vasitəsi ilə sorğu əsasında 15.10.2019-cu il tarixdə cavabdehin **********5 saylı vəkil sorğusuna cavabı ilə əldə edə bilmişdir. Eyni zamanda, ona məlum olmuşdur ki, “guya” ona göndərilən həmin məktubun xəbərnaməsinə də onun əvəzinə kimsə imza etmişdir. Belə ki, xəbərnamədə məktubu şəxsən onun alması göstərilsə də, adının qarşısındakı imza ona məxsus deyildir. Beləliklə, Cavabdeh MMC-nin direktoru vəzifəsini icra edən Firudin Cəbrayılovun 11.09.2019-cu il tarixli **********7 nömrəli əmrinin verilməsinə əsas olmuş akt saxtadır, xəbərdarlıq isə ona təqdim edilməmişdir. Əslində isə o, işə girdiyi gündən iş vaxtı daima işdə olmuş, tabelə imza etmişdir. Ancaq cavabdeh onu işdən çıxararkən tabeli tələb edib, ona istinad etmək əvəzinə saxta bir akta istinad etmişdir. Bununla belə hətta qəbul etmiş olsa ki, o həqiqətən də 01.07.2019-cu il tarixdən 04.07.2019-cu il tarixədək işdə olmamışdır, yenə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Qanunda əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” intizam tənbehi ən ağır intizam tənbehi kimi göstərilmiş və həmin intizam tənbehindən daha yüngül 3 növ intizam tənbehi nəzərdə tutulmuşdur. Ona daha əvvəl heç bir intizam tənbehi verilməmişdir. Lakin işəgötürən ona birdən birə ən ağır intizam tənbehini vermişdir ki, bu da onun fikrincə ədalətsiz və qanunsuz olmuşdur. Belə ki, həm o, həm də həyat yoldaşı 2-ci qrup əlildir və ona intizam tənbehi verilərkən bu hal da nəzərə alınmalı idi. Ona intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatının verilməsi tələb edilməmişdir. Eyni zamanda, onun “guya” 04.07.2019-cu il tarixdə işə çıxmamağı məlum olsa da, ona intizam tənbehi bundan 2 ay 7 gün keçdikdən sonra 11.09.2019-cu il tarixdə verilmişdir. Halbuki, yuxarıda qeyd edilən normaya görə ona 04.08.2019-cu il tarixdən sonra 04.07.2019-cu il tarixdə onun tərəfindən “guya” əmək və ya icra intizamının pozulduğunun aşkar edilməsi səbəbindən intizam tənbehi verilə bilməzdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-736/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” iddiası təmin edilməmiş, iş üzrə ödənilməli olan 10 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, İddiaçı 10 (on) manat pulun alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə 25.08.2019-cu il tarixdə rəsmi qaydada xəbərdar edilmişdir. Məhkəmədə iddiaçı cavabdehin ona ünvanladığı yazılı xəbərdarlığın alınmasını təsdiq edən poçt xəbərnaməsindəki imzanın ona məxsus olmadığını bildirsə də, həmin sənəddən görünür ki, xəbərdarlığın təqdim edilməsinə dair poçt xəbərnaməsi iddiaçının əri və hazırda da nümayəndəsi qismində məhkəmədə çıxış edən X9 tərəfindən imzalanmış və qəbul edilmişdir. Bundan əlavə, iddiaçı tərəf işdən çıxarılma barədə əmrin onlara vəkil sorğusu əsasında noyabr ayında təqdim edildiyini, hüquqi savadsızlığından əmrin surətini və əmək kitabçasının vaxtında tələb edilmədiyini bildirmiş, lakin istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Göründüyü kimi, iddiaçı hüququnun pozulmasının aşkar edildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, hətta sənədlərin ona təqdim edildiyini bildirdiyi noyabr ayında da müraciət etməmişdir. İddiaçının hüquqi savadsızlığına dair arqumenti də əsaslı sayıla bilməz. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3cü maddəsinə əsasən Qanunu bilməmək və ya onu yalnış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Həmçinin, cavabdeh təşkilat məhkəmədə bildirmişdir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X10 25.09 2019-cu il tarixli, 25-2019 nömrəli və 27.09.2019-cu il tarixli, 27- 2019 nömrəli sorğularına cavab olaraq, İddiaçı əmək müqaviləsinin xitam bildirişi 15.10.2019-cu il tarixdə iddiaçının həyat yoldaşı X4 göndərilmişdir. Əmək müqaviləsinin xitam olduğundan məlumatı olmasına baxmayaraq əmək kitabçasını təhvil almaq üçün iddiaçı bugünədək Mərkəzə şəxsən, eləcə də, poçtla ünvana göndərilməsi barədə hər hansı müraciət etməmişdir. Bununla da qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün 06.12.2019- cu il tarixdə məhkəməyə müraciət etməklə iddia qaldırmaq müddətini İddiaçı ötürmüşdür. Cavabdeh isə yazılı qaydada məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiqini xahiş etmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2, 296.3-cü, Mülki Məcəllənin 375.2-ci, 377.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-736/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4460/2020 sayl, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-736/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia müddətinin axımının başlanması subyektiv anla, yəni iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildiyi andan hesablanmalıdır. İşdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 20.08.2019-cu il tarixli yazılı xəbərdarlıq göndərilərək, 3 iş günü ərzində əlaqə saxlamadığı və ya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair rəsmi sənəd təqdim etmədiyi təqdirdə Əmək Məcəlləsinin müddəalarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar edilmiş və xəbərdarlıq 25.08.2019-cu il tarixdə iddiaçının əri Şahlar Ələkbərov tərəfindən poçt xəbərnaməsinə imza olunmaqla qəbul edilmişdir. Bundan sonra cavabdeh, 11.09.2019-cu il tarixli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə həmin tarixdən xitam vermişdir. İddiaçı, apelyasiya şikayətində qeyd olunan xəbərdarlıq məktubunu almadığını bildirir və bunu poçt xəbərnaməsindəki imzanın ona məxsus olmadığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 21.01.2020-ci il tarixli məktubuna əsasən, həmin məktubun naməlum şəraitdə itməsi ilə əsaslandırır. Buna münasibətdə Kollegiya bildirir ki, iddiaçının bu dəlili əsaslı sayıldığı halda belə, işdə olan 25.09.2019-cu il tarixli vəkil sorğusunun mətnindən açıq-aşkar görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin surətlərinin ona göndərilməsini xahiş etməklə, cavabdeh tərəfindən müqaviləyə xitam verilməsindən həmin tarixdə artıq xəbəri olduğunu qəbul etmişdir. Bundan başqa, iddiaçı həm iddia ərizəsində, həm də apelyasiya şikayətində sözügedən əmrin surətini 04.11.2019-cu il tarixdə aldığını qeyd etmişdir. Göründüyü kimi, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gün ən geci 04.11.2019cu il tarixidir. Buna baxmayaraq, o, iddia ərizəsini 06.12.2019-cu ildə məhkəməyə verməklə qanunla müəyyənləşdirilmiş bir aylıq iddia müddətini ötürmüşdür. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Kərimov Elmar Ramiz oğlu kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin poçt vasitəsi ilə verilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi iddia müddətini ərizənin poçt vasitəli ilə göndərilməsi tarixindən deyil, həmin ərizənin məhkəmənin dəftərxanasında qeydiyyata alınması günündən hesablamışdır. Bundan başqa mübahisə predmeti olan əmrdə 01.07.2019-cu il tarixdən 04.07.2019-cu il tarixdək tam iş günü ərzində işə gəlməməsi əsas göstərilsə də, həmin tarixlərdə işdə olmuş və bununla bağlı gündəlik olaraq tabel jurnalını imzalamışdır. Lakin apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və maddi və prosessual hüquq normalarını Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 72, 296-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88,217.3 və 218.1-ci maddələrinin tələblərinə əsasən hesab etmişdir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. Kassasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməısi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gün ən geci 04.11.2019-cu il tarixidir. Buna baxmayaraq, o, iddia ərizəsini 06.12.2019-cu ildə məhkəməyə verməklə qanunla müəyyənləşdirilmiş bir aylıq iddia müddətini ötürmüşdür. Bununla bağlı kassatorun dəlili ondan ibarətdir ki, iddia ərizəsi poçt vasitəsi ilə verilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi iddia müddətini ərizənin poçt rabitəsi müəssisəsinə təhvil verildiyi tarixdən deyil, həmin ərizənin məhkəmənin dəftərxanasında qeydiyyata alındığı gündən hesablanmışdır. Apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq bu halı araşdırmadan qətnamə qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üçün əhəmiyyət kəsb etdiyindən işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi iddia ərizəsinin poçt orqanı vasitəsi ilə verilib-verilməməsini araşdırmalı, əgər iddia ərzəsi poçt orqanı vasitəsi ilə verilmişsə həmin ərizənin poçt orqanı vasitəsi ilə göndərilməsi tarixini müəyyənləşdirməli və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir. Bundan başqa kassasiya şikayətinin iddiaçının 01.07.2019-cu il tarixdən 04.07.2019-cu il tarixdək işdə olması və bununla bağlı gündəlik olaraq tabel jurnalını imzalaması barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, müvafiq halın araşdırılması da hazırkı mübahisə üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi bu halı da araşdırmamışdır. Belə ki, işə yeni baxışda iddiaçının iddia müddətini ötürmədən məhkəməyə müraciət etdiyi müəyyən edildiyi halda yuxarıda qeyd edilən hal mübahisələndirilən əmrdə göstərilən əsasların olub-olmamasını müəyyənləşdirmək üçün istinad edilə bilən sübutetmə vasitələrindən biridir. Qeyd edilənlərə əsasən kassasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək, yeni apelyasiya baxışına qaytarılmasını qərara almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin Qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi X9 apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-736/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndələri X6, X12 və vəkili X11 apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-736/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq iş materiallarını araşıdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, mülki işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramı çərçivəsində 12.02.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunaraq Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilməklə Ucar rayon Kommunal Müəssisələri Kombinatında fəaliyyət göstərmiş, 11 sentyabr 2019-cu il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Rеspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsas göstərilərək) xitam verilmişdir. İş materiallarına surəti əlavə edilmiş 11 sentyabr 2019-cu il tarixli **********7 saylı “Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuş işçilərin əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrdə iddiaçının konkret olaraq hansı vaxt üzrlü səbəb olmadan işə gəlmədiyi göstərilməsə də, əmrin əsası kimi göstərilən və iş materiallarına surətləri əlavə olunmuş Ucar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən tərtib olunmuş 04.07.2019-cu il tarixli aktdan və MMC-nin iddiaçıya ünvanladığı 20.08.2019-cu il tarixli xəbərdarlıqdan aydın olur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini, onun “01.07.2019-cu il tarixindən 04.07.2019-cu il tarixinədək heç bir üzürlü səbəb bildirmədən işə gəlməməsi” təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü dəlillərə heç bir qiymət vermədən, sadəcə onun iddia müddətini ötürmüş olduğunu vurğulamaqla iddia tələbinin təmin edilməməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyinin düzgün olmadığını vurğulayaraq öz qənaətini Konstitusiya Məhkəməsinin “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarı ilə əsaslandırır. X7 Məhkəməsi qeyd etmişdir ki, “iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”. Bu mənada, ilk növbədə iddia tələbinin mahiyyətinə qiymət verilməlidir və kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilərkən səbəb kimi göstərilən hal, yəni onun üzrsüz səbəbdən işə gəlmədiyi sübuta yetirilməmiş, əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsinə hüquqi zəmin olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən “01.07.2019-cu il tarixindən 04.07.2019-cu il tarixinədək heç bir üzürlü səbəb bildirmədən işə gəlməməsi” əsasının qanuni hesab edilə bilməsi üçün, qeyd olunan bu halın heç bir üzrlü səbəb olmadan davam etməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Qeyd edilməlidir ki, göstərilən halın yoxlanılması məqsədilə Cavabdeh MMC tərəfindən Ucar rayon Kommunal Müəssisələri Kombinatına şifahi sorğu verilərək müəssisədə işçilərin işə davamiyyətinə nəzarət üçün tərtib edilən jurnalın (tabel kitabının) təqdim olunması tələb olunsa da, sorğuya lazımi cavab verilməmişdir (sorğuya cavab olaraq Cavabdeh MMC Ucar rayonu üzrə təhkim etdiyi sosial işçilərin 2019-2020-ci illər üzrə tərtib olunmuş işə davamiyyət jurnalı KMK-da saxlanılmamışdır) və buna görə də kollegiya, iddiaçının “01.07.2019-cu il tarixindən 04.07.2019-cu il tarixinədək işə gəlməməsi” əsasını sübuta yetirilməmiş hesab edir. Başqa sözlə, iddiaçıya istinad olunan pozuntu faktlara deyil, mötəbər sübutlarla öz təsdiqini tapmayan fərziyyələrə əsaslanmışdır; halbuki Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya istinad olunan pozuntu nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahat, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olubolmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, işsiz vətəndaş kimi ictimai işə cəlb edildiyi nəzərə alınmamış, əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən onun izahatı da alınmamış, beləliklə Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri də pozulmuşdur. Qeyd olunmalıdır ki, mübahisələndirilən əmrə əsas kimi göstərilən sənədlər arasında da iddiaçının izahatının olduğu göstərilməmişdir. İddiaçının, “yol verdiyi iddia edilən pozuntuya görə 2019-cu ilin sentyabr ayında işdən çıxarılmasının Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə zidd olması” dəlilini də kollegiya əsaslı hesab edir. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının üzrsüz səbəblə işə gəlməməsi barədə akt 04.07.2019-cu il tarixdə tərtib olunmuş, onun əmək müqaviləsinə isə 11.09.2019-cu il tarixdə xitam verilmişdir. Cavabdehin iddiaya etirazının dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürmüş olması arqumentini isə kollegiya əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; Mülki Məcəllənin 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əmək müqaviləsinə 11.09.2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarında əmrin, əmək kitabçasının və son haqq-hesabının ona nə vaxt verilmiş olması barədə məlumat mövcud olmasa da, işin hallarından görünür ki, əmək kitabçası iddiaçıya 17 yanvar 2020-ci il tarixdə poçt vasitəsilə göndərilmiş, məhkəməyə müraciət etdiyi 06.12.2019-cu il tarixinədək isə işdən qanunsuz çıxarılması ilə bağlı müxtəlif orqanlara şikayətlər ünvanlamışdır. Konstitusiya Məhkəməsi E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının iddia müddətini ötürdüyü qənaətinə gəlinmiş olsa belə, ağlabatan mühakimə əsasında bunun üzrlü səbəblərlə bağlı olduğu qəbul edilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının qanunvericiliklə təminat altına alınan subyektiv hüquqlarının pozulmuş olduğu müəyyən edildiyindən, iddia müddətinin ötürülmüş olması arqumentinin - hətta bu arqument qəbul edilmiş olsaydı belə - onun iddiasının rədd edilməsi üçün əsas hesab edilməsi ədalətsiz və lazımi əsasa söykənməmiş olardı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan Cavabdeh 11.09.2019cu il tarixli **********7 nömrəli əmri ona münasibətdə ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-də Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə kоllegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi işdə olan sübutlara düzgün qiymət verilməməklə çıxarılmış və bu səbəbdən də tam əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq оlunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmçinin həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-736/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv еdilsin. Mülki iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh 11.09.2019-cu il tarixli **********7 nömrəli əmri İddiaçı münasibətdə ləğv edilsin və o, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-də Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa edilsin. 11 sentyabr 2019-cu il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar