Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4310/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 nümayəndəsi (vəkili) Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olduğunu, nikahdan 2 həftə əvvəl cehiz əşyalarını cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilə yerləşdirdiyini, nikahdan sonra həmin mənzilə köçüb orada yaşamağa başladığını və pasport qeydiyyatına alındığını, 2019-cu ildə cavabdehin onu mənzildən çıxardığını, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mənzilə istifadə hüququnun tanındığını və oraya köçürlməsinin qət edildiyini, cavabdehin törətdiyi maneələrə baxmayaraq mənzilə köçürüldüyünü, lakin cavabdehin mənzilin giriş qapısının kilidini dəyişdirməsi səbəbindən kirayədə yaşamağa məcbur qaldığını bildirmiş, buna görə də həmin mənzildən istifadə qaydalarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsı (vəkili) yazılı vəsatət verərək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, vəsatətini belə əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbi təmin edilmiş, İddiaçı 10 000 (on min) manat məbləğində kompensasiya ödənilməklə onun Bakı şəhəri, Yasamal rayonu, 3142-ci məhəllə, Mirəli Seyidov küçəsi, ev 19A, 65 saylı mənzilə istifadə hüququna xitam verilmiş, mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilən apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində xx xxxxx 2021-ci il tarixdə baxılacaqdır və hesab edir ki, həmin işə baxılmayana qədər hazırkı mübahisəyə baxılması mümkün deyildir. Birinci instansiya məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, işin icraatı Cavabdeh1 İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə baxılıb qurtaranadək dayandırılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzə baxılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsini düzgün tətbiq etməmiş, mənzil qanunvericiliyinin tələblərini pozmuş, mənzilə köçürülməsi barədə qanuni qüvvədə olan qətnamənin mövcudluğunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin icraatını Cavabdeh1 İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi”nə dair iddiasının digər məhkəmənin icraatında olması əsası ilə dayandırdığı zaman, həmin işlə özünün icraatında olan iş arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işin hallarından tərəflər arasındakı münasibətlərin xx.xx.2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimləndiyi aydın olur və iddiaçının cavabdehə məxsus mənzilə istifadə hüququnun məhz həmin qanunvericilik aktı əsasında yarandığı mübahisələndirilmir. Əksinə, cavabdeh ona qarşı irəli sürdüyü sözügedən tələblə, iddiaçının mənzildən istifadə hüququnun olduğunu etiraf etmiş, bu hüquqa xitam verilməsini istəmişdir. Bu o deməkdir ki, Cavabdeh1 sözügedən iddiasına baxan hakimin həmin iddianı rədd etməsi, yaxud Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən İddiaçı yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnu saxlayacağı ehtimalı mövcuddur; məhkəmə isə nə bunu, nə də iddiaçının mübahisəsi gedən mənzilə köçürülməsi barədə qanuni qüvvəsini almış qətnamənin mövcudluğunu nəzərə almamaqla özünün baxdığı məsələnin iddiaçının mənzildən istifadə hüququnun itirilməsi məsələsindən asılı olması nəticəsinə gəlməkdə səhvə yol vermişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “...Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.” Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının, istifadə hüququnun tanınması və köçürülməsi barədə qətnamə mövcud olan mənzildə istifadə qaydalarının müəyyənləşdirilməsi barədə tələbinə baxılması və hətta bu tələbin təmin olunması, onun “mənzildən istifadə hüququnun itirilməsi”nə dair iddiaya baxılmasından asılı edilə bilməz; eyni zamanda iddiaçının mənzilə köçürülməsi və mənzildən istifadə qaydalarının müəyyənləşdirilməsi gələcəkdə istifadə hüququna xitam verilməsinə maneə törətmir. Xüsusilə nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlir və iddiaçıya münasibətdə həmin hüququn müvəqqəti saxlanılması üçün Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan əsasların mövcudluğu ehtimalı onun mübahisəli mənzildən istifadə qaydasının müəyyənləşdirilməsi tələbinə təxirəsalınmadan baxılmasını zəruri edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1579/2021 saylı iş üzrə xx xxxx 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4310/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4310/2021
22.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver