Məhkəmə qərarları › İş №2(103)-4325/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4325/2023

18.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4325/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Şirvan-Salyan Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh AzərbaycanRespublikasının Elm və Təhsil Nazirliyinə qarşı (Şirvan- Salyan Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-428/2023 nömrəli 31 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şirvan Şəhər prokurorluğu tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli məktubdan və Şirvan Şəhər Prokurorluğu tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim olunmuş xx.xx.2021-ci il tarixli cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərardan müəyyən olunur ki, Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasında qanunsuzluqların olması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi müəyyən edilsə də, qeyd edilən cinayət əməlləri nəticəsində mənimsədiyi pul vəsaitlərini dövlət büdcəsinə bərpa etdiyindən, mənimsənilmiş pul vəsaitlərinin 25%-i miqdarında Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına ödəniş edildiyindən, bununla bağlı iş üzrə Şirvan Şəhər İcra Hakimiyyətinin şikayəti və tələbi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikası Cinayət prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən İddiaçı barəsində aparılan cinayət təqibinə xitam verilmişdir.

2. Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, 05-06 iyul 2022-ci il tarixlərdə Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasında İddiaçı iştirakı ilə yoxlamalar aparılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli, 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə əsasən bağçada 2021/2022-ci tədris ilində qrupların komplektləşdirilməsində uşaqların yaşı nəzərə alınmamış, səhv komplektləşdirmə nəticəsində yaradılmış məkətəbəhazırlıq qrupunun açılması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin tələblərinə zidd olaraq 2 ştat tərbiyəçi vəzifəsi, 1,5 ştat tərbiyəçi köməkçisi-dayə vəzifəsi, 0,5 ştat aşpaz vəzifəsi, 0,25 ştat musiqi rəhbəri vəzifəsi, 0,25 ştat paltaryuyan vəzifəsi üzrə artıq ştat yaradılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin 8-ci qeydində göstərilmiş 1 ştat istilik sisteminin xidmətinə görə fəhlə vəzifəsi binanın qızıdırılma mövsümü başa çatdırılsa da maliyyələşdirilməsi dayandırılmamışdır.

3. Şirvan-Salyan Regional Təhsil İdarəsinin”Yasəmən” körpələr evi-uşaq bağçası üzrə ilk həmkarlar təşkilatına ünvanlandığı xx.xx.2022-ci il tarixli müraciətdə göstərilmişdir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müvafiq əmri ilə 5-6 iyun 2022-ci il tarixlərdə Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasında yoxlamalar aparılmış və bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən olunmuşdur. Bağça müdiri normativ tələblərə zidd olaraq süni şəkildə qrup komplektlərinin sayının artırması nəticəsində artıq büdcə vəsaitlərinin xərclənməsi hallarına yol verilmişdir; bağça müdiri idarəetməni təşkil edə bilməmiş, müəsissədə öyrədici və sağlam psixoloji mühitin çox aşağı səviyyədə olduğu müəyyən edilmişdir. Bununla əlaqədar rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətləruindən suiistifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının müiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

4. 17 avqust 2022-ci il tarixli aktdan müəyyən edilir ki, Şirvan–Salyan Regional Təhsil İdarəsinin 16 avqust 2022-ci il tarixli əmrinə əsasən, Şirvan şəhər 3 saylı Yasəmən körpələr evi-uşaq bağçasında araşdırma aparılmış və maliyə-təsərrüfat, mal-material, təhsil sənədlərinin tədris prosesinin və bağlanmış əmə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin qanunvericiliyin tələblərinə uyğun olması, NK-nin 03 mart 1994cü il tarixli 103 nömrəli qərarının icra vəziyyəti yoxlanılmışdır. 05-06 iyul 2022-ci il tarixlərində 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında aparılmış yoxlama nəticəsində məktəbəqədər təhsil müəssisəsinə aid olan sənədlərin düzgün tərtib olunmaması və ya sənədlərin ümumiyyətlə olmaması, əmr kitabının, daxili intizam qaydaları kitabının, məktəbəqədər təhsil müəssisəsi ilə hər bir uşağın valideyn və ya qanuni nümayəndəsi arasında bağlanmış müqavilə, uşaqların tibbi mübadilə vərəqəsi, Pedaqoji Şuranın protokol kitabı ilə bağlı aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə əlaqədar olaraq araşdırma aparılarkən məlum oldu ki, göstərilən nöqsanlar aradan qaldırılmamışdır.Belə ki, müəssisənin müdiri tərəfindən komissiya üzvlərinə bildirildi ki, əvvəlki yoxlama nəticəsində aşkar olunmuş nöqsanlar aradan qaldırılmayıb və təhsil sənədləri yerində deyil. Bağça müdiri tərəfindən pedaqoji şuranın protokol kitabı, şagirdlərin nəzarət kitabı, əmr kitabı ümumiyyətlə müəssisəyə aid olan hər hansı bir sənəd komissiya üzvlərinə təqdim olunmayıb. Monitorinq zamanı saat 10.07 olduğu halda aşpaza təsdiqli, möhürlənmiş günün menyusu təqdim edilmədiyi və anbardan buraxılış tələbnaməsi verilmədiyi aşkar olunmuşdur. Aşpazdan alınmış izahata əsasən məlum olmuşdur ki, bugünki səhər yeməyində 64 uşağa 60 yumurta qaynadılmışdır. Araşdırma zamanı təsərrüfat müdiri izahatında bildirdi ki, 30 yumurta 16 avqust tarixi üçün çıxarılmış, lakin qaz kəsildiyi üçün bişirilib uşaqlara verilməmişdir. Bu səbəbdən də həmin 30 yumurtanın bügünki 17 avqust 2022-ci il menyuya əlavə olunduğu aşkar edilmişdir. Anbardan 64 uşaq üçün ərzaq məhsulları buraxılsa da, menyu olmadığı üçün aşpaz 60 uşaq üçün yemək hazırlamışdır. Qruplar üzrə uşaqların davamiyyətinə baxış zamanı birinci kiçik qrupda (2-3 yaş) 3 nəfər uşağın sistemdə və jurnalda qeydiyyat olmadan təlimtərbiyə aldığı aşkarlanmışdır. 16 uşaqdan 2-si gəlmədiyi halda davamiyyət jurnalında hamsının iştirakı göstərilmişdir. İkinci kiçik qrupa baxış zamanı Məhəmməd adlı uşağın qrupda sistemdənkənar əyləşdiyi və adının jurnalda olmadığı aşkar edilmişdir. Orta qrupa (3-4 yaş) baxış zamanı isə 2 uşaq sistemdənkənar qrupda əyləşmişdir. Məlum olmuşdur ki, uşaqların davamiyyət jurnalında Əliyeva Sevilin adı olduğu halda sistemdə yoxdur, lakin Mikayılın isə adı heç bir qeydiyyatda yoxdur. İddiaçı həmin tarixdə keçirilmiş yoxlama zamanı tərtib edilmiş akta imza atmaqdan imtina etmişdir.

5. Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçası ilk həmkarlar komitəsinin 17 avqust 2022-ci il tarixli, 08 saylı protokolundan müəyyən olunur ki, ŞirvanSalyan Regional Təhsil İdarəsi tərəfindən Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr eviuşaq bağçasının müdiri vəzifəsində işləyən İddiaçı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı Şirvan Şəhər Prokurorluğunda aparılmış araşdırma nəticəsində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Komitə tərəfindən İddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir.

6. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-843 nömrəli əmrdən aydın olur ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasında aparılmış yoxlamalar nəticəsində əmək qanunverciliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəsissəyə rəhbərlik və nəzaətin yarıtmaz təşkil olunduğu və digər qanunvericilik pozuntuları aşkar olunduğundan Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının müdiri vəzifədində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir.

7. Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının tərbiyəçi köməkçisi X4 tərəfindən Şirvan-Salyan Regional Təhsil İdarəsinə ünvanlanmış izahatda qeyd olunur ki, 01 fevral-10 mart 2022-ci il tarixlərdə bağçada vakant olan tərbiyəçi köməkçi vəzifəsinə əvəzetmə tabelində X3 adı qeyd edilmiş, lakin o, həmin vəzifəni aparmamışdır. Aldığı 136 manat pulu kartından çıxaraq İddiaçı vermişdir.

8. Şirvan Şəhər Prokurorluğu tərəfindən Şirvan-Salyan Regional Təhsil İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Şirvan Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 311.3.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının sabiq müdiri İddiaçı xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs İddiaçı törətdiyi cinayət əməli nəticəsində dövlət büdcəsinə ümumilikdə 21130,01 manat məbləğində maddi ziyan vurulmuşdur. Şirvan-Salyan Regional Təhsil İdarəsi zərəçəkmiş şəxs qismində işə cəlb olunmuşdur. İstintaq davam edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli K-843 nömrəli əmrin ləğv edilməsi, onun Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, habelə hüquqi xidmətə görə 510 azn və mediasiya ilə bağlı ödənilmiş 51 azn pul vəsaitlərinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-843 nömrəli əmri ilə Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 22 avqust 2022-ci il tarixdən azad olunmuşdur. Əmrin məzmunundan görünür ki, əmrin verilməsi üçün əsas Şirvan-Salyan Təhsil İdarəsinin müdiri X1, ATİAHİ-nin Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının İlk Həmkarlar Komitəsinin 17 avqust 2022-ci il tarixli 08 nömrəli protokolundan çıxarış, müvafiq izahatlar və aktlar olmuşdur. Əmrin verilməsi üçün əsas götürülmüş sənədlərin nüsxəsinin təqdim olunması ilə bağlı həm Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, həm də Şirvan-Salyan Təhsil İdarəsinə vəkil sorğusu ilə müraciət olunsa da, hazırki iddianın verildiyi vaxta Nazirlikdən ümumiyyətlə hər hansı bir cavab verilməmiş, İdarədən isə verilmiş cavab və əlavə olunmuş sənədlər natamam olmuşdur. Hesab edir ki, işdən azad olunması tamamilə qanunsuz olmuş, lakin müvafiq vəkil sorğusuna ətraflı cavab verilmədiyindən hazırki iddianı müvafiq xüsusatlara istinad etməklə əsaslandırmaq qeyri-mümkün olmuşdur. Faktiki olaraq qərəzli şəkildə işdən çıxarılmış, bunun səbəbi 2022-ci ilin iyun ayının əvvəlində hüquq-mühafizə orqanlarına və hətta cavabdehin özünə yazılı şəkildə etdiyi şikayətlər olmuş, onun şikayətlərini araşdırmaq əvəzinə cavabdeh tərəf əvəz çıxmaq üçün süni şəkildə əldə olunmuş əsaslarla onu işdən çıxarmışdır. İş o həddə çatmışdır ki, bütün təzyiqlərin nəticəsində səhhətində ciddi narahatçılıqlar olmuş, dəfələrlə təcili tibbi yardımın xidmətlərindən istifadə etmiş, lakin rayon səviyyəsində cavabdeh qurumun etdiyi təziqlər nəticəsində ona «bülleten» açılmamış, məqsəd isə qanunsuz əmrin guya qanunlar çərçivəsində qəbul edildiyini pərdələməkdən ibarət olmuşdur.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 mart 2023-cü il tarixli 2(005)-428/2023 nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia rədd edilmişdir.

12. Məhkəmə belə nəticəyə gəlmişdir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. İddia ərizəsi və iddiaçının vəkili və nümayəndəsinin izahatlarında bildirdiyi bir qisim hallar (kobud pozuntulara yol verilməməsi, iddiaçıya qarşı cavabdehin qərəzli mövqedə olması) mülki işin materialları ilə öz təsdiqini tapmır. Eyni zamanda göstərilən dəlillərin digər qismi – həmkarlar ittifaqının əvvəlki protokolunun ləğv edilməsi, iddiaçının bir neçə dəfə təcili tibbi yardıma müraciət etməsi, tarifləşmə cədvəllərində fərqin müəyyən edilməməsi və s. ümumiyyətlə əmrin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qeyd etmişdir ki, həm bağçada aparılan yoxlama nəticəsində tərtib edilmiş aktdan və müvafiq izahatlardan; həm də ibtidai istintaq orqanının cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilmə haqqında qərarı ilə iddiaçının bağça müdiri kimi fəaliyyəti dövründə ciddi nöqsanlara yol verməsi, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarının yerinə yetirməməsi öz təsdiqini tapır. İbtidai istintaq orqanının qərarı ilə iddiaçı cinayət məsuliyyətindən azad edilsə də, buna əsas qismində onun tərəfindən pul vəsaitlərinin dövlət büdcəsinə bərpa edilməsi və həmin pul vəsaitlərinin 25%-i miqdarında Baş Prokurorluğunun hesabına ödəniş etməsi göstərilib. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməyib. Məhkəmə baxışı zamanı əmrin ləğvi üçün əsas ola biləcək cavabdeh tərəfindən qanunvericiliyin normalarının pozulması faktı aşkar edilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmrin ləğvi və işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum edildiyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 311, 186, 70 “ç”, 86.2, 10, Mülki Prosessual Məcəllənin 14.2, 106.1, 217.3, 76, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

19. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etid.

20. Üçüncü şəxsin nümayəndəsi də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

21. Maddə 10. “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.

22. Maddə 70. “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

23. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

24. Maddə 71.3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

25. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

34. Cinayət təqibinə xitam verilməsi və iddiaçının cinayət məsuliyyətindən azad edilməsi bəraətverici əsaslarla olmamış, iddiaçının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi müəyyən edilsə də, qeyd edilən cinayət əməlləri nəticəsində mənimsədiyi pul vəsaitlərini dövlət büdcəsinə bərpa etdiyindən, mənimsənilmiş pul vəsaitlərinin 25%-i miqdarında Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına ödəniş edildiyindən, bununla bağlı iş üzrə Şirvan Şəhər İcra Hakimiyyətinin şikayəti və tələbi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikası Cinayət prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən onun barəsində aparılan cinayət təqibinə xitam verilmişdir.

35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.

36. Göründüyü kimi 05-06 iyul 2022-ci il tarixlərində 3 saylı “Yasəmən” körpələr eviuşaq bağçasında aparılmış yoxlama nəticəsində məktəbəqədər təhsil müəssisəsinə aid olan sənədlərin düzgün tərtib olunmaması və ya sənədlərin ümumiyyətlə olmaması və s. nöqsanlar aşkar edilmişdir. Daha sonra 17 avqust 2022-ci il tarixdə yenidən yoxlama aparılmış və müəyyən edilmişdir ki, əvvəlki yoxlama nəticəsində aşkar olunmuş nöqsanlar aradan qaldırılmamışdır. Müvafiq akt tərtib edilmişdir. Bunun nəticəsi olaraq həmkarlar ittifaqına müraciət edilmiş və Komitə tərəfindən iddiaçının tutduğu vəzifədən Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir.

37. xx.xx.2022-ci il tarixli əmrlə iddiaçı işdən azad edilmişdir.

38. Həmçinin aşkar edilmiş nöqsanlara bağlı Şirvan Şəhər Prokurorluğuna müraciət edilmiş və Şirvan Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 311.3.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının sabiq müdiri İddiaçı xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs İddiaçı törətdiyi cinayət əməli nəticəsində dövlət büdcəsinə ümumilikdə 21130,01 manat məbləğində maddi ziyan vurulmuşdur.

39. Kollegiya qeyd edir ki, iddiaçının barəsində qanuni qüvvəsini almış ittiham hökmü olmasa da, aparılmış yoxlamalarla onun tərəfindən əmək qanunvericiliyinin ciddi pozuntusuna yol verilməsi aşkar olunmuş və işdən azad olunmasına səbəb də məhz həmin noqsanlar olmuşdur.

40. İddiaçı tərəfindən ciddi nöqsanlara yol verilməsi öz təsdiqini tapmışdır.

41. Kollegiya hesab edir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur.

42. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

43. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-428/2023 nömrəli iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar