Məhkəmə qərarları › İş №2(103)-4320/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4320/2023

20.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4320/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, aldatma, uydurma və yalan əqd, preyudisiya) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv olunması, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2023cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzili xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

2. Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilini Cavabdeh2 153 000 manata satmışdır.

3. Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Cavabdeh1 və X4 qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” barədə ilkin iddia tələbi təmin olunaraq Cavabdeh1 və X2 Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, Cavabdeh1 Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 və X2 hər hansı hüquqi əsas, o cümlədən Cavabdeh2 razılığı olmadan mübahisəli mənzildə yaşamaları onun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən Cavabdeh2 mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı, onların Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 mənzilindən istifadə hüquqlarına xitam verilməli, onlar mənzildən çıxarılmalı və mənzil boşaldılaraq mülkiyyətçiyə təhvil verilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə vurğulamışdır ki, Cavabdeh1 tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddət ötürülmüşdür. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz, çünkü qarşılıqlı iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz hüquqi təsdiqini tapmamışdır.

5. Həmin qətnamədən Cavabdeh1 və X2 verdikləri apelyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022ci il tarixli qərardadı ilə, Cavabdeh1 şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (cavabdehlər) iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlaka dair xx.xx.2007-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələrlə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2012-ci il tarixli **********59-05301-093165 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı və xx.xx.2022-ci il tarixli 1790 nömrəli reyestr kitabının 164693 nömrəli vərəqindəki dövlət reyestr qeydiyyatının ləğv edilməsi, əmlaka mülkiyyət hüququnun tanınması, əmlaka dair onun mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması, həmin əmlakdan Cavabdeh2 çıxarılmaqla mənzilin boşaldılması və özünün həmin mənzilə köçürülməsi, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, vəfat etmiş əri X11 həyatının son illərini Rusiya Federasiyasının Moskva şəhərində yaşamış və müxtəlif vaxtlarda ona müxtəlif məbləğlərdə pul vəsaiti göndərmiş, məqsədləri Bakı şəhərində mənzil almaq olmuşdur. Həmin dövrdə Xanlar Bayramovla birgə nikahından olan uşaqları ilə birlikdə Şəmkir rayonunda yaşamışdır. Əri xx.xx.2005-ci il tarixdə vəfat etmiş, təxminən 2006-cı ilin yay aylarında o, baldızına, yəni vəfat etmiş əri Xanlar Bayramovun bacısı Cavabdeh1 müraciət edərək Bakı şəhərində yeni tikilən binaların birində mənzil tapmasını xahiş etmiş, sonuncu, bir neçə ay sonra, yəni 2007-ci ilin yanvar ayında "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 217,63 kv.m olan mənzilin satışda olduğunu və 48 447 manata satıldığını, Bakı şəhərinə gəlib şirkətlə müqavilə bağlamasını bildirmişdir. Özünün Şəmkir rayonunda, baldızının Bakı şəhərində yaşamasına görə mənzilin sənədləşməsi işinin daha tez həyata keçirilməsi və gələcəkdə mənzillə bağlı ev təsərrüfatının daha çevik idarə edilməsi üçün mənzilin formal olaraq baldızının (Cavabdeh1) adına rəsmiləşdirilməsi qərarına gəlmişdir. Eyni zamanda, uşaqlarının yetkinlik yaşına çatmasından sonra gələcəkdə mənzili onlardan birinin adına rəsmiləşdirəcəyi barədə İntizarla razılaşmışdır. Razılığa uyğun olaraq, vəfat etmiş əri ilə birgə nikah dövründə əldə edilən puldan 48 447 (qırx səkkiz min dörd yüz qırx yeddi) manat pul vəsaitini İntizara göndərmiş, sonuncu xx.xx.2007-ci il tarixdə şirkətlə müqavilə bağlayaraq mənzili öz adına formal olaraq rəsmiləşdirmişdir. Mənzilin İntizar tərəfindən vəfat etmiş qardaşının (X6) vəsaiti hesabına alınması və öz adına formal rəsmiləşdirilməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş hallarla da təsdiq edilir. Həmin hal Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən mübahisəsizdir və yenidən sübuta ehtiyac duyulmur. Bundan sonra İntizar Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mənzilə dair xx.xx.2012-ci il tarixli **********59-05301-093165 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. Mənzilin təmir olunması da vəfat etmiş ərindən qalan vəsait hesabına həyata keçirilmişdir. Bundan başqa, indiyədək mənzildə onun uşaqları faktiki yaşayır və mənzilin saxlanılması və kommunal xərcləri (su, enerji, qaz və s.) oğlu X5 hesabına ödənilir. 2022-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, İntizar X1 borc almış və həmin borcun təminatı kimi mənzili faktiki girov qoymaq məqsədi daşıyan və əmlakın Cavabdeh2 satışını nəzərdə tutan Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə onun xəbəri və razılığı olmadan alqı-satqı müqaviləsi bağlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-695/2021 nömrəli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-555/2022 nömrəli qərarından görünür ki, həmin müqavilə əsasında mənzil xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1790 nömrəli reyestr kitabının 164693 nömrəli vərəqində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Hazırda əmlakından məhrum olmuşdur və bu səbəbdən əmlakı özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmalıdır. Bunun üçün isə aşağıdakı səbəblərə görə mənzilin alqı-satqısını nəzərdə tutan xx.xx.2007-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri, habelə daşınmaz əmlak hüquqlarına dair xx.xx.2012-ci il tarixli **********59-**********5 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı, habelə xx.xx.2022-ci il tarixli 1790 nömrəli reyestr kitabının 164693 nömrəli vərəqindəki dövlət reyestr qeydiyyatı ləğv edilməli, mənzilə mülkiyyət hüququ tanınmalı, Reyestr Xidməti tərəfindən mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı, habelə Cavabdeh2 mənzildən çıxarılmaqla əmlak boşaldılmalı və o, mənzilə köçürülməlidir. Əmlak uydurma əqd nəticəsində İntizarın mülkiyyətinə keçmişdir. Belə ki, mənzil xx.xx.2007-ci il tarixdə formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Mənzilin həqiqi (faktiki) sahibi isə özü olmuşdur. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həqiqi (faktiki) sahib başqalarının sahibliyində olan və ya onlara hədiyyə edilən aktivlərdən (əmlakdan) fayda götürdüyü halda, fayda götürülən əmlak üzrə mülkiyyətin ötürülməsinə dair əqdlər Mülki Məcəllənin 340.1-ci maddəsinə uyğun olaraq uydurma əqd kimi dəyərləndirilir. Göründüyü kimi, mənzilin həqiqi (əsl) sahibi odur və uydurma əqd əsasında Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Mənzilin İntizarın mülkiyyətinə keçirilməsinə dair əqd uydurma olduğundan bağlandığı andan, yəni xx.xx.2007-ci il tarixdən etibarsız hesab edilməli, həmin əqddən irəli gələn bütün hüquqi nəticələr etibarsız hesab edilməli, onun mənzilə mülkiyyət hüququ tanınmalı, Reyestr Xidməti tərəfindən mənzilə dair onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı, Cavabdeh2 mənzildən çıxarılmaqla mənzil boşaldılmalı və o, mənzilə köçürülməlidir. Əhəmiyyətsiz əqdin predmetini fərdi müəyyən əşya təşkil etdikdə, əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, mübahisələndirilən əhəmiyyətsiz əqdlərin (xx.xx.2007-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin) predmetini fərdi müəyyən əşya təşkil etdiyindən hazırkı iddia hər hansı müddətlə məhdudlaşa bilməz və iddia tələbi təmin edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər.

10. Cavabdeh2 tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz aşağıdakı kimi əsaslandırılmışdır: “İddia tam əsassızdır və təmin edilməməlidir. 13 may 2319-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ev 7, 134 nömrəli mənzili Bakı şəhəri 9 nömrəli notariat ofisində 153 000 manat dəyərində əldə etmiş, əmlaka dair mülkiyyət hüququ Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 15 may 2019-cu il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarışa əsasən onun tam mülkiyyətindədir. Alqı-satqını həyata keçirdikdən sonra Cavabdeh1 mənzili boşaldıb təhvil verilməsi üçün ondan vaxt istəmiş və tərəfindən həmin şəxslərə müəyyən vaxt verilmişdir. Bir müddət keçdikdən sonra Cavabdeh1 müxtəlif bəhanələr gətirərək mənzili təhvil verilməsindən yayınmışdır. Daha sonra məcbur olub, iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəf isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh1 və X2 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi, Cavabdeh1 ona və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 qarşı “alqısatqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli 2(103)-5906/2021 saylı qətnaməsi ilə Cavabdeh1 və X7 tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra qarşı tərəf Konstitusiya Məhkəməsinə müraciət etmiş, Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir. Konstitusiya Məhkəməsinin qərardadından sonra məhkəmə qərarının icrasının qarşısını almaq və icra işini süni uzatmaq məqsədi ilə uydurma iddia qaldırmışlar və bu yolla məhkəmə qərarının icrasına mane olmaq istəyirlər. İddiaçı heç vaxt mübahisəli mənzilin mülkiyyətçisi olmayıb və ümumiyyətlə belə bir iddia qaldırılması üçün subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki. iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub- pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib- etməməsi məsələlərini araşdırılmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya baş vermiş alqı-satqı barədə məlumatı olmamışdır. Halbuki, tərəflərindən göndərilmiş bütün xəbərdarlıqları poçt vasitəsilə 2020-ci ildə birbaşa özü əldə etmişdir. Bundan başqa, onunla Cavabdeh1 arasında bağlanmış 13 may 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi artıq mübahisələndirilmiş və Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR MPM-nin 82.3-cü maddəsinin müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cii il tarixli qərarında qcvd etmişdir ki, "hüququ müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

11. Cavabdeh2 eyni zamanda, iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir.

12. Həmin ərizə belə əsaslandırılmışdır ki, alqı-satqını həyata keçirdikdən sonra Cavabdeh1 mənzili boşaldıb təhvil verməsi üçün ondan vaxt istəmiş, tərəfindən həmin şəxslərə müəyyən vaxt verilmişdir. Bir müddət keçdikdən sonra Cavabdeh1 müxtəlif bəhanələr gətirərək mənzilin təhvil verilməsindən yayınmışdır. Bu səbəbdən tərəfindən İntiza Xanməmmədovaya 2020-ci ildə poçt vasitəsilə rəsmi xəbərdarlıq göndərilmiş və həmin xəbərdarlıqları İddiaçı imza atıb qəbul etmişdir. Bununla da, alqı-satqı barədə məlumatı 2020-ci ildə olmuşdur. Öz iddia ərizəsində alqı-satqı barədə məlumatının olmadığını və yalnız icra şöbəsində icra işi olduğu zaman 2022-ci ilin dekabr ayında əldə etdiyini bildirməsi həqiqəti əks etdirmir. Hesab edir ki, iddiaçı iddia tələbi üzrə müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

13. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 iddiaya etirazın məzmununa uyğun izahat vermiş, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X16 ifadəsində bildirmişdir ki, “İddiaçı onun xalasıdır. İntizar Bakıda ev alırdı, onlar da xalasından pulu alıb gətirib İntizara vermişlər. 2007-ci ildə 50 000 manat pulu xalasından götürüb İntizara vermişlər. Həmin pulu xalasından 1 dəfə götürmüşlər. Pulu Səadətlə birlikdə vermişlər. Həmin vaxt onun 21 yaşı var idi. Sədayə əvvəl Şəmkirdə yaşamışdır. İddiaçı neçə müddət Şəmkirdə yaşadığını bilmir. İddiaçı “Green Park”da yaşayır”.

15. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X9 ifadəsində bildirmişdir ki, “İddiaçı qaynının yoldaşıdır. Mənzil Sədayənindir, onun yanında İntizara 50 000 manat pul vermiş və əlavə hissə-hissə ödənişlər etmişdir. Həmin vaxt onun yoldaşı yeni vəfat etmişdir, təxminən dekabr-yanvar ayı idi, dəqiq bilmir 2007-ci il idi ya yox. Yoldaşı 2003-cü ildə vəfat etmişdir. Sədayə 50 000 manat pulu ona vermiş, o da pulu İntizara vermişdir. Pulu İntizara verəndə yanında Esmira olmuşdur. İntizar Bakıda yaşadığı üçün mənzilin təmirinə, alqı-satqı işlərini ona həvalə etmişlər. Mübahisəli mənzil Sədayənin həyat yoldaşının puluna alınmışdır. İntizar bilirdi ki, mənzil onun deyil. İntizarın həyat yoldaşının problemi olduğundan bankdan pul götürməli idi, Sədayə də mənzili İntizarın adına rəsmiləşdirmişdir. İntizarın öz yaşadığı mənzil bankda olduğu üçün öz evini banka qoya bilməmiş, Sədayənin evini qoymuşdur. Mənzil formal olaraq İntizarın adına rəsmiləşdirilmişdir”.

16. Məhkəmənin 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd olunması qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən əmlaka dair "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin uydurma əqd olmasını və müqavilə predmeti olan mənzilin formal olaraq Cavabdeh1 mülkiyyətinə keçməsini iddia etsə də, həmin müqavilənin etibarsızlığını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan alqı-satqı müqaviləsinin etibarsızlığına əsas olan halların nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahat da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Buna görə də iddia tələbi "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir.

18. Məhkəmə hesab etmişdir ki, iddia ünvan 1 ünvanında yerləşən əmlaka dair "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan, həmin müqavilə əsasında mübahisə predmeti olan əmlaka mülkiyyət hüququ əldə etmiş Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığından da söhbət gedə bilməz. Odur ki, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəyə xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia rədd olunmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 13 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarlılığı təsdiq edilmiş, başqa sözlə, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

20. Məhkəmə vurğulamıışdır ki, iddiaçının “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmədiyindən, digər tələbləri isə həmin iddia tələbindən törəmə olduğundan digər hissələrdə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verilməsinə lüzum yoxdur.

21. Məhkəmə şahid ifadələrinə də qiymət verərək qeyd etmişdir ki, həmin ifadələr işin məhkəmə iclasında araşdırılan digər halları ilə üst-üstə düşmür, həmçinin məhkəmə, şahidlərin iddiaçı ilə qohumluq və tanışlıq əlaqəsində olmasını nəzərə alaraq, həmin ifadələri iddiaçının tələbinin əsaslılığını göstərən sübut kimi qəbul etmir.

22. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 337.1-ci, 337.2-ci, 337.3-cü, 337.4-cü, 337.5-ci, 340.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2020-ci il tarixli və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarlarına istinad etmişdir.

23. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür. Şikayətdə göstərilmişdir ki, “...məhkəmə əvvəllər 2 cavabdeh arasında mövcud olmuş və həll edilmiş mübahisə üzrə məhkəmə aktlarını preyudisiya əhəmiyyəti olan aktlar kimi qəbul edib. Lakin MPM-nin 82.3-cü maddəsinin məzmununa belə şərt müəyyən etmir. Orada deyilir ki, "Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir . Qətnamədə istinad edilən "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında da bu qayda təsdiq edilir. Faktiki hallara aid arqument kimi cəmi 2 dəlilə - rüsum ödənilməsinə dair qəbz və Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad edilir. Qətnamədə tədqiq edilmiş məlumatlar kimi yalnız "iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli mədaxil qəbzi" və Mənzillə bağlı məhkəmə qərarlarının (birinci, apellyasiya və kasasiya instansiyaları məhkəmələrinin) gəldikləri nəticələr barədə qısa məlumatlar göstərilmişdir. Başqa heç bir faktiki hal və onları təsdiqləyən sübut-dəlillər qətnamədə göstərilməyib. Qətnamədə arqument kimi göstərilmiş, 2(005)-695/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməni çıxaran Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi13 may 2019- cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın (Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzilin) alqı-satqı müqaviləsinin etibarlılığını araşdırmamışdı. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticəvi hissəsinin 2ci hissəsində qət edilib ki, "İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 qarşı “alqı- satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin". Hazırki məhkəmə hesab edir ki, bununla həmin məhkəmə alqısatqı müqaviləsinin etibarlılığını araşdıraraq müəyyən etmişdir. Lakin bu belə olmayıb. Hazırki məhkəmə xx.xx.2021-ci il tarixli qətnamənin əsaslanıdrıcı hissəsinə diqqət yetirsəydi, görərdi ki, müqavilənin etibarlılığı məsələsi məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi adı ilə ümumiyyətlə araşdırmamışdır. Bununla bağlı həmin qətnamədə yazılıb: "məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və qarşılıqlı iddia tələbi üzrə Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tətbiq edilməli və iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki qarşılıqlı iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz". Göründüyü kimi, əvvəlki məhkəmə mənzilin alqı-satqı müqaviləsinin etibarlılığı məsələsini araşdırmayıb və çıxardığı qətnamənin heç bir yerində yazmayıb ki, bu müqavilə etibarlıdır”.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı, verilən izahatlar

25. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı, eləcə də Cavabdeh1 məhkəməyə gəlməmiş, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsini göndərməmişdir.

26. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbayca Respublikasının Konstitusiyası

27. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

36. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

37. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

38. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

39. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

40. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

45. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

50. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının həddi

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

54. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

56. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

57. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

58. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

59. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, satın aldığı ünvan 1 ünvanında yerləşən mənzil sənədləşmə işinin daha tez həyata keçirilməsi və gələcəkdə ev təsərrüfatının daha çevik idarə edilməsi üçün baldızı Cavabdeh1 adına qeydiyyata alınmış, lakin sonradan İntizar onun etibarından sui-istifadə edərək əmlakı borcun təminatı qismində borc aldığı şəxsə girov qoymuş, girov münasibəti isə Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlanmaqla rəsmiləşdirilmişdir. Başqa sözlə iddiaçı, mübahisələndirdiyi xx.xx.2007-ci il tarixli müqavilənin yalan, xx.xx.2019-cu il tarixli müqavilənin isə uydurma əqd olduğunu vurğulamışdır.

60. Kollegiyanın qənaətinə görə iddiaçının irəli sürdüyü sözügedən faktiki hallar, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

61. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 29) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

62. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

63. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində (§ 30-34) əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

64. Hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir (§ 36, 37). Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.

65. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

66. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.

67. X10 Məhkəməsi həmçinin vurğulamışdır ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir”.

68. Şərh olunanları, xüsusilə müqavilə bağlanarkən iddiaçının özünün müqavilə tərəfi kimi iştirakına hər hansı maneənin olmadığını, müqavilə tərəflərinin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətlərinin müəyyən olunmadığını, müqavilənin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdirildiyini nəzərə almaqla kollegiya hesab edir ki, xx.xx.2007-ci il tarixli müqaviləni subyekt tərkibinə görə yalan əqd hesab etmək mümkün deyildir.

69. xx.xx.2019-cu il tarixli müqavilənin isə borcun təminatı olaraq görünüş üçün bağlandığı halı ümumiyyətlə sübuta yetirilmir və həm bu xüsusatı, həm də xx.xx.2007-ci il tarixli müqavilə üzrə gəldiyi qənaətin nəticəsi olaraq iddiaçının xx.xx.2019-cu il tarixli müqaviləni münahisələndirməyə subyektiv hüququnun olmamasını əsas götürərək kollegiya, həmin tələblə əlaqədar əlavə əsaslandırma aparmağa zərurət görmür.

70. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2019-cu il tarixli müqavilənin borcun təminatı olaraq görünüş üçün bağlandığı iddiası əvvəllər Cavabdeh1 tərəfindən də irəli sürülmüş, həmin iddia qanuni qüvvədə olan məhkəmə aktları ilə əsassız hesab olunmuşdur.

71. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudisiallığını vurğulamaqla prosessual hüquq normasını (§ 45) düzgün təfsir etməsə də, bu pozuntu qətnamənin ləğvinə səbəb olmamalıdır. Belə ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (§ 52).

72. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları (§ 45,49) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar yalnız işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Cavabdeh2 Cavabdeh1 qarşı qaldırdığı iddia əsasında çıxarılmış, İddiaçı həmin işdə tərəf olmamışdır; bu isə o deməkdir ki, həmin qətnamə ilə müəyyən olunmuş hesab edilən hal İddiaçı münasibətdə preyudisiyal əhəmiyyət kəsb edə bilməz və onun tərəfindən müvafiq qaydada sübuta yetirilməlidir.

73. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-854/2023 saylı iş üzrə 10 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar