Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4326/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(005)- 52/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə apellyasiya şikayəti vermiş, həmçinin ərizə təqdim edərək, qətnamədən apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsini və işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı qətnaməni xx.xx.2022-ci il tarixdə almış, bundan sonra onun iddianın təmin edilməməsindən xəbəri olmuşdur. Atasının vəfat etməsi səbəbəbindən psixoloji sarsıntı keçirmiş, həmçinin müqavilə bağladığı vəkillə indiyədək əlaqə yarada bilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-52/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizədə səbəb göstərilsə də məhkəmə bunu nəzərə almamışdır. Nərimanov Rayon Məhkəməsi 2(005)-52/2022 saylı, xx.xx.2022 tarixli qətnamə qəbul edərək İddiaçı iddiasını təmin etməmişdir. Məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixdə çıxarılsa da xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Elə həmin vaxt da iddiaçı iddiasının təmin edilməməsi barədə xəbəri olmuşdur. Həmin müddət ərzində iddiaçının atası vəfat etmiş və bundan ciddi psixoloji sarsıntı keçirmişdir. Bu iş üzrə müqavilə bağladığı vəkillə isə həmin vaxtdan əlaqə yaratmaq bu günədək mümkün olmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-52/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-52/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin, e-2(005)-52/2022 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən məhkəmə qəbzinə imza atılmaqla rəsmi qaydada alınmışdır. Apellyasiya şikayəti isə 16 aprel 2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə verilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi iddiaçı tərəfindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. İddiaçı ötürülmüş müddətin bərpa edilməsi üçün ərizəsində eləcə də şikayətində atasının vəfat etməsi səbəbindən psixoloji sarsıntı keçirməsi, həmçinin müqavilə bağladığı vəkillə indiyədək əlaqə yarada bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İddiaçı ilk olaraq atasının vəfat etməsi səbəbindən psixoloji sarsıntı keçirməsinə istinad etsə də şikayətə apellyasiya qaydasında baxılan zaman iddiaçının nümayəndəsi eyni zamanda vəkili Vəkil2 elektron kabinet vasitəsi ilə ölüm haqqında şəhadətnaməni təqdim etmişdir. Həmin şəhadətnamədən görünür ki, Abdullayev Tahir Məhəmməd oğlu 17 fevral 2022-ci il tarixdə vəfat etmişdir. İşin yuxarıda sadalanan hallarından isə göründüyü kimi iddiaçı tərəf qətnaməni 03 noyabr 2022-ci il tarixdə əldə etmiş, apellyasiya şikayətini isə 16 aprel 2023-cü il tarixdə təqdim etmişdir. Göründüyü kimi iddiaçının atasının vəfatından 8 aydan çox müddət keçdikdən sonra qətnamə əldə edilsə də həmin tarixdən də 6 aya yaxın müddət ərzində apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının dəlillərini səmimi qəbul etmir, eləcə də keçən müddət ərzində iddiaçının psixoloji sarsıntıda qalması barədə mötəbər sübutlar təqdim edilməmişdir. (məsələn, həkim rəyi, psixoloji yardım barədə arayış və sair) Bundan başqa iddiaçı müqavilə bağladığı vəkillə indiyədək əlaqə yarada bilməməsinə istinad etmişdir ki, məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Vəkil2 ilə 28 oktyabr 2022-ci il tarixdən müqavilə bağlamışdır, həmçinin Vəkil2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdə ona iş üzrə tələb etdiyi sənədlər təqdim olunmuş və o sənədləri imza atmaqla rəsmi qaydada almış, qətnamədən apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə qeyd edildiyi kimi 16 aprel 2023-cü il tarixdə vermişdir. İddiaçının keçən bu müddət ərzində müqavilə bağladığı vəkillə əlaqə yarada bilməməsi isə inandırıcı olmamaqla iş materialları ilə təsdiq edilmir. Belə ki, iddiaçı bu barədə mötəbər sübutlar təqdim etməmişdir (məsələn, vəkilin və ya özünün həmin müddət ərzində ölkə xaricində olması barədə sənəd (həmin hal ağlabatan hesab edilə bilər), səhhəti ilə əlaqədar stasionar, yəni yatılı vəziyyətdə müalicə alması barədə arayış və sair) Göründüyü kimi iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış müddətin bərpa edilməsi imkanı həmin müddətin davamiyyəti ilə əlaqəli olmalı, hüquq normasından sui-istifadəyə yol açmamalıdır. Şikayət vermək hüququ, konkret şəxsin mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir, lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Bu hüquqdan belə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq təmin edilsin. Şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayət vermək imkanı olmadığını, bu müddəti özündən asılı olmayan obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Kollegiya qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cañete de Goñi İspaniyaya qarşı” işi üzrə qərarının 36-cı paraqrafında qeyd edilir ki, apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(005)- 52/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4326/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4326/2023
03.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver