Məhkəmə qərarları › İş №2(103)-4302/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4302/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4302/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(005)-1456/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2629/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ASC ilə X2 arasında xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylıəlavə kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 52.597,34 AZN, faiz borcuna görə 412,75 AZN, cəmi 53.010,09 AZN borcun, dövlət rüsumu kimi ödənilmiş 100 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 AZN məbləğində pul tələbi üzrə tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yuxarıda qeyd olunan pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 150.000 (yüzəlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh həmin mənzildən çıxarılmaqla boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi-vəkili Vəkil qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 141 UB/19 saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, yazılmış faiz və əsas məbləğlərin silinməsinə dair və mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ünvanında yerləşən aşağı qiymətə girova qoyulmuş 123G nömrəli fərdi yaşayış evinin girovdan azad olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(005)- 1456/2024 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia ərizəsi qanunvericiliklə müəyyən olunmuş müddət ötürülməklə verildiyindən və ona qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən geri qaytarılmalıdır. İşdən görünür ki, iddia ərizəsi icraata qəbul edilmiş, xx.xx.2024-cü il tarixli bildirişlə tərəflərə göndərilmişdir, xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi-vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə vəkil qismində sistemə əlavə edilməsini xahiş etmiş, eyni tarixdə iş üzrə Cavabdeh vəkili qismində “Elektron Məhkəmə” informasiya sisteminə əlavə edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi-vəkili Vəkil xx.xx.2024-cü il tarixdə işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatətlə elektron kabinet vasitəsilə vəsatət təqdim etmişdir. Göründüyü kimi Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdən etibarən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olma imkanına malik olmuş, iş üzrə vəsatətlər və şikayət təqdim etmişdir, buna baxmayaraq qarşılıqlı iddia ərizəsi ilə xeyli sonra müraciət edilmişdir, qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Digər tərəfdən qarşılıqlı iddia ərizəsi verilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(005)- 1456/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar