Məhkəmə qərarları › İş №2(103)-4317/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4317/2022

31.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4317/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzilin boşaldılaraq təhvil verilməsi və pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Grand Hayat MTK-nın nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları, İddiaçı MTK-nın Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(004)-885/2022 saylı qətnaməsindən İddiaçı MTK və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətlərinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış 05 dekabr 2017-ci il tarixli GH-A 1/001595 nömrəli Müqaviləyə əsasən, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24-cü mərtəbədə yerləşən 1 (bir) otaqdan ibarət 166 saylı mənzil Cavabdeh satılmışdır, müqavilənin qiyməti 110500,00 AZN müəyyən edilmişdir.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı 166 saylı mənzili cavabdehə təhvil verməyi, cavabdeh isə bunun qarşılığında İddiaçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, iddiaçının cavabdehdən ödəniş də daxil olmaqla müqavilə öhdəliklərini vaxtında və tam şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır. Müqavilənin 2.4.1-ci bəndinə əsasən Cavabdeh müqavilədə nəzərdə tutulmuş müqavilə qiymətini və digər pul öhdəliklərini vaxtında tam şəkildə ödəməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri (ƏDV xaric) 110.500.0 (bir yüz on min beş yüz manat, 00 qəpik) AZN (Qiymət) təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə qiyməti xx.xx.2020-ci il tarixinədək (bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən) ödəniş cədvəli (Əlavə 1) əsasında ödənilməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə, mülki hüquqi məsuliyyət daşıyırlar. Müqavilənin 10.1-ci bəndinə əsasən Cavabdeh tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə bəndin tələbləri tam və ya qismən) pozularsa İddiaçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ vardır. Cavabdeh bununla əlaqədar İddiaçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin tərkib hissəsi olan 1 №-li Əlavəyə əsasən müqavilə qiymətinin 22.100.0 manat hissəsi xx.xx.2017-ci il tarixində ödənilmiş, qalan 88.400,00 manat hissəsinin isə aylıq 2.460,00 manat olmaqla 36 ay ərzində hər ayın 5-dən gec olmayaraq xx.xx.2020-ci il tarixinədək hissə-hissə ödənilməsi razılaşdırılmışdır. İddiaçı MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində yaşayış, qeyri-yaşayış sahələri üzrə götürülmüş ‘‘Öhdəliklərin İcmalı”nın 3.4-cü bəndinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında, cavabdeh müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 20%-i həcmində iddiaçıya cərimə ödəyəcək.

3. İddiaçı ödəniş cədvəlinə uyğun şəkildə ödənişləri bir hissəsini həyata keçirsə də, sonradan müqavilə öhdəliklərini icra etmədiyi üçün onun xx.xx.2020-ci il tarixə 19.680,00 manat borcu yaranmışdır. İddiaçı MTK tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, qeyd edilən mənzilə dair müqavilə üzrə aylıq 2460 manat olmaqla pul vəsaitini hər ayın 5-dək ödəmək öhdəliyi cavabdeh tərəfindən icra edilmədiyindən gecikdirilmiş borc məbləği 19680 manatın 5 iş güün ərzində ödənilməsi, əks halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi Cavabdeh bildirilmişdir.

4. Cavabdeh notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24-cü mərtəbədə yerləşən 1 (bir) otaqdan ibarət 166 saylı saylı mənzilə dair qanunla ona məxsus olan və gələcəkdə mövcud olacaq bütün hüquqlarından imtina etmiş və gələcəkdə hər hansı bir şəkildə heç bir tələb (iddia, pretenziya) irəli sürməyəcəyini bildirmiş və mənzilə dair bağlanmış xx.xx.2017-ci il tarixli GH-A 1/001595 nömrəli müqavilənin ləğv edilməsinə dair saziş bağlanmasını xahiş etmişdir.

5. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə müqavilənin ləğvinə dair Saziş bağlanaraq yuxarıda qeyd edilən müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Həmin Sazişdə göstərilir: a) bu Sazişi imzalamaqla Müqavilə ilə tərəflər arasında yaranmış bütün hüquq və vəzifələrə xitam verilir; b) Müqavilə və bu Sazişlə əlaqədar tərəflərin bir-birlərinə qarşı heç bir pretenziyaları (tələb, iddia) yoxdur və gələcəkdə də olmayacaqdır. Sazişin imzalandığı andan hüquqi qüvvəyə minməsi müəyyən edilmişdir. Mübahisəli mənzil halhazırda cavabdehin istifadəsindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24cü mərtəbədə yerləşən 1 (bir) otaqdan ibarət 166 saylı mənzilin boşaldılması və giriş qapısının açarlarının Cavabdeh alınaraq mənzilin İddiaçı MTK-ya təhvil verilməsi; Cavabdeh müqavilə qiymətinin 20%-i, yəni 22.100,0 manat məbləğində cərimənin, həmçinin dövlət rüsumuna görə ödənilmiş 156,30 manat məbləğində pulun İddiaçı MTKnın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24cü mərtəbədə yerləşən 1 (bir) otaqdan ibarət 166 saylı mənzilin (Mənzil) satışı ilə bağlı xx.xx.2017-ci il tarixdə № Gll-A 1/001595 saylı Müqavilə imzalanmışdır. İddiaçı həmin Müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmişdir. Buna baxmayaraq, cavabdeh qeyd edilən Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, aylıq ödənişlərini gecikdirmiş və xx.xx.2020-ci il tarixə 19.680,00 manat borcu yaranmışdır. Bununla bağlı İddiaçı tərəfindən Cavabdehə bildiriş ünvanlanmış, yaranmış borcunun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks halda müqavilənin 10.1-ci bəndinə əsasən müqavilənin birtərəfli qaydada ləğv olunacağı bildirilmişdir. Buna baxmayaraq, cavabdeh yaranmış borcunun ödənilməsi ilə bağlı hər hansı bir tədbir görməmiş və xx.xx.2020-ci il tarixdə ərizə ilə İddiaçıya müraciət edərək 166 saylı mənzilə dair bütün hüquqlarından imtina etdiyini və xx.xx.2017-ci il tarixli GH-A 1/001595 saylı Müqavilənin ləğv edilməsinə dair saziş bağlanılmasını xahiş etmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixdə tərəflər arasında “Müqavilənin ləğvinə dair Saziş” imzalanmış və həmin tarixdən xx.xx.2017-ci il tarixli № GH-A 1/001595 saylı Müqavilə ləğv edilmişdir. Müqavilənin ləğv olunmasından artıq 1 ildən artıq müddət ötsə də, cavabdeh mənzildən əşyalarını çıxarmamış və mənzili iddiaçıya təhvil verməmişdir. Həmçinin, hesab edirik ki, müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) üçün müqavilə qiymətinin 20%-i, yəni 22.100,00 manat (110.500,00 x 20%) məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(004)- 885/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24cü mərtəbədə yerləşən 1 otaqdan ibarət 166 saylı mənzil boşaldılaraq, açarları ilə birlikdə iddiaçı Grand Hayat MTK-ya təhvil verilməsi, iş üzrə ödənilmiş 156 (bir yüz əlli altı) manat 30 (otuz) qəpik dövlət rüsumun 50% yəni 78 (yetmiş səkkiz) manat 15 (on beş) qəpik məbləği İddiaçı MTK-ya aid edilməsi, qalan 50% yəni 78 (yetmiş səkkiz) manat 15 (on beş) qəpik məbləğində pul vəsaitinin Cavabdeh Grand Hayat MTK-nın xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi, onun tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya müraciət etməməsi, əsl niyyətinin borclu olduğu məbləğin mənzilin ipoteka ilə yüklü edilərək bankdan kredit götürmək olması, müqaviləyə xitam verilməsi barədə notarial təsdiq edilmiş ərizəni və müqaviləyə xitam verilməsi barədə Sazişi aldatma əsasında yazmasına dair dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh iddia etdiyi hallarla bağlı sübutları məhkəməyə təqdim etməmışdir. İş materiallarından göründüyü kimi Cavabdeh mübahisəli mənzillə bağlı bütün hüquqlarından imtina etməsi barədə xx.xx.2020-ci il tarixli ərizəni şəxsən imzalamış, həmin müqavilə notariat qaydada təsdiq edilmişdir və bunun əsasında mənzillə bağlı müqaviləyə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli Saziş tərəflərin imzası ilə bağlanmışdır. Tərəflər qeyd olunan sənədlərdəki imzalarını mübahisələndirməmişlər. Belə olan təqdirdə hər hansı sübuta istinad etmədən, yalnız cavabdehin izahatları əsasında həmin yazılı sənədlərin mötəbərliyini şübhə altına almaq və tərəflərin iradə ifadəsini əks etdirmədiyi barədə qənaətə gəlmək üçün hüquqi əsas yoxdur. Belə olan halda iddia tələbi mənzilin boşaldılaraq, açarları ilə birlikdə iddiaçı Grand Hayat MTK-ya təhvil verilməsi hissısində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə idda tələbini bu hissədə təmin edərkən həm də, hal-hazıradək tərəflər arasında xx.xx.2017-ci il tarixli GH-A 1/001595 nömrəli müqavilənin ləğvinə dair bağlanılmış, xx.xx.2020-ci il tarixli sazişin də, cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilməməsini nəzərə almışdır. Bununla yanaşı, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, GH-A 1/001595 nömrəli Müqavilənin 10.2-ci bəndində müəyyən edilmiş razılığa görə, müqavilənin ləğv edilməsi halında, Sifarişçi tərəfindən İcraçıya ödənilmiş vəsait müqavilənin şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzilə üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Sifarişçiyə qaytarılacaqdır. Göründüyü kimi, tərəflər müqavilənin ləğv edilməsi halında, cavabdeh tərəfindən ödənilmiş məbləğin qaytarılacağı barədə əvvəlcədən razılığa gəlmişlər. Odur ki, məhkəmə iddia tələbini bu hissədə təmin edərkən hesab etmişdir ki, Cavabdeh, mübahisəli mənzillə bağlı müqavilə ləğv edilənədək ödənilmiş məbləğin və eləcə də, mənzilin təmirinə çəkilmiş xərclərin geri qaytarılması ilə bağlı iddia qaldırmaq hüququ izah olunmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehdən müqavilə qiymətinin 20%i, yəni 22.100,0 manat məbləğində cərimənin tutulması hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin bu hissədə hüquqi əsası kimi, İddiaçı MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində yaşayış, qeyri-yaşayış sahələri üzrə götürülmüş “Öhdəliklərin İcmalı”nın 3.4-cü bəndinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında, cavabdehin müqavilənin 3.1-ci maddəsində müəyyən edilmiş məbləğin 20%-i həcmində iddiaçıya cərimə ödənilməsinin razılaşdırılmıasına dair müddəaya əsaslansa da, məhkəməyə buna dair sübutlar təqdim etməmiş, tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli GH-A 1/001595 nömrəli müqavilədə isə belə bir müddəanın olması müəyyən edilməmişdir. Ümimiyyətlə hətta belə bir müddəa mövcud olmuş olsaydı belə, bu hal iddanın həmin hissədə təmin olunması üçün əsas ola bilməzdi. İşin faktiki halına görə, tərəflər arasında bağlanmış müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilmiş və həmin sazişə əsasən tərəflər Müqavilə və bu Sazişlə əlaqədar bir-birlərinə qarşı heç bir pretenziyalarının (tələb, iddia) olmaması və gələcəkdə də olmayacağı barədə razılığa gəlmişlər. Belə olduğu halda, cavabdeh müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 20%-i həcmində cərimə, yəni 22.100,0 manat pulun iddiaçıya ödənilməsi ilə bağlı hissədə iddia tələbi təmin edilməməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 423.1-ci və digər maddələrə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, işmateriallarından da məlum olur ki, tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli GH-A 1/001595 saylı müqavilə hər iki tərəfin razılaşması ilə deyil, hazırki iş üzrə cavabdeh Qasımova S olmazQasım qızının müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmasına və müqavilənin ləğv edilməsi ilə bağlı müraciətinə əsasən ləğv edilmişdir. Müqavilənin ləğvinə dair sazişin şərtləri iləəlaqədar birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı isə bildiririk ki, saziş yalnız müqavilə bağlanan andan müqavilə ləğv olunan ana qədər yaranmış hüquq və vəzifələrin xitam olunması şərti ilə bağlanılmışdır. Lakin cərimə vəmüqavilənin ləğvi ilə əlaqədar iddiaçıya vurulmuş zərərin tələb olunması hüququ, həmçinin də həmin cərimənin və vurulmuş ziyanın ödənilməsi öhdəliyi müqavilə ləğv olunandan sonra (saziş bağlanandan sonra) yaranmışdır. Birinci instansiya məhkəməsi qeydetmişdir ki, iddiaçı iddia tələbinin cərimə tutulması ilə bağlı hissəsində hüquqi əsas kimi, iddiaçı MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində yaşayış, qeyri-yaşayış sahələri üzrə götürülmüş “Öhdəliklərin İcmalı”nın 3.4-cü bəndinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında, cavabdehin müqavilənin 3.1-ci maddəsində müəyyən edilmişməbləğin 20%-i həcmində iddiaçıya cərimə ödənilməsinin razılaşdırılmıasına dair müddəaya əsaslansa da, məhkəməyə buna dair sübutlar təqdim etməmiş, tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli GH-A1/001595 nömrəli müqavilədə isə belə bir müddəanın olmasımüəyyən edilməmişdir. Bununla bağlı bildiririk ki, qeydolunan şərt iddiaçı MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində yaşayış, qeyriyaşayış sahələri üzrə götürülmüş “Öhdəliklərin İcmalı””nın 3.4-cü bəndində nəzərdə tutulmuşdur və həmin sənəd QasımovaS olmaz Qasım qızı tərəfindən imzalanmışdır. Qeyd olunan sənəd iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuşdur. Hesab edirik ki, bu hal məhkəmənin qətnaməsində gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlməməsi kimi qiymətləndirilməlidir.

13. Birinci instansiya məhkəməsinin qətnaməsindən eyni zamanda cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından və məhkəmə qətnaməsindən müəyyən edilir ki, Cavabdeh tərəfindən iddiaçı ilə mənzilə dair bağlanmış mövcud müqaviləyə əsasən, mənzilin dəyəri 110.500 manat qiymətləndirilmiş və cavabdeh tərəfindən həmin məbləğin təxminən 85%-ə qədəri ödənilmişdir. İddia tələbində iddiaçı tərəfindən bildirildiyi kimi cavabdehin hazırda iddiaçıya olan borcu 19.680 manat olmuşdur. Belə olan halda cavabdehin mənzildən imtina etməsi barədə bağlanmış saziş iddiaçının əldə edəcəyi gəliri kifayət qədər artırmaqla yanaşı eyni zamanda cavabdehi mövcud vəziyyətdə çətin maddi duruma salacaqdır. Belə ki, hamıya məlum olduğu kimi hər il artan mənzil qiymətləri 2017-ci ildə bağlanmış müqaviləyə əsasən satılmış mənzil qiyməti ilə bir olmayacaqdır. Yəni 2017-ci ildən hazırki müddətə qədər keçən zaman kəsiyində həmin mənzil 50%-dən artıq dəyər qazanmışdır ki, hazırki iddianın təmin olunması cavabdehin maliyyə itkisi, iddiaçının isə əsassız varlanması kimi qiymətləndirilməli idi. Birinci instansiya Məhkəməsinin qətnaməsində istinad etdiyi xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdehin mənzildən imtina etməsi və gələcəkdə heç bir iddia və tələb irəli sürməyəcəyinə dair yazılı bildirişi əsas götürülə bilməzdi. Bundan başqa iş materiallarından da aydın olur ki, cavabdeh tərəfindən mənzilə dair bağlanmış müqavilənin ləğv edilməsi barədə ərizə 2020-ci ildə verilmiş olsa da iddiaçı tərəfindən iki il sonra məhkəmədə iddia qaldırılmış və mənzilin təhvil verilməsi tələb edilmişdir. Birinci instansiya Məhkəməsi keçmiş iki il müddətində tərəflər arasında olan müqavilə ilə bağlı bu münasibəti də araşdırmamışdır. İş materiallarında və məhkəmə qətnaməsində cavabdeh tərəfindən verilmiş ifadəsindədə açıqca qeyd edilmişdir ki, cavabdeh könüllü ərizə verərək mənzildən imtina etməsi və müqavilənin ləğv edilməsinə dair göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, MTK-nın işlərini aparan şəxs onunla danışıb borcla bağlı köməklik etmək təkliflərini qəbul etdiyi üçün ona ərizə yazdırılmış və notariat qaydada təsdiqlənmişdir. Cavabdehin bildirdiyi kimi həmin ərizənin yazılması və imzalanmasında məqsədi mənzilin bankda ipoteka ilə yüklü edilməsi və MTK-nın borcunun ödənilməklə qalıq məbləğin hansısa bir müddət ərzində banka ödənilməsi olmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Grand Hayat MTK-nın nümayəndəsi və vəkili Nümayəndə tərəflərindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməklə iddia tələbinin tam təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəflərindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

20. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

21. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

22. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq mülki hüquq subyektlərinin müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən edilmişdir (maddə 6). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1). Apelyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni – iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmiş, həmçinin cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh mübahisəli mənzillə bağlı bütün hüquqlarından imtina etməsi barədə xx.xx.2020-ci il tarixli ərizəni şəxsən imzalamış, həmin müqavilə notariat qaydada təsdiq edilmişdir və bunun əsasında mənzillə bağlı müqaviləyə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli Saziş tərəflərin imzası ilə bağlanmışdır. Tərəflər qeyd olunan sənədlərdəki imzalarını mübahisələndirməmişlər. Belə olan təqdirdə hər hansı sübuta istinad etmədən, yalnız cavabdehin izahatları əsasında həmin yazılı sənədlərin mötəbərliyini şübhə altına almaq və tərəflərin iradə ifadəsini əks etdirmədiyi barədə qənaətə gəlmək üçün hüquqi əsas yoxdur.

29. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini mənzilin boşaldılaraq, açarları ilə birlikdə iddiaçı Grand Hayat MTK-ya təhvil verilməsi hissəsində təmin edilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur.

30. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, GH-A 1/001595 nömrəli Müqavilənin 10.2-ci bəndində müəyyən edilmiş razılığa görə, müqavilənin ləğv edilməsi halında, Sifarişçi tərəfindən İcraçıya ödənilmiş vəsait müqavilənin şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzilə üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Sifarişçiyə qaytarılacaqdır.

31. Göründüyü kimi, tərəflər müqavilənin ləğv edilməsi halında, cavabdeh tərəfindən ödənilmiş məbləğin qaytarılacağı barədə əvvəlcədən razılığa gəlmişlər.

32. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissədə təmin edərkən düzgün olaraq Cavabdeh, mübahisəli mənzillə bağlı müqavilə ləğv edilənədək ödənilmiş məbləğin və eləcə də, mənzilin təmirinə çəkilmiş xərclərin geri qaytarılması ilə bağlı iddia qaldırmaq hüququnun olmasını izah etmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh onun tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya müraciət etməməsi, əsl niyyətinin borclu olduğu məbləğin mənzilin ipoteka ilə yüklü edilərək bankdan kredit götürmək olması, müqaviləyə xitam verilməsi barədə notarial təsdiq edilmiş ərizəni və müqaviləyə xitam verilməsi barədə Sazişi aldatma əsasında yazmasını qeyd etsə də, müqaviləyə xitam verilməsi barədə Saziş bağlandıqdan sonra mənzilə dair hər hansı ödəniş edilməmişdir və bu barədə də mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi eyni zamanda vəkili də cavabdehin saziş bağlandıqdan sonra hər hansı ödənişin etmədiyini bildirmişdir.

34. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli GH-A 1/001595 nömrəli müqavilənin ləğvinə dair bağlanılmış, xx.xx.2020-ci il tarixli sazişlə cavabdehin niyyətinin məhz mənzilə dair hüquqlarından imtina etməsi anlamına gəlməyə əsas vermişdir.

35. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

36. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməyən və iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, bu hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

37. Belə ki, iddiaçı iddia tələbinin bu hissədə hüquqi əsası kimi, İddiaçı MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində yaşayış, qeyri-yaşayış sahələri üzrə götürülmüş “Öhdəliklərin İcmalı”nın 3.4-cü bəndinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında, cavabdehin müqavilənin 3.1-ci maddəsində müəyyən edilmiş məbləğin 20%-i həcmində iddiaçıya cərimə ödənilməsinin razılaşdırılmıasına dair müddəaya əsaslanmışdır.

38. Apellyasiya baxışı zamanı qeyd olunan “Öhdəliklərin İcmalı” məhkəməyə təqdim edilmişdir. Həmin icmalın 3.4-cü bəndindən görünür ki, müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında, cavabdehin müqavilənin 3.1-ci maddəsində müəyyən edilmiş məbləğin 20%-i həcmində iddiaçıya cərimə ödəyəcəkdir.

39. Göründüyü kimi cərimə ödənilməsi barədə müddəa tərəflər arasında bağlanmış “Öhdəliklərin İcmalı”nda öz əksini tapmışdır. Lakin tərəflər arasında bağlanmış müqavilədə cərimə ilə bağlı hər hansı bir qeyd olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilir, “Öhdəliklərin İcmalı” adlı sənəd isə cavabdeh tərəfindən imzalansa da müqavilə qüvvəsinə malik olmamışdır.

40. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

41. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qeyd olunan hissəsinə dair birinci instansiya məhkəməsinin istinad etdiyi hallar da qanuni və əsaslı olmuşdur.

42. Belə ki, hətta belə bir müddəa mövcud olmuş olsaydı belə, bu hal iddanın həmin hissədə təmin olunması üçün əsas ola bilməzdi. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin faktiki halına görə, tərəflər arasında bağlanmış müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilmiş və həmin sazişə əsasən tərəflər Müqavilə və bu Sazişlə əlaqədar bir-birlərinə qarşı heç bir pretenziyalarının (tələb, iddia) olmaması və gələcəkdə də olmayacağı barədə razılığa gəlmişlər

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24-cü mərtəbədə yerləşən 1 (bir) otaqdan ibarət 166 saylı saylı mənzildən çıxarılmaqla, həmin mənzilin İddiaçı MTK-ya təhvil verilməsi barədə eləcə də müqavilə qiymətinin 20%-i, yəni 22.100,0 manat məbləğində cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində isə iddia tələbi təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

44. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

45. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

48. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qətetdi:

İddiaçı MTK və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(004)-885/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar