Məhkəmə qərarları › İş №2(103)-4300/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4300/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4300/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), x2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi x3, Cavabdeh nümayəndəsi və vəkili x1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “behin, əldən çıxmış faydanın və faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh 151.000 ABŞ dolları və 65.000 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə, Cavabdeh İddiaçı xeyrinə 100.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 16.01.2020-ci il tarixdə qətnamə üzrə icra vərəqəsi verilmiş və Səbail rayon İcra və Probasiya şöbəsinin 17.01.2020-ci il tarixli qərarı ilə icra icraatına başlanılmışdır. Cavabdeh, 06.02.2020-ci il tarixdə ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə, qətnamə hal-hazıra kimi cavabdehə rəsmi olaraq təqdim olunmadığı üçün onun apellyasiya şikayəti vermək imkanı olmaması ilə əsaslandırılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin edilmişdir. İddiaçı, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir . Şikayətin dəlilləri ondan ibarətdir ki, Səbail Rayon Məhkəməsinin qətnaməsi qəbul edildiyi gün, yəni 04.12.2019-cu il tarixdə hər iki tərəfə dərhal rəsmi qaydada təqdim edilmişdir. Lakin məhkəmə, heç bir dəlilə istinad etmədən sadəcə cavabdehin qətnamənin surətinin ona çatdırılmamasına dair verdiyi izahata istinad etməklə, qətnamənin çatdırılmaması qənaətinə gəlmişdir. Lakin cavabdeh, qətnamə qəbul edildikdən sonra iddiaçı ilə barışığa cəhd etmiş, onunla anlaşma imzalamışdır. Açıq-aşkar görünür ki, cavabdehin qətnamədən xəbəri olmuşdur. Səbail Rayon Məhkəməsi, 06 mart 2020-ci il tarixli qərardadı ilə, şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə, şikayətə etiraz edərək bildirmişdir ki, cavabdeh, məhkəmə aktı barədə icra icraatına başlamaq haqqında qərardan sonra məlumat əldə etmiş, ona görə də qətnamədən apellyasiya şikayəti vermək üçün müddət keçmiş və onun hüquqları pozulmuşdur. Odur ki, göstərilənlərə əsasən, şikayətin rədd olunmasını, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kollegiya, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzürlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə, ilk növbədə cavabdeh tərəfindən qətnamədən şikayət verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. İş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh ünvan üzrə rəsmi qaydada göndərilməmişdir. Belə ki, iş materiallarında qətnamənin ona göndərilməsi ilə bağlı müşayiət məktubu mövcud deyil. Bu hal isə ona dəlalət edir ki, qətnamədən şikayət verilməsi üçün müddətin keçməsi cavabdehin iradəsindən asılı olmayan hallarla əlaqəlidir. Odur ki, birinci instansiya məhkəməsinin həmin halları üzrlü səbəb sayaraq ötürülmüş müddəti bərpa etməsi əsaslıdır. İddiaçı isə, cavabdehin qətnamədən xəbərdar olduğunu bildirsə də, qətnamənin cavabdehin şəxsən özü tərəfindən qəbul edilməsinə dair mötəbər sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 nömrəli, 20 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar