Məhkəmə qərarları › İş №2(103)-432/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-432/2025

13.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-432/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsində istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən məcburi çıxarılma” tələbinə dair; Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: yaşayış sahəsində istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən məcburi çıxarılma, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İlk iş üzrə iddia iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə, İlk iş üzrə Cavabdeh4 İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsində istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən məcburi çıxarılma” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1489/2024 nömrəli qətnaməsindən ilk iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı və ilk iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri X15 İcraiyyə Komitəsinin qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, 51 saylı mənzil xx.xx.1970-ci il tarixdə 089745 nömrəli order əsasında X4 istifadəsinə verilmişdir.

2. X10 xx.xx.1998-ci il taixli etibarnamə ilə ona məxsus əmlaka dair sərəncam vemək və s. səlahiyyətləri 3 illik müddətə Cavabdeh1 etibar etmişdir.

3. X10 xx.xx.1998-ci il taixli digər etibarnamə ilə ona məxsus mənzilin özəlləşdirilməsi, onun adına qeydiyyat vəsiqəsinin alınması səlahiyyətlərini 3 illik müddətə Cavabdeh1 etibar etmişdir.

4. X4 ailə üzvləri İddiaçı, X9 və X11 mənzilin sözügedən mənzilin satılmasına etiraz etmədiklərinə dair notarial qaydada təsdiq edilmiş yazılı razılıq vermişlər.

5. Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2007-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində istifadədə olan 0.102045 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 4-cü mərtəbəsində 32.2 kv.m ümumi, 17.7 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 51 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 414 nömrəli reyestr kitabının 38505 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. X10 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, xx.xx.2019-cu il tarixində qeyd olunan mənzilə dair mülkiyyət huququ onun vərəsəsi İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Ağdam şəhərindən məcburi köçkünlər Cavabdeh1, X7, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, 51 saylı mənzildə müvəqqəti məskunlaşmış, heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və mənzil sahəsindən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda olan mənzil mülkiyyət hüququ ilə mənə məxsusdur. Mənzil sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, daşınmaz əmlakın dövlət reyestrində **********56-05101- 093008 reyestr nömrəsi ilə qeydə alınmışdır. Mənzil sahəsi üzərində mülkiyyət hüququ vərəsəlik hüququ əsasında yaranmışdır. Belə ki, Bakı şəhəri X15 İcrayyə Komitəsi tərəfindən Bakı şəhəri Priqorodnaya küçəsi 29, 2945-ci kvartal,ev 9, mənzil 51, 6-cı blok, 4-cü mərtəbədə yerləşən 17, 06 kv. metr, 1 otaqlı mənzilin ilkin iddia üzrə iddiaçının atası X8 verilməsinə dair xx.xx.1970-ci il tarixdə 089745 nömrəli order verilmişdir. Həmin tarixdən mənzil sahəsi ilkin iddia üzrə iddiaçının atasına və onun ailə üzvlərinə məxsus olmuşdur. xx.xx.2019-cu il tarixdə X10 vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı digər vərəsələrin razılığ əsasında mənzil sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. O, 1973-cü il tarixdən həmin mənzildə qeyddiyyata alınmışdır. İndi də özünə məxsus olan mənzil sahəsində qeydiyyatdadır. Faktiki olaraq mənzil sahəsində cavabdehlər 1996-ci ildən yaşayırlar. 1996-cı ildə X10 evi Cavabdeh1 kirayə verdi. Evdə Cavabdeh1 ailə üzvləri ilə yaşayarkən atası ona bildirmişdir ki, yaşayış sahəsini satır. Atasının məqsədi Keşlədə olan həyətdə ev tikmək idi. Həmin vaxt Cavabdeh1 ilə aralarında danışıqlar oldu ki, mənzil sahəsini Cavabdeh1 satsın. Mənzil sahəsini almaq məqsədi ilə cavabdeh X8 beh pul vermişdi. O da mənzil sahəsinə dair cavabdehə etibarnamə vermişdir. X10 mənzil sahəsini Cavabdeh1 satması üçün üzərinə götürdüyü və alıcının tələb etdiyi bütün şərtləri yerinə yetirdi. Mənzil sahəsinin alqı-satqısını tamamlamaq və rəsmiləşdirmək üçün cavabdehin mənzil sahəsinin dəyərini ödəməsi qalmışdır. Cavabdeh1 mənzil sahəsinə köçdükdən sonra müxtəlif bəhanələr gətirərək mənzil sahəsinin dəyərinin ödənilməsini yubadırdı. Cavabdeh tərəfindən mənzil sahəsinin dəyəri ödənilmədiyindən aralarında alqı-satqı müqaviləsi bağlanmadı. X10 cavabdehdən mənzil sahəsini boşaltmağı tələb etdikdə Cavabdeh1 ona bildirmişdir ki, məcburi köçkünləri torpaqları işğaldan azad olunanadək heç kim yaşadıqları yerdən çıxara bilməyəcək. Cavabdeh1 və ailə üzvləri məcburi köçkün olduğundan X10 torpaqların işğaldan azad olunmasını gözləmişdir. Artıq torpaqlar işğaldan azad olunduğu üçün iddiaçı cavabdehə xəbərdarlıq etdi ki, mənzil sahəsini boşaltsın. Cavabdeh1 mənzil sahəsini boşaltmayacağını, mənzil sahəsini ona X4 verdiyini bildirmişdir.

10. Daha sonra iddiaçı Cavabdeh1 Kazim oğlu cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən mənzil sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ailəsi ilə birlikdə 1993- cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan ünvan 1 ünvanda yerləşən mənzildə kirayə qalmışdırlar. 1997-ci ildə mənzilin sahibi X10 ilə mənzilin alqı-satqısı barədə razılığa gəlmişdirlər. Mənzilin dərəi barədə 3.200 manat razılaşmışdırlar. Evin sahibi onlara 3 illik baş etibarnamə vermişdir. Həmin məbləğdən onlar 2.200 manatı X8 ödəmişdirlər. Razılaşmışdırlar ki, evi adlarına rəsmiləşdirdikdən sonra qalan 1.000 manatı da ödəyəcəklər. Həmin vaxtdan mənzilin bütün xərclərini qarşılıqlı iddia üzrə iddiaçı və ailə üzvləri ödəyirlər. O vaxt mənzildə qeydiyyatda olan İddiaçı və X9 notarial qaydada mənzilin satılmasına etiraz etmədiklərinə dair ərizə vermişdirlər. Həmin vaxt evin sahibi mənzil növbəsində idi və bildirmişdir ki, ev alan kimi bu mənzili alıcıların adına rəsmiləşdirəcəkdir. 2023-cü ilin sentyabr ayında onlar dövlətdən ev aldılar. İddiaçı onlara öz öhdəliklərini xatırlatdı, lakin onlar gözləməyi bildirdilər. Daha sonra isə ondan əlavə ödəniş tələb etdilər və mənzili adına keçirtməkdən imtina etdilər. 1997-ci ildə 3.200 manata ondan da yaşı ev almaq olardı. Lakin iddiaçı və ailə sözü gedən evdə xeyrli vaxt yaşadırlarına görə qeyd edilən mənzili seçdilər. Halhazırda da orada ailəsi ilə birlikdə yaşayırlar.

12. Bu iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə tələb irəli sürdüyü ünvan 1 ünvanda olan mənzil sahəsi 1993-1997-ci illərdə dövlət mülkiyyətində olduğundan X4 mənzil sahəsini satmaq hüququ olmamışdır. Cavabdeh1 ilə X10 arasında yaranmış münasibətlər xx.xx.1983-cü il tarixli Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə həll edilməlidir. Həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinə görə Azərbaycan vətəndaşları icarə müqaviləsinin şərtləri ilə dövlət və ya digər ictimai orqanların mülkiyyətində olan mənzillərdən istifadə hüququnu əldə etmək hüququna malikdirlər (10 və 28-ci maddələr). Cavabdeh Şamxalov X2 ailə üzvü kimi 1973-cü il tarixdə həmin mənzilə qeydiyyata alınmışdır. X10 1996-cı ildə mənzil sahəsini Cavabdeh1 kirayə vermişdir. İddiaçı X7 iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında mənzil sahəsinin 3.200 manata alqı-satqısına dair razılığa gəlmələrini, mənzil sahəsi üçün 2.200 manat pulun X8 ödənildiyini, 1.000 manat pulu ödəmədiklərini göstərmişdir. İddiaçının mənzil sahəsinin 3.200 manata alqı-satqısına dair razılığa gəlmələri və mənzil sahəsi üçün 2.200 manat pulu X8 ödəmələri barədə bildirdikləri həqiqət olmasa da, iddiaçı mənzil sahəsinin alqı-satqı müqaviləsinin bağlanması üçün dəyərini tam ödəmədiyini etiraf etmişdir. X10 ona məxsus olan əmlaklarla və həmin mənzil sahəsinə dair Cavabdeh1 verdiyi xx.xx.1998-ci il tarixli etibarnamələr üç il müddətinə verilmişdir. Əvvəlki Mülki Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Mülki Məcəllənin 73-cü maddəsinin hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddətin (iddia müddətinin) üç il müəyyən edilmişdir. Mənzil sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırkı iddia tələbi üzrə iddiaçının cavabdeh İddiaçı qarşı mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə tələb irəli sürməsinə subyektiv hüququ yoxdur. Həmçinin, cavabdeh İddiaçı qarşısında hər hansı hüquqi məsuliyyət və yaxud hər hansı bir öhdəlik daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə görə etibarnaməni vermiş fiziki şəxsin ölməsi ilə etibarnamənin qüvvəsinə xitam verilir.

13. Bundan başqa, cavabdeh İddiaçı nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin keçməsi nəzərə alınmaqla qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 1564/2024 nömrəli qərardadı ilə (hakim A.N.Həsənova) Cavabdeh1 Kazim oğlunun cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən mənzil sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən məcburi çıxarılma tələbinə dair mülki işə birləşdirilməsi qərara alınmışdır.

15. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 1489/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia tələbləri təmin edilməmişdir.

16. Məhkəmə ilkin iddiaya qiymət verərək qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil sahəsi ilkin iddia üzrə iddiaçının mərhum atası X8 Bakı şəhəri X15 İcrayyə Komitəsinin xx.xx.1970-ci ildə 089745 nömrəli orderi əsasında verilmişdir. Həmin mənzil heç bir vaxt mərhum X4 mülkiyyətində olmamışdır. Daha sonra 1993-cü ildə ilkin iddia üzrə cavabdehlər məlum hadisələrlə əlaqədar Ağdam rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərində yerləşən sözügedən mənzildə məskunlaşmışdırlar. Qeyd edilən şəxslər həmin evə görə ödəniş etməklə X10 və onun ailə üzvlərinin razılığı ilə sözügedən mübahisəli mənzilə köçmüşlər və həmin vaxtdan etibarən mənzildə yaşayırlar.

17. Qeyd edilən halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mənzil Məcəlləsi”nin müvafiq maddəsinə əsasən X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Kazim oğlunun ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən istifadə hüququ yaranmışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, qeyd edilən şəxslərin mənzildən istifadə hüququna yalnız müvafiq məbləğdə kompensasiya ödənilməklə xitam verilə bilər. Lakin ilkin iddia üzrə iddiaçı bununla bağlı hər hansı təklif irəli sürməmişdir.

18. Belə olan halda, ilkin iddia üzrə İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən istifadə hüququna xitam verilməklə mənzildə çıxarılmalarına dair iddiası əsassız hesab edilərək rədd edilməlidir.

19. Məhkəmə birləşdirilmiş iş üzrə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı bağlanmasını iddia etdiyi əqdi qismən icra etmiş olsa belə, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin digər tərəfin təqsiri ucbatından baş verdiyi, digər tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayındığı halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən həmin dövrdə sözügedən yaşayış sahəsi X4 mülkiyyətində olmamışdır və mülkiyyəti hüququ olmayan mənzil sahəsinə dair sərəncam vermək (vəsiyyət etmək, satmaq, bağışlamaq) hüququ olmamışdır. Göstərilənlərlə yanaşı əqdin yazılı formada tərtib edilməsinə dair tələbə də riayət edilməmişdir ki, bu hal son nəticədə əqdin mühüm şərtəri ilə bağlı tərəflərin iradə ifadəsini müəyyən etməyə imkan vermir.

20. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh1 İddiaçı qarşı Cavabdeh1 Kazim oğlu ilə İddiaçı ilə ünvan 1 ünvanda yerləşən mənzil sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir.

21. Məhkəmə hesab etmişdir ki, iddia eyni zamanda iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, göründüyü kimi, Cavabdeh1 ilə X10 arasında ünvan 1 ünvanda olan mənzilinin satılması ilə bağlı razılaşma 1997-ci ildə əldə edilmiş, lakin hər hansı formada rəsmiləşdirilməmişdir. Hazırki iddia üzrə iddia müddətinin axımı mübahisəli mənzilin satılması ilə bağlı razılaşmanın əldə edildiyi vaxtdan hesablanmalıdır. Belə ki, elə həmin vaxtdan da qarşılıqlı iddia üzrə iddiaçının mənzilə dair alqı-satqı müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini tələb etmək hüququ yaranmışdır. Yəni, müddətin axımı 1997-ci il tarixdən hesablanmalı olduğu halda, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə xx.xx.2023-cü il tarixində, yəni üç illik iddia müddətini ötürməklə müraciət etmişdir. Bununla da, iddiaçı tələbi üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi də rədd edilməlidir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan SSR-in 1964-cü il tarixli 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 43, 73, 78-ci maddələrinə, 8 iyul 1982-ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51, 54-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.01, 152.1, 152.3, 152.5, 228.2, “R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mülki mübahisəyə məhkəmə baxışı zamanı araşdırılmış sübutların ziddinə olaraq qətnamədə cavabdehlərin 1993-cü ildən Bakı şəhərində yerləşən sözügedən mənzildə məskunlaşdıqları qeyd olunmuşdur. Mülki işə məhkəmə baxışı zamanı Cavabdeh1 və X7 izahatlarında mənzil sahəsinin 1996-cı ildə onlara icarəyə verildiyini, 1998-ci ilə qədər hər ay üçün 50 ABŞ dolları icarə haqqı ödədiklərini bildirmişlər. Cavabdehlər Cavabdeh1 və X3 məhkəmədə verdikləri izahatları hakim tərəfindən qətnamədə təhrif olunmuşdur. Məhkəmə cavabdehlərin 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmələri və Bakı şəhərində yerləşən sözügedən mənzildə həmin tarixdən məskunlaşdıqlarını, cavabdehlərin həmin evə görə ödəniş etməklə X10 və onun ailə üzvlərinin razılığı ilə sözügedən mübahisəli mənzilə köçmələrini və həmin vaxtdan etibarən mənzildə yaşadıqlarını nəzərə alaraq X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Kazim oğlunun ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən istifadə hüququnun yaranması nəticəsinə gəlmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1998-ci il tarixli etibarnamə ilə sübuta yetrilmişdir ki, X1 Zöhrab Kazım oğluna iki ədəd etibarnamə vermişdir. Etibarnamənin biri ilə Şamxalov Siracəddin özünə məxsus olan əmlakların alınması, satılması, bağışlanması, hədiyyə edilməsi, dəyişdirilməsi, ona çatası pul məbləğinin alınması və sairə məsələlərin həlli ilə onu təmsil etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnamə üç il müddətinə verilmişdir. Digər etibarnamə ilə Cavabdeh1 ona məxsus olan (Bakı şəhəri,Xətai rayonu, Cavanşir küçəsi, ev 9, mənzil 51) mənzili özəlləşdirilməyə təqdim etməyi, Bakı Texniki İnventarlaşdırma (BTİ) İdarəsinə təqdim etməyi və qəbul etməyi, onun adına qeydiyyat vəsiqəsi almağını etibar etmişdir. Etibarnamə üç il müddətinə verilmişdir. Mənzil sahəsi X8 Bakı şəhr X15 İcrayyə Komitəsi tərəfindən xx.xx.1970-ci ildə 089745 nömrəli orderlə verilmiş, həmin tarixdən X8 və onun ailə üzvlərinə məxsus olmuşdur. ünvan 1 ünvanda olan mənzil sahəsi X4 mülkiyyətində olmamışdır və mülkiyyəti hüququ olmayan mənzil sahəsinə dair sərəncam vermək (vəsiyyət etmək, satmaq, bağışlamaq) hüququ olmamışdır. Mülki mübahisəyə dair məhkəmənin qətnaməsi ilə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Məhkəmənin qətnaməsi ilə İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda olan 1 otaqlı mənzilə iradəsinə uyğun olaraq sahib olmaq, mənzildən istifadə etmək hüququ, əmlakdan istifadə etmək hüququ olmayan cavabdehlərdən asılı vəziyyətə salınmış, əmlak hüququ olmayan şəxslərə kompensasiya ödəməklə mənzil sahəsinə hüquqlarını bərpa etmək imkanının olması qeyd olunmuşdur. İddiaçı ilə cavabdehlər arasında ünvan 1 ünvanda olan mənzil sahəsinə dair hər hansı bir müqavilə bağlanmamışdır. Mülki işə məhkəmə baxışı zamanı həm iddiaçı Z. Şamxalov tərəfindən, həm də cavabdehlər X7 və Cavabdeh1 tərəfindən cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsinə icarə əsasında köçmələri, 1996-cı ildən 1998-ci ilin əvvəlinədək olan müddətdə mənzil sahəsi üçün icarə haqqı ödədikləri təsdiq olunmuşdur. Həmçinin, hər iki tərəf 17 yanvar 1998-ci il tarixdə yaşayış sahəsinin alqı-satqısına dair Cavabdeh1 S.Şamxalov tərəfindən etibarnamə verildikdən sonra mənzil sahəsi üçün əvvəlcədən razılaşdıqları icarə haqqının ödənilmədiyini təsdiq etmişlər. Cavabdehlər X7 və Cavabdeh1 mənzil sahəsinin alqı-satqısı üçün cavabdehin atası Siracəddin Şamxalova 2.200 manat ödədiklərini, 1.000 manat pulu isə alqı-satqı müqaviləsi bağlandıqdan sonra ödəyəcəklərinə dair razılığa gəldiklərini bildirmişlər. Cavabdehlər X7 və Cavabdeh1 qeyd olunan əsasla mənzil sahəsini almaları iş materiallarına əlavə olunmuş etibarnamələrlə təkzib olunur. Həmçinin, cavabdehlər X7 və Cavabdeh1 mənzil sahəsinin alqı-satqısı üçün razılaşdırılmış pulun 1.000 manat məbləğində hissəsini ödəmədiklərini təsdiq etmişlər. Məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq Mülki Məcəllənin 228.2-ci maddəsi mübahisəyə tətbiq edilmişdir. Cavabdehlərin mənzil sahəsinə istifadə, sahiblik və mülkiyyət hüququna dair sənəd formasında heç bir sübut da təqdim olunmamışdır. Məhkəmə tərəfindən mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına dair sənədlər tədqiq olunmamış və sübut kimi qiymətləndirilməmişdir.

25. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin onun iddiasının rədd olunması hissəsində ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, həmin vaxt evin sahibləri mənzil növbəsində olduqlarından Misirxanovlara bildirmişlər ki, onlar növbə ilə mənzil aldıqdan sonra bu mənzil Misirxanovların adına rəsmiləşdiriləcək. Son vaxtlar məlum oldu ki, mənzilin sahibi X10 xx.xx.2019-cu ildə vəfat etmişdir. 2023-cü ilin sentyabr ayında Şamxalovlar dövlətdən mənzil aldılar. Misirxanovlar tərəfindən onlara öz öhdəlikləri xatırladılıb. Lakin hər dəfə mənzilin onların adına keçirilməsini tələb etsələr də, onlar gözləməyi bildirirdilər. Daha sonra isə Misirxanovlardan əlavə ödəniş tələb ediblər və hazırda həmin mənzili Misirxanovların adına keçirməkdən imtina edirlər. Bu isə onların hüquqlarını kobud surətdə pozur. Qətnamə qarşılıqlı iddianın rədd olunması hissəsində tamamilə əsassızdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən “Azərbaycan SSR mülki Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR-nin xx.xx.1964-cü il tarixli qanunu ilə təsdiq edilmiş Mülki Məcəl lənin 43-cü maddəsinə qətnamədə istinad edilməsinə baxmayaraq, həmin maddə məhkəmə tərəfindən düzgün tövsif edilməmiş, həmin vaxt tərəflər arasındakı hüquqi münasibətə düzgün qiymət verilməmişdir. Misirxanovların həmin mənzilə köçməsi Şamxalov Siracəddin və onun ailə üzvlərinin razılığı ilə həyata keçirilmiş və hətta ailə üzvləri həmin mənzilin satılmasına etiraz etmədiklərini notarial qaydada rəsmi bildirmişlər. Hətta ilkin İddiaçı da mənzilə dair ödəniş olduğunu etiraf etmişdir. Təəssüf ki, məhkəmə tərəfindən göstərilən bu maddənin tələbinə əməl olunmamışdır. Məhkəmə faktlara deyil, öz subyektiv fikirlərinə istinad etmiş və sonda tərəflər arasındakı münasibətlərə uyğun olmayan bir qətnamə qəbul etmişdir. Tərəflər arasındakı münasibətlər 1997-ci ildə yaranmasına baxmayaraq, məhkəmə tərəfindən həmin vaxt qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən Misirxanovların 1997-ci ildən həmin mənzilə sahiblik etməsinə əsas olmuş hallar və iş üçün böyük əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamış və qanunauyğun əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə tərəfindən işin nəticəsi üçün əsas əhəmiyyət kəsb edən hallar (Misirxanovları həmin mənzildə məcburi köçkün kimi deyil, əvvəlcə kirayəşin kimi yaşamaları, daha sonra Cavabdeh1 adına həmin mənzilə dair baş etibarnamə verilməsi, mənzil sahibinin övladlarının həmin mənzilin satılmasına etiraz etmədikləri barədə notarial formada razılıq vermələri) aydınlaşdırılmamışdır. Həmçinin Şamxalovlar tərəfindən hansı əsasla Misirxanovlara həmin mənzildə uzun müddət yaşamasına razılıq verməsi araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, birinci intansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən, tərəfindən təqdim olunmuş sübutlara və izahatlara uyğun qətnamə qət olunmamışdır. Belə ki, qarşı tərəf verilmiş suala cavabında bildirmişdir ki, onlar həqiqətən 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün olaraq gəldikdən sonra bir müddət başqa yerdə yaşamışdırlar. İddiaçıya məxsus olan evdə başqa məcburi köçkün ailəsi yaşamışdır. Həmin ailə çıxdıqdan sonra 1997-ci ildə həmin yaşayış sahəsi onlara kirayə verilmişdir. Bir müddət aylıq 50 ABŞ dolları olmaqla kirayə haqqı ödəmişdirlər. İddiaçının mərhum atası Siracəddinin onlara bildirməsi əsasında evin cavabdehlərə satılması ilə bağlı razılıq olub. Həmin ev iddiaçının atasının mülkiyyətində olmadığı üçün etibarnamə verir ki, ev ilk olaraq iddiaçının atasının adına özəlləşdirilsin, özəlləşdirərkən onun adına olan sənədləri alsın və daha sonra ailə üzvlərinin razılığı ilə satılsın. İddiaçının bildirdiyinə görə, tərəflər arasında beh razılaşması olmuşdur. Qarşı tərəf isə bildirir ki, 3.200 manat müqabilində razılaşma olmuşdur və 2.100 manat ödəyiblər, qalan isə borc olaraq qalmışdır, həmin borcu iddiaçıya ödəmək istəsələr də, iddiaçı həmin məbləği qəbul etməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi icraatı zamanı araşdırılmalar aparılmışdır. Həmin dövrə aid ABŞ dollarının manata münasibətdə məzənnəsi məhkəməyə təqdim olunmuşdur. Cavabdehlərin bildirdiyi qiymətə mənzilin alqı-satqısı mümkün deyil. Cavabdehə iki etibarnamə verilib. Belə ki, həmin dövrdə Azərbaycan Respublikasının torpaqları işğala məruz qaldığından, insanlar nəinki, öz evlərini boşaldaraq məcburi köçkün olan insanlara verirdi, hətta onlarla eyni evdə birlikdə yaşayırdılar. İddiaçı tərəfin atası cavabdehlərə mərhəmət göstərmişdir. Cavabdehlərdən əvvəl ev başqa məcburi köçkünlərə verilmişdir. Satmaq istəyib, etibarnamələr verib, cavabdehlərə inanıb. Cavabdehlər məcbur köçkün statuslu şəxslərdir. Həmin dövrdə Ulu öndər bildirmişdir ki, torpaqlar geri qaytarılana qədər məcburi köçkünlər mənzillərdən çıxarıla bilməz. X21 Hüquqları Məhkəməsinin qərarı qəbul edildi. İddiaçının məhkəmədə iddia qaldırmasına səbəb o olmuşdur ki, iddiaçı torpaqların işğaldan azad olunmasını, bu səbəblə evi nə vaxt boşaldacaqlarını soruşub, cavabdehlər isə oradan çıxmayacaqlarını bildirmiş və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Polis isə iddiaçını idarəyə aparıb və ona cavabdehlərin pulunu aldığını, lakin onları evdən çıxartmaq istədiyini bildirib. İddiaçı isə polisə həmin evin onun ata mülkü olduğunu bildirib. İddiaçının atası vəfat etməmişdən əvvəl də bu söhbətlər olub, lakin cavabdehlər bildiriblər ki, torpaqlar geri qaytarılanadək evi qaytarmayacaqlar. 2007-ci ildə ailə üzvləri atasının adına ərizə veriblər və ərizə əsasında mənzil özəlləşdirilib. Siracəddin Şamxalov 2007-ci ildə mülkiyyət hüququnu əldə edib, cavabdehlər də məcburi köçkün olduğuna və özü də savadsız şəxs olduğuna görə gözləyib ki, torpaqlar işğaldan azad olunsun. Tərəfindən sənədlər təqdim olunmuşdur. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, mənzil heç bir vaxt mərhum Siracəddin Şamxalovun mülkiyyətində olmamışdır. Cavabdehlərin kirayə əsasında orada yaşadığına dair sübutlar təqdim olunsa da, cavabdehlər də orada kirayə əsasında köçdüklərini bildirsələr də, yenə də məhkəmə bunu qeyd etməmişdir. Hesab edir ki, qətnamə əsassız və ədalətsiz olduğu üçün ləğv olunmalı və ilkin iddia təmin olunmalıdır.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili qarşılıqlı iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh1 nümayəndəsi və vəkili əlavə olaraq bildirdi ki, cavabdehlər həmin evə məcburi köçkün olaraq girməyiblər. Belə ki, onlar danışıq əsasında əvvəl kirayə, daha sonra isə alqı-satqı əsasında orada yaşayıblar. Qarşı tərəf bildirir ki, əvvəllər də orada məcburi köçkün ailəsi yaşamışdır. Lakin bu doğru məlumat deyil. Çünki bunu təsdiq edən hər hansı bir sübut yoxdur. Bundan başqa, o dövrdə heç kim məcburi köçkünə inanaraq evinin özəlləşdirilməsi ilə bağlı etibarnamə verməzdi. Evin boşaldılması ilə bağlı tərəflər arasında hər hansı danışıq olmamışdır. Sadəcə olaraq Cavabdeh4 iddiaçıya bildirmişdir ki, evlə bağlı ödənişdən 1.000 manat ödənilməmiş qalıb, bu səbəblə ona 5.000 manat versinlər və evə dair alqısatqı müqaviləsi bağlanılsın. İlk olaraq iddiaçı razılaşsa da, sonradan fikrini dəyişmiş və məhkəmədə iddia qaldırmışdır. Cavabdehlərin səhvi onda olmuşdur ki, onlar evi vaxtında öz adlarına rəsmiləşdirməmişlər. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı iddia tələbini təmin etməsə də qeyd edir ki, cavabdehlər hüquqlarının pozulmasını iddiaçının onlara mənzili boşaltmalarını tələb etdikdə biliblər. Cavabdehlər də bu səbəblə polisə müraciət ediblər. Qanunu bilməmək məsuliyyətdən azad etməsə də onlara bildirilib ki, dövlətdən ev alacaqlar. Ev aldıqdan sonra evi cavabdehlərin adına rəsmiləşdirəcək və evdən qeydiyyatdan çıxacaqlar. Hesab edir ki, müddət cavabdehlərin polisə müraciət etdiyi dövrdən hesablanmalıdır. İddiaçı tərəfin ödənilmiş pulla bağlı bildirdikləri həqiqəti əks etdirmir. Cavabdeh4 ödənilmiş pulun manatla və ya ABŞ dolları ilə ödənilməsini bildirdikdə yalnışlığa da yol verə bilər. Cavabdehlər pulu tam ödəməsələr də, həmin dövrdə ödənilmiş məbləğə Neftçilər ərazisində və digər yerlərdə ev almaq mümkün idi. Pulun tam şəkildə ödənilməməsinə səbəb isə evin Cavabdeh4 adına rəsmiləşdirildikdən sonra qalan hissəsinin ödəniləcəyi olmasıdır.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh4 ilk iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, həyat yoldaşıyla birlikdə pulu Sabunçuda yerləşən notariusda vermişlər. Lakin alqı-satqı olmadığı üçün həmin pul qeyd olunmayıb. Amma onlara söz verilib. Qarşı tərəfə evi adına rəsmiləşdirmələri ilə bağlı çox müraciət etmişlər. Lakin onlara bildirirdilər ki, ev alacaqları üçün gözləsinlər. Hətta qalmış məbləğin əvəzinə 5.000 manat təklif etmişlər, lakin ilk əvvəl razı olsa da sonradan razılaşmadı. Kommunal ödənişlər onun tərəfindən ödənilir.

31. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ilk iddia üzrə digər cavabdehlərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

32. 01.09.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 43. Əqdlərin notarial təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına əməl edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda məhkəmə əqdi icra etmiş tərəfin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və ictimai təşkilatların kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə 77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və münsiflər məhkəməsi tərəfindən tədbiq olunur. Maddə 78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Maddə 230. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır.

33. Azərbaycan SSR Mənzil Məcəlləsi (xx.xx.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan): Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

35. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 9. Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən bir ay müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsini tərtib edib onu kağız formada təqdim edir.

36. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı: ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Xüsusi vurğulanmalıdır ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur. Bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquqtətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər; Yuxarıdakıları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, R.Ağalarovun E.Ağalarovaya (Zeynalovaya) qarşı kompensasiya ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddiasına dair mülki iş üzrə Binəqədi rayon məhkəməsinin Mənzil Məcəlləsinin 123-cü maddəsində kompensasiya institutu nəzərdə tutulmadığından iddianın rədd edilməsini nəzərdə tutan xx.xx.2005-ci il tarixli qətnaməsi Konstitusiyanın 13, 29, 71,147 və 149-cu maddələrinin, Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin, habelə Mülki Məcəllənin 1.2, 11.1, 11.5 və 228.2-ci maddələrinin tələblərinə uyğun deyil.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı işdə ilkin və qarşılıqlı iddia rədd olunduğundan və apellyasiya şikayətlərində qətnamə ilk iş üzrə iddia üzrə iddiaçı tərəfindən ilkin iddia tələbinin təmin olunmayan hissəsində, birləşdirilmiş iş üzrə iddiaçı tərəfindən onun iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ilk iddia üzrə iddiaçının atası X10 Bakı şəhəri X15 İcraiyyə Komitəsinin xx.xx.1970-ci il tarixli, 089745 nömrəli orderi əsasında ona verilmiş mənzildə ailəsi ilə yaşamış, 1996-cı ildə mənzili Cavabdeh1 kirayə vermiş, 1997-ci ildə isə həmin mənzilin alqı-satqısı barədə razılıq əldə olunmuş, bununla bağlı sonuncu tərəfindən mənzil sahibinə beh verilmiş, mənzil sahibi tərəfindən isə xx.xx.1998-ci il taixdə Cavabdeh1 3 illik müddətinə iki etibarnamə verilmişdir. Etibarnamələrdən biri X8 məxsus əmlaka dair sərəncam vemək, digəri isə ona məxsus mənzilin özəlləşdirilməsi, onun adına qeydiyyat vəsiqəsinin alınması səlahiyyətləri barədə olmuşdur. Daha sonra xx.xx.2007-ci il tarixli çıxarışına əsasən mənzilə dair mülkiyyət hüququ X4 adına dövlət reyestrində qeydiyyata alınmış, X10 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, xx.xx.2019-cu il tarixində qeyd olunan mənzilə dair mülkiyyət hüququ onun vərəsəsi İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 1996-cı ildən halhazıradək sözügedən mənzildə yaşamağa davam etmişdir.

42. Məhkəmə kollegiyası ilkin olaraq birləşdirilmiş iş üzrə iddia tələbinə münasibətdə qeyd edir ki, həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda məhkəmə əqdi icra etmiş tərəfin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır.

43. Hazırki iş üzrə X10 tərəfindən mənzilin Cavabdeh1 adına özgəninkiləşdirilməsindən boyun qaçırması halları müəyyən edilmir.

44. Əksinə, işdə olan etibarnamələrə əsasən həmin vaxt qüvvədə olan “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən Cavabdeh1 3 il müddətində mənzili ilkin olaraq X4 adına özəlləşdirə, daha sonra isə mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olaraq mənzili öz yaxın qohumlarının birinin adına özgəninkiləşdirə bilərdi. X4 ailə üzvləri də mənzilin satılmasına etiraz etmədiklərinə dair notarial qaydada təsdiq edilmiş yazılı razılıqlarını da Cavabdeh1 təqdim etmişlər.

45. Həmin müddətdən sonra isə vəfat etdiyi xx.xx.2019-cu il tarixinədək X8 müraciət olunması, onun mənzilin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən mənzil növbəsində olması əsası ilə boyun qaçırması, 2023-cü ildə Şamxalovlar ailəsinə dövlət tərəfindən mənzilin verilməsi barədə də sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, X10 artıq xx.xx.2007-ci il tarixdə mənzili öz adına özəlləşdirmişdir.

46. Bundan başqa, Cavabdeh1 mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini də ötürmüşdür ki, bu hal da onun iddiasının rədd edilməsi üçün əsasdır. Belə ki, o, mənzilə dair X4 mülkiyyət hüququ dövlət reyestrində qeydə alındığı vaxtdan alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini tələb etməli, imtina aldığı təqdirdə isə məhkəməyə qeyd olunan müddət ərzində müraciət edə bilərdi.

47. Məhkəmə ilk iddiaya münasibətdə qeyd edir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Hazırki iş üzrə Cavabdeh1 və onun ailə üzvlərinin mübahisəli mənzilə köçməsi də Siracəddin Şamxalovun və onun mənzildə qeydiyyatda olan ailə üzvləri İddiaçı və Natiq Şamxalovun razılığı ilə həyata keçirilmişdir.

48. Bununla yanaşı, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

49. Beləliklə, Cavabdeh1 və onun ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən mənzil sahəsindən istifadə hüququ yaranmış, mənzilə dair kirayə münasibətləri bitdikdən sonra onların mənzildə yaşamaqlarına xx.xx.2019-cu il tarixinədək X10 və onun ailə üzvləri etiraz etməmişdir.

50. O da qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələblərinə əsasən mənzilə mülkiyyət hüququ X4 vərəsəsi İddiaçı keçməsi cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir.

51. Məhkəmə kollegiyası qeyd olunanları və işin hallarını nəzərə alaraq, cavabdehlərin mənzildən istifadə hüququna yalnız müvafiq məbləğdə kompensasiya ödənilməklə xitam verilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

52. Məhkəmə kollegiyası iddiaçının cavabdehlərin məcburi köçkün olduqları üçün mənzildən çıxarıla bilməmələri dəlilini əsaslı hesab etmir. Belə ki, X10 mənzili cavabdehlərə kirayə verərkən onların məcburi köçkün olduqlarını bilirdi və belə risk olduğu təqdirdə mənzili kirayə verməkdən də imtina edə bilərdi.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz.

54. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1489/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar