Məhkəmə qərarları › İş №2(103)-4313/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4313/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4313/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır, dövlət rüsumu az ödənilmişdir) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-106/2025 saylı, 18 aprel 2025ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan ünvan 1 ünvanında yerləşən 64.35 kv.m. qeyri-yaşayış sahəsinin 29 iyun 2021-ci il tarixindən təhvil verildiyi tarixədək hər ay üçün əldən çıxmış fayda olaraq 2.252.25 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-106/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MTK-dan əldən çıxmış faydaya görə 78390 manat, mənəvi zərərə görə 2000 manat olmaqla, cəmi 80390 (səksən min üç yüz doxsan) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, Qiymətləndirmə tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

3. Cavabdeh MTK tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.

Tətbiq edilən hüquq normaları:

4. “X6” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsində qeyd edilir ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. 5.Qanunun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir.

6. Mülki Prosessual Məcəllənin 113-cü maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir.

7. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

8. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

9. Mülki Prosessual Məcəllənin 363.1.2-ci madəsində qeyd edilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

10. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.

12. Belə ki, işdən görünür ki, iddiaçının iddia ərizəsi üzrə yekun tələbi xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əldən çıxmış faydanın, mənəvi zərərə görə 15000 manat məbləğində pulun tutulması və illik inflyasiya faizinin nəzərə alınmasından ibarətdir. 13.Birinci instansiya məhkəməsinin qətnaməsi ilə qeyd olunan dövr üzrə əldən çıxmış fayda 78390 manat müəyyən edilmiş, iddiaçının mənəvi zərərin əvəzi qisməndə tələb etdiyi məbləğ isə 15000 manat olmuşdur. Belə olduğu halda iddia tələbi üzrə tələb olunan cəmi məbləğ 93390 manat təşkil edir. 14.Beləliklə, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan məbləğ 93390 manat təşkil edir. Bu halda iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 370,17 manat (120+83390x0,3/100=370,17) olduğundan, apellyasiya şikayətinə görə ”X6” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən 370,17 manatın 50%-i yəni 185,08 manat dövət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 50 manat dövlət rüsumu ödənilmişdir. 13 Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-106/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir.

14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-106/2025 saylı, 18 aprel 2025ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar