Məhkəmə qərarları › İş №2(103)-4325/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4325/2024

30.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4325/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli qətnamədən iş üzrə iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı Bankın nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bankın mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən 1539 “B” saylı fərdi yaşayış evinə (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaqla həmin evin və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank hərrac vasitəsi ilə həmin fərdi yaşayış evini almışdır. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdehlərin evdə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. b) cavabdeh tərəfin iddiaya münasibəti barədə məlumat

3. Cavabdeh3 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdirdi ki, mübahisəli evi Arzuman Cəbrayılov adlı şəxsdən almış və övladları – iş üzrə digər cavabdehlər ilə evə köçmüşdür. Hər üçü 2013-cü ildən həmin evdə yaşayış yeri üzrə rəsmi qeydiyyatadırlar. Lakin ev Arzumanın adında qalmışdır. Hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır.

4. Cavabdeh1 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda anasının bildirdiyi xüsusatları təsdiq etmişdir. O əlavə olaraq bildirmişdir ki, Arzuman evlə bağlı onun Bank ilə problemlərin olmasını onlara bildirməyib. Evin hərracdan Banka satılmasından xəbərləri olmayıb. İcra məmuru gələndə bundan xəbərləri olub. Hal-hazırda da onlar həmin evdə yaşayırlar. Ev onlara məxsusdur. Bankla razılaşaraq borcu ödəmək istəyirlər. Hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır.

5. Digər Cavabdeh2 məhkəmə baxışı iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bu səbəbdən də Rayon Məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsinin boşaldılaraq cavabdehlərin oradan çıxarılmasını, cavabdehlərdən müştərək qaydada 100 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Banka ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər mübahisəli yaşayış evinin ilkin sahibinin ilə ailə üzvləri olmadığından, eyni zamanda cavabdehlər mübahisəli evə dair X4 ilə iddiaçı Bank arasında “İpoteka müqaviləsi” bağlandıqdan sonra qeydiyyata düşdüklərinən cavabdehlərin mübahisəli evə heç bir hüquqi bağlılıqları yoxdur və onların həmin evdən istifadə hüquqları yaranmamışdır. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli evin keçmiş mülkiyyətçisi olan Arzuman Cəbrayılov tərəfindən onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Arzuman Cəbrayılov Banka olana kredit borcunu ödəmədiyi üçün Bankın tələbi ipoteka predmeti olan həmin evə yönəlmiş, ev hərracdan satılmış, Bank evə almışdır. Buna görə də cavabdehlər evin yeni mülkiyyətçisi olan Bankın tələbinə əsasən evdən çıxarılmalıdırlar. d) apellyasiya şikayəti barədə məlumat

8. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, iddianın bir qisminin təmin edilməməsi barədə hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları ilə iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iddianın bir qismini təmin etməməklə səhvə yol vermişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

10. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

11. Cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişdir. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat

12. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

13. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı Bank isə qətnaməni qismən, yəni iddianın bir qisminin rədd edilməsi hissəsində mübahisələndirmişdir. O, qətnamənin qalan hissəsini, yəni iddianın bir qisminin təmin edilməsi hissəsini mübahisələndirməmişdir.

14. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə iddianın rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

17. Belə ki, Rayon Məhkəməsinin qətnaməsinin mübahisələndirilməyən və qüvvəyə minmiş hissəsi ilə müəyyən edilmişdir ki, (hazırki iş üzrə iddiaçı) "xxxx" KB ASC ilə (hazırki iş üzrə tərəf olmayan) X4 arasında 070UGİ/14 saylı, xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsi” bağlanmış və Arzuman Cəbrayılov mülkiyyətində olan (hazırki mübahisənin predmeti olan) Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi ev 1539 B saylı bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini kreditin təminatı olaraq Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sözügedən bağ evi xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinə əsasən Bank tərəfindən 47.812,50 manata alınmışdır. Hazırda həmin ev və torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Banka məxsusdur. Bankın qeyd edilən həmin mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından və BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh3 xx.xx.2013-cü il tarixdən, cavabdehlər Cavabdeh2 və Xəyalə Aburazaqova xx.xx.2021-ci il tarixdən həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar.

19. Göründüyü kimi, cavabdehlərdən Cavabdeh3 yuxarıda qeyd edilən “İpoteka müqaviləsi” bağlanmazdan əvvəl, Cavabdeh2 və Xəyalə Aburazaqova isə “İpoteka müqaviləsi” bağlandıqdan sonra evə qeydiyyata alınmışlar.

20. Cavabdehlərin mübahisəli evlə bağlı hüquq münasibətləri qeydiyyata alındıqları tarixlərdən yaranmışdır.

21. Cavabdehlərin fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi Arzuman Cəbrayılovun ailə üzvü olması iş materialları ilə müəyyən edilmir.

22. Mübahisəli mənzil üzərində əvvəlki mülkiyyətçinin əmlak hüquqları itirilmiş, iddiaçı Bankın isə həmin mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir.

23. Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehlər mübahisəli yaşayış evinin ilkin sahibinin ailə üzvləri olmadığından, eyni zamanda cavabdehlərdən Cavabdeh2 və Xəyalə Aburazaqova münbahisəli evə ipoteka müqaviləsi bağlandıqdan sonra qeydiyyata düşdüyündən cavabdehlərin sözügedən mübahisəli evə heç bir hüquqi bağlılıqları yoxdur və onların həmin evdən istifadə hüquqları yaranmamışdır. Çünki xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

24. Sadalanan qanunvericilik aktı normalarına əsasən Rayon Məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlər mənzilin ilkin mülkiyyətçisi X1 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən qeyd edilən evin ilkin mülkiyyətçisinin digər qohumu hesab edilmir. Odur ki, cavabehlərin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır.

25. Cavabdehlərin mübahisəli evdə istifadə hüququnun yaranmadığını nəzərə almış Rayon Məhkəməsi mövcud olmayan hüquqa xitam verilməsi tələbini əsassız hesab etmişdir.

26. İddiaçı Bank isə bildirir ki, bu qəbildən olan iddialara baxılarkən, ilk növbədə iddiaçının hansı hüququn müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini cavabdehlərin onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam hüququnun tamhəyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirir.

27. İddiaçı Bankın məqsədi mənzilin boşaldılması və cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır.

28. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

29. Bu baxımdan cavabdehlərin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılması üçün əsas verir. Bu isə cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir.

30. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianın “cavabdehlərin mübahisəli evdən istifadə hüququna xitam verilməsi” hissəsini təmin etməməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. g) apellyasiya baxışının nəticəsi

31. Beləliklə, Məhkəmə, MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

32. Apellyasiya şikayəti təmin edildiyindən onun verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməlidir.

33. Məhkəmə həmçinin bildirir ki, iddiaçı Bankın təmin edilməyən tələbi olmadığından, iddiaçı Bank hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

34. Cavabdehlərə qarşı iddia apellyasiya baxışının predmeti olan hissədə təmin edildiyindən cavabdehlər MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamənin “istifadə hüququna xitam verilməsi” hissəsindən kassasiya şikayəti vermək hüququna malikdirlər.

35. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən 1539 B saylı fərdi yaşayış evinə (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilsin. Apellyasiya şikayəti təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin mülkiyyətinə ödənilsin. Nəzərə alınsın ki, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli qətnamənin qalan hissəsi, yəni iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1539 B saylı fərdi yaşayış evi (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsinin boşaldılaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1539 B saylı fərdi yaşayış evindən (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsindən çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar