Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4322/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Sosial Müdafiə Fondu” X7 nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1362/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Sosial Müdafiə Fondu” X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Dövlət Sosial Müdafiə Fondu” X11 göstərilməklə Cavabdeh ASC-yə qarşı arayışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləməsinə dair arayışı vermək öhdəliyinin cavabdeh “Azərelektroterm ASC”nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Bakı Elektro Termik Avadanlığı zavodunda əmək fəaliyyətinə başlamışdır. Əvvəl tornaçı, sonra çilingər vəzifəsində çalışmışdır. Əmək kitabçasında göstərilir ki, o, xx.xx.1985-ci ildə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci il tarixdə öz arzusu ilə işdən azad edilmiş, həmin gün əvvəlki işinə bərpa edilmişdir. xx.xx.2002-ci ildə Bakı Elektro Termik Avadanlığı zavodu Cavabdeh ASC-yə çevrilmişdir. xx.xx.2004-cü ildə müqavilə əsasında ştamplayıcı təyin edilmişdir. Cavabdeh tərəfindən ona iş stajının təsdiq olunması üçün verilən xx.xx.2023-cü il tarixli arayışda həmin zavodda xx.xx.1984-xx.xx.1986-cı illərdə tornaçı və xx.xx.2004-cü ildən xx.xx.2008-ci il tarixədək ştamplayıcı işlədiyi faktı öz əksini tapmışdır. Həmçinin ona zavodda işlədiyi dövrdə tarixli arayışlar verilmiş və işin əməyin təhlükəli şərtləri ilə bağlı olduğu qeyd edilmişdir. Lakin arayış və əmək kitabçasında həqiqi həyata keçirdiyi vəzifənin cavabdeh tərəfindən düzgün qeyd olunmaması nəticəsində o, güzəştli pensiya hüququndan yararlana bilmir. O, əmək pensiyasının təyin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialına müraciət etmiş, lakin bundan imtina edilmişdir. Məktubda göstərilmişdir ki, qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir, eyni zamanda Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilən güzəştli iş stajı yoxdur. O, Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 60 yaşa çatdığı gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin Mərkəzi Filiala həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(112)-3202/2024 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etdikdə, rayon məhkəməsinə müraciət etməyi tövsiyə edilmiş və şikayəti geri götürmüşdür. O, cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləməsinə dair arayış verilməsini xahiş etmiş, lakin cavabdeh arayışı verməkdən imtina etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1362/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı barəsində güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləməsinə dair arayışın verilməsi öhdəliyinin cavabdeh “Azərelektroterm ASC”-nin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Sosial Müdafiə Fondu” X12 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahidlərin ifadələri və iddiaçının səhhətinə dair sənədlər iddiaçının “Azərelektroterm ASC”-dəki əmək fəaliyyətinin güzəştli şərtlərlə pensiya hüququ verməsi qənaətinə gəlmək üçün əsas ola bilməz. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, tokar vəzifəsində işləmişdir. İddiaçı təxminən bir ay, ay yarım tokar vəzifəsində çalışmış, daha sonra çilingər vəzifəsinə keçmişdir. O, 1999-cu ilədək işləmiş, əmək şəraiti zərərli olmamışdır. 1994-cü ildən sonra zavodun işləri zəifləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, İddiaçı 1985-ci ildən tanıyır, birlikdə Cavabdeh ASC-də işləmişlər. İddiaçı ondan əvvəl işləməyə başlamış, əmək şəraiti zərərli olmuşdur. O, 1988-ci ildə vəzifəsini dəyişmişdir. Göründüyü kimi ilk şahidin ifadəsinə əsasən iddiaçının güzəştli sahə üzrə işləmədiyi müəyyən olunur. Eyni zamanda bildirir ki, digər şahidin ifadəsi yalnız 1985-1988-ci illəri əhatə edir. Məhkəmə qətnaməsinin nəticə hissəsində İddiaçı barəsində güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləməsinə dair arayışın verilməsi öhdəliyi cavabdeh “Azərelektroterm ASC”-nin üzərinə qoyulsa da, konkret olaraq hansı tarixlər üzrə güzəştli arayışın təqdim edilməsi qeyd edilməmişdir. Həmçinin şahidlərin əmək kitabçaları onların işlədiklərin sahələrin güzəştli hesab edilməsi üçün kifayət deyil. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Sosial Müdafiə Fondu” X7 nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1362/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Hazırkı iş üzrə ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşının tamam olduğu yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə Bakı inzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən araşdırılma zamanı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması öz təsdiqini tapmadığından iddia tələbi əsassız hesab edilmiş və xx.xx.2024-cü il tarixli, 2-1(112)- 3202/2024 nömrəli qərar ilə ərizə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin həmin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də, sonradan iddiaçı həmin şikayətin geri götürülməsi ilə bağlı ərizə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-2721/2024 nömrəli qərardadı ilə ərizə təmin edilərək iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, ərizəçinin hazırki faktın müəyyən edilməsində nail olmaq istədiyi məqsəd güzəştli pensiya hüququndan yararlanmaqdır ki, bununla bağlı da artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Yəni, həmin qərarla artıq onun güzəştli iş stajına malik olmaması müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların (yaxud inzibati səlahiyyətlərin daşıyıcısı olan fiziki və hüquqi şəxslərin) belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 261.0.2-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır. Kollegiya xüsusi olaraq qeyd edir ki, ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşının tamam olduğu yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə Bakı inzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 3202/2024 nömrəli qərarı ilə ərizə təmin edilməmişdir. İddiaçının hazırki tələbi həmin tələblə eynilik təşkil etdiyindən və artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan kollegiya hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi göstərilən məsələ üzrə hər hansı hüquqi dəyərləndirmə aparmadan, hazırkı işə mahiyyəti üzrə baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gəldiyindən, apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Sosial Müdafiə Fondu” X7 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1362/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4322/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4322/2025
24.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver