Məhkəmə qərarları › İş №2(103)-4316/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4316/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4316/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və qeyrisinə (Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “icra qeydinin ləğv edilməsi” ) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-559/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə və "xxxx" BOKT MMC-yə qarşı Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü çəxs qismində cəlb olunmaqla, icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu X2 tərəfindən cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə aparılan 21 fevral 2022-ci il tarixli, 8İ-1731 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-559/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, borcun mübahisəli olması ilə bağlı iddiaçının dəlilinə hüquqi qiymət verərkən məhkəmə qeyd etmişdir ki, “...Nazirlər Kabinetinin qərarından görünür ki, borcun mübahisəsiz olması tərəflər arasında notarial qaydada bağlanmış müqavilənin olması ilə təsdiq edilir...”. Məhkəmə bununla maddi hüquq normasının tətbiqində səhvə yol vermiş və Nazirlər Kabinetinin qərarının müddəalarını səhv təfsir etmişdir.

4. Belə ki, borcun mübahisəsizliyi notarius tərəfindən tələbkarın tələbinin Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

5. Həmin siyahının İİ hissəsinin 2-ci bəndinə müvafiq olaraq kreditorlar tərəfindən kredit müqaviləsi üzrə icra qeydi almaq üçün aşağıdakılar təqdim olunmalıdır: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.

6. Göründüyü kimi, tələbkarın tələbinin düzgünlüyünü müəyyən etməyə imkan verən və təqdim edilməsi qanunvericiliyə əsasən məcburi olan sənədlər tələbkar tərəfindən notariusa təqdim edilməmiş, notarius isə səthi yanaşaraq yoxlama aparmadan icra qeydi vermişdir.

7. Notarius verdiyi icra qeydində səlahiyyətini aşaraq qanunveriiciliyin ona verdiyi hədlərdən kənara çıxmışdır. Belə ki, hazırkı işdə tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilərək sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi göstərilmişdir. xx.xx.2022-ci il tarixdə icra qeydi verən notarius ödənişin hansı hissədə gecikdirilməsini müəyyən etmədən ödəniş vaxtı çatmamış bütün borc üçün icra qeydi vermiş və bununla da qanunvericiliyin yuxarıda qeyd olunan imperativ göstərişini pozmuşdur. Yəni, notarius icra qeydində xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə vaxtı çatmamış ödənişlər barəsində də icra qeydi aparmaqla səlahiyyət hədlərindən kənara çıxmışdır.

8. İcra qeydi aparılarkən ipoteka predmetinin satış üsulu ilə bağlı qanunvericiliyin və müqavilənin tələblərinə əməl edilməməsi barədə iddia tələbinin dəlilinə məhkəmə hüquqi qiymət verməmiş, buna görə də tətbiq edilməli olan maddi hüquq normalarını mübahisəyə tətbiq etməmişdir.

9. İddia tələbini rədd edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, “...iddiaçı icra qeydinin aparılması barədə məlumatının olmamasını onunla əsaslandırır ki, bildirişləri özü deyil, həyat yoldaşı almışdır. Hazırda nikahları davam etsə də, münasibətləri pisdir. Buna görə də icra qeydinin aparılmasından məlumatsız olmuşdur...”. İcra qeydinin aparılması barədə bildirişlərin iddiaçının həyat yoldaşı tərəfindən alınması barədə məhkəmənin müəyyən etdiyi hal iş materialları ilə sübuta yetirilmir. Nə iddia ərizəsində, nə məhkəmə iclaslarında, nə də ki, təqdim edilən digər ərizələrdə məhkəməyə iddiaçı tərəfindən belə bir məlumat verilməmişdir. İddiaçı məlumatının olmamasını, bu barədə hər hansı bildiriş almadığını və iş materiallarında olan qaimədəki “Quliyeva” soyadının və imzanın onun həyat yoldaşına və digər ailə üzvlərinə aid olmadığını israrla bildirmişdir.

10. Tərəflər arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin 9.2-ci bəndində ipoteka predmetinin satış üsulu olaraq göstərilmişdir ki, “ ... “İpoteka haqqında” Qanunun 38.2-ci maddəsinə əsasən açıq bazar (seçilmiş üsuldan asılı olaraq) ipoteka predmeti bu qaydada satılmadığı halda məcburi icra tədbirləri çərçivəsində hərrac vasitəsi ilə özgəninkiləşdiriləcək...”

11. Həmin müqavilənin 9.4-cü bəndində qeyd edilmişdir ki , “... ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs: tərəflərin razılığı ilə ipoteka saxlayan, ipoteka qoyan və üçüncü şəxs ola bilər...”

12. Cavabdeh "xxxx" BOKT MMC isə kredit b orcunun tutulması üçün tədbirlər görərkən müqavilədə razılaşdırıldığı halda ipoteka predmetinin satış üsulu ilə bağlı ardıcıllığı pozmuş, əmlakın açıq bazar üsulu ilə satılması üçün “İpoteka haqqında” Qanunun 38.2-ci maddəsinə uyğun olaraq notariusa müraciət etmədən, eləcə də müqavilənin 9.4-cü bəndinə uyğun olaraq ipoteka predmetinin ipoteka qoyanın özü tərəfindən açıq bazar üsulu ilə realizə edilməsinə şərait yaratmadan, bir sözlə mübahisənin müqavilədə razılaşdırılmış şərtlər çərçivəsində və hər iki tərəfin mənafelərinə uyğun həllinə cəhd göstərmədən, birbaşa “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə” icra qeydinin aparılması barədə notariusa müraciət etmişdir.

13. İpoteka saxlayan ipoteka qoyanı ipoteka predmetini açıq bazardan daha yüksək qiymətlə realizə etmək imkanından məhrum etmiş, həmin əmlak ipoteka qoyanın xəbəri və məlumatı olmadan hərrac yolu ilə və çox aşağı qiymətlə satışa çıxarılmışdır.

14. Məhkəmə borcun mübahisəli olub-olmaması, icra qeydinin aparılmasına dair bildirişlərin iddiaçı tərəfindən alınıb-alınmaması, icra qeydi aparılarkən ipoteka predmetinin satış üsuluna riayət edilib-edilməməsi barədə iş üzrə mühüm əhəmiyyəti olan hallar üzrə düzgün və dəqiq araşdırma etməmişdir.

15. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

16. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız iddiaçının vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq ailəsində hüzür olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

17. xx.xx.2019-cu il tarixli, 2019/00702 nömrəli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, "xxxx" BOKT MMC 36 ay müddərinə, illik 32% dərəcəsi ilə 10000 manat pul məbləğini borc olaraq X4 verməyi, X5 isə kredit müqaviləsi üzrə müəyyən olunmuş qaydada və müddətlərdə ödənişlər etməyi öz üzərinə götürmüşdür.

18. xx.xx.2019-cu il tarixli, 2019/00702-İP nömrəli ipoteka müqaviləsinin surətindən məlum olur ki, “ipoteka qoyan” İddiaçı xx.xx.2019-cu il tarixli, 2019/00702 nömrəli kredit müqaviləsi üzrə “borcalan” X3 öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evini “ipoteka saxlayan” "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.

19. 16.02.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X3 xx.xx.2019-cu il tarixli, 2019/00702 nömrəli kredit müqaviləsi üzrə 9242.72 manat əsas borc, 5848.17 manat faiz borcu, 4720 manat cərimə borcu olmaqla cəmi 19810.89 manat borcu vardır.

20. "xxxx" BOKT MMC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, X5 xx.xx.2019-cu il tarixli, 2019/00702 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini icra etmədiyi üçün ipoteka predmetinə tutuma yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış məktubda qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evinə tutma yönəldilməsinə dair bildiriş xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.

22. 28 yanvar 2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" BOKT MMC kredit öhdəliyinin qısa zamanda icra edilmədiyi halda ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönəldilməsi barədə ipoteka qoyan və borcluya məlumat vermişdir.

23. Azari Express məktub və bağlama daşınması xidmətinin qəbzlərinin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı və X4 ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın əmlaka yönləndirilməsi barədə bildirişlər göndərilmişdir və həmin bildirişlər xx.xx.2022-ci il tarixdə “Quliyeva” soyadlı şəxs tərəfindən imza atılmaqla təhvil alınmışdır;

24. xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanı yönəldilməsi haqqında icra qeydindən məlum olur ki, xx.xx.2019-cu il tarixli, 2019/00702-İP nömrəli ipoteka müqaviləsinə əsasən borc alan X5 "xxxx" BOKT MMC-dən illik 32% olmaqla 36 ay müddətinə götürdüyü 10000 manat məbləğində kreditin və həmin kreditin öhdəliklərinin pozumasından yaranan kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 19810.89 manat məbləğində tutulmalı olan cəmi borc ipoteka saxlayan "xxxx" BOKT MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evinə yönəldilməli, dəyəri 27000 manat olmaqla mənzil açıq hərracdan satılmalı, satıldıqdan sonra ən geci 1 ay ərzsində boşaldılmalı, icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün ödənilən 41.42 manat pul borcludan tutulmalıdır.

25. Açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən və təkrar hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, hərracın xx.xx.2022-ci il tarix, saat 11:00 və xx.xx.2022-ci il tarix, saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim 4a ünvanında keçirilməsinə dair X5 və İddiaçı bildiriş göndərilmişdir.

26. 08.09.2022-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi, 0.015 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evi təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə - 22950 manata əldə edilməsi "xxxx" BOKT MMC-yə təklif edilmişdir.

27. "xxxx" MMC tərəfindən Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, "xxxx" BOKT MMC Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi, 0.015 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evi təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə - 22950 manata əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən xx.xx.2022-ci il tarixdə hərracın yekunları barədə 219/22 saylı protokol tərtib olunmuşdur.

28. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” seriya № RX, ******* saylı çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.

29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" BOKT MMC-nin xeyrinə yüklü edilmişdir. Yüklülüyün növü- ipoteka; müddəti – xx.xx.2022- ci il tarixədəkdir. Əsas öhdəiliyin mahiyyəti və icra müddəti – 2019/00702 KM;xx.xx.2019-cu ildir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

32. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 38.1. bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 39.3. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.

33. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

36. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il taixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” Bənd 9.22. Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Tətbiq edilən prosessual hüquq normaları:

37. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Notariusun tələb olunan borcun ona təqdim edilən sənədlərlə təsdiq olunduğunu yoxlamadan icra qeydi aparması barədə iddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı Kollegiya qeyd edir ki, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci hissəsində borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər qeyd edilir.

41. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

42. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 8İ/1731 saylı icra qeydinin təsdiq olunmuş surətindən məlum olur ki, icra qeydi almaq üçün Nazirlər Kabinetinin Qərarının 2-ci hissəsində tələb olunan həmin sənədlər, yəni müqavilənin əsli (i/v 119- 121), maliyyə arayışı (i/v 118) kreditor tərəfindən təqdim edilmişdir, bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

43. Kollegiya apellyasiya şikayətinin icra qeydinin aparılması barədə bildirişlərin onlara çatdırılmaması barədə dəlili üzrə qeyd edir ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il taixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.22-ci bəndinə əsasən, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir.

44. Hazırkı halda iddiaçı “Quliyeva” soyadının və imzanın onun həyat yoldaşına və digər ailə üzvlərinə aid olmadığını bildirsə də, bununla bağlı sübut təqdim etməmişdir.

45. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Bundan başqa "xxxx" MMC tərəfindən Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, "xxxx" BOKT MMC Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi, 0.015 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evi təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə - 22950 manata əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən xx.xx.2022-ci il tarixdə hərracın yekunları barədə 219/22 saylı protokol tərtib olunmuşdur.

47. Kollegiya apellyasiya şikayətinin notariusun icra qeydində xx.xx.2022xx.xx.2022-ci il tarixləri üzrə vaxtı çatmamış ödənişlər barəsində də icra qeydi aparmaqla səlahiyyət hədlərindən kənara çıxması barədə dəlili üzrə qeyd edir ki, "xxxx" BOKT MMC və Ə.Quliyeva arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00702 nömrəli kredit müqaviləsinin müddəaları pozularaq öhdəlik icra edilmədiyindən, MMC tərəfindən vaxtından əvvəl icranın tələb edilməsi qeyd edilən müqavilənin razılaşdırılmış şərtlərinə uyğun olmuşdur, bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

48. Apellyasiya şikayətinin digər dəlili müqavilədə razılaşdırıldığı halda ipoteka predmetinin satış üsulu ilə bağlı ardıcıllığın pozulması ilə bağlıdır.

49. “İpoteka haqqında” Qanunun 38.2-ci maddəsində isə ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir.

50. Kollegiya bununla bağlı bildirir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin 9.2-ci bəndində ipoteka predmetinin satış üsulu olaraq göstərilmişdir ki, “ “İpoteka haqqında” Qanunun 38.2-ci maddəsinə əsasən açıq bazar (seçilmiş üsuldan asılı olaraq) ipoteka predmeti bu qaydada satılmadığı halda məcburi icra tədbirləri çərçivəsində hərrac vasitəsi ilə özgəninkiləşdiriləcək”.

51. Bununla bağlı Kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyinin əksinə olaraq, tərəflər ipoteka predmetinin satışı üsulu ilə bağlı ardıcıllığı konkret müəyyən etməmiş, başqa sözlə desək onun (ipoteka perdmetinin) fərqli qaydada satış üsuluna dair başqa razılığa gəlməməmişlər. Belə olan halda isə məlum olur ki, tərəflər arasında bağlanmış həmin müqavilə şərtlərinə əsasən ipoteka predmetinin məhz məcburi icra tədbirləri vasitəsi ilə hərrac vasitəsi ilə özgəninkiləşdirilməsi müqavilə şərtlərinə uyğun olmuşdur.

52. İddiaçı apellyasiya şikayətində həm də ipoteka predmetinin çox aşağı qiymətə satıldığını qeyd etmişdir.

53. Kollegiya apellyasiya şikayətinin həmin dəlili üzrə qeyd edir ki, mülki iş materiallarında olan tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 9.3-cü bəndinə əsasən, ipoteka predmetinin likvid dəyəri 27.000 manat müəyən edilmişdir, demək ki, tərəflər ipoteka predmetinin likvid dəyərini razılaşdırmışlar (i/v 126).

54. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2-ci maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir.

55. Beləliklə, yuxarıda qeyd edilən normadan göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilir, hazırkı halda tərəflər ipoteka predmetinin ilkin satış qiymətini müqavilədə müəyyən etdiyindən apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

56. Beləliklə, apellyasiya şikayətinin dəlillərini araşdıran Kollegiya belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

57. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-559/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar