Məhkəmə qərarları › İş №2(103)-4314/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4314/2021

24.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4314/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil oğlunun, Cavabdehlər Cavabdeh3, X11 iştirakı ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh3, X14 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-352/21 saylı 02.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən cavabdehlər Cavabdeh3, X14 və Cavabdeh1 istifadə hüquqlarının itirilməsi, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzili boşaldaraq İddiaçı təhvil verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzil AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli 03.11.2017-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Lakin buna baxmayaraq cavabdehlər mənim mənzildə yaşamaqda davam edirlər. Halbuki, mənzil onun adına qeydiyyatdan keçdiyi gündən cavabdehlər oradan istifadə hüquqlarını itiriblər. Cavabdehlərin sözügedən mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Onlarla heç bir qohumluq əlaqəsı yoxdur və onlar iddiaçının xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşmışdır. Həmçinin, onların onun mənzilində qeydiyyatda qalması X5 həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onların razılığının alınması iddiaçı üçün əlavə problemlər yarada bilər. Cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, onlar həmin mənzili boşaldaraq iddiaçıya təhvil verməli, oradan çıxarılmalıdırlar. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh X18 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilmiəsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdeh X15, şikayətlə razılaşaraq təmin olunmasını xahiş edən Cavabdeh3, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçını və nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan 22.02.2016-cı il tarixdə Bakı şəhəri 2 saylı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikası, Naxçıvan şəhərində anadan olmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60,3 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1361 nömrəli reyestr kitabının 124367 nömrəli vərəqində 03.11.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, 06.06.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X6 cavabdehlər X7, X16, X2 və X20 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh X4 və X8 müştərək qaydada 84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı X6 xeyrinə tutulması, tələb üzrə tutma X19 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilinə - həmin mənzilin ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilməklə; X1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə - həmin torpaq sahəsinin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməklə; X1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.06 kv/m olan torpaq sahəsinə - həmin torpaq sahəsinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçı X6 borc tələbi ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ mülkiyyətçilərə qaytarılması, ipoteka predmetlərinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X25 və X3 həmin mənzildən və torpaq sahəsindən çıxmazsa, onların məcburi qaydada çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1039/2018 14.02.2018-ci il tarixli qərardadı ilə işə məhkəmədə baxılmalı olmaması səbəbindən işin icraatına xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4997/2018 saylı, 16.11.2018-ci il tarixli qətnaməsinə əsasən ilk iddia ərizəsi təmin edilmiş, qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tutulmalı olan 84.000 (səksən dörd min) ABŞ dolları kredit məbləği ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, A.Heydəroy küçəsində yerləşən 35 nömrəli evin 46 nömrəli mənzilə yönəldiməsi, həmin mənzil açıq hərrac vasitəsilə satılması, satışdan əldə edilmiş vəsait hesabına 84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borc İddiaçı ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 35 nömrəli evin 46 nömrəli mənzili açıq hərrac vasitəsilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi barədə" qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4997/2018 saylı, 16.11.2018-ci il tarixli qərardadının surətinə əsasən iddiaçılar X9 və X12 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi barədə" qarşılıqlı iddia ərizəsi iddiaçılar X10 və X17 münasibətdə baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2173/2019 saylı, 20.02.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.11.2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinə münasibətdə ləğv edilmiş, iddiaçılar Cavabdeh3, X9 və X12 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi barədə" qarşılıqlı iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2173/2019 saylı, 20.02.2019-cu il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.11.2018-ci il tarixli qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X14 qarşı “kredit tələbinin ipoteka predmetinə yönəldilməsi barədə” ilk iddiası baxılmamış saxlanılmışdır. Göründüyü kimi, mülki iş üzrə tərəflər arasında məhkəmə mübahisələri olmuş, yuxarıda qeyd olunmuş qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 35 nömrəli evin 46 nömrəli mənzilə dair İddiaçı adına mülkiyyət sənədi mövcuddur. Göründüyü kimi, mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmalarını tələb etsə də, cavabdehlər əmlakı boşaltmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu mad.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Həmin tarixli qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, mübahisəli əmlak artıq iddiaçının mülkiyyətində olduğundan mübahisəli mənzildən cavabdehlərin istifadə hüquqları itirilməlidir. Belə ki, cavabdehlər iddiaçıya münasibətdə “ailə üzvü” deyil, “digər ailə üzvü” statusuna malik olan şəxsdir. Bu baxımdan da cavabdehlər Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq “digər ailə üzvü” kateqoriyasına aid edilməli və bu səbəbdən onun həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar