Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4303/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, mənzil 44-də yerləşən 4 otaqlı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdehlər əvvəlki mülkiyyətçinin ailə üzvləri olduğundan həmin mənzilə istifadə hüququ əldə etmişlər. Lakin hazırda mülkiyyətçi dəyişdiyindən yeni mülkiyyətçi kimi iddiaçı MM-in 228.4-cü maddəsinə əsasən mülkiyyətçinin dəyişməsi əsası ilə onların istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi isə, həmin normanın tələblərini kobud şəkildə pozmaqla iddianı rədd etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin olunmalıdır. İş materiallarından görünür ki, mübahisə predmeti olan ünvan 1, 44 saylı mənzil əvvəlcə Cavabdeh4 mülkiyyətində olmuş, lakin o, 12.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mənzili İddiaçı satmış və əşya daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınmışdır. Müqavilənin 13-cü bəndinə əsasən, Cavabdeh4 30.09.2017-ci il tarixədək ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 də 12.08.2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələri ilə mənzilin satılmasına yazılı razılıq vermişlər. Buna baxmayaraq, cavabdehlər mənzildən qeydiyyatdan çıxmamışlar. Qeyd olunanlar iddia ərizəsi, AN-İ ******* nömrəli, 12.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində 12.08.2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələri, “Elektron notariat” X1 çıxarış və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, mübahisəli mənzil üzərindəki mülkiyyət hüququna istinad edərək, cavabdehlərin həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Mülki Məcəllənin 228.2-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinad edərək, mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı hüquqa xitam verilməsi üçün əvvəlcə həmin hüququn yaranması müəyyən edilməlidir. Hazırda isə cavabdehin yaşayış sahəsinə olan qeydiyyatı formal xarakter daşıdığından onun həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır və yaranmayan hüquqa xitam verilə bilməz. Kollegiya, bu mövqe ilə razılaşmayaraq, aşağıdakılara əsasən hesab edir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulmuş və düzgün tətbiq olunmamışdır. Belə ki, Cavabdeh4 mübahisə predmeti olan mənzilin əvvəlki mülkiyyətçisi, digər cavabdehlər isə onun ailə üzvləri olmaqla mənzildən istifadə hüququ (şəxsi servitut) olan şəxslərdir. Lakin həmin mənzil iddiaçıya satılarkən Cavabdeh4 aralarında bağlanmış alqısatqı müqaviləsinə əsasən, digər cavabdehlər isə özlərinin mənzilə istifadə hüququnun itilməsinə diar notarial qaydada təsdiqlənmiş yazılı razılıq vermişlər. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Beləliklə, Kollegiya, qeyd edilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, cavabdehlərin mübahisə predmeti olan mənzildə hər hansı hüququ qalmadığından iddia təmin olunaraq, cavabdehlərin həmin mənzilə istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1554/2021 saylı iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4303/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4303/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver