Məhkəmə qərarları › İş №2(103)-431/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-431/2025

14.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-431/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi Nəriman Ramazanovun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərərə görə aylıq ödəncin məbləğinin yenidən hesablanması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1744/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər əmək münasibətində olmuş, iddiaçı cavabdeh təşkilatda “qazma qurğusu yuxarı fəhləsi” vəzifəsində işləmiş və 2009-ci ilin iyul ayında əmək vəzifələrini icra edərkən əmək xəsarəti almışdır. Buna görə iddiaçıya xx.xx.2010-ci ildə əlillik dərəcəsi təyin olunmuş, əlilliyin səbəbinin peşə xəstəliyi olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsi xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində və iş üzrə icraat zamanı verilmiş iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub: 1) peşə xəstəliyi nəticəsində sağlamlığa vurulmuş zərərə görə iddiaçıya verilən ödəncin məbləğinin yenidən hesablanması (xx.xx.2016-cı ildən etibarən iddiaçının müəssisədə işlədiyi vaxt tutduğu vəzifə üzrə hazırda mövcud olan əmək haqqı məbləği əsasında ABŞ dolları ilə) öhdəliyi cavabdehin üzərinə qoyulsun; 2) ABŞ dolları ilə hesablanmış orta aylıq əmək haqqı məbləğinin 80 faizi həcmində ödəncin AR Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manata çevrilməklə hər ay iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. 3.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. İddiaçı izahatında bildirmişdir ki, ona verilən aylıq ödəncin xx.xx.2016-cı ildən təshih edilməsini tələb edir, çünki onunla eyni vəzifədə işləyən şəxslərin əmək haqlarının artımı baş verib. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nəriman Ramazanov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı baş verməyib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.AR Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənin təqsiri üzündən baş vermiş peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 8.AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nın 3.5-ci bəndində qeyd olunub: “İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir”. 9.Göründüyü kimi, zərərə görə aylıq ödənclərin miqdarı o halda təshih edilir ki, işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı baş versin. Lakin belə artımın baş verdiyi müəyyən olunmur. Bundan başqa, əmək haqqı və onun artırılması əmək müqaviləsində göstərilir. Ona görə də apellyasiya icraatı zamanı cavabdeh təşkilatdan tələb edilmişdir ki, iddiaçı ilə eyni vəzifədə işləyən şəxslərin əmək müqavilələri və həmin müqavilələrə dəyişiklik edilməsi barədə müqavilələr məhkəməyə təqdim edilsin. Tələb olunan müqavilələr məhkəməyə təqdim edilmiş, lakin əmək haqqının miqdarında artımın baş verdiyi müəyyən olunmamışdır. 10.Apellyasiya icraatı zamanı mühasibat ekspertizası təyin olunmuş və ekspertin qarşısında göstərilən suallar qoyulmuşdur: 1) cavabdeh təşkilatda xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək olan dövrdə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı olubmu? 2) əgər göstərilən kütləvi artım olubsa, cavabdeh təşkilatda “qazma qurğusu yuxarı fəhləsi” vəzifəsində işləmiş iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək ödənilməli olan aylıq ödəncin miqdarının təshih edilməsi nəticəsində aylıq ödəncin miqdarı əmək qabiliyyətinin itirilmə faizinə nisbətdə nə qədər təşkil etməlidir və həmin ödənc üzrə xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək olan dövrdə ödənilməmiş qalan borcun məbləği nə qədərdir? 3) cavabdeh təşkilatda xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək olan dövrdə “qazma qurğusu yuxarı fəhləsi” vəzifəsində işləyən işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının artımı olubmu? 4) əgər göstərilən artım olubsa, cavabdeh təşkilatda “qazma qurğusu yuxarı fəhləsi” vəzifəsində işləmiş iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək ödənilməli olan aylıq ödəncin miqdarının təshih edilməsi nəticəsində aylıq ödəncin miqdarı əmək qabiliyyətinin itirilmə faizinə nisbətdə nə qədər təşkil etməlidir və həmin ödənc üzrə xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək olan dövrdə ödənilməmiş qalan borcun məbləği nə qədərdir? 11.Lakin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ekspertiza aparmaqdan imtina edib. Ekspertin bu barədə olan xx.xx.2025-ci il tarixli məlumatında qeyd olunub ki, Mərkəzə daxil olan sənədlərdə cavabdeh təşkilatda maaşların kütləvi artırılması barədə əmrin olmadığı bildirilib. Ekspert qarşısında qoyulmuş digər sulların, yəni 2-ci və 4-cü sualların cavablandırılması 1-ci və 3-cü suallarda göstərilən kütləvi maaş artımının olmasından asılı olduğu üçün, təqdim olunan sənədlərə əsasən kütləvi maaş artımı ilə bağlı əmrlər isə mövcud olmadığı üçün hazırkı iş üzrə tədqiqat aparılmadı. O cümlədən X1 Xidmətinin mütəxəssisinin də tədqiqata cəlb edilməsi təmin olunmamışdır. 12.Göründüyü kimi, cavabdeh təşkilatda maaşların kütləvi artırılması barədə əmrlər mövcud olmadığına görə ekspertiza tədqiqatı aparılmamışdır. 13.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 14.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1744/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar