Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4313/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsivəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh 13 saylı Dövlət Notariat Kontoruna qarşı (X5, X19 və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-818/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1-də yerləşən 54 saylı mənzilə dair 13 saylı Dövlət Notariat Kontorunda bağlanmış 4Ə/60 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilinə dair 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə/60 reyestr nömrəli alqısatqı müqaviləsi və xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunması, ünvan 1, 54 saylı mənzilə dair Maraqlı şəxs adına aparılmış qeydiyyat barədə çıxarış ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əaslandılrılmışdır ki, İddiaçı oğlu Quba rayon Notariat Kontorunda verilmiş 24 fevral 2017-ci il tarixli 2V/01207 reyestr nömrəli vəsiyyətnamə əsasında X6 vərəsəsidir. Həmin vəsiyyətnamə hal-hazıradək qüvvədədir. X20 xx.xx.2019cu il tarixdə vəfat etmişdir. Ona verilmiş vəsiyyətnamə əsasında vərəsəlik şəhadətnaməsinin alınması üçün Bakı şəhəri 30 saylı Notariat Ofisinə müraciət etmiş, həmin Notariat Ofisindən ona qanunvericiliklə müəyyən olunmuş müddəti ötürdüyünü bildirilmiş, buna görə də vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət etdikdən sonra həmin məhkəmənin 2(007)-1218/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş və 12 mart 2019-cu il tarixdə vəfat etmiş X2mış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ona münasibətdə uzadılmışdır. Eyni zamanda Məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, mərhum X1 başqa vərəsəsi yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsini yuxarıda qeyd etdiyi iş üzrə qəbul etdiyi qətnaməsi qanuni qüvvəsini almış, icra olunması üçün Bakı şəhəri 30 saylı Notariat Ofisinə göndərilmişdir. Notarius tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, mərhum X10 məxsus olmuş ünvan 6 mərhumun adına ilkin qeydiyyatdan keçmişdir. Həmin mənzil xx.xx.2019-cu il tarixdə, yəni X17 vəfat etdikdən bir gün sonra 13 saylı DNK-nın 4Ə/60 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X11 adına qeydiyyatdan keçmişdir. Bu əqdin mərhum X17 tərəfindən bağlanması mümkün deyildir. 13 saylı DNK-nın 4Ə/60 saylı reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş normalar kobud şəkildə pozulmuşdur Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilinə dair 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə/60 reyestr nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab olunması, ünvan 1, 54 saylı mənzilə dair Maraqlı şəxs adına aparılmış qeydiyyat barədə çıxarışın ləğv edilməsi qət olunmuşdur. Qətnamədən maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 54 saylı mənzil birbaşa onun mülkiyyətində olmağına baxmayaraq, məhkəmə işə birtərəfli qaydada, onun hüquqlarını pozaraq, qətnamənin nəticələrinin onun hüquq və mənafelərinə toxunduğunu nəzərə almadan, onu işə cəlb etmədən, ona bildiriş göndərilmədən, xəbərdar edilmədən ədalətsiz olaraq qətnamə qəbul etmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən 54 saylı mənzildə cəmi 1 ay kirayə qalmış, mənzilin sahibi olan X3 nə qohumluğu çatır, nə də ki, adıçəkilən şəxsə baxmamışdır. Alla Çebatareva tərəfindən tanımadığı, evində cəmi 1 ay kirayədə qalan şəxsə vəsiyyətnamənin verilməsi (həmçinin ölümündən cəmi 1 ay əvvəl vəsiyyətnamə vermişdir) də şübhə doğurur. Nəsimi Rayon Məhkəməsi iddiaçının iddia tələbini təmin etməklə, onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsini və onun vicdanlı alıcı olduğunu nəzərə almamış, nəticədə Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüququnu pozmuşdur. Apellyasiya baxışı zamanı iş üzrə X5, X19 və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən apelyator Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən onun iştirakını təmin edilməmişdir. Daha sonra qeyd etmişdir ki, o, mənzil axtarırmış və ona mübahisəli mənzilin olduğu həyətdə qonşular mənzilin satılmasına dair məlumat vermilşər. O, qalxıb mənzilə baxmış və bəyənmişdir. Sonra evdə fikirləşib evin yiyəsi Samirəyə zəng edib mənzili almaq istədiyini bildirmişdir. Samirə ona Qusarda olduqlarını demişdir. Onlar Qusara alqı-satqı etmək üçün getmişlər və alqı-satqı müqaviləsi bağlamışlar. Həmçinin, qeyd etmişdir ki, mənzil 5-ci mərtəbədə yerləşməklə və köhnə təmirlidir, mənzili 46000 manata almışdır, mənzili alarkən evdə kirayəçi yaşamış və onlar həmin kirayəçinin orada yaşamağa davam etməsi barədə razılığa gəlmişlər. Bir müddət sonra mənzil istismar sahəsində olarkən ona məhkəmə vasitəsilə qeydiyyatdan çıxarıldığını bildirmişlər. Sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmalarına baxmayaraq, cavabdehin nümayəndəsi və digər müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə müvafiq olaraq mübahisəli əmlakla bağlı alqı-satqı müqavilələri üzrə tərəfləri işə cəlb edərək məsələnin tam, hərtərəfli və obyektiv araşdırılmasına nail olmağa çalışmalı olduğu halda, bunu etməmiş, bu hal düzgün olmayan məhkəmə qərarının çıxarılması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsi, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll olunmasını, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan Quba regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən verilmiş vəsiyyətnamədən görünür ki, X17 ölən günədək ona məxsus olan bütün əmlakını (daşınar və daşınmaz əmlakını) ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət edir. Quba regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ilin 0081 saylı ilə qeyd edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 12 mart 2019-cu il tarixdə vəfat etmiş X2mış mirasın qəbul edilməsi üçün qanunla müəyyəndirilmiş müddət İddiaçı münasibətdə uzadılması qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 01 saylı ünvan 4 ünvanlandığı xx.xx.2020-ci il tarixli, **********20 saylı məktubundan görünür ki, ünvan 1, 54 saylı mənzil xx.xx.1995-ci il tarixdə X8 adına ilkin qeydiyyatdan keçmişdir. 45 saylı DNK-nın 4Ə/14 reyestr nömrəli xx.xx.2016-cı il tarixli renta müqaviləsinə əsasən X16 adına qeydiyyatdan keçmişdir. 45 saylı DNK-nın xx.xx.2016-cı il tarixli 3M-79 reyestr nömrəli renta müqaviləsinin ləğvi barədə sazişə əsasən X8 adına qeydiyyatdan keçmişdir. 13 saylı DNKnın 4Ə/60 reyestr nömrıli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir. Qusar rayon notariat ofisinin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. AN-İ №0577625 saylı 13 mart 2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, satıcı X17 tam mülkiyyət üzrə ona məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 42,5 kv/m olan mənzili alıcı X14 mülkiyyətinə verir. X14 ərizəsindən görünür ki, ünvan 5 43 min manata satılması barədə razılığa gəlmişdir. ƏMDK yanında DƏDRX-in № ******* saylı çıxarışından görünür ki, mərhum X10 məxsus olmuş ünvan 6 mərhumun adına ilkin qeydiyyatdan keçmişdir. X4 ərizəsindən görünür ki, ünvan 5 43 min manata satılması barədə razılığa gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya iddianın “13 saylı Dövlət Notariat Kontorunda bağlanmış 4Ə/60 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mərhum X10 məxsus olmuş ünvan 6 mərhumun adına ilkin qeydiyyatdan keçmişdir. Həmin mənzil xx.xx.2019-cu il tarixdə, yəni X17 vəfat etdikdən bir gün sonra 13 saylı DNK-nın 4Ə/60 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X11 adına qeydiyyatdan keçmişdir. Bu əqdin mərhum X17 tərəfindən və ya onun adından bağlanması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz Həmin Məcəllənin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. 4Ə/60 saylı reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, mübahisəli mənzil olan ünvan 6 ünvanında yerləşən mənzilin altı-satqısını həyata keçirərkən mərhum X8 adından etibarnamə üzrə nümayəndəsi X5 çıxış etmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən müqavilə bağlanan vaxtı mülkiyyətçi olan X17 vəfat etdiyindən onun adından verilmiş etibarnamənində hüquqi qüvvəsi olmamışdır. Belə olan halda X4 mərhum X8 adından alqı-satqı müqaviləsi bağlamaq hüququ olmamışdır. Ona görə də, kollegiya hesab edir ki, 13 saylı DNK-nın 4Ə/60 saylı reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Kollegiya iddianın “Qusar rayon notariat ofisinin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etbarsız hesab olunmasına” dair hissəsinə qiymət veərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllə nəzərdə tutur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5). Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140). Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Baxılan iş üzrə üçüncü şəxs Maraqlı şəxs mübahisəli mənzili əldə edərkən həmin əmlak dövlət reyestrində X15 adına qeydə alınmışdır. Sonuncular arasında xx.xx.2020-ci ildə alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrə qeydə dair etiraz daxil edilməmişdir. İş materiallarında Maraqlı şəxs vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Bundan başqa X15 adına olan birici alqı-satqı müqaviləsi mülkiyyətçi olan X8 vəfat etdiyi günün səhərisi bağlanmışdır. Maraqlı şəxs ilə isə müqavilə daha uzun müddətdən sonra yəni təxminən 1 ildən sonra bağlanmışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisəli mənzilə dair X19 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia əsassız olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Kollegiya, həmçinin, hesab edir ki, X19 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia əsasız hesab olunduğundan, həmin alqı-satqı müqaviləsi əsasında sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsinə dair məsələyə qiymət verilməsinə ehtiyac qalmır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 358, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-818/2021 saylı iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilinə dair 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə/60 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Qalan hissələrdə iddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4313/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4313/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver