Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4322/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1143/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzildə yaşamağına Cavabdeh tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması və onun ikidə bir payının olduğu Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilə dair çıxarış Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona təqdim olunmuşdur. Belə ki, sözü gedən əmlak mərhum atası X2 dünyasını dəyişdikdən sonra vərəsəlik qaydasında ona verilmişdir. Həmin çıxarışa əsasən, Bakı şəhəri, H.Əliyev prospekti, ev 95 A, ümumi sahəsi 64.55 kv.metr olan 47 saylı mənzildə onun 1/2 hissə payının olduğu və ikidə bir hissə isə açıq qaldığı öz əksini tapır. Onun orada pay hüququnun olmasına baxmayaraq, Cavabdeh tərəfindən ona müxtəlif maneələr yaradılmış, onun mülkiyyətində olan mənzildə mülkiyyət hüququnun həyata keçirilməsinə şərait yaradılmamışdır. Məhz cavabdehin onun mülkiyyət hüququ olan mənzilə dair istifadə hüququnu həyata keçirməyinə maneə olması səbəbindən o bu gün mülkiyyət hüququnun istifadəsindən məhrum olmuşdur. Cavabdeh tərəfindən yaradılmış olan maneələrin aradan qaldırılmasını dəfələrlə ondan xahiş etsə də, buna məhəl qoymamış, cavabdeh tərəfindən qanunsuz əməllər davam etdirilmişdir. Həmçinin, bununla bağlı olaraq hüquq mühafizə orqanına müraciət etsə də, mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona təqdim olunmuş çıxarışa əsasən pay hüququ tanındığından ünvan 1 ünvanında yerləşən 47 saylı mənzildə yaşamaq və istifadə hüququ vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(005)- 1143/2023 saylı qətnaməsinə əsasən, iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilə dair Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılması, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qardaşı İddiaçı Nizami rayonundakı mənzilində yaşaması, miras qoyulmuş mənzilə gəlməməsi, atasının həmin mənzili oğlu Ülvinin adının vəsiyyət etməsi, iddiaçıya verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və mənzilin ikidə bir hissəsinin iddiaçının mülkiyyətində olmasına dair çıxarışın məhkəmədə mübahisələndirildiyini və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlara əsasən iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, atasından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilin ½ hissədə paylı mülkiyyətçisidir. Sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış, qalan ½ pay isə açıq saxlanılmışdır. Həmçinin, işin mübahəsiz halıdır ki, mübahisə predmeti olan yaşayış sahəsi hazırda cavabdehin sahibliyində və istifadəsindədir, sonuncu iddiaçının ora köçərək yaşamasına etiraz edir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Eyni zamanda, yaşayış sahəsinə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının tələbi yaşayış sahəsinə olan mülkiyyət hüququna əsaslanır. Mülkiyyət hüququ isə subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.1, 152.5-ci mad). Hazırkı işdə mübahisəli daşınmaz əmlakın iddiaçının paylı mülkiyyətində olmasına baxmayaraq, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh onu yaşayış sahəsinə buraxmamaqla, mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik yaradır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası, tələbin hüquqi və faktiki əsaslarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, şikayətin dəliləri əsasən digər şəxs(lər)in (cavabdehin oğlu Ülvi Kərimli, bacıları) mənafeyinə xidmət etməklə, əsaslandırılmamışdır. Cavabdehin etirazına görə atası mübahisəli mənzili nəvəsi Ülvi Kərimliyə vəsiyyət etmiş, sonuncu məhkəmədə iddia qaldırıraq, vərəsəlik hüquqlarının tanınmasını, iddiaçının adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv olunmasını tələb etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi hazırki iş üzrə icraatı dayandırmalı olduğu halda dayandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki vaxtda iddiaçının mülkiyyət hüquqları ilə bağlı reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu səbəbdən də, digər şəxs(lər) tərəfindən başqa məhkəmədə müvafiq iddianın qaldırılması qeyd edilən prezumpsiyası aradan qaldırmamaqla, hazırki iddianın qanuni həlli baxımından da maneə yaratmır. Əks hal, iddiaçının mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına səbəb olmaqla, ümumiyyətlə mülkiyyət hüququnun müdafiəsinə dövlət tərəfindən verilən təminata da xələl gətirir. Bununla yanaşı, MPM-in 254.1.4-cü maddəsinin tələbinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Bu maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur. Belə ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa işüzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Baxılan işdə isə, hazırkı mübahisənin (mülkiyyət hüquqlarının müdafiəsi) həlli, qeyd edilən digər işə (digər şəxsin mübahisəli yaşayış sahəsinə vərəsəlik hüquqlarınnı tanınması və s.) baxılmasından birbaşa asılı deyildir. Göründüyü kimi, hazırki iş üzrə icraatın dayandırılmalı olmasına qanuni əsaslar müəyyən edilmir. Eyni zamanda, əgər gələcəkdə mübahisəli yaşayış sahəsinə digər şəxsin vərəsə kimi hüquqlarının tanınması barədə, təkzibolunmaz hüquqi fakt müəyyən olunarsa, bu hal maraqlı şəxslərin mübahisəli mənzillə bağlı tələb hüquqlarını aradan qaldırmır. Bu səbəbdən də, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər şəxslərin mübahisə mənzillə bağlı vərəsəlik hüquqlarının mövcudluğu halı vəziyyəti dəyişdirməməklə, hazırki vəziyyətdə bu iddianın qanuni həllinə hər hansı maddi və prosessual maneə yaratmır. Həmçinin, gələcəkdə mübahisəli mənzil üzərində üçüncü şəxslərin də vərəsə kimi payları müəyyən olunarsa, əmlakın idarə olunması, ondan istifadə və s. hüquqlar qanunvericiliyin tələblərinə uyğun qaydada tənzimlənə bilər. Belə ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Hər bir halda, cavabdehin digər şəxslərin hüquqları ilə bağlı apellyasiya şikayətində göstərilən hallar hazırki icraat çərçivəsində araşdırılam və onlara hüquqi qiymət verilə bilməz. Çünki, hazırki işdə həmin şəxslərin müstəqil tələbləri mövcud deyildir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla belə, məhkəmə kollegiyası qəbul edir ki, mülkiyyət hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyildir və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb» Lakin, hazırki işin halları baxımından iddiaçının daşınmaz əmlak üzərində olan mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə cavabdeh tərəfindən həyata keçirilən maneəyə haqq qazandıra bilən qanuni halların mövcudluğu müəyyən olunmamışdır. Bu səbəbdən də, iddiaçının başqa yerdə yaşayış sahəsinin olması barədə apellyasiya şikayətinin dəlilləri də iddianın rədd olunması üçün yetərli əsas kimi qəbul edilə bilməz. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslanlıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavavdehin izahatı da özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1143/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1143/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4322/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4322/2023
11.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver