Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4315/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1839/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı İB ilə Cavabdeh arasında 27 mart 2018-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AK- 1/27709 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. 1**********0290 nömrəli abonentin saldosundan görünür ki, Cavabdeh ünvanında xx.xx.2022-ci il tarixində Zenner G4T Smart tipli sayğac quraşdırılmışdır. Saldoya görə cavabdehdə 2022-ci il üçün 2131 manat borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçınə olan debitor borcuna görə (sayğac vasitəsilə istifadə) 1981,25 manat pulun və 39,82 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 2021,07 manat pulun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 789/2023 saylı qərardadından görünür ki, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş ərazi adiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz" İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AK-1/27709 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0290 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4T markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Yuxarıda bəhs edilən müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən qaz sayğaçının göstəricisinə əsasən hesablanmış qazın dəyərini tamam ödəmək istehlakçının vəzifəsidir. Belə ki, Azəriqaz İBnın əməkdaşları tərəfindənll aprel 2022-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 31029 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi 2131,25 manat məbləğində müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. 2022-ci ilin may ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh cəmi 150 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu və Gazrep üzrə ümumi 1981,25 (bir min doqquz yüz səksən bir manat 25 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
6. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1839/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 200 (iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 4 (dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilə münasibətləri olmuş və müqavilə üzrə tərəflərin yuxarıda göstərilən hüquq və vəzifələri olmuşdur.(bax 11-13 bənd). Tərəflər arasında 2020-ci ilin fevral ayınadək olan və 2022-ci ilin aprelin ayından sonrakı dövr üçün qaz sərfi və ödənişlərə görə hər hansı mübahisə yoxdur. Belə ki, qaz sayğacı smart kart tipli olmuş və yüklənən vəsait həcmində qazdan istifadə edilmişdir. Lakin mübahisələndirilən dövrə aid, yəni 02.20xx-xx.2022-ci illər ərzində cavabdeh cəmi 50 manat ödəniş etməklə 2 il ərzində qazdan istifadə etmiş və sonradan müəyyən edilmişdir ki, həmin müddətdə sərf edilən qaz qeydə alınmamışdır. Məhkəmə işin hallarına, tərəflərin etirazlarına mülki hüquq münasibətlərinin subyektlərinin vicdanlı olmaları prinsipindən yanaşaraq hesab etmişdir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, əvvəla paylayıcının qaz sayğacını öz hesabına təmir etdirmək, işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək vəzifəsi olsa da, 2 il ərzində qaz sayğacına baxış keçirməmiş, hətta ümumiyyətlə texniki baxış keçirdib-keçirtməməsi müəyyən edilməmişdir. Bununla yanaşı qaz sayğacı düzgün işləməsə belə istehlakçının hər hansı ödəniş etmədən qazdan istifadə etməsi mübahisə doğurmur. Hər bir halda istehlakçı 2020-ci ilin fevral ayından əvvəl mütəmadi olaraq ödənişlər etmişdirsə və bundan sonra o, qazdan istifadə etməsinə baxmayaraq 2 il ərzində hər hansı ödəniş etməmişdirsə, onu təqsirli olmasa belə, öhdəliyini vicdanla həyata keçirmək vəzifəsindən azad etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğacın işləmədiyi müddətdən əvvəl, yəni 2019-cu ildə istehlakçı orta hesabla illik 400 manat dəyərində qaz istifadə etmişdir. Odur ki, sayğacın işləmədiyi iki il üçün istehlakçının sərf etdiyi qazın həcmi 800 manat məbləğində qiymətləndirilməli və istehlakçının ödədiyi 600 manat vəsait nəzərə alınmaqla qalıq borc ondan tutulmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1, 4.8, 5.1, 5.2, 5.4, 5.5-ci maddələri, Mülki Məcəllənin 5.3, 425.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2., 119.1, 217.4, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1839/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, qeyd olunan 1981,25 manat məbləğində borc sayğac vasitəsilə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəridir. Belə ki, istehlakçının ünvanında quraşdırılmış elektron (əvvəlcədən ödənişli) qaz sayğacına xx.xx.2022-ci il tarixində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan sayğacda texniki nasazlıq baş vermiş və bunun da nəticəsində sayğac istifadə edilən qaz sərfiyyatını qeydə alsa da klapanı bağlanmadığı üçün (sayğac mənfiyə işlədiyi üçün) istehlakçı tərəfindən ödəniş aparılmadan təbii qazdan istifadə olunmuşdur. Bu səbəbdən də həmin tarixdə istehlakçının sayğacı yenisi ilə əvəz edilmiş və bununla bağlı ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Tərtib edilmiş aktda sayğacın mənfiyə işlədiyi, həmin tarixə elektron göstəricisinin 31029.6 m3, mexaniki göstəricisinin 31029 m3 qaz sərfiyyatı olduğu qeyd olunmuş və aktı istehlakçı Cavabdehözü şəxsən imzalamışdır. Daha sonra aktda qeyd olunan məlumatlarla elektron bazada olan məlumatlar qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, əvəzlənən sayğac üzrə istehlakçı tərəfindən cəmi 20600 m3 qaz sərfiyyatının dəyəri ödənilmişdir. Qeyd olunan göstəricilər arasındakı fərq 10429 m3 (31029- 20600=10429) təşkil edir ki, həmin sərfiyyatın da dəyəri istehlakçı tərəfindən ödənilməmişdir. Bu səbəbdən də sayğac vasitəsilə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 10429 m3 qaz sərfiyyatının dəyəri aşağıdakı kimi hesablanmışdır: 2017- 2020-ci illər ərzində qüvvədə olmuş tariflərə uyğun olaraq istehlakçının dəyəri 0,10 manatla hesablanmalı olan cəmi 1700 m3 limiti qalmışdır və hesablama aparılan zaman həmin sərfiyyat 0,10 qəpiklə hesablanmışdır (1700 m3 x 0,10 =170 manat; 2022-ci ildə qüvvədə olan tariflərə uyğun olaraq hesablama zamanı 1200 m3 qaz sərfiyyatının dəyəri 0,12 qəpiklə (1200 m3 x 0,12 = 144 manat), 1300 m3 qaz sərfiyyatının dəyəri 0,20 qəpiklə (1300 m3 x 0,20 = 260 manat) hesablanmışdır; Yuxarıda qeyd olunan sərfiyyatlar dəyəri ödənilmədən istifadə edilmiş 10429 m3-dan çıxılmış və qalan 6229 m3 (10429-1700-1200- 1300=6229 m3) sərfiyyatın dəyəri qüvvədə olan tariflərə uyğun olaraq 0,25 qəpiklə hesablanmışdır (6229 m3 x 0,25 = 1557,25 manat); Hesablamanın yekunu olaraq ödəniş edilmədən istifadə edilmiş qaz sərfiyyatının dəyəri 2131,25 (170+144+260+1557,25=2131,25) manat müəyyən edilmişdir. Göründüyü kimi qeyd olunan məbləğ cavabdeh tərəfindən dəyəri ödənilmədən sayğac vasitəsilə istifadə edilmiş təbii qazın dəyəridir. Ödəniş edilmədən sayğac vasitəsilə istifadə edilmiş qaz sərfiyyatının dəyəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarı təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən deyil, sırf Tarif Şurasının müəyyən etdiyi qüvvədə olan tariflərə əsasən hesablanmışdır. Həmin məbləğ sırf sayğac göstəricisi əsasında hesablanmışdır. Lakin məhkəmə göstərilənləri nəzərə almamış, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbini tam təmin edərdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz ünvanlanmış, etiraz onunla əsaslandırılmışdır ki, bütövlükdə bu hadisənin baş verməsinə əsas və yeganə səbəb dövlət yoxlamasından keçməmiş, sazlığı və düzgün işləməsi təsdiq edilməmiş, qanunla istismarı qadağan edilmiş, istismarda olduğu 7 ildə bir dəfə də olsun texniki baxış keçirilməmiş yararsız sayğac və bu zaman ona cavabdeh olan İddiaçı İB-nin Qanunun 6, müqavilənin isə 9 bəndinin tələblərini kobudcasına pozması, vəzifələrini yerinə yetirərkən məsuliyyətsizlikləri, səhlənkarlıqları və özbaşınalıqları səbəb olmuşdur və təəssüf ki, bunların da daim cəzasız qalmasıdır. Bir ilə 2 dəfədən artıq ağılasığmaz borc necə yarana bilər və onun yaranmasının mümkün səbəblərini uzun müddət qaz sahəsində işləmiş və hal-hazırda da işləyən təcrübəli mütəxəssislərlə ətraflı müzakirə etdikdən sonra bunun yaranmasının yeganə mümkün ehtimalı kimi xarab olub sıradan çıxmış sayğacda və ya xətdə qaz sızmasının olduğunu göstərdilər. Çünki sayğac bayırda, fasadda tam açıq havada 2,5 metr hündürlükdə quraşdırıldığı üçün onlar hunu heç cür hiss edə bilməzdilər. Onda başqalarına nisbətən həqiqətə uyğun gələn bu ehtimaldan belə çıxır ki, bu izahı tapılmayan və heç bir məntiqə sığmayan borc məsələsi 2 ildə çöldə qazın fasiləsiz olaraq açıq havaya sızması nəticəsində də yarana bilərdi. Bunu isə tapıb, müəyyən edib, aktlaşdırıb rəsmi olaraq elan etmək, etiraf etmək İddiaçı İB-nə həm təhlükəsizliyə nəzarət etmədiklərinə görə, həm də maddiyata görə heç cürə sərf etmir. Bunun ən yaxşı və asan yolu borc kimi yazıb istifadəçini şərləməkdir. Ona indi aydın olur ki, niyə xarab olmuş sayğacı tələsik büküb heç bir baxış keçirmədən, heç bir akt tərtib etmədən apardılar və 3 gün qabaq həmin işçilər sayğacın və xəttin yanında 40 dəqiqəyə nə işlər görüblər.
b) Proses iştirakçılarının izahatı
12. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, sayğac 2015-ci ildə qoyulub və 5 ilə 2500 manat yazıb. 5 ilə 2500 yazılıbsa, 2 ilə necə 2135 manat yazıla bilər? İddiaçı tərəf onun sayğacını açmamışdan əvvəl 40 dəqiqə balkonda olublar. Yoldaşı özü xəstədir və buna görə qapını açıq qoyur. Belə çıxır ki, qaz sızması var. 8 ildə bir dəfə də qazı yoxlamayıblar. Qaz borusu 3 metrdən çox evə girə bilməz. Savadsız usta onu girişdən qoyur. Əgər tez-tez baxış keçirsələr qazla bağlı problem olmaz. O qaz plitəsini dəyişməyib, qaz turbasını dəyişməyib necə bu qədər yazıla bilər? Hər dəfə qaz sızması ilə bağlı evdə müşahidə keçirilməlidir.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
15. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
16. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
17. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
18. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.
20. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. (Bənd 4.6) Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. (Bənd 4.7)
21. Həmin Qaydaların 4.8-ci bəndində qeyd edilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin rədd edilən hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin rədd edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. İddiaçı "Azəriqaz” İstehsalat Birliyi hazırkı iddiasında "Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış borcdan ödənilməmiş qalan 1981,25 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
28. Məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı "Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında 27 mart 2018-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AK-1/27709 saylı müqavilə bağlanmışdır.
29. İddiaçının iddiasına görə 2022-ci ilin aprel ayında istehlakçının iştirakı ilə ona məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 31029 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini təşkil edən 2131,25 manat məbləğində pulun ödənilmədiyi müəyyən edilmişdir və bu hal xx.xx.2022-ci il tarixli, ******* saylı aktla rəsmiləşdirilmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndində qeyd edilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
31. Qeyd edilməlidir ki, işləki vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı - Cavabdeh tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir.
32. Göründüyü kimi, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğacın saz vəziyyətdə saxlanılması üçün məsuliyyəti "Azəriqaz” İstehsalat Birliyi daşıdığı halda, bu tələb onun tərəfindən yerinə yetirilməmişdir.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sayğacın işlək vəziyyətdə olmadığı dövr üçün sərfiyyat olaraq hesablanmış 2131,25 manat borcdan qalan 1981,25 manat pulun cavabdehdən tutulması əsassızdır.
34. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndində qeyd edilir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
35. İş materialları ilə müəyyən edilir ki, sayğacın işləmədiyi müddətdən əvvəl, yəni 2019cu ildə istehlakçı orta hesabla illik 400 manat dəyərində qaz istifadə etmişdir. Belə olan halda sayğacın işləmədiyi 2 il – 2020-ci ilin fevral ayından 2022-ci ilin aprel ayına kimi istehlakçının sərf etdiyi qazın dəyəri 800 manat məbləğində qiymətləndirilməlidir.
36. İş materiallarının araşdırılması zamanı həmçinin o da müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehin 2131.25 manat borcundan hissə hissə tutulmalar aparılmaqla 600 manat çıxılmışdır.
37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı hesabına 200 manat (800 – 600) məbləğində pul vəsaitinin tutulmalı olması ilə bağlı düzgün qənaətə gəlmişdir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
40. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1839/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev