Məhkəmə qərarları › İş №2(103)-4302/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4302/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4302/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(008)- 394/2021 nömrəli qətnaməsindən iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda 3 (üç) otaqdan istifadə qaydalarının müəyyən edilməsi, həmin mənzildəki otaqlardan birinin, həmçinin mətbəxin onun istifadə verilməsi, digər iki otağın isə X1 və Cavabdeh2 istifadəsinə verilməsi, sanitar qovşağının isə ümumi istifadəyə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 06.09.2014-cü ildə Cavabdeh2 ilə nikah münasibətlərinə daxil olmuş və birgə nikahdan 10 may 2015-ci il tarixində X10, 07.11.2016-cı il tarixində X11 anadan olmuşdur. Cavabdeh2 Ağdam rayonundan məcburi köçkün olduğundan uşaqları da məcburi köçkün hesab edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, uşaqların himayəsinə verilməsi, Cavabdeh2 hər iki uşağın saxlanması üçün 23.04.2019-cu il tarixdən başlayaraq hər ay 140 manat miqdarında alimentin, həmçinin 07.11.2016-cı il təvəllüdlü X5 üç yaşına çatanadək saxlanılması üçün hər ay 40 (qırx) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə 07.11.2016-cı il təvəllüdlü X5 üç yaşına çatanadək saxlanılması üçün hər ay 40 (qırx) manat məbləğində tutulan aliment ləğv edilmişdir. Nəticədə 280 manat aliment alır. Qeyd edilən alimenti isə çoxsaylı şikayətlərdən sonra Cavabdeh2 ödəməyə başlamışdır, bununla belə uşaqlar da xəstədirlər, qeyd edilən aliment isə uşaqların tələbatının ödənilməsinə yetmir. Azərbaycan Respublikası Qaçıqınların və X7 üzrə Komitənin xətti ilə yoldaşının anası Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, mənzil 38 saylı ünvanda 3 (üç) otaqdan ibarət mənzil verilmişdir. Həmin mənzil qaynanası Cavabdeh1 verilmiş olsa da, ailə üzvü kimi o, keçmiş yoldaşı və uşaqları nəzərə alınmışdır. 14 aprel 2019-cu il tarixdə ev verilmiş, həmin günü o, saat 23 radələrində uşaqları ilə birlikdə küçəyə atılmışdır. Ondan sonra başa düşmüşdür ki, cavabdehlər say hesabını nəzərə alıb daha böyük ev almaq niyyəti ilə uyğun zaman gözləmiş, ev verildikdən sonra isə artıq o və uşaqları onlara lazım olmadığı üçün evdən çıxarılmışlar. Bundan sonra Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, mənzil 38 saylı ünvana mənzilə köçürmə, yaşayış hüququnun təmin olunması və mənzildən istifadə hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin 2(008)-4222/2019 saylı, 30.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Məhkəmə qərarı icra edilməsi üçün icra şöbəsinə göndərilmiş və o qeyd edilən mənzilə köçürülmüşdür. 2020-ci ilin fevral ayının 20-dən faktiki olaraq yenidən həmin mənzildə yaşayır. Lakin buna baxmayaraq vəziyyət dözülməz həddədir. Çünki keçmiş qaynanası, yoldaşı və baldızı həmin evdə yaşamağına imkan verməyərək onu ölümlə hədələyir, iki azyaşlı övladının gözü qarşısında ona qarşı ağzına ala bilməyəcəyi nalayiq ifadələr işlədirlər. Cavabdehlər evə 20 yaşlı cavan oğlanı-qaynanasının bacısı oğlunu gətirib, evdə alt paltarı ilə gəzməsinə şərait yaradırlar. Hətta qaynanası dəfələrlə ona “niyə bu evə geri gəldin” deyərək oğlunu evləndirəcəyini artıq nişanlandırdığın bildirmiş, ona isə “uşaqlarını da götür, ərə get” demişdir. Övladlarının bu şəraitdə yaşamasını istəmir. Məhkəmənin qərarı ilə köçürüldüyü evdə əziyyət çəkir. Həmin evə köçməsinə baxmayaraq cavabdehlər onun yaşamağına imkan vermirlər. Özü də azyaşlı övladlarına baxdığından heç bir yerdə işləmir. Həmçinin bir halı da qeyd edir ki, mənzil 3 otaq, mətbəx, sanitar qovşağından ibarətdir. O və uşaqları faktiki olaraq ancaq bir otaqdan istifadə edə bilirlər, cavabdehlər isə 2 nəfər olduqları halda mətbəx ilə birlikdə 3 otaqdan istifadə edirlər. Qeyd edilən mənzilə heç birinin mülkiyyət hüququ olmasa da, ümumi istifadəyə verilmişdir. Köçürülməyə dair məhkəmə qərarı çıxarılmış olsa da, mənzildən istifadə qaydaları müəyyən edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(008)- 394/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzilin girişindən sağdan birinci otaq iddiaçı X9 və övladları X10 və X5 istifadəsinə, həmin mənzili digər iki otağı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsinə, dəhliz, mətbəx və sanirat qovşaqdan (hamam otağı və tualet) yardımçı sahələr tərəflərin ümumi istifadəsinə verilməklə istifadə qaydasının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı X9 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-394/2021 saylı iş üzrə 04.02.2021-ci il tarixli qətnaməsininin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-394/2021 saylı, 04.02.2021-ci tarixli qətnaməsinin aşağıda göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, o, 06.09.2014-cü il tarixində Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuş. Cavabdeh Ağdam rayonundan məcburi köçkün olmuşdur. Cavabdehin məcburi köçkün olması ilə əlaqədar övladları da məcburi köçkün hesab edilir. Onların ailə tərkibləri 5 nəfər olmuşdur və buna görədə ailə tərkibinin sayı 5 nəfər olduğuna görə onlara 3 otaqlı mənzil verilmişdir. Bununla belə cavabdehlərlə aralarında tez tez münaqişə olduğundan, hətta həmin evdə zəhərləndiyindən, bunun cavabdehlər tərəfindən təşkil edildiyindən onların bir mətbəxdən istifadə etməklərinin mümkün olmadığını bildirmişdir. Belə olan halda isə o, yataq otağına həm soyuducu, həm də isidici yerləşdirərək qida məhsullarını yataq otağında olan soyuducuya yerləşdirməli olur ki, yeməkləri də isidicidə bişirir. Uşaqları isə soyuq havalarda belə yerə qoyduğu matrasda yatmalı oluduqlarını qeyd etmişdir. Bununla belə birinci instansiya məhkəməsi tərəfindən onlara izah edilmiş ki, dövlət mülkiyyətində olan otaqlarda heç bir dəyişiklik etmək mümkün deyil, buna görə də cavabdehlər iki nəfər olduğu hala onlara iki otaq, iddiaçı 3 nəfər olduğu halda onlara 1 otaq verilməli, mətbəx və digər köməkçi sahələr isə ümumi istifadədə olmalıdır. Faktiki olaraq isə mətbəx və 2 otaq cavabdehlər tərəfindən istifadə edilir. Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi isə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzili məcburi köçkün ailəsi kimi onlara ayırarkən ailə üzvlərinin sayını nəzərə almışdır ki, onun başa düşmədiyi budur ki, niyə birinci instansiya məhkəməsi istifadə qaydasını müəyyən edərkən ailə üzvlərinin sayını, cavabdehlərin neçə nəfər olmalarını və onların neçə nəfər olmaqlarını nəzərə almır. Həmçinin qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzil dövlət mülkiyyətində olduğundan, onların sadəcə istifadələrinə verildiyindən onun həmin mənzildə heç bir dəyişiklik etmək niyyəti yox idi, hətta otaqlardan digəri belə uşaqları ilə onun istifadəsinə verilsə idi, o, həmin otağa hər hansı dəyişiklik etməyəcəyini bildirmişdir. Soyuducunu və isidicini, həmçinin qab qaşıq üçün şkaf yerləşdirib istifadə edəcəkdi ki, uşaqları daha təhlükəsiz vəziyyətdə yaşaya bilsinlər. Həmçinin matrasda deyil, çarpayıda yatacaqlarını qeyd etmişdir. Hal-hazırda isə onun uşaqlarının əziyyət çəkdiklərini, hətta oğlunun artıq soyuqdəyməsi yarandığını, bununla bağlı müalicə alsığını, artıq sidiyini saxlaya bilmədiyini, bunun da soyuqdəymə ilə bağlı olduğunu bildirmişdir. Həmçinin qeyd edir ki, istifadə qaydalarının müəyyən edilməsi üzrə iddia tələbi araşdırılarkən iddia tələbində qeyd etdiyi kimi otaqlardan birinin və mətbəxin uşaqları ilə onun istifadəsinə verilməsi, digər 2 otağın cavabdehlərin istifadəsinə verilməsi məsələsinin mümkünlüyü araşdırılarkən ekspertiza keçirilməmiş, məhkəmə tərəfindən yerli baxış təşkil edilərək nəticəsində qətnamə qəbul edilmişdir. Halbuki hesab edir ki, qeyd edilən məsələ xüsusi bilik tələb etdiyindən ekspertiza təyin edilməli idi. Həmçinin bir halı da qeyd edir ki, istifadəsinə verilən bir otağı həm mətbəx kimi, həm də yataq otağı kimi istifadə etdiyindən qab qaşıq, çəngəl və bıçaq da daim uşaqların əlinin altındadır ki, bu da bir ana kimi onu narahat edir. Uşaq olduqlarından, çox şeyi başa düşmədiklərində kəsici alətlərlə belə oyanayırlar ki, bu da onlar üçün təhlükəlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, iş üzrə əhəmiyyətli halları nəzərə almamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X9 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Apellyasiyanın hədləri ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçı 1-ci instansiya məhkəməsinin qətnaməsini otaqlardan birinin və mətbəxin uşaqları ilə onun istifadəsinə verilməsi, digər 2 otağın cavabdehlərin istifadəsinə verilməsi və dəhlizin ortasından yüngül konstruksiya ilə bağlanaraq bölünməsinin təmin olunmaması hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-3863/2019 saylı, 29.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, X9 ilə Cavabdeh2 arasında 06 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 999 №-li akt qeydli nikahın pozulması, 10 may 2015-ci il təvəllüdiü X10 və 07 noyabr 2016-cı təvvəllüdlü X11 anası X2 himayəsində saxlanılması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(008)3863/2019 №-li qərardadı nəzərə alınmaqla, 23 aprel 2019-cu il tarixdən başlayaraq Cavabdeh2 iddiaçı X2 xeyrinə 13 may 2015-ci il təvəllüdlü X6 və 07 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay 140 (yüz qırx) manat, həmçinin 07 noyabr 2016-cı il təvəllüdlü X5 üç yaşına çatanadək saxlanması üçün hər ay 40 (qırx) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-4222/2019 saylı, 30.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunaraq, X9- uşaqları X10 və X11 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, mənzil 38 ünvandakı 3 (üç) otaqdan ibarət mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhər Sabunçu rayonu sektorunun 360 saylı, 27.02.2020-ci il tarixli arayışından görünür ki, X11 və X10 məcburi köçkün kimi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, mənzil 38 saylı ünvanında məskunlaşmışdır. İş materiallarında olan AZ-İ 344565 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X9 arasındakı nikah 19 fevral 2020-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan AZ-İİİ 544229 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 10.05.2015-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh2, anası X3r. İş materiallarında olan AZ-İİİ 860853 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 07.11.2016-cı il tarixdə anadan olmuşdur, atası Cavabdeh2, anası X3r. İş materiallarında olan 10/38 saylı, 30 iyul 2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzil Cavabdeh1 Cavabdeh2, X9, X10 və X4 ibarət ailə üzvləri ilə birlikdə kirayə verilmişdir. Kirayəçinin həmin müqaviləsinin 2.4.2 bəndinə əsasən kirayə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək, 2.4.3 bəndinə əsasən yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək, 2.4.4 bəndinə əsasən yaşayış sahəsinin saxlanılmasını və qorumasını təmin etmək və 2.4.5 bəndinə əsasən yaşayış sahəsinin yararlı vəziyyətdə saxlamaq vəzifələri vardır. Birinci instansiya məhkəməsinin baxışı zamanı mübahisə predmeti olan Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzilə baxış keçirilərkən mənzilin giriş qapısının dəhlizə açılması, dəhlizin sağ tərəfində iki yaşayış otağının, sol tərəfində isə bir yaşayış otağı və mətbəxin, dəhlizin sonunda isə sanitar qovşağın (ayrı-ayrılıqda hamam otağı və tualet) yerləşməsi, iddiaçı X2 azyaşlı uşaqları ilə birlikdə mənzilin giriş qapısından sağdan birinci otaqdan istifadə etməsi müəyyən edilmişdir. Azərbaycan Respblikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.3-99.7-ci maddələrinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 68.1-68.4-cü maddələrinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Beləliklə birinci instansiya məhkəməsinin baxışı zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzil 10/38 saylı, 30 iyul 2019 cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Cavabdeh2, X9, X10 və X4 ibarət ailə üzvü olan Cavabdeh1 kirayə verilmişdir. Yəni iddiaçı X9 azyaşlı övladları ilə birlikdə mənzilin kirayəçisi olan Cavabdeh1 ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Bununla yanaşı iddiaçı hazırkı iddia tələbi ilə cavabdehlərin onun mətbəxdən istifadəsinə imkan verməməsi və onlarla arasında digər problemlərin yaranmaması ilə əlaqədar mənzilin bir otağının və mətbəxin onun istifadəsinə verilməsi və mənzilin dəhlizin ortasından yüngül konstruksiya ilə bağlanaraq faktiki mənzilin bölünməsini xahiş etmişdir ki, həmin tələbin tam təmin edilməsi yuxarıda sadalanan qanunvericiliyin tələblərinə ziddir. Belə ki, kirayə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsinin təyinatının dəyişdirilməsinə yol verilmir və yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək kirayəçinin və evdən istifadə edən digər şəxslərin vəzifəsidir, eləcə də ortaq olduğundan mətbəxin tərəflərdən birinin istifadəsinə verilməsi qeyri-mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının hazırda faktiki istifadə etdiyi mənzilin giriş qapısından sağdan birinci yaşayış otağı iddiaçı və onun azyaşlı övladlarının, digər iki otaq cavabdehlərin istifadəsinə, dəhliz, mətbəx və sanirat qovşaq (hamam otağı və tualet) tərəflərin ümumi istifadəsinə verilməklə istifadə qaydası müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunan mövqeyə gələrkən, həmçinin iddiaçının mənzilin yaşayış otaqlarından (yardımçı sahələr istisna olmaqla) istifadəsi ilə bağlı hər hansı bir mübahisənin mövcud olmamasını nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzilin girişindən sağdan birinci otaq iddiaçı X9 və övladları X10 və X5 istifadəsinə, həmin mənzilin digər iki otağı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsinə, dəhliz, mətbəx və sanirat qovşaqdan (hamam otağı və tualet) yardımçı sahələr tərəflərin ümumi istifadəsinə verilməklə istifadə qaydasının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həmin dəlillər İş materiallarında olan 10/38 saylı, 30 iyul 2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin tələblərinə ziddir.Belə həmin müqavilədən görünür ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzil Cavabdeh1 Cavabdeh2, X9, X10 və X4 ibarət ailə üzvləri ilə birlikdə kirayə verilmişdir. Kirayəçinin həmin müqaviləsinin 2.4.2 bəndinə əsasən kirayə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək, 2.4.3 bəndinə əsasən yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək, 2.4.4 bəndinə əsasən yaşayış sahəsinin saxlanılmasını və qorumasını təmin etmək və 2.4.5 bəndinə əsasən yaşayış sahəsinin yararlı vəziyyətdə saxlamaq vəzifələri vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(008)- 394/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar