Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4310/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair 2(006)-76/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı iddia edir ki, "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2006-cı il tarixli 549/06 saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə illik 15 faiz dərəcəsi ilə 12 ay müddətinə 101025 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı banka 7956,02 ABŞ dolları məbləğində faiz borcu qalmışdır.
2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.
a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçı bankın xeyrinə 7956,02 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə faiz borcunun və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2006-cı il tarixli 549/06 saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə illik 15 faiz dərəcəsi ilə 12 ay müddətinə 101025 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı banka 7956,02 ABŞ dolları məbləğində faiz borcu qalmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-76/2022 saylı iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X2)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbinin əsası kimi istinad olunan 07 iyul 2006-cı il tarixli 549/06 saylı kredit müqaviləsi və kassa məxaric orderi cavabdeh tərəfindən yox, həmin bankın Xaçmaz filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X3 tərəfindən imzalanmaqla saxta olduğundan, yəni cavabdehin iddiaçı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyi olmadığından, iddia tələbi rədd edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386.1 və 442-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, iddianı rədd edərkən həmin kredit müqaviləsi üzrə 29 sentyabr 2010-cu il tarixdə 139047 ABŞ dolları məbləğində kredit ödənilməsi aydınlaşdırmamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq olunan cinayət işi üzrə ekspert rəyinə istinad etmiş, ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra---MPM) 81 və 103.1-ci maddələrinin tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu, "xxxx" ASC-nin Xaçmaz filialı ilə 07 iyul 2006-cı il tarixli 549/06 saylı kredit müqaviləsini bağlamadığını və həmin kredit müqaviləsi üzrə banka hər hansı ödəniş etmədiyini bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər...Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmiş sorğuya cavab məktubundan və məktuba əlavə olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 11 aprel 2016-cı il tarixli 7040 saylı rəyindən görünür ki, "xxxx" ASC-nin pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi faktına görə həmin idarədə istintaq olunmuş cinayət işinin istintaqı zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2006-cı il tarixli 549/06 saylı kredit müqaviləsində “borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Ələsgərova” soyadı və onun qarşısındakı imza, bankdan 101025 ABŞ dolları məbləğində pulun götürülməsi barədə kassa məxaric orderində “borc alan” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən deyil, filialın kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X3 tərəfindən icra olunmuşdur. Göründüyü kimi, Cavabdeh iddiaçı bankla 07 iyul 2006-cı il tarixli 549/06 saylı kredit müqaviləsini imzalamadığına və bankdan kredit götürmədiyinə görə onun bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyi yaranmamışdır.
17. Bundan əlavə, iş materiallarından görünür ki, həmin kredit müqaviləsində kreditin məbləği 101025 ABŞ dolları, kreditin qaytarılma müddəti 12 ay, faiz dərəcəsi isə 15 faiz olmuşdur. Beləliklə, 07 iyul 2007-ci il tarixinə əsas kredit borcu ilə yanaşı banka (101025 x 0,15) 15153,75 ABŞ dolları məbləğində faiz borcu, cəmi isə 116178,75 ABŞ dolları məbləğində pul qaytarılmalı idi. İddia ərizəsinə əlavə olunmuş maliyyə arayışından görünür ki, həmin kredit müqaviləsi üzrə 17 aprel 2007-ci il tarixdə 1800 ABŞ dolları, 03 may 2007-ci il tarixdə 800 ABŞ dolları, 29 sentyabr 2010-cu il tarixdə 98425 ABŞ dolları olmaqla cəmi 101025 ABŞ dolları məbləğində əsas kredit borcu, 29 sentyabr 2010-cu il tarixdə 40621,91 ABŞ dolları məbləğində faiz borcu olmaqla həmin tarixə cəmi 141646,91 ABŞ dolları məbləğində faiz borcu ödənilmişdir. (i.v.23) Maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə faiz borcu 29 sentyabr 2010-cu il tarixinə qədər 15 faiz dərəcəsi ilə hesablanmışdır. Halbuki, həmin kredit müqaviləsi üzrə faiz borcu 07 iyul 2007-ci il tarixinə qədər 15 faiz dərəcəsi ilə, ondan sonrakı dövrdə isə 5 faiz dərəcəsi ilə hesablana bilərdi. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə ödənilməmiş 7956,02 ABŞ dolları məbləğində əsas faiz borcunu tələb edir. Göründüyü kimi, qeyd olunan kredit müqaviləsi üzrə banka faiz borcu artıqlaması ilə ödənilmişdir.
18. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, onu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə ödəmələr olsa da, o cümlədən sonuncu ödəniş 29 sentyabr 2010-cu il tarixdə edilsə də, həmin ödənişin məhz Cavabdeh tərəfindən edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
19. Birinci instansiya məhkəməsinin başqa iş üzrə alınmış məhkəmə xətşünaslıq ekspertizasının rəyindən hazırkı işdə sübut kimi istifadə etməsi, həmin sübutu digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, eyni məsələ barəsində başqa iş, o cümlədən cinayət işi üzrə alınmış ekspert rəyindən digər işdə sübut kimi istifadə olunmasına mülki prosessual qanunvericilikdə heç bir qadağa yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq olunan cinayət işi üzrə alınmış məhkəmə xətşünaslıq ekspertizasının 11 aprel 2016-cı il tarixli 7040 saylı rəyindən görünür ki, həmin rəy məhz "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2006-cı il tarixli 549/06 saylı kredit müqaviləsi və kassa məxaric orderi ilə bağlıdır. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı bankın nümayəndəsi həmin rəyin mötəbərliyinə şübhə doğuran hər hansı sübut təqdim etməmiş, hazırkı mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi olmasa da, bu sahədə xüsusi biliyə malik olan ekspertlər tərəfindən verildiyinə görə digər sübutlara nisbətən həmin sübutun mötəbərliyinə inam çoxdur.
20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apelllyasiya şikayəti təmin olunmamalıdır.
21. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-76/2022 saylı mülki iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.