Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4306/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Fəxrətdin qızına qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(003)-325/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Fəxrətdin qızına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsi 1-ci dalanda yerləşən 14 H saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsi 1-ci dalanda yerləşən 14 H saylı ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh 30 noyabr 2017-ci ildə onun oğlu ilə ailə qurmuş, onun mənzilini qanunsuz zəbt etmiş, gizli yollarla onun mənzilinə qeydiyyata düşmüşdür. Cavabdeh hal-hazırda orada yaşamır. Göstərilənləri nəzərə alaraq, cavabdehin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsi 1-ci dalanda yerləşən 14 H saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(003)-325/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(003)-325/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququ olmadığına görə mövcud olmayan hüququn itirilməsi barədə iddia tələbi təmin oluna bilməz. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 12 iyun 2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsi 1-ci dalanda yerləşən 14 H saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına, evin yerləşdiyi torpaq sahəsi isə İddiaçı və X1 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 03 mart 2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh Fəxrətdin qızı 17 oktyabr 2019cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsi 1-ci dalan 14 H saylı evdə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə olunmuş Cavabdeh Fəxrətdin qızının qeydiyyata alınmasına əsas olan sənədlərin surətindən görünür ki, iddiaçının oğlu X2 08.10.2019-cu il tarixli ərizə ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə müraciət edərək arvadı Cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsi 1-ci dalan 14 H saylı evdə yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, Cavabdeh Fəxrətdin qızı İddiaçı ailə üzvü hesab edilmədiyindən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 dekabr 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi Nailə Rəhimovanın mübahisəli mənzilə qaynanası (mülkiyyətçi) Ülkər Rəhimovanın şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq həmin mənzildən istifadə hüququ əldə etməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanunsuz hesab etmişdir. Hazırkı işdə isə Cavabdeh fərdi yaşayış evinin mülkiyyətçisi olan İddiaçı nə yazılı, nə də şifahi razılığına əsasən mənzilə pasport qeydiyyatına düşməmiş, Cavabdeh həmin evə pasport qeydiyyatına düşməsinə razılığı evin mülkiyyətçisi olmayan İntiqam Hüseynov vermişdir. Beləliklə, Cavabdeh İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüququ olmadığına görə birinci instansiya məhkəməsi hazırkı iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı hazırkı iddianı qaldırmaqda məqsədi onun mülkiyyətində olan fərdi yaşayış evində pasport qeydiyyatında olan Cavabdeh qeydiyyatdan çıxarılmasına nail olmaqdır. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi Bakı şəhəri Xəzər RPİ-nin 12.08.2021-ci il tarixli məktubunun surətindən də görünür ki, iddiaçı müvafiq məsələ ilə bağlı Xəzər RPİ-yə müraciət etmiş, iddiaçıya məsələnin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(003)-325/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Bu qətnamə Cavabdeh Fəxrətdin qızının Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsi 1-ci dalanda yerləşən 14 H saylı evdən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4306/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4306/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver