Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4305/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4 və tərcüməçi X5 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4664/2019 saylı mülki iş üzrə qəbul etdiyi 05 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 1, mənzil 15 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(005)- 4664/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər 04 avqust 1987-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 07 fevral 1987-ci il təvəllüdlü Məmmədzadə (Hüseynova) Elnarə Rafiq qızı anadan olmuşdur. 29 avqust 1995-ci il tarixli bağışlama müqaviləsinə əsasən Nərimanov Rayon İcra Hakimiyyəti “Mənzil fondunun özəlləşdirilməsi haqqında” xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Təbriz küçəsində yerləşən 1 saylı evin 15 saylı mənzilini İddiaçı əvəzsiz olaraq vermişdir. Tərəflər arasında olan nikah 24 iyun 2003-cü il tarixdə pozulmuşdur. 27 sentyabr 2003-cü il tarixli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Təbriz küçəsi, ev 1, mənzil 15-də 2 otaqdan ibarət sahənin 17.5 kv.m-dən ibarət bir yaşayış otağını, sahəsi 11,45 kv.m olan girişi və sahəsi 6,0 kv.m olan mətbəxi X1. 24 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən sahəsi 16,74 m² olan bir otaqlı mənzili 67600000 manata almışdır. Cavabdeh 2004-cü ildə həmin mənzili sataraq 02 oktyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 16,7 m² olan bir otaqlı mənzili 73500000 manata almışdır. Bundan sonra cavabdeh həmin mənzili də sataraq 09 dekabr 2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 17,92 m² olan bir otaqlı mənzili 24090 manata almışdır. 2013-cü ildə cavabdeh həmin mənzili də sataraq, 18 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,113235 ha torpaq sahəsində yerləşən və yaşayış sahəsi 44,9 m² yardımçı sahəsi 23,9 m², ümumi sahəsi 68,8 m² olan ünvan 4 ünvanında yerləşən bağ evini və torpaq sahəsini 20000 manata almışdır. Hazırda həmin bağ evi və torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İddiaçı bildirir ki, hazırda cavabdehin mülkiyyətində bağ evi və torpaq sahəsi olduğundan onun mübahisəli mənzildə istifadə hüququ itirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı cavabdehin mənzilə istifadə hüququnun itirilməsi tələbini irəli sürmüşdür. Həmin halı müəyyən etmək üçün cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərini, cavabdehin xx.xx.2000-ci il tarixdən əvvəl mübahisəli mənzildən istifadə etdiyini və həmin vaxt mənzilin dövlət fonduna aid olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Həmin maddənin tələblərinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddənin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Belə ki, o, iddiaçının ailə üzvü kimi və onun razılığı ilə həmin mənzildə yaşamış və bərabər hüquqlar, o cümlədən istifadə hüququ əldə etmişdir. Bununla yanaşı işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 4 və torpaq sahəsi hazırda Cavabdeh mülkiyyətindədir. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün cavabdehin mübahisəli mənzilə əmələ gəlmiş istifadə hüququnun hüquqi mahiyyətinə, onun saxlanılıb-saxlanılmamasına, əgər bu hüquq saxlanılmışdırsa ona kompensasiya verilmədən xitam olunmasının mümkünlüyünə qiymət verilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər... “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, həm Mənzil Məcəlləsinin 123-cü maddəsi, həm də Mülki Məcəllənin 228.5-ci maddəsi ilə yaranan istifadə hüququna kompensasiya verilməklə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar”. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ olsa belə, onun mülkiyyətində digər yaşayış sahəsinin olması ilə həmin istifadə hüququna kompensasiya verilmədən xitam verilmiş hesab olunur. Çünki cavabdehin yaşayış sahəsinə ehtiyacı aradan qalxmış olur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əks yanaşma kompensasiya institutunun tətbiqini əhəmiyyətsiz edir və mülkiyyət hüququnun əsassız olaraq həddindən artıq məhdudlaşdırılmasına səbəb olur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququnun itirilməsini tələb etməkdə haqlıdır. Ona görə də, iddia tələbləri təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4664/2019 saylı mülki iş üzrə qəbul etdiyi 05 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 1, mənzil 15 yaşayış sahəsinə istifadə hüququ itirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-4305/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4305/2020
09.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver