Məhkəmə qərarları › İş №2(103)-4321/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4321/2023

19.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4321/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şikayətin apellyasiya baxışından çıxarılması barədə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsinin müraciətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin K-693/1 nömrəli, 22 iyul 2022-ci il tarixli və cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 10 avqust 2022-ci il tarixli K-973 saylı əmrin müvafiq hissəsinin ləğv edilərək məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. İş apellyasiya icraatında olan zaman müəyyən edilmişdir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış şikayət vermə müddətinin bərpası barədə ərizə verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək və prosess tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və 30 mart 2023-cü il tarixli qətnamədən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və iş cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və prosessual müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar