Məhkəmə qərarları › İş №2(103)-4315/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4315/2025

19.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4315/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, əvvəlki iş yerinə- İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunması və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ali təhsilli müəllimə olan iddiaçı iş fəaliyyətinə 1979-cu ildə İmişli şəhər 4 saylı orta məktəbdə müəllim kimi başlamış, həmin məktəbdə 10 il işləmiş, xx.xx.1989-cu il tarixdə isə İmişli şəhər 2 saylı uşaq bağçasına müdir təyin edilmişdir. İşlədiyi müddətdə iddiaçı əmək və icra intizamına ciddi riayət etmiş, heç bir intizam tənbehi almamışdır. Əksinə əmək fəaliyyəti dövründə ona “Qızıl Qələm” media mükafatı laureatı, “Xan qızı Natəvan” mükafatı fəxri diplomu, “Abdulla Şaiq mükafatı” fəxri diplomu, “Zirvə” fəxri diplomu verilmişdir. ”Qarabağ Azərbaycandır” layihəsinə görə iddiaçı “Xarı Bülbül” medalına layiq görülmüş, dəfələrlə “İlin ən yaxşı bağça müdiri” fəxri diplomunu almışdır. 15-dən artıq fəxri diplom, fəxri fərman və sertifikatları var. 3 kitab müəllifidir. Dəfələrlə mətbuatda elmi-publisistik yazıları dərc edilib. Buna baxmayaraq cavabdeh Nazirliyin xx.xx.2023-cü il tarixli, 3-29/3-1-626 K/2023 saylı əmrə əsasən iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) xitam verilmişdir. Hesab edir ki, onun işdən azad edilməsi barədə əmr yuxarıda sadalananlara əsasən tamamilə qanunsuz və əsassızdır, çünki ona münasibətdə yaş həddi, bununla da “Əmək müqaviləsinin” müddəti uzadıla bilərdi. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat

3. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatında göstərmişdir ki, o, hər zaman işində məsuliyyətli olmuş, işini sevmişdir. İşlədiyi dövrdə işində problem olmamışdır. Hazırda da işləməyə həvəslidir. Qanunla müqavilənin müddətinin uzadılmasına yol verildiyi halda, cavabdeh bunu etməmişdir. 65 yaşına 1 ay qalmış qanunsuz olaraq ona töhmət verilmişdir. Göstərdiklərinə əsasən, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh Nazirliyinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, iddiaçının 65 yaşı tamam olmuşdur. Əmək qanunvericiliyində isə 65 yaşı tamam olmuş şəxsin hər bir halda müqavilə müddətinin artırılmasını nəzərdə tutmur. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı yuxarıda qeyd olunan halların işçidə öz əksini tapması zəruridir. Belə ki, iddiaçı bu xüsusiyyətlərin hər birini özündə birləşdirdiyi və həmin işçiyə ehtiyac olacağı təqdirdə işəgötürən tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı, cavabdeh Nazirliyin həmin qərarın icrası ilə bağlı əmri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla iddiaçı ilə 1 il müddətinə əmək müqaviləsi bağlana bilərdi. Həmçinin iddiaçının fəxri diplomlarının, mükafatlarının və sertifikatların olması kimi halların mövcudluğu yuxarıda sadalanan tələblərin pozulması üçün əsas deyil. Bununla belə iddiaçının uzun illər bağça müdiri işlədiyi dövrdə heç bir əmək və icra intizamını pozmaması, işlədiyi müddətdə uşaq bağçasında və təhsil sahəsində keçirilmiş tədbirlərdə yaxından iştirak etməsi, cavabdeh Nazirlik tərəfindən keçirilmiş ixtisasartırma kurslarında və təlimlərdə iştirak edərək müvafiq sertifikatlar alması, işlədiyi kollektivdə hörmət və nüfuza malik olması onunla yeni əmək müqaviləsi bağlanması, o cümlədən cavabdeh Nazirliyin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlar isə iddia tələbinin əsassız olmasına dəlalət edir. Bundan başqa, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, əmək qanunvericiliyində çalışmanın yaş həddinə çatmış işçisinin müqaviləsinin müddətinin uzadılması işəgötürən üçün imperativ norma olaraq nəzərdə tutulmamışdır. Bununla yanaşı, əmrin özü və ya əmrdən çıxarış iş materiallarına əlavə edilməsə də, lakin işdə olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Mil-Muğan regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-41/3-1-161K/2023 saylı əmri ilə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilən tələblərə cavab verən işçi olmamaqla yanaşı, onun haqqında son 1 ildə intizam tənbehi tədbiri tətbiq edilmişdir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbləri əsassızdır. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı ilə bağlanılmış “Əmək müqaviləsi” müddətsiz bağlanılmışdır. İddiaçı müddətin uzadılması barədə ərizə göndərsə də, Nazirlik bunu nəzərə alınmamışdır. Ona əvvəllər verilmiş töhmət barədə isə iddiaçının heç bir məlumatı olmamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verilmiş izahatlar barədə məlumat

9. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.

10. Cavabdeh Nazirlik apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

11. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur (hazırda iddiaçının 67 yaşı var).

14. Cavabdeh Nazirliyin 3-29/3-1-62b/c/2023 saylı xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, həmin əmr, İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri olan iddiaçının xx.xx.2023-cü il tarixdən (həmin tarixdən 2 gün əvvəl iddiaçının 65 yaşı tamam olmuşdur) tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsi ilə bağlı verilmişdir.

15. İddiaçının adına olan “Əmək kitabçasından” görünür xx.xx.2023-cü il tarixdə əmr verilmişdir ki, İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri olan iddiaçı xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilsin.

16. X3 Xidməti X1 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyinə göndərilmiş sorğuya verilmiş cavab məktubuna və əlavə edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, iddiaçı xx.xx.2000-ci tarixli müddətsiz əmək müqaviləsi əsasında Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli şəhər 2 saylı uşaq bağçasına müdir vəzifəsinə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-1-626K/2023 saylı əmri ilə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. İddiaçının müraciətinə aydınlıq gətirilməsi üçün iddiaçı o, xx.xx.2023-cü il tarixli məktubla X1nə dəvət olunmuş, lakin şöbəyə gəlməmişdir. İddiaçı ilə yaradılmış telefon əlaqəsi zamanı müəyyən olunmuşdur ki, iddiaçının əsas tələbi əvvəllər işlədiyi İmişli şəhər 2 saylı uşaq bağçasına müdir vəzifəsinə qaytarılması və onunla yenidən əmək müqaviləsinin bağlanmasıdır. Bununla bağlı iddiaçıya izah edilmişdir ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid edilmişdir və həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir.

17. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatının xx.xx.2024-cü il tarixdə iddiaçıya ünvanlandığı cavab məktubu ilə iddiaçıya bildirilmişdir ki, iddiaçının müdir işlədiyi İmişli şəhər 2 saylı Uşaq bağçasında Mil-Muğan regional Təhsil idarəsi tərəfindən xx.xx.2023-cü il tarixində monitorinq aparılmışdır. Monitorinqin nəticəsi olaraq iddiaçının əmək funksiyasını keyfiyyətsiz yerinə yetirilməsi müəyyən edilmiş və Mil-Muğan regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İddiaçı çalışmasının yaş həddinə çatdığına görə o, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

18. Göstərilənlərə əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə iddiaçının 65 yaşa çatması ilə əlaqədar onunla bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən və 70-ci maddəsinin “e” bəndində nəzərdə tutulmuş qaydada, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması əsası ilə əmək müqaviləsinin müddətinin qurtarmasına görə cavabdeh Nazirliyin xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdən xitam verilməsi qərara alınmışdır.

19. İddiaçı bu əmrlə razılaşmayaraq, onunla bağlanmış “Əmək müqaviləsinin” hər il 1 il olmaqla uzadılmalı olması qənaətinə gəlir və onun “Əmək müqaviləsinə” xitam verilməsinin əsassız olduğunu hesab edir.

20. Qeyd edilənlərə münasibətdə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir (maddə 10-1.1.). Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir (maddə 10-1.2.). Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər (maddə 10-1.3.). Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz (maddə 10-1.4.). Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır (maddə 10-1.5.). Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir (maddə 10-1.6.).

21. Əmək Məcəlləsinin 11-ci maddəsinə görə, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək (bənd “a”.); bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (bənd “b”.); işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək (bənd “c”.); işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək (bənd “ç”.); işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək (bənd “d”.); işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək (bənd “e”.); bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək (bənd “ə”.); əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək (bənda “f”.); əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək (bənd “g”.).

22. Əmək Məcəlləsinin digər tələblərinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (maddə 42., hissə 1.). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər (maddə 68., hissə 1.). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir (maddə 68., hissə 2., bənd “b”.). Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70., bənd “e”.).

23. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli əmrinin 4-cü bəndinə görə, Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı aşağıdakı meyarları nəzərə alınması nəzərdə tutulmuşdur. Bunlar:- son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya elmi adının olması; dövlət təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması; müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarına görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları: Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır:- Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması; Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması; Dövlət mükafatı laureatı olması.

25. Göründüyü kimi Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli əmrinin 4-cü bəndinə əsasən son bir il ərzində iddiaçı barəsində tənbeh tədbirinin tətbiq edilməməsi şərti ödənməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi (bax: hazırkı qətnamənin 17-ci bəndinə) əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinizə görə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Töhmət iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

26. Bundan başqa qeyd olunmalıdır ki, əmək qanunvericiliyində çalışmanın yaş həddinə çatmış işçisinin müqaviləsinin müddətinin uzadılması işəgötürən üçün imperativ norma olaraq nəzərdə tutulmamışdır. Bu məsələ dövlət orqanının diskresion səlahiyyətidir (seçim hüququdur).

27. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi eyni əsaslar ilə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi

28. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. Buna görə də şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh Nazirlik hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz, iddiaçı isə kassasiya şikayəti vermək hüququna malikdir.

31. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar